Məhkəmə qərarları › İş №2-1(105)-865/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-865/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-865/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış binası üzrərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və texniki sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1619/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəs tərəfindən verilmiş **********52 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,10 ha yaşayış məntəqəli torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron ravonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin 19 may 2022-ci il və 28 aprel 2023-cü il tarixli müraciətlərə əlavə edilsə də, sonuncu müraciətə daxil edilmədiyi, müraciət üzrə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uydun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binasının (35 ədəd bir otaqlı, 23 ədəd iki otaqlı mənzilin, 1 ədəd üç otaqlı mənzilin, ümumilikdə, 59 ədəd mənzil) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları ilə onun adına qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binasının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Ona mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində müvafiq icazələr alnımaqla və sənədləşmələr aparılmaqla altı mərtəbəli mansarlı yaşayış binası inşa edilmişdir. Belə ki, Abşeron RİH başçısı tərəfindən həmin tikili bina ilə bağlı xx.xx.2020-ci il tarixli 014 nömrəli obyektin tikintisinə icazə sənədi verilmişdir. Eləcə də, tikiləcək artıq tikilmiş evinbinanın layihəsi də icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış və təsdiq edilmişdir. İnşası başa çatdırılmış tikili FHN Tikintidə X3 Agentliyinin Azərinşaatlayihə DBLKTİ institutu tərəfindən müayinə olunmuş, 25 may 2021-ci il tarixində müvafiq müsbət rəy təsdiq edilmişdir. Eləcə də Agentliyin Ö/004689 nömrəli aktı ilə tikilinin istismara hazır olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində Agentlik rəhbərliyi tərəfindən təsdiq edilmiş 16 may 2021-ci il tarixli, 1117 nömrəli rəyin nəticə hissəsində bildirilir ki, FHN Tikintidə X3 Agentliyinin nərdində yaradılmış Təhlil qrupunun xx.xx.2021ci il tarixli 1117 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanqlıq basımdan istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, müvafiq aidiyyəti orqan binanı istismara tam yararlı hesab etmişdir. Bundan əlavə, X1 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 31243 nömrəli rəyində göstərilir ki, sözügedən yaşayış binasının tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəşx hesab edib razılaşdırmaq olar. Müvafiq sənədlər toplandıqdan sonra istismara icazə sənədi alınması üçün Abşeron RİH-ə təqdim edilmişdir. Abşeron RİH-nin xx.xx.2021-ci il tarixli, 021 nömrəli Tikinti obyektinin istismarına icazə sənədi ilə təsdiq olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınmış, 11 iyun 2021-ci il tarixindən 1 girişli, altı mərtəbəli mansardlı sözügedən yaşayış binasının istismarına icazə verilmişdir. Göründüyü kimi, bina qanunvericiliyə tam uyğun şəkildə tikilmiş və istismara verilmişdir. 2022-2023-cü illərdə bir neçə dəfə, sonuncu dəfə isə 2023-cü ilin avqust ayında cavabdeh orqana müraciət edərək, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron ravonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin 19 may 2022-ci il və 28 aprel 2023- cü il tarixli müraciətlərə əlavə edilsə də, sonuncu müraciətə daxil edilmədiyi, müraciət üzrə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uydun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının müraciətinin müsbət cavablandırılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1619/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binasının üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının tikinti normalarına cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən mülkiyyətində olan tikiliyə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 021 nömrəli icazə sənədində olan “tikinti obyektinə verilmiş kodun göstərilməməsi” tikilmiş yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 103.1.6-cı maddəsinə əsasən tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi tikinti obyektinin istismarına icazədə sənədində göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçıya çoxməzilli yaşayış binasının inşası üçün Abşeron Rayon İcra Hakimiyyəti səlahiyyətləri çərçivəsində icazə verilmişdir. İddiaçı tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının istismara qəbul edilməsi 11 iyun 2021-ci ilə təsadüf etdiyinə görə tikiliyə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2018-ci il 495 nömrəli qərarına əsasən edilmiş dəyişiklidən sonra tikiliyə verilən icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməlidir. Halbuki, Şəhərsalma və Arxitektura Komitəsi tikili üçün kodu o halda verə bilər ki, həmin tikiliyə verilən icazə onun müsbət rəyi əsasında verilmiş olsun. Nəzərə alınmalıdır ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4.4-cü bəndində reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış tikililərə sonradan kodun verilməsi yalnız istismara qəbul edilməyən tikililərə şamil edilmişdir. Hazırkı tikili isə 11 iyun 2021-ci ildə istismara qəbul edilmiş və hal-hazırda aidiyyəti üzrə istifadə edilir. Başqa sözlə desək istismara qəbul edilmiş tikililərə kodun verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti, yəni çoxmənzilli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsini araşdıraraq, qeyd olunan arqument iddiaçı tərəfindən inşa edilmiş tikiliyə görə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən (çoxmənzilli yaşayış sahəsinə dair eskiz layihə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli, 31243 nömrəli rəyi, 1117 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi, Ö/004689 nömrəli, xx.xx.2021-ci il tarixli İstismara hazırlıq Aktıi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2021-ci il tarixli, 021 nömrəli icazə icazəsi) məlum olmuşdur ki, qanunvericiliklə nəzərdə tutulmuş bütün sənədlər olduğu halda həmin əsasla imtina edilməsi formal xarakter daşımış və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normalarının 1-ci bəndinə əsasən “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələblərinə yeni tikilən, hündürlüyü 75 m-dən çox olmayan çoxmənzilli yaşayış binalarının və mənzil tipli yataqxanaların, çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsində, həmçinin, onların istismarı, texniki yeniləşdirilməsi, yenidən qurulması və əsaslı təmirində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmalıdır. Həmin Normaların 3-cü bəndinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası- çoxmənzilli yaşayış binası hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü bəndinə əsasən 9 və daha çox mərtəbəli çoxmənzilli yaşayış binaları- çoxmətəbəli yaşayış binaları, 5-8 mərtəbəli çoxmənzilli yaşayış binaları- orta mərtəbəli yaşayış binaları, 5 mərtəbəyə qədər olan çoxmənzilli yaşayış binaları isəazmərtəbəli yaşayış binaları hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 18.5.1-ci maddəsində göstərilmiş bölmələrin arasında azmərtəbəli və ortamərtəbəli yaşayış binaları anlayışı nəzərdə tutulmadığı halda həmin mənzillər çoxmərtəbəli yaşayış binaları bölməsinə daxil edilirlər. Halbuki, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”da qeyd olunan çoxmərtəbəli yaşayış binalarının fərqi göstərilmişdir. Ona görə də İddiaçı tərəfindən öz mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş çoxmənzilli yaşayış binasının daşınmaz əmlakın 05 bölməsində qeyd olunmasında cavabdeh təşkilatın qarşısında hər hansı bir məhdudiyyət mövcud deyil. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;.... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Abşeron ravonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədlərinin 19 may 2022-ci il və 28 aprel 2023-cü il tarixli müraciətlərə əlavə edilsə də, sonuncu müraciətə daxil edilmədiyi, müraciət üzrə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uydun tərtib edilmədiyi müəyyən olunmuş, belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyn edilmiş hallarından görünür ki, qeyd edilən yaşayış binasının yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuş, torpaq sahəsinin plan və ölçü sənədini mövcud olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, Azərbyacan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinin tələbinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Deməli, iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarına, torpaq sahəsinin təyinatına riayət etməklə, müvafiq tikilini ucaltmaq (inşa etmək) onun hüququ kimi mövcud olmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən tikiliyə dair qanunla tələb olunan sənədlər-tikintiyə icazə sənədi, müvafiq layihə, istismara icazə sənədi mövcud olmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən əvvəlki müraciətlərə həmin sənədlərin əlavə edildiyi halda, hazırki müraciətə həmin sənədlərin əlavə edilməməsi halına istinad etməsi formal xarakter daşımışdır. Belə ki, cavabdeh inzibati orqan inzibati icaat çərçivəsində həmin sənədləri əldə etmək imkanına malik olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə imtina əsası əsassız olmuşdur. Həmçinin, cavabdeh inzibati orqan müvafiq tikiliyə dair icazə sənədində tikinti obyektinə verilmiş kod qeyd edilmədiyindən, həmin icazə sənədinin qanunvericiliyə uyğun tərtib edilməməsi halına istinad etmişdir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq yaşayış binasının tikintisinə və istismarına dair icazə sənədi mövcud olmuşdur. Qeyd olunmalıdır ki, həmin icazə sənədində tikinti obyektinin kod nömrəsi dövlət reyestri tərəfindən verilir və həmin orqanın özü tərəfindən veriləcək kod nömrəsinin müvafiq icazə sənədində göstərilməməsi halı isə özlüyündə çoxmənzilli binaya mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz, qanunvericilikdə bununla bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilən kod nömrəsi müvafiq qeydiyyat orqanının özü tərəfindən də müəyyən edilə bilərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi, indiki halda qeyd olunan dəyişikliklər cavabdeh inzibati orqanın özü tərəfindən edilə bildiyi halda, inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh inzibati orqan tərəfindən imtina üçün əsas gətirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Nəticə etibarilə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə əsasən indiki halda torpaq sahəsinin mülkiyyətçisi qismində çıxış edən iddiaçının şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa etdiyi müvafiq yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda isə mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün məhz qanunvericiliklə imperativ norma şəklində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmaqla və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1619/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar