Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-865/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: xidmət illərinə görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-868/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialinın xx.xx.2022-ci il tarixli **********9 saylı məktubdan görünür ki, iddiaçıya 9 iyul 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyəti deyil, hərbi xidməti davam etdirdiyindən pensiyanı "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə’’nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar nəzərdə tutulur. Həmin Əsasnamənin 43-cü maddəsinə əsasən, gömrük orqanının vəzifəli şəxsinin xidmət illəri nəzərə alınmaqla pensiya təminatı hüququ vardır.“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 1-ci hissəsinə əsasən gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində iş müddəti pensiya təyin edilməsi üçün nəzərə alınan xidmət illərinə daxil edilir."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il № 499 nömrəli Fərmanının 2.4-cü hissəsinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən İddiaçı xx.xx.2002-xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində işlədiyi dövr pensiya təminatına əsas olan (hərbi qulluqçuların pensiya təminatına uyğun olaraq) xidmət illərinə daxil edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-1(118)-868/2023 saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 avqust 1957-ci il təvəllüdlüdür. 15 sentyabr 1974-cü ildən 17 may 2022-ci il tarixə qədər müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumi iş stajı 50 ilə yaxın təşkil edir. xx.xx.1974-cü il tarixdən-xx.xx.1975-ci il tarixədək Naxçıvan MR DİN yanında Mühafizə bölməsində gözətçi - 8 ay 19 gün; xx.xx.1977-ci il tarixdən-xx.xx.1979-cu il tarixədək Mühafizə bölməsində gözətçi - 1 il 6 ay 21 gün; xx.xx.1979-cu il tarixdən - xx.xx.1980-cı il tarixədək 15 saylı DBİ-də müxtəlif işlərdə - 1 il 5 ay 15 gün; xx.xx.1981-ci il tarixdən-xx.xx.1981ci il tarixədək X7 Hissəsində döyüşçü, yanğın söndürən - 7 ay 25 gün; xx.xx.1981-ci il tarixdənxx.xx.2002- ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Xidmət iş stajı 20 il 9 ay 23 gün, güzəştli iş stajı -32 il 5 ay 17 gün təşkil edir. O, xx.xx.2002-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək, yəni 19 il 5 ay 20 gün müddətində Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Bundan başqa 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 1983- 1986-cı illərdə isə X1 təhsil almışdır. Həmçinin daxili işlər orqanlarının tərkibində Sədərək əməliyyatlarında iştirak etdiyi üçün 10 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona 019835 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya 09 iyul 2002-ci il tarixdən pensiya təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirdiyi üçün iddiaçının əlavə hüquqları yaranmışdır. Odur ki, pensiyanın yenidən hesablanması ilə bağlı 20 may 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qanunla müəyyən olunmuş vəzifəsini icra etməmiş, 01 iyun 2022-ci il tarixli **********9 nömrəli məktubla iddiaçıya pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İmtina məktubunu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə qiymət verilən zaman, imtinanı onunla əsaslandırmışdır ki, “əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyətimi deyil, hərbi xidməti davam etdirdiyindən pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. Cavabdehin imtinası qanunsuz, əsassızdır və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının ödənilməməsinə görə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçının xidmət illərinə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanmasının cavabdeh orqana həvalə edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh ARƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablaması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2-1(118)-3386/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, daimi yaşayış yerini dəyişdiyi üçün pensiya işinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına köçürülməsini xahiş etmişdir. İddiaçı müraciətinə uyğun olaraq pensiya işi Dövlət Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına köçürülmüşdür. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı müraciətinə Mərkəzi Filialda baxılmış və xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə pensiyanın yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmaması qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi lə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddiaçıya 9 iyul 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilib. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Eyni zamanda Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı əmək pensiyası təyin edildikdən sonra digər sahələrdə əmək fəaliyyətini deyil, hərbi xidməti davam etdirdiyindən İddiaçı pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-868/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın təmin edilməsi, İddiaçı fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1957-ci il təvəllüdlü olmaqla 2002-ci ildə, yəni 45 yaşında pensiyaya çıxmış və bundan sonra Dövlət Gömrük Komitəsində işləməyə başlamışdır. Beləliklə, hazırki qanunvericiliyə uyğun olaraq gömrük orqanlarında xidmət dövlət qulluğunun xüsusi növü olmaqla hərbi xidmət hesab edilmədiyinə və iddiaçı ehtiyatda olmağın son yaş həddinə çatdıqdan sonra gömrük orqanlarında işə başladığına görə həmin dövr onun hərbi xidmətinin davamı kimi qiymətləndirilə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız "güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablaması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiaçı oğlunun iddiası təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xidmət illərinə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanmasının cavabdeh orqana həvalə edilməsini barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Maddə 4.2.2 sığorta hissəsindən Maddə 4.2.3. yığım hissəsindən. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 09 iyul 2002-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır. O, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini 6 ildən çox müddətə davam etdirdiyindən, sonrakı dövr üzrə pensiya kapitalının toplanması halına istinad edərək, əmək pensiyası haqqında qanunvericiliyinin tələbini əsas tutaraq, əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq ilk növbədə onu qeyd edir ki, təyin olunmuş əmək pensiyasının yenidən hesbalanmasına dair qeyd olunan normanın məzmununa əsasən bu normanın tətbiqi üçün iki şərt olmalıdır-şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə qeyd olunan normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunub-şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Həmçinin, qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələbləri işləyən pensiyaçıların əmək pensiyasının sonrakı dövrdə qazanılmış pensiya kapitalına münasibətdə maddədə qeyd olunmuş qaydada yenidən hesablanmalı olması imperativ norma kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğundan və pensiya təyin olunduğun gündən sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələrindən ibarət olan pensiya kapitalı toplandığından, habelə 6 ildən çox işlədiyindən (bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir) yuxarida qeyd olunan Qanunun 37.3.1-ci maddəsinin tələbləri ona da şamil edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, həmin norma ümumilikdə işləyən əmək pensiyaçılara aid norma olmaqla, iddiaçı da həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə ehtiva olunmadığından, həmin norma ona münasibətdə də tətbiq edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, indiki halda əmək pensiyasının yenidən hesablanmasının əsası məhz pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılmış pensiya kapitalına əsasən yaranması halından ibarət olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab etməkdə haqlı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqqiləşdirilməsinə dair yazılı ərizə məhkəməyə təqdim edilməklə, əmək pensiyasının yenidən hesablanması zamanı xidmət illərinə görə əlavələr azaldılmamaqla, əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanmasını tələb etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qulluq stajına əlavələrin məbləği azaldılmaqla əmək pensiyasının yenidən hesablanması qeyd olunan qanunvericilik normalarının mahiyyəti ilə uzlaşmadığından, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi qərarı qeyd edilən hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-868/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının xidmət illərinə görə əlavələr azaldılmadan yenidən hesablanması və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-865/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-865/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver