Məhkəmə qərarları › İş №2-1(105)-87/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-87/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-87/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2-1(118)- 1208/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə X6 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 13660 nömrəli, 12 iyun 2004-cü il tarixli müqaviləyə əsasən Novxanı bağ massivi, B-143A ünvanında yerləşən 0,11 ha dan ibarət olan bağ torpaq sahəsi X2 icarəsinə verilmişdir. İddiaçı X7 DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsini xahiş etmişdir. Cavabdeh 19 yanvar 2022-ci il tarixli, **********35 nömrəli məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 13660 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin arxiv məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 2305 nömrəli, xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X4 verilmiş 0.225 ha torpaq sahəsinin bir hissəsidir, lakin arxiv qovluğunda həmin torpaq sahəsinin bir hissəsinin X5 verilməsi ilə bağlı hər hansı əlaqələndirici sənəd aşkar olunmamışdır. Buna görə də “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 13660 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi qeyd olunan xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq “Bağ torpaq sahəsinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 435 nömrəli ümumi sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdehin 30 mart 2022-ci il tarixli, **********03 saylı məktubu ilə müraciətə imtina cavabı verilərək bildirilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı arxiv məlumatları yenidən araşdırılmış və müəyyən olunmuşdur ki, “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 2305 nömrəli, xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X4 verilmiş 0.225 ha torpaq sahəsinin yarı hissəsinin icarədarın ailə üzvlərindən, arvadı X12 verilməsi ilə bağlı oğlu - X13 tərəfindən və digər yarı hissəsinin isə oğlu X10 verilməsi ilə bağlı arvadı X14 tərəfindən xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətininin nəzdində olan Sumqayıt şəhər Bağ təsərrüfatı idarəsinə müraciət olunsa da, icarədarın ailə üzvləri ilə hər-hansı müqavilə bağlanmamış və həmin ailə üzvləri tərəfindən torpaq sahəsinin bir hissəsinin X1 adına keçirilməsinə razılıqları barədə eyni tarixli ərizə verilmişdir. Digər tərəfdən iddiaçının adına verilmiş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 13660 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokol qeyd olunmuşdur. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0.11 ha-dan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağ Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında bağlanmış 12 iyul 2004-cü il tarixli 13660 saylı müqavilə ilə iddiaçının qanuni istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 143 A ünvanında yerləşən 0,11 ha bağ torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın alınması barədə 18 dekabr 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədi - 12 iyul 2004-cü il tarixli 13660 saylı müqaviləni əlavə etmişdir. Lakin, cavabdeh qeydiyyatının aparılmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd edir ki, torpaq sahəsi icarə müqaviləsi əsasında həmin tarixdən onun istifadəsindədir və bu istifadə qanuni əsaslara söykənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması əsaslarından biridir. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatı üçün hər hansı bir əngəl yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində olan Bağ Təsərrüfatı İdarəsi Sumqayıt şəhər İHB-nin 08 sentyabr 2004-cü il tarixli sərəncamı ilə ləğv edilmişdir. Bu halda 12 iyul 2004-cü il tarixli müqavilə hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd etdiyi əsaslara görə torpaq sahəsi qanuni istifadəsindədir və həmin torpaq sahəsi torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də dövlət mülkyyətinə aiddir. Belə ki, torpaq sahəsi əvəzsiz olaraq mülkiyyətə verilmiş torpaq sahələri kateqoriyası təsiri altına düşür. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, etirazı 30 mart 2022-ci il tarixli, **********03 saylı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2-1(118)-1208/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhər Novxanı bağ massivi, B-143 A ünvanında yerləşən 0.11 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, müvafiq torpaq sahəsinə dair hüququn iddiaçıya keçməsi ilə bağlı əsaslar olmadığından qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsi ilə əlaqədar müraciətin icrasından imtina edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili), həmçinin, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbində torpaq sahəsinin 0.1051 ha-dan ibarət olmasının qəbul edilməsini, iddia ərizəsindəki dəyişikliyin nəzərə alınaraq 0.1051 ha-dan ibarət torpaq sahəsinə dair çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143A ünvanında yerləşən 0,1051 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması barəsindədir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə onun arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilə əsasında verilmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdehin imtinası əsassızdır. Cavabdeh orqan iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə dair digər şəxslərin adına hər hansı bir sənədin, müqavilənin olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Etirazda qeyd olunan ərizələr isə həmin bağ torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyini təsdiq etmir. Eyni zamanda həmin torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə əvvəlki icarədar olan, həmçinin etirazda qeyd olunmuş ərizəni verən X13 tərəfindən etiraz edilməmişdir. Buna dair ərizə iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. İddiaçı da hazırda bu hüququnu reallaşdırmaq niyyətindədir. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlilləri torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı əsasların olmamasıdır. Cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 2305 nömrəli, 12 yanvar 1981-ci il tarixli müqavilə əsasında Novxanı bağ massivi, 143A ünvanında yerləşən 0.22 ha bağ torpaq sahəsi X3 icarəsinə verilmiş, 03 iyun 2004-cü il tarixli razılıq ərizələri ilə X13 atasının icarəsində olan bağ sahəsinin yarı hissəsinin anası X11 adına sənədləşdirilməsinə, sonuncu da ərinin icarəsində olan bağ sahəsinin yarı hissəsinin oğlu X8 adına sənədləşdirilməsinə etiraz etməmişdir. Eyni zamanda, həmin tarixli ərizə ilə də X14 ona məxsus olan Novxanı qəsəbəsi, Karvan yolu küçəsi ünvanında yerləşən 143A saylı bağın iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. Bununla da cavabdehin imtinasının ilkin dəlili – həmin torpaq sahəsinin bir hissəsinin X5 verilməsi ilə bağlı hər hansı əlaqələndirici sənədin aşkar olunmaması halı təkzib olunur. Belə ki, aparılan araşdırma ilə torpaq sahəsinin ilkin olaraq X4 verilmiş olması öz təsdiqini tapsa da, iddiaçı həmin torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etməmiş, X3 ailə üzvləri tərəfindən verilmiş razılıq əsasında sahiblənmişdir. Bundan sonra, yəni həmin torpaq sahəsi istifadə olunmadığı və başqasının adına rəsmiləşdirilməsinə etiraz olunmadığından, başqa sözlə, yüklülükdən azad olunaraq ilkin istifadəçinin torpağa münasibətdə əşya hüququ qalmadıqdan sonra 12 iyun 2004-cü il tarixində Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi tərəfindən Sumqayıt şəhər İHB-nin xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokolu əsas götürülərək Novxanı bağ massivi, B-143A ünvanında yerləşən 0,11 ha bağ torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Cavabdehin ikinci dəlilində iddiaçı ilə Bağlar təsərrüfatı İstehsalat Birliyi arasında bağlanmış müqavilənin verilmə əsası mübahisələndirilmişdir. Qeyd olunduğu kimi müqavilənin bağlanmasına əsas Sumqayıt şəhər İHB-nin xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokolu əsas götürülmüşdür. Dövlət Arxivinin Sumqayıt filialına ünvanlanmış sorğuya cavab olaraq “Bağ torpaq sahəsinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 435 nömrəli ümumi sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Adından da göründüyü kimi həmin sərəncam bağ torpaq sahələrinin icarəyə verilmə məsələlərini tənzimləyir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 435 saylı sərəncamının məzmunundan görünür ki, bu sərəncamla bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi qərara alınmışdır ki, iddiaçının adına da müvafiq bağ sahəsinə dair icarə müaviləsi məhz həmin Əsasnamənin şərtlərinə uyğun olaraq bağlanılmışdır. Başqa sözlə, müqavilənin bağlanmasına əsas olmuş sərəncam ayrı məzmunda verilməmişdir ki, hazırda da müqavilənin bağlanma əsasının mötəbərliyi şübhə altına alınmış olsun. Bir halda ki, iddiaçı ilə bağ torpaq sahəsinin icarə münasibətlərinə girilir, bunun üçün maddi hüquqi əsas kimi belə münasibətləri tənzimləyəcək hər hansı normativ akta istinad zəruri və təbiidir. Bununla da cavabdehin ikinci dəlili də təkzib edilmiş olur - iddiaçının icarəsinə verilmiş müvafiq torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli 13660 saylı müqavilənin mötəbərliyini şübhə altına alan hər-hansı hal müəyyən edilmir. İddiaçı tələbində haqlı olmuş, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının adına qeyd alınmalı olan torpaq sahəsinin ölçüsünü düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin ölçüsünü müqaviləyə istinadən 0,11 ha qeyd etmiş, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında isə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.11 ha, faktiki sahəsi isə 0.1051 ha göstərilmişdir. İddiaçının nümayəndəsi (vəkili) mübahisələndirilən torpaq sahəsinin müayinə aktında göstərilən faktiki sahəsi ilə razı olduğunu bildirmiş, bununla bağlı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbində torpaq sahəsinin 0.1051 ha-dan ibarət olmasının qəbul edilməsini, iddia ərizəsindəki dəyişikliyindəqiqləşmənin nəzərə alınaraq 0.1051 ha-dan ibarət torpaq sahəsinə dair çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143A ünvanında yerləşən 0,1051 ha bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2-1(118)-1208/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-143A ünvanında yerləşən 0,1051 ha bağ torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar