Məhkəmə qərarları › İş №2-1(105)-866/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-866/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-866/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(118)-6502/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının (xx.xx.2025-ci il tarixli, 300618/2023-53-31-003 saylı məlumat əlavə olunmuşdur) ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab X6 Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən qanunsuz işdən azad edilməsi barədə **********6 nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid olan hissəsinin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə əlaqədar iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı qərarı ilə təmin olunmamışdır. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-401/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti qismən təmin olunaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(105)-290/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmrinin İddiaçıı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv edilməsi, iddiaçının həmin qurumda müvafiq vəzifəyə təyin olunması və işləmədiyi dövrlər üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh nazirliyin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qərar icraya yönəldikdən sonra ƏƏSMN xx.xx.2023-cü il tarixdə 3- 17/2-C-682/2023 №-li məktub göndərərək DSMF-nin Quba-Xaçmaz Regional filialının Qusar şöbəsində 3 aylıq müddətə kargüzar vəzifəsi təklif edilmiş, bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43.3 və 4-cü və 63-cü maddələrinin tələbləri pozularaq, ondan işə yeni qəbul olunmuş işçi kimi ərizə və sənədlər tələb olunmuşdur. xx.xx.2020-ci il tarixədək ƏƏSMN-nin tabeliyindəki DSMF-nun Xaçmaz rayon şöbəsində ştat cədvəlinə görə məsləhətçi vəzifəsində işləmiş, əmək müqaviləsi müddətsiz olmuş, vəzifə maaşının üzərinə staja görə əlavə verilmişdir. Buna əsaslanaraq ƏƏSMN-dən həmin təklif olunan vəzifənin ştat cədvəlində olması haqda rəsmi sənəd istəsə də, Nazirlik həmin sənədi verməkdən qəti imtina etmişdir. Dəfələrlə etdiyi bu zaman ərzindəki şikayətlərindən sonra ƏƏSMN ona xx.xx.2020- ci il tarixdən xx.xx.2022-ci ilədək dövrlər üçün 11240 manat pulu iyun 2023-cü il tarixdə əmanət bankı vasitəsilə ödəyib. Onlarla şikayət məktubundan sonra 1 il 3 ayın sonunda Sumqayıt İnzibatı Məhkəməsi tərəfindən icra sənədi Bakı şəhəri Cavabdehnə göndərmişdir. Qərarın icra olunması icra məmuru Bəxtiyar Babayevə həvalə edilmişdir. Məhkəmə qərarının qəbul etməsindən 1 il 3 ay keçməsinə baxmayaraq Bəxtiyar Babayev də heç bir hüquqi tədbir görməmişdir. “İnzibati mübahisələrə dair işlər üzrə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumunun xx.xx.2021-ci il tarixli qərarının 25, 26, 27, 28 və 29-cu bəndlərinin tələblərinə uyğun qanuni prosedurları icra etməmişdir. X4 bildirmişdir ki, (onlarla rəsmi məktub göndərmişdir, 4 dəfə də qəbulunda olmuşdur, bir neçə telefon zəngləri etmişdir) ƏƏSMN və DSMF Quba-Xaçmaz regionunun Xaçmaz şöbəsində ştat cədvəlində mövcud olmayan vəzifəni - arxivçi vəzifəsini təklif edir. Həmin vəzifənin ştat cədvəlində mövcud olması haqda rəsmi sənəd təqdim olunduğu halda arxivçi vəzifəsini qəbul etməyə razı olduğunu bildirmişdir. Lakin ƏƏSMN və DSMF həmin sənədi verməyə hər dəfə etiraz etmişdir. Həmin vəzifəni qeyd-şərtsiz qəbul etməyi üçün təkid və tələb olunmuşdur. Yasamal rayon İcra şöbəsinə, Yasamal rayon İcra Baş İdarəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yazdığı, B.Babayevin məhkəmə qərarını icra etməməsinə dair şikayət ərizələri cavabsız qalmışdır. Qəribədir ki, şikayət ərizələri şablon ifadələrlə - “Vətəndaşa cavab verin” ifadəsi ilə “Vətəndaşların müraciətləri haqda” Qanunun tələbinə zidd olaraq şikayət etdiyi orqanlara - Sumqayıt İnzibati Məhkəməsinə və ya Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayevə qarşı “icra məmurundan vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3418/2024 №-li qərardadı ilə geri qaytarmışdır. Təkrar olaraq, xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsi “ştat cədvəlində göstərilən vəzifəyə görə işlə təmin olunmağı və işsiz qaldığı müddətin əmək haqqının mövcud normaya uyğun dəqiq hesablanmasını təmin etməyi Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulması (məcbur edilməsi) barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasını xx.xx.2024-cü il tarixli, 2- 1(112)-14266/2024 №-li qərardadı ilə təmin etməmişdir. Nəhayət, “Yeni xəbər.org” internet saytına yazdığı 2-ci şikayət ərizəsindən sonra B.Babayev onu ƏƏSMN-nə dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə ƏƏSMN-də Nazirliyin kadr məsələləri üzrə şöbə müdiri Nərmin Bayramovanın, şöbənin müavini Elşad Əliyevin, DSMF-nun İnsan Resursları Departamentinin müdir müavini Azad Aydınlının və Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakı ilə görüş olmuşdur. X7 qəti surətdə təkrar olaraq, məhkəmə qərarına baxmayaraq, onunla DSMF publik olanadək bağlanmış əmək müqaviləsinə xitam verdiklərini, DSMF publik olduqdan sonra yeni əmək münasibətlərinin formalaşdığını bildirmişdir. ƏƏSMN-i məhkəmə qərarını icra etməmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayevin dəvəti ilə şöbəyə dəvət olunaraq xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Aktda Dövlət Sosial X1 4.11-10-cu bəndinə zidd olaraq təklif olunan vəzifə üzrə mükafat və staja görə əlavənin ödənilməsinin X8 nəzərdə tutulmadığı göstərilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-ll(105)-290/2020 №-li qərarı ilə müvafiq vəzifəyə təyin olunmağı və işləmədiyi dövrlərin əmək haqqının ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. İcra məmuru B.Babayev bu qeyd etdiklərini nəzərə almadan, araşdırmadan Akt tərtib etdiyi üçün həmin Akta yazılı surətdə əlavə qeydlərini etmişdir. Qeyd etdiklərini nəzərə almadan Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin icra məmuru B.Babayev xx.xx.2025-ci il tarixdə qərar qəbul etmişdir. Qərarda onun təklif olunan vəzifəni qəbul etmədiyi üçün 2-1(105)-290/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarıldığı bildirilir. xx.xx.2025-ci il tarixli Bakı şəhər Yasamal rayon İcra şöbəsinin Qərarını aldıqdan sonra xx.xx.2025-ci il tarixdə Yasamal rayon İcra şöbəsinə getmiş, həmin tarixdə şöbənin rəis müavininin qəbulunda olaraq, təklif olunan arxivçi vəzifəsini qəbul etdiyini bildirmişdir. Bu haqda xx.xx.2025-ci il tarixdə yazılı ərizə ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə müraciət edərək təklif olunan vəzifəni qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar xx.xx.2025-ci il tarixdə İcra məmuru B.Babayevə də onun xidməti telefonuna zəng edərək, həmin vəzifəni qəbul etdiyinin məlumatını bildirmişdir. Lakin həmin müddətdən keçən müddətdə icra məmurunun heç bir rəsmi reaksiyası olmamışdır. Bakı şəhəri Cavabdeh icra məmuru Bəxtiyar Babayevin xx.xx.2025-ci il tarixli qərarını və şöbənin rəisi Pərviz Zəkəriyyəyevin imzaladığı xx.xx.2025-ci il tarixli, 300618/2023-53-31-003 №-li məlumatı Xaçmaz rayon Rabitə şöbəsindən xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Qərarda onun 30 gün müddətində məhkəmə qaydasında şikayət verə biləcəyi göstərilmişdir. Qərarı aldıqdan sonra xx.xx.2025- ci il tarixdə “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 11 mart 2025ci il tarixli qərarının ləğv edilməsinə” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-9488/2025 nömrəli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Məhkəmə “iddia ərizəsi aidiyyəti üzrə icra icraatı qaydasında baxılması üçün aidiyyəti məhkəməyə müraciət olunmalı” mövqeyindən çıxış edərək bu qərardadı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(118)-6502/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar ərizə verməklə məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarın icra edilməsi istiqamətində iş təklifi ona 2024-cü ilin yanvar ayında olumuşdur. Bu zaman yeni işə qəbul olunmuş işçi kimi ondan yeni sənədlər tələb edilmiş, təklif olunan vəzifədə isə Qusar rayonunda ştat cədvəlində mövcud olmayan arxivçi vəzifəsində həmin müddətdə dəqiq araşdırmaya görə işçi işləmişdir. Əmək müqaviləsinin isə 3 ay müddətinə bağlanılması tələb edilmişdir. İlk dəfə əmək müqaviləsi rəsmi olaraq “ƏMAS” üzərindən xx.xx.2024-cü il tarixdə 1 illik müddətə göndərilmişdir. 3-cü əmək müqaviləsi xx.xx.2025-ci il tarixində yenə də “ƏMAS” üzərindən göndərilmiş, göndərilən əmək müqaviləsinin şərtləri Əmək Məcəlləsinə uyğun olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç vaxt ona işsiz qaldığı müddətin əmək haqqının düzgün hesablanıb ödənilməsini istəməmiş və bundan dəfələrlə Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakı ilə keçirilən görüşlərdə imtina etmişdir. Bu da “İcra haqqında” Qanunun 71 və 90-cı maddələrinə ziddir. Qərardad ilə tanış olduqdan sonra bu qənaətə gəlmişdir ki, məhkəmə onun qaldırdığı iddianın məzmununa əhəmiyyət verməmişdir. Onun tərəfinbdən iddianın növü düzgün seçilməmişdirsə, məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən ona hüquqi yardım etməklə düzgün iddia tələbini seçməkdə kömək etməli olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı icra hərəkətləri inzibati məhkəmə araşdırmasının predmeti deyil və bununla bağlı formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli Qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. X3 Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “... Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 02 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. İcra qurumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1.1 və 2.1.1-1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, icra sənədinin icrasına yönələn qərar və ya hərəkət ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 1.1-ci, 2.1-ci və 2.2–ci maddələrində təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə həmin şərt ödənilmədiyi üçün ərizə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, indiki halda mübahisə predmeti olan Bakı şəhər Cavabdeh xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğvi, məhkəmə qərarlarının icrası ilə bağlı məsələ, o cümlədən icra məmurunun və ya icra orqanının qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərlə bağlı iddialar məhkəmə icraatı növlərinə əsasən “8-Məhkəmə qətnamələrinin (qərarlarının) icrası" icraatı ilə baxılmalıdır. Bu kateqoriyaya aid iddialar ayrıca icraat qaydasında araşdırılmalı və müvafiq prosessual tələblərə uyğun təqdim olunmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi iddia ərizəsi ilə irəli sürdüyü tələb isə forma, məzmun baxımından inzibati aktın və ya inzibati hərəkətin ləğvi tələbi kimi yox, məhkəmə qərarının icrası ilə bağlı qəbul olunmuş qərarın ləğvi tələbi kimi qiymətləndirilməlidir. Bu isə öz növbəsində inzibati məhkəmə icraatının predmetinə daxil deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(118)-6502/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar