Məhkəmə qərarları › İş №2-1(105)-865/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-865/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-865/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayonu Qalacıq Bələdiyyəsinə qarşı (Açar sözlər:bələdiyyə qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X12, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayonu Qalacıq Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi və 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2025ci il tarixli, 2-1(118)-1489/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Torpağın mülkiyyətə verilməsinə dair” JN119A KOD 30115018 saylı şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu, Qalacıq kəndində yerləşən 0,12 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 2001-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya və X6 verilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Qalacıq kəndində yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Qusar rayonu Qalacıq Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarına əsasən İddiaçı müraciətinə yenidən baxılması Qusar rayon Qalacıq bələdiyyəsinə həvalə edilmiş və cavabdeh inzibati orqan mərhum X7 0.08 ha torpaq sahəsinin ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı hallar yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmaması müvafiq cinayət təqibi orqanı tərəfindən də araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokolunun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2- 1(118)- 3199/2023 nömrəli qərarı (bələdiyyə büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması) təmin edilmiş, İddiaçı bələdiyyə büdcəsinə ödənilmiş 720.0 manat pul vəsaiti yeni qiymətlərin səviyyəsinə uyğun olaraq 1156.86 manat pul vəsaiti qaytarılması təmin edilmiş, İddiaçı həmin vəsaitin qaytarılması üçün hesabın açılması və bələdiyyəyə təqdim olunması tövsiyyə olunmuş, xx.xx.2012-ci il tarixli, 04 nömrəli və xx.xx.2019-cu il tarixli TT**********490420 nömrəli qəbz (pul vəsaitinin geri qaytarıldıqdan sonra) etibarsız sayılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Qusar rayonu, Qalacıq kənd sakini X10 torpaq sahəsi almaq üçün 2005-ci ildə Qalacıq bələdiyyəsinə müraciət etmiş və ona 0,06 ha torpaq sahəsinin satılması məqsədilə xx.xx.2005-ci il tarixli, 06 saylı qərar qəbul edilmişdir. Ə.Qədirov tərəfindən həmin dövrdə bələdiyyənin hesabına 500.000 manat məbləğində pul ödənilmişdir. Lakin, həmin vaxt qonşuluqda torpaq sahəsi olan Nümayəndə Səvləddin qızı ilə mübahisəli vəziyyət yaratmış və sonuncu Qusar Rayon İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsinin Ə.Qədirova satılmasına mane olmuş, eyni zamanda Torpaq şöbəsindən həmin sahənin satılmasına razılıq verilməmişdir. Bundan sonra Ə.Qədirova başqa ərazidən 0,08 ha torpaq sahəsinin satılması barədə 17 mart 2006-cı il tarixli, 03 saylı qərar qəbul edilmişdir. Bundan başqa, Qusar rayonu, Qalacıq kənd sakini İddiaçı 2012-ci ilin dekabr ayında həmin 0,06 ha torpaq sahəsini almaq üçün Qalacıq bələdiyyəsinə müraciət etmiş, 300 manat məbləğində pul vəsaitini bələdiyyənin bank hesabına ödəmiş və bundan sonra bələdiyyə tərəfindən torpağın rəsmiləşdirilməsi prosesinə başlanılmış, lakin həmin bələdiyyə sədrinin dövründə sənədləşmə işlərinin yekunlaşdırılması mümkün olmamışdır. 2015-ci ildə X13 bələdiyyə sədri olduqdan sonra həmin 0,06 ha torpaq sahəsinə dair bələdiyyənin adına RX №0586775 saylı, **********06 reyest nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış əldə edilmiş, lakin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdir. Buna səbəb isə qonşular arasında həmin torpaq sahəsinə görə mübahisələrin yaranması olmuşdur. 2019-cu ildə İddiaçı bacısı Nümayəndə Səvləddin qızı həmin torpaq sahəsinə görə qardaşı tərəfindən 2012-ci ildə 300 manat məbləğində pul vəsaitinin bələdiyyənin hesabına ödənildiyini bildirmişdir. Bələdiyyə sədri Nadir Səvzixanov ona torpaq sahəsinin mübahisəli olmasını və buna görə də yalnız hərrac yolu ilə satıla biləcəyini bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, X7 17 mart 2006-cı il tarixli, 03 saylı qərarla verilmiş 0.08 ha torpaq sahəsi İddiaçı almaq üçün müraciət etdiyi 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazidən kənarda yerləşmişdir. Torpaq sahəsinə görə qonşular arasında mübahisələr yarandığından onun hərrac yolu ilə satılması qərara alınmışdır. Qeyd olunan xüsusatlar Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləmiş X14 və X11, bələdiyyənin hazırkı sədri X22 və Qalacıq kənd sakini Nümayəndə Səvləddin qızının izahatları, həmçinin materiala əlavə olunmuş sənədlərlə təsdiq edilir. Araşdırma nəticəsində göstərilən mübahisəli məsələlərin mülki məhkəmə icraatının predmeti olması müəyyən edilmiş və cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar rayonu Qalacıq Bələdiyyəsinin 09 mart 2024-cü il tarixli 03 nömrəli iclas protoklundan çıxarışa əsasən həmin saylı, həmin tarixli qərarın ləğv edilməsini, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN- 119A KOD 301 15018 saylı Şəhadətnamənin Miqyas 1:1000 səhifəsində olan ona məxsus torpaq sahəsi ilə bitişik olan 549BB hissəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2015ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli çıxarışa əsasən Qusar bələdiyyəsinə məxsus 0,06 ha) yəni 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN119A KOD 30115018 saylı şəhadətnaməyə əsasən Qusar rayonu Qalacıq kəndidə 0,12 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 2001-ci il tarixli 11 saylı qərarı ilə ona verilmişdir. Həmin torpaq sahəsinə bitişik olan ona məxsus şəhadətnamədə 549BB kimi göstərilmiş 0,06 ha torpaq sahəsi onun istifadəsində olan boş bir ərazidir. Həmin ərazi başqa heç bir qonşu torpaq sahələrinə bitişik deyildir. JN-119A KOD 30115018 saylı Şəhadətnamənin Miqyas 1:1000 səhifəsindən də həmin ərazinin ona məxsus 0.12 ha torpaq sahəsi ilə bitişik olması, digər heç bir qonşu torpaq sahələrinə aid olmaması aydın görünür. Həmin torpaq sahəsi faktiki istifadəsində olsa belə, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alnması üçün yəni bələdiyyədən alqısatqı qaydasında əldə edilməsi üçün bələdiyyə müraciət etmişdir. Sonuncu dəfə müraciətindən sonra bələdiyyə ona Kapitalbankın Qusar filialına bələdiyyənin hesabına 300 manat məbləğində pul köçürməsini bildirmişdir. Bundan sonra iddiaçı Qalacıq bələdiyyəsinin X23 filialındakı hesabına 14 dekabr 2012-ci il tarixdə 04 nömrəli qəbzlə 300 (üç yüz) manat məbləğində pul köçürmüş və həmin ödəniş qəbzini bələdiyyəyə təqdim etmişdir. Bələdiyyə həmin qəbz əsasında göstərilən torpaq sahəsinə dair öz adına ******* nömrəli, RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra bələdiyyəyə həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsi xahiş etmişdir. Bələdiyyə bir müddət səssiz qaldıqdan onun çoxsaylı müraciətlərini görüb, ona guya torpaqların qiymətlərinin artması səbəbindən əlavə olaraq 420 manat məbləğində pulun bələdiyyə hesabına köçürülməsi tələb etdi. Ona görə də xx.xx.2019-cu il tarixdə bələdiyyə hesabına əlavə olaraq 420 manat pul ödəmiş və həmin qəbzi də bələdiyyəyə təqdim etmişdir.Bələdiyyədən torpaq sahəsini onun adına rəsmiləşdirilməsi işlərinə başlamağı xahiş etmiş, etdiyi müraciətlərdən sonra bələdiyyə tezliklə torpaq sahəsinin onun adına alqısatqısını həyata keçirəcəyini bildirmişdir. Lakin, bu məsələnin üzərindən uzun müddət keçsə də bələdiyyə torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün heç bir tədbir görmədiyini başa düşmüşdür. Bundan sonra yazılı olaraq Qusar rayonunun Qalacıq bələdiyyəsinə 04 mart 2022ci il tarixdə ərizə ilə müraciət edərək Qusar rayonun Qalacıq kəndi ərazisindən özünə məxsus torpaq sahəsinə bitişik olan 0586775, reyestr nömrəsi **********06 qeydiyyat tarixi xx.xx.2015 olan çıxarış üzrə Qusar rayonu Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və əks təqdirdə bununla əlaqədar müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə bildirmişdir. Bələdiyyə ərizəyə cavab vermədiyinə görə təkrarən 14 mart 2022-ci tarixdə həmin ərizəni poçt vasitəsilə xəbərnaməli məktubla göndərmiş, yalnız bundan sonra bələdiyyə ərizəyə cavab vermiş və bildirmişdir ki, iddia etdiyi 0,06 ha torpaq sahəsi guya Qalacıq Bələdiyyəsinin 22 mart 2005-ci il tarixli, 06 saylı qərarı ilə həmin kənd sakini X7 fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ilkin sənədlərinə əsasən satılmış, sonuncu 2007-ci ildə vəfat etdiyinə görə həmin torpaq sahəsi o vaxtdan hal-hazıra kimi mərhumun qardaşının ailəsinin istifadəsindədir. Bələdiyyənin ona verdiyi cavabla razılaşmadığı üçün göstərilən 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə işi ətraflı araşdırmış və 2-1(118)- 3199/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı müraciətinə yenidən baxılması Qusar rayon Qalacıq bələdiyyəsinə həvalə edilmiş. (Cavabdeh inzibati orqan mərhum X7 0.08 ha torpaq sahəsinin ayrılması və ona torpaq sahəsi ayrılması ilə bağlı hallan yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmaması müvafiq cinayət təqibi orqanı tərəfindən də araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir.) Eyni zamanda məhkəmənin həmin nömrəli və tarixli qərardadı ilə yuxarıda göstərilən faktlarla bağlı xüsusi qərardad çıxarılmış, mərhum X7 0.08 ha torpaq sahəsi ayrılması və ona torpaq sahəsi ayrılması ilə bağlı Qusar rayon Qalacıq bələdiyyəsinin əvvəlki və hazırkı vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qeyd edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna gedərək müvafiq izahat vermiş, bundan sonra iddiaçı bir müddət gözləmiş, məhkəmənin qərarının icra edilməsi üçün bələdiyyədən ona hər hansı bir məlumat gəlməmişdir. Nəhayət poçt vasitəsilə ona bələdiyyənin 09 mart 2024-cü il tarixli 03 nömrəli iclas protokolundan çıxarış gəlmişdir.Həmin çıxarışda bələdiyyənin onu dəvət etmədən, məhkəmə qərarında göstərilən məsələləri həll etmədən gündəlikdə olan məsələnin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarı qismən təmin edilməsi məsələsinə baxılmışdır. Halbuki bələdiyyə gündəlikdə olan məsələ kimi məsələnin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(1 18)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarında qeyd edilən məsələlərə baxmalı ümumi müzakirə keçirməli idi. Lakin bələdiyyə məhkəmənin qərarında qoyulan məsələləri müzakirə etmədən birbaşa artıq nəticə verəcəyi məsələni müzakirə etmişdir. Bələdiyyə həmin protokolun qərarında məhkəmənin qərarına əsasən ödənilmiş pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi, ona bələdiyyə büdcəsinə ödənilmiş 720 manat məbləğində pul vəsaitinin yeni qiymətlər səviyyəsində 1156,86 manat pul vəsatinin qaytarılması qərara alınmışdır. Bələdiyyənin bu qərarı ilə razılaşmır, bələdiyyənin qərarı qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, bələdiyyə hazırkı qərarı qəbul edərkən onun əsaslandırmamışdır. Bələdiyyə hazırkı qərarı qəbul edərkən onun iştirakı təmin edilməmişdir. Bələdiyyə hazırkı qərarı qəbul edərkən məhkəmənin qərarının nəticə hissəsində göstərilən digər əsasların hansı səbəbdən təmin edilə bilməməsini əsaslandırmamışdır.Bələdiyyənin həmin torpaq sahəsinin ona satılmasının mümkün olmaması, həmin torpaq sahəsinin 17 mart 2006-cı il tarixində 03 nömrəli qərarı ilə Qalacıq sakini X2 arqumenti ilə razılaşmır. Ona görə ki, Bələdiyyə Qalacıq sakini X7 torpaq sahəsi satmamış, bununla bağlı müvafiq qərar qəbul olunmamışdır. Bələdiyyənin iddia etdiyi Qalacıq sakini X7 torpaq sahəsinin satılması ilə bağlı sənədlərdə torpaq sahəsinin ölçüsü 0.08 ha kimi göstərilir.Bu da torpaq sahələrinin ayrı-ayrı torpaq sahələri olduğu anlamına gəlir. Bələdiyyənin iddia etdiyi torpaq sahəsi ilə ona satılmasını tələb etdiyi torpaq sahələri fərqlidir. Göründüyü kimi bələdiyyənin hazırkı torpaq sahəsini ona satmamaq üçün heç bir əsası yoxdur. Bundan başqa məhkəmənin xüsusi qərardadı əsasında Azərbaycan Respublikası Baş prokurorluğunda aparılmış araşdırma nəticəsində bələdiyyə sədri X7 torpaq sahəsi ayırmadığını, onun istifadəsində olan torpaq sahəsinin heç kimə satmadığını bildirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(118)-1489/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarına əsasən İddiaçı müraciətinə yenidən baxılması Qusar rayon Qalacıq bələdiyyəsinə həvalə edilmiş və cavabdeh inzibati orqan mərhum X7 0.08 ha torpaq sahəsinin ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı hallar yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmaması müvafiq cinayət təqibi orqanı tərəfindən də araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir. Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarı qüvvəyə minmiş və həmin qərar əsasında Qusar rayonu Qalacıq Bələdiyyəsinin 09 mart 2024cü il tarixli 03 nömrəli qərar qəbul etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirərək, məhkəmə qərarını əsas götürmüş və diskression səlahiyyətlərindən birini qəbul etmişdir. Yəni iddiaçının müraciətinə yenidən baxıb, torpaq sahəsinə görə iddiaçının ödədiyi pul məbləğini hal-hazıkı dövrə görə yuvarlaqlaşdıraraq 1156,86 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması qərarına gəlmişdir. Göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması məqsədəmüvafiq olmadığından, iddiaçının əvvəlki ödədiyi pul vəsaiti artıqlaması ilə kompensasiya edilməsi qərara alınmışdır. Bu səbəbdən iddiaçının hazırkı tələbi qanunsuz olduğundan təmin edilə bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə razılaşmır. Ona görə ki, bələdiyyənin Sumqayıt İnzibati Məhkəməsinin qərarını yerinə yetirərək həmin qərarda göstərilən halları ətraflı və dəqiq araşdırmadan sonuncu halı qəbul etməsi onun diskression səlahiyyəti deyildir. Diskression səlahiyyət o vaxt olar ki, bələdiyyəyə müraciət edər, torpaq sahəsini ona satılsın, həmin əraziyə heç bir üstünlük hüququ olmadığı halda bələdiyyə diskression səlahiyyətlərindən istifadə edib deyə bilər ki, həmin torpaq sahəsini ona satmır. Lakın hazırkı halda konkret olaraq Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə bələdiyyənin qarşısına 3 tələb qoyulmuşdur. Torpaq sahəsinin ona satılması, bu mümkün olmadıqda başqa torpaq sahəsinin verilməsi, bu da mümkün olmadıqda pulun ona geri qaytarılması. Bələdiyyə məhkəmənin qərarına uyğun olaraq iclas keçirib qəraf qəbul edərkən ilk iki səbəbi bir cümlə ilə qeyd edərək - digər üçüncü əsasa keçmişdir. Bu isə qanunsuzluqdur. Ona görə ki, elə həmin məhkəmənin qərarında və xüsusi qərardadına əsasən Azərbaycan Respublikası Bas prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı bir daha müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi həmin torpaq sahəsi X1. X8 başqa ərazidən torpaq sahəsi satılmışdır. Bu hal müəyyən olunduğu halda, bələdiyyə tərəfindən qeyd edilən qaydada izahat verildiyi halda, ondan sonra məhkəmənin qərarına uyğun olaraq hazırkı mübahisələndirdiyi qərarı qəbul edərkən yenə də yalandan hamin torpaq sahəsini başqa şəxsə satılması (X7) əsası ilə qərarda göstərilən birinci halı təmin etməkdən imtina etmişdir. Göründüyü kimi, burada bələdiyyənin ona qarşı qərəzi vardır. Həmçinin məhkəmə iclasında X4 torpaq sahəsi barədə bələdiyyənin qərarı təqdini olunanda da aşkar olaraq göründü ki, həmin sahə ilə hazırda mübahısələndirilən sahə eyni deyildir. Belə ki, hazırda mübahisələndirdiyi sahə 0.06 hadır, X9 isə ayrılmış sahə 0.08 hadır. Bütün bunlar məhkəmədə aşkar olunsa da, məhkəmə nədənsə bu hallara toxunmayaraq həmin qərarın qəbul edilməsinin bələdiyyənin diskression səlahiyyəti olması qənaətinə gəlmişdir. Lakin məhkəmə həmin torpaq sahəsinin satılmasına görə rüsum ödədiyini, torpaq sahəsini başqa şəxsə satılmaması barədə məhkəmənin sorğusuna əsasən gəlmiş sübuta, məhkəməyə təqdim edilmiş digər sübutları nəzərə almamışdır. Həmçinin məhkəmə torpaq sahəsinin ona satılmalı olduğunu, torpaq sahəsinə dövlət reyestrindən çıxarış alınarkən qəbul edilmiş qərarın onun ödənişlərinə görə olduğunu, bu torpaq sahəsinin başqa heç kimə satılmamasını təsdiq edən əvvəlki bələdiyyə sədrlərinin məhkəmə iclasına dəvət edilməsi üçün vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmiş, ümumiyyətlə müzakirə edilməmiş və təmin edilməməsi əsaslandırılmamışdır. Bundan başqa hazırkı mübahisələndirdiyi bələdiyyə qərarında birinci hissəsində qeyd edilmiş həmin torpaq sahəsinin X3 üçün ona satıla bilməməsi əsası tamamilə yalan və əsassızdır. Bunun təsdiq edən çoxsaylı sübutlardan başqa ona vəsatətilə məhkəmənin sorğu verərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən aldığı məktub bir daha təsdiq edir. Həmin məktubda göstərilir ki, X5 başqa ərazisindən torpaq sahəsi satılmışdır. Təkcə bu fakt özü mübahisələndirdiyi bələdiyyə qərarının qanunsuz olduğunu bir daha təsdiq edir. Lakin məhkəmə həmin sübuta istinad etməmiş, ümumiyyətlə qərarında həmin sübuta toxunmamış, həmin sübutun varlığı ümumiyyətlə inkar edilmişdir. Əlbəttə ki həmin sübutu iş materialı kimi əsaslandırsaydı o zaman həmin sübutun nəyə əsasən qəbul etməyərək, sübutun əksinə qərar qəbul etdiyini əsaslandırmalı idi. Beləliklə hazırda mübahisələndirdiyi bələdiyyənin qərarı qanunsuz və əsassız olması qeyd faktlarla bir daha öz təsdiqini tapır. Məhkəmədə həmin (aktlar aşkar olunsa da mübahisələndirdiyi bələdiyyənin qərarının açıq-aşkar qanunsuz olduğu öz təsdiqini tapsa da məhkəmə həmin faktlara qiymət verməyərək iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 33. Bələdiyyə mülkiyyəti.

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. .... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;... Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokolunun xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyə mülkiyyəti xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış, cavabdehin adına Çıxarış tərtib edilmiş, hazırda da bələdiyyə mülkiyyətindədir, sözügedən qeydiyyat qüvvədədir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının çatmaq istədiyi məqsədi onun xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə bitişik olan bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq shaəsinin onun faktiki istfadəsində olması halı əsas götürülməklə, hərracdan kənar ona satılmasına nail olmaq istəyir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həmin tələblə bağlı daha öncə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbin qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı müraciətinə yenidən baxılması Qusar Rayon Bələdiyyəsinə həvalə edilməsi (cavabdeh inzibati orqan mərhum X7 0,08 ha torpaq sahəsinin ayrılması və iddiaçıya torpaq sahəsi ilə bağlı halları yenidən araşdırmalı, eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmaması müvafiq cinayət təqibi orqanı tərəfindən araşdırılmalıdır) iddiaçının tələbinin təmin ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı müvafiq kompensasiya ödənilməlidir) qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin Qusar rayonu Qalacıq Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsinə dair qərardadının nəticəsində mübahisəli məsələnin mülki əhkəmə icraatının predmeti olmasının müəyyən edilməsi və cinayət tərkibinin əməlinin törədilməsi faktının təsdiq edilmədiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh bələdiyyənin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya ödənilmiş 720 manat pul vəsaitini yeni qiymətlərə uyğun olaraq 1156,86 manat müəyyən edilərək geri qyatarılmasının təmin edilməsi, xx.xx.2012-ci il tarixli 04 nömrəli və xx.xx.2019-cu il tarixli qəbzlərin etibarsız hesab edilməsi qərara alınmışdır. İndiki halda iddiaçının hüquqi marağı cavabdeh bələdiyyənin xx.xx.2024-cü il tarixli qərarı ləğv etməklə, sözügedən torpaq sahəsinin hərracdan kənar satılmasına nail olmaqdan ibarətdir. İş materiallarında olan və tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının məhz bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə bağlıdır, həmin torpaq sahəsinə dair məhz cavabdhe bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, başqa şəxs tərəfindən hasara alınaraq, meyvə bağı kimi istifadə olunur. İndiki halda isə iddiaçı həmin torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə bitişik olduğundan ona satılmasını istəyir və cavabdeh tərəfindən ona vurulmuş ziyan kimi ödənilmiş kompensasiya ilə razı olmayaraq, istədiyinin məhz torpaq shaəsinin hərracdan kənar ona satılması olduğunu əsas gətirir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliyin tələbi baxımından iddianın mümkünlüyünü istisna edən hər hansı hal müəyyən edilməmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənildiyi vaxtda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən torpaq sahəsi məhz hərrac vasitəsilə satıla bilərdi, hərracdan kənar satılması isə yalnız qanunla müəyyən edilmiş hallarda mümkün idi. İndiki halda isə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş belə bir halın mövcduluğu aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102- )2245/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “.... Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki,həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur.Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.....Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamındatorpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilənölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bunormasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edənsənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı haldarəsmiləşə bilər.Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasınınmümkün olub-olmamasıdır....” İndiki halda isə iddiaçıya münasibətdə sözügedən torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə vahid hasar daxilində yerləməsi, faktiki onun istifadəsində olması və geri qaytarılmasının mümkün olmaması kimi şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya işin müəyyən edilmiş halları əsasında hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar satılması üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından, iddiaçıya torpaq sahəsinin satın alınması üçün ödədiyi pulun indeksasiya edilməklə, kompensasiya qismində geri ödənilməsi barədə hərəkətləri və qəbul etdiyi qərarı qanuni əsaslı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçı cavabdeh bələdiyyə ona həmin torpaq sahəsini ayıra bildiyi halda, pulun geri qaytarılması ilə bağlı hərəkətlərinin qanunauyğun olmadığını, həmin torpaq sahəsini ona ayrımalı olduğunu bildirir. Kollegiya bununla bağlı qeyd edir ki, torpaq sahəsinin hərracdan kənar satılması yalnız qanunla müəyyən edilmiş hallarda yol verilən olduğundan, indiki halda isə həmin halların mövcudluğu müəyyən edilmədiyindən, habelə əvvəlki dövrdə torpaq sahəsinin satılması prosesuduru başa çatdırılmadığından, iddiaçı tərəfindən yalnız pul vəsaiti ödənildiyin, cavabdeh bələdiyyə tərəfindən isə məhz ödənilmiş pul vəsaiti indeksləşdirməklə kompensasiya məbləği qismində iddiaçıya geri qaytarılmasını təmin edilmişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Kollegiya hesab edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki halda işin yuxarıda müəyyən edilmiş halları əsasında aparılmış dəyərləndirmə əsasında cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərar və bununla bağlı hərəkətlərin icrası zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olması halı müəyyən edilməmişdir. Bu hal da özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmiş, habelə həmin hallar əsasında iddiaçının apellyasiya şikayətinin dəlilləri təkzib olunmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(118)-1489/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar