Məhkəmə qərarları › İş №2-1(105)-873/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-873/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-873/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X4 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2651/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. AZ-İ seriyalı, 516569 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən İddiaçı əri X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X3 barəsində tərtib edilmiş ZE-48055 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən R.H.Sadullayevin təminat xərcliyinin (866,50 manat) 80 faizi - 693,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 18 may 2023-cü il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının 61,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməli olduğunu bildirmiş və bu baxımdan, həmin tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərq məbləğinin ona ödənilməsini xahiş etmişdir. İnzibati orqan 13 iyun 2023-cü il tarixli, 3-17-1/2-S-133934/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən ona xx.xx.2023-cü il tarixədək (aylıq pensiya məbləği 327,21 manat) yaşa görə əmək pensiyası ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ona 06 aprel 2023-cü il tarixdə mərhum X2 müvafiq təminat xərcliyinin (866,50 manat) 80 faizi 693,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və 07 mart 2023-cü il tarixdən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq, İddiaçı cari ilin mart ayı üzrə (25 gün üçün) Mərkəzi Filial tərəfindən ödənilməli olan 559,03 manat pul vəsaitindən Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial tərəfindən həmin dövr üzrə ödənilmiş 263,87 manat pul vəsaiti çıxılmış, qalıq 295,16 manat fərq məbləği cari ilin aprel ayında onun müvafiq kart hesabına köçürülmüşdür. Yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna görə də, Mərkəzi Filialın iddiaçıya ödənilməli hər hansı borc məbləği yoxdur. Daha sonra İddiaçı yenidən 21 iyul 2023-cü il tarixdə eyniməzmunlu ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan 1 avqust 2023-ci il tarixli, 3-17-1/2-S-182412/2023 nömrəli məktubu ilə müraciətin icrasından təkrarən imtina etmişdir. Verilən imtina cavabları ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailə başçısını itirdiyinə görə təyin edilmiş əmək pensiyasının 2020-ci ilin iyun ayından hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailə başçısını itirdiyinə görə əmək pensiyası almaq hüququ 2020-ci ilin iyun ayında (61,5 yaşından) yaranmışdır. Hesab edir ki, cavabdeh orqan ona ailə başçısını itirməyə görə əmək pensiyası qanunvericiliyin tələbinə uyğun olaraq düzgün təyin edilməmişdir. Bu baxımdan, ona ailə başçısını itirdiyinə görə təyin edilmiş əmək pensiyası 2020-ci ilin iyun ayından hesablanaraq yaranmış fərq ödənilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2- 1(102)- 1293/2023 nömrəli qərarında məhkəmə şəxsin eyni zamanda iki növ pensiya hüququnun mövcud olmasına münasibət bildirərək qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşin hallarına görə iddiaçının xx.xx.2007-ci il tarixdə həm yaşa görə əmək pensiyası, həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin, iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra iddiaçının əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2022-ci il tarixədək qüvvədə olan) 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 6.4-cü yarımbəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən sonrakı ayın 1-dən aparılır. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ödənişləri 327,21 manat olmaqla, xx.xx.2023-cü il tarixədək ödənilmiş, daha sonra iddiaçı tərəfindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün Mərkəzi Filiala müraciət edildikdən sonra ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək 07 mart 2023-cü il tarixdən ödəniş həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(112)-13711/2023 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2651/2024 qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından və həmin norma onun vəziyyətini pisləşdirdiyindən onun barəsində daha əvvəl qüvvədə olan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş) Qaydalar tətbiq olunmalı və onun müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün (eyni zamanda hüququ yarandığı) təyin edilməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının 57 yaşı tamam olanda ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana müraciət etmişlər, lakin, onlara müvafiq əmək pensiyasının 60 yaşdan təyin edilə biləcəyi bildirilmişdir. Həmin dövrdə iddiaçı yaşa görə əmək pensiyası alırdı. Mərhum atası X1 əmək pensiyası anasının pensiyası ilə müqayisədə daha yüksək idi. Anasına 2 il ərzində ailə başçısını itirməyə görə əmək pensiyası ödənilsə də da, ötən illərin pensiya məbləği ödənilməmişdir. İddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. ... Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyası) 20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur):

6. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi 6.1. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.1. Yaşa görə əmək pensiyası Qanunun İİ fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun İİİ fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun İV fəslinə uyğun olaraq təyin edilir. 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçıya 51 yaşından - xx.xx.2009-cu il tarixdən uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixədək pensiya ödənişləri həyata keçirilmiş, daha sonra müraciətinə əsasən ona xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun 61,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yarandığından ona müvafiq əmək pensiyasının həmin tarixdən təyin edilməsini və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərq çıxılmaqla ödənilməsini tələb edir. İddiaçının xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad olunan 14-cü və 17-ci maddələrinin tələblərinə görə, iddiaçıya xx.xx.2020ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2020-ci il tarixədək Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmalıdır. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normasının tələbindən göründüyü kimi xx.xx.2020-ci il tarixdə Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 61 il 6 ay olmuşdur. Hazırkı iş üzrə iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğundan xx.xx.2020-ci il tarixdə 61,5 yaşı olduğu, bununla da ona münasibətdə birinci şərtin ödənildiyi müəyyən edilir. İkinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçının mərhum əri X3 barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş ZE-48055 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi” ndən görünür ki, o, 25 il 08 ay 09 gün iş stajına malik olmuşdur. R.H.Sadullayevin öldüyü xx.xx.2012-ci il tarixədək qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajına malik olduğu işin mübahisəsiz halıdır. Belə ki, qeyd olunan şərtin ödənildiyi nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün iddiaçıya münasibətdə qanunvericiliklə müəyyən edilmiş bütün şərtlər ödənilir. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində isə göstərilir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yaşa görə əmək pensiyası aldığından ona həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə və yaranmış fərq ödənilə bilməzdi. Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ərizənin təqdim edildiyi tarixdən sonrakı ayın 1-dən aparılmalıdır. Kollegiya cavabdehin qeyd edilən dəlillərinə münasibətdə bildirir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası almsaı ona ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranan tarixdən bu pensiyasının təyin edilməsini və yaranmış fərqin ödənilməsini istisna etmir. Cavabdehin şikayətdə istinad etdiyi normalar müvafiq pensiya ödənişlərinin həyata keçirilməsini tənzimləyən prosedur normalar olmaqla, “növbəti ayın 1-dən” müddəası pensiyanın bir növündən digər növünə keçdiyi halında pensiya hüququnun yarandığı tarixi deyil, hüququn yarandığı tarixdən asılı olaraq pensiya ödənişinin həyata keçirilməli olduğu tarixi müəyyən edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan NK-nın 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 6.2ci bəndinə görə pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.4cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən sonrakı ayın 1-dən aparılır. Göründüyü kimi sadalanan normalar pensiya hüququnun yarandığı tarixi deyil, hüququn yarandığı tarixdən asılı olaraq pensiya ödənişinin həyata keçirilməli olduğu tarixi müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı işin halları ilə oxşarlıq təşkil edən 2-1(102)-1695/2023 nömrəli qərarında da kassasiya instansiya məhkəməsi cavabdehin ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün ödənilmiş yaşa görə əmək pensiyası arasındakı fərq məbləğinin qanunvericilikdə nəzərdə tutulmamasına dair dəlillərini əsassız hesab edərək iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2, 32.1-1-ci maddələrinin tələblərinə əsasən pensiyalar arasındakı fərq məbləğini tələb etməkdə haqlı olduğunu hesab etmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2651/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar