Məhkəmə qərarları › İş №2-1(105)-873/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-873/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-873/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X4, X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-4550/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı1 Rüsrtəmoviçə məxsus İ-AM seriyalı, 040157 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 aprel 2006-cı il tarixdə Ukrayna Respublikasının Vinnitsa vilayətinin Vinnitsa şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı Qərarında qeyd edilmişdir ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş MYİ seriyalı, ******* nömrəli vəsiqədən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə Ukrayna Respublikasında anadan olmuş, atası X9, anası isə Rzayeva Nətavandır. Valideynləri ilə birlikdə Quba şəhəri, Fətəlixan küçəsi, 150 saylı evdə yaşayır. İddiaçı Ukrayna Respublikasında yaşamış, lakin hazırda Azərbaycan Respublikasında qeydiyyata düşərək valideynləri ilə yaşayır və Azərbaycan Respublikası vətəndaşlığını qəbul edib bu ölkədə yaşamaq istəyir. Bununla əlaqədar cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş, lakin cavabdeh onu Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımaqdan imtina etmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı Xidmətə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Ukrayna vətəndaşlığını əldə etmiş və həmin ölkəyə məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər Ukrayna vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-4550/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim X5). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Ukrayna Respublikası ərazisində doğulmuş və hazırda Ukrayna Respublikasının vətəndaşıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olduğu müəyyən edilməmişdir. Odur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yoxdur, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda və dəlillərlə əsaslandırmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə məhkəmə qərarının çıxarılmasını xahiş etdi. İzahatında əlavə olaraq izah etdi ki, o, epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün mütamadi müalicələr alır, bahalı dərman preparatlarından istifadə edir, hansı ki, həmin dərmanlar Azərbaycan Respublikası vətəndaşlarına dövlət hesabına verilir. O, həqiqətən də hazırda Ukrayna Respublikasının vətəndaşıdır, vətəndaşlıqdan çıxması ilə əlaqədar səfirlik vasitəsi ilə müraciət etmişdir, lakin hələ cavab almamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. ... Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; ... Maddə 18. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. ... 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarət olmaqla, tələbinin hüquqi əsası kimi valideynlərindən birinin – anasının Azərbaycan Respublikası vətəndaşı olması göstərilmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanınmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi valideyninin (anasının) Azərbaycan Respublikasında doğulması və bu ölkənin vətəndaşı olması halına istinad etmişdir. İddiaçı xx.xx.2006-ci il tarixdə Ukraynada anadan olmuş və həmin ölkənin vətəndaşıdır. İş materiallarında olan iddiaçının doğun haqqında şəhadətnaməsindən görünür ki, o, doğulan anda valideynlərindən biri – atası Ukrayna Respublikası vətəndaşı, digəri isə - anası Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirillməsi üçün əsas hesab edilir. Hazırki iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı 03 aprel 2006-cı il tarixdə Ukrayna Respublikasında doğulmuş və həmin ölkənin vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Ukrayna Respublikasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Eyni zamanda kollegiya onu vurğulayır ki, iddiaçının Ukrayna Respublikasında doğulması faktı onun məhz Ukrayna Respublikasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı həmin ölkənin vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etdiyindən və hazırda da vətəndaşlığı qüvvədə olduğundan hazırki iddia təlıəbində haqlı sayıla bilməz. xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olduğu müəyyən edilməmişdir. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə cavabdeh inzibati orqanın imtinası qanuni, iddiaçının tələbi isə əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-4550/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar