Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-870/2024 24.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı iş üzrə (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, Nazirlər Kabinetinin sərəncamı, inzibati akt) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli 770s nömrəli sərəncamın kompensasiyanın məbləği hissəsində ləğv edilməsi və cavabdehin üzərinə bazar qiyməti əsasında 60.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2748/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli Sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsinə dair hissədə ləğv edilməsi və cavabdehin üzərinə bazar qiyməti əsasında iddiaçıya 60.000 manat məbləğində kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan: ünvan 2 ilə ona məxsusdur. Mənzili xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Mənzil 2 otaq və 2 eyvandan ibarət olmuş, ümumi sahəsi 39.4 kv m təşkil etmişdir. Cavabdehin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. Sərəncamın məzmunundan görünür ki, başqasının mülkiyyətində olan əmlakı satın almaq əvəzinə ona yardım göstərilməsi ilə bağlıdır. Mənzil iki otaqdan ibarət olsa da, verilən kompensassiya məbləği ilə razı deyildir. Çünki, hal-hazırda onun Sumqayıt şəhərində yaşadığı mənzilin ətrafında olan bir otaqlı mənzillərin bazar dəyəri 60.000 manatdan artıq təşkil edir. Bu səbəbdən də verilən kompensassiya məbləğini almaqdan imtina etmişdir. Cavabdeh binanın sökülməsi üçün fəaliyyətə başlamışdır. Onun razılığı olmadan mülkiyyətindən çıxarılmışdır. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdehin başqasının mülkiyyətinə birbaşa qiymət qoymaq hüququ yoxdur. Qiymət bazar qiymətləri əsasında tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2748/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İş materialından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamının hissəvi ləğv edilməsini xahiş edir. Lakin bu Sərəncam qeyri normativ xarakterli aktdır. İPM yalnız normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılması və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsi ilə bağlı məsələləri tənzimləmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsi tələblərinə birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı cavabdehin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli Sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsinə dair hissədə ləğv edilməsinə dair” tələbi mümkün sayılmamalıdır. Bu səbəbdən ilk tələblə birbaşa əlaqəli olduğu üçün iddiaçının “cavabdehin üzərinə bazar qiyməti əsasında iddiaçıya 60.000 manat məbləğində kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” tələbini də mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan: ünvan 2 ilə ona məxsusdur. O, sözügedən mənzili xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Mənzil 2 otaq və 2 eyvandan ibarət olmuş, ümumi sahəsi 39.4 kv m təşkil etmişdir. Cavabdehin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli sərəncamına əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxana binasında yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31.000 manat birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. Sərəncamın məzmunundan görünür ki, başqasının mülkiyyətində olan əmlakı satın almaq əvəzinə ona yardım göstərilməsi ilə bağlıdır. Mənzil iki otaqdan ibarət olsa da, verilən kompensassiya məbləği ilə razı deyildir. Çünki, hal-hazırda onun Sumqayıt şəhərində yaşadığı mənzilin ətrafında olan bir otaqlı mənzillərin bazar dəyəri 60.000 manatdan artıq təşkil edir. Bu səbəbdən də verilən kompensassiya məbləğini almaqdan imtina etmişdir. Cavabdeh binanın sökülməsi üçün fəaliyyətə başlamışdır. Onun razılığı olmadan mülkiyyətindən çıxarılmışdır. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdehin başqasının mülkiyyətinə birbaşa qiymət qoymaq hüququ yoxdur. Qiymət bazar qiymətləri əsasında tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməlidir. Cavabdehin qərarı nəticəsində onun qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə isə bu halı nəzərə almamış və iddianı mümkünsüz hesab etmişdir. Bu səbəblə də məhkəmənin qərardadını qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə qərardadı ləğv etməli və iddianı mümkün hesab etməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi 3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. 3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. 3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: ......3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;.... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli 770s nömrəli sərəncamın kompensasiyanın məbləği hissəsində ləğv edilməsi və cavabdehin üzərinə bazar qiyməti əsasında 60.000 manat məbləğində kompensasiyanın ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi hal məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə müəyyən edilmiş kompensasiya məbləği ilə bağlı olan haldır. Qeyd edilən Sərəncamın məzmunundan görünür ki, həmin Sərəncam müvafiq yataqxana binalarında yaşayan ailələrə daşınma xərci və kirayə haqqı ilə birlikdə ümumilikdə 31000 manat məbləğində birdəfəlik maddi yardım verilməklə köçürülməsi və həmin binaların sökülməsi, onların yerləşdiyi ərazinin abadlaşdırılması məqsədilə vəsait ayrılması və ondan irəli gələn digər məsələləri özündə ehtiva etmişdir. Həmçinin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin Sərəncamın icrası haqqında 20 sentyabr 2023-cü il tarixli 813 №li Sərəncam qəbul edilmişdir. Göründüyü kimi qeyd edilən Sərəncam yalnız iddiaçı ilə bağlı olmamış, konkret şəxsə ünvanlanmamışdır. İndiki halda iddiaçının hüquqi marağı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Sərəncamı əsasında müəyyən edilmiş kompensasiya məbləğinin dəyişdirilməsi ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır (İPM-in 1.1-ci maddəsi). Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən sərəncamı mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.Həmin anlayışa görə, inzibati akt həmişə konkret şəxsə münasibətdə müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilir. Başqa sözlə, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. İnzibati akt məhz bu keyfiyyətləri ilə ümumi və abstrakt qaydalar müəyyən edən, qeyrimüəyyən sayda şəxslər və hallar üçün nəzərdə tutulan normativ hüquqi aktlardan fərqlənir. Yuxarıda istinad edilən qanunveriiclik normasının tələbinə əsasən hüquqi akt normativ hüquqi akt, normativ xarakterli akt və qeyri-normativ xaralterli akt formasında olan bilər. İnzibati icraat haqqında və inzibati prosessual qanunveriicliyin tələbinə əsasən məhz inzibati akt inzibati məhkəmə icraatı qaydasında mübahisə predmeti qismində çıxış etməklə, yalnız prosessual qanunvericilikdə dəqiq dairəsi müəyyən edilmiş normativ xarakterli aktların qanunauyğunuğunun yoxlanılması və etibarsız hesab edilməsi ilə bağlı məsələ inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdiyi hallarda qərar, başqa məsələlər üzrə sərəncam qəbul edir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı qeyrinormativ xarakterli akt sayılır, habelə qeyri-normativ xarakterli akt məhz normativ-hüquqi akt əsasında qəbul edilməli və onun normasına istinad edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-ci bəndində qeyd eidlmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Qeyd edilən qanunvericilik normalarının əlaqəli şəkildə təhlil edilməsi nəticəsində belə qənaətə gəlmək olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarının qanunauyğunluğunun yoxlanılması məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid məsələ qismində çıxış edir. Həmçinin, qeyd edilən Sərəncam qeyrinormativ xarakterli akt qimsində çıxış etdiyindən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan normativ xarakterli aktların dairəsinə aid olmamışdır. Başqa sözlə desək, Azərbaycan Respublikası Konstitusiyasının 130-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 122-ci maddəsinin müəyyən etdiyi qaydalara əsasən həmin sərəncamla bağlı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2748/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-870/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-870/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver