Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-876/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X8 ibarət tərkibdə, X23 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X5 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “bölgü eskizinə, plan və ölçü sənədində düzəlişlərin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(118)-343/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən Nümayəndə və X15 ayrılmış 0,08 ha torpaq sahəsinə dair həmin şəxslərin adına DTXK Abşeron rayon şöbəsi tərəfindən 13 yanvar 2006-cı il tarixli, JN- 1157A, KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Daha sonra Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində paylı mülkiyyətçilər Nümayəndə və onun oğlu X14 mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə reyestrdə qeydə alınaraq, adlarına **********96 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra Nümayəndə və X18 paylı mülkiyyətlərində olan həmin 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini 29 iyun 2018-ci il tarixdə alqı-satqı qaydasında X2, həmin tarixdə tərəflər arasında torpaq sahəsinin bölgüsü haqqında saziş imzalanmış, eləcə də, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair 19 iyul 2018-ci il tarixdə bölgü eskizi tərtib edilmişdir. Bölgü eskizinə əsasən, torpaq sahəsinin 0,04 ha hissəsi X9, 0,036 ha hissəsi Nümayəndə və X15 ayrılmış, yerdə qalan 0,004 ha hissəsi ümumi yol kimi göstərilmişdir. Həmin 0,04 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X7 xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydə alınmışdır. Nümayəndə və X18 paylı mülkiyyətlərində olan həmin 0,036 ha torpaq sahəsini 06 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” nə əsasən İddiaçı bağışlamışlar, sözügedən 0,036 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydə alınmış, eləcə də, həmin torpaq sahəsinə dair onun adına A seriyalı, 354055 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X12 isə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,04 ha torpaq sahəsini 20 sentyabr 2022-ci il tarixdə alqı-satqı qaydasında X3, həmin torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ reyestrdə xx.xx.2020-ci il tarixdə qeydə alınmış və həmin torpaq sahəsinə dair onun adına A seriyalı, 818593 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Paylı mülkiyyətçilərdən Nümayəndə vaxtilə onların paylı mülkiyyətlərində olmuş və sonradan qızına bağışladığı 0,036 ha torpaq sahəsinin ölçüsü ilə razılaşmayaraq, torpaq sahəsinin yerinin və döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan 13 yanvar 2023-cü il tarixli, 3-21-3-02/2-V-0196/038/2022 məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, JN-1157A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də göstərilən və xx.xx.2014-cü il tarixində reyestrdə Nümayəndə və X16 adına qeydə alınmış 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında digər şəxsin adına, 0,036 ha hissəsi isə İradə və Samir Vəlizadələrin adına qeydiyyata alınmışdır. Sonradan 0,036 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin bölgüsü haqqında Saziş"də istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən, yol (keçid) üçün saxlanılmışdır. Bölgü eskizi əlavə olunmuş Saziş müqaviləsi tərəfinizdən təsdiq edilmişdir. Bundan əlavə bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yol (keçid) üçün ayrılmış 0,004 ha torpaq sahəsi naturada İradə və Samir Vəlizadələrə tanıdılmışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı kəndi Ş.Qurbanov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1157A nömrəli şəhadətnaməsinə əsasən Nümayəndə və onun oğlu Samir Vəlizadənin mülkiyyətinə verilmişdir. Sonuncu öz payına düşən 0.04 ha torpaq sahəsini 2018-ci ildə Sevinc Turovskayaya satmışdır. Torpaq sahəsi satılarkən cavabdeh qeydiyyat orqanı tərəfindən bölgü eskizi tərtib edilmişdir. Bölgü eskizi onlar tərəfindən razılaşdırılmamış, imzalanmamış və bölgüdən sonra cavabdeh tərəfindən onlara təqdim edilməmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək torpaq sahəsinin sərhədlərinin naturada onlaraq təqdim edilməsini xahiş etmiş, cavabdeh tərəfindən naturada təqdim edilərkən müəyyən edilmişdir ki, Samir Vəlizadə ilə Sevinc Turovskaya razılaşdırılmış hissədə koordinatlar qeydə alınmamışdır. Bu zəmində qonşular arasında narazılıqlar başlamışdır. Torpaq sahəsi faktiki olaraq 0.10 ha-dan ibarət olsa da, sənəd üzrə iddiaçıya 0.036 ha, S.Turovskayaya isə 0.04 ha, faktiki isə 0.06 torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, bu onların mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı cavabdeh orqana müraciət edərək müvafiq düzəlişlərin edilməsini xahiş etsə də, müraciəti təmin olunmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Nümayəndə Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinə dair 19 iyul 2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizi və onun əsasında verilmiş plan ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi ilə bağlı cavabdeh orqana 27 yanvar 2023-cü il tarixdə müraciət olmuşdur. Aparılan araşdırma zamanı həmin torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyələnləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmadığı aşkar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-2033/2023 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, daha sonra məhkəmə tərəfindən iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, o, Nümayəndə və X22 tərəfindən Sevinc Turovskayaya satılmış 0.04 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. O, həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən Nümayəndə və onun həyat yoldaşı Vəlizadə azad Vəli oğlu hər dəfə həmin torpaq sahəsinin və gediş-gəliş yolunun onlara məxsus olmasını iddia edərək münaqişəli vəziyyət yaratmış, onun torpaq sahəsinə yeganə girişçıxış yolunu məhdudlaşdırmışdılar. Daha sonra o, məcburiyyət qarşısında qalaraq ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, həmçinin, mülkiyyətindən sərbəst istifadəni məhdudlaşdırmağa yönəlmiş hərəkətlərə son qoyulması barədə iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daha öncə bölgü eskizi əsasında Nümayəndə və Vəlizadə Samirə məxsus olmuş torpaq sahəsi sənəd üzrə 0,036 ha olduğu halda, faktiki vəziyyətdə 0,0407 ha təşkil edir və həmin əlavə torpaq sahəsi ona satılmış torpaq sahəsinə aiddir. Bundan sonra ona məxsus olan və Vəlizadə ailəsi tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair əlavə iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus torpaq sahəsinə gedən yola girişin bağlanması Nümayəndə və X19 qadağan edilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi əslində ona satılmış torpaq sahəsinin bir hissəsidir, iddiaçı həmin torpaq sahəsi üzərində hər hansı hüquqa malik deyildir. Nümayəndə torpaq sahəsinə dair bölgü eskizinin onlar tərəfindən razılaşdırılmadığına dair qeyd etdiklərini əsassız hesab edərək bildirir ki, 29 iyun 2018-ci il tarixdə onların iştirakı ilə notarial qaydada torpaq sahəsinin bölgüsü haqqında saziş bağlanmışdır. Məhkəmə icraatları zamanı alınmış ekspert rəylərindən göründüyü kimi iddiaçıların qeyd etdiklərinin əksinə onların faktiki istifadələrində olan torpaq shaəsinin bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir. Həmçinin, yolun bir hissəsi də onun mülkiyyətindədir, qalan hissəsi isə heç kimin mülkiyyətində deyildir. Qeyd olunan faktı iddiaçı tərəf Abşeron Rayon Məhkəməsində icraat zamanı etirazlarında bəyan etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(118)-343/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi xx.xx.2018-ci il tarixli bölgü eskizinin və onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişin edilməsi barədədir. Məhkəmə bölgü eskizinin tərəflər (Nümayəndə və S.Vəlizadə və S.Turovskaya) arasında tərtib edilmiş saziş müqaviləsinin şərtlərinə görə tərtib edildiyi və sazişin onlar tərəfindən imzalandığını nəzərə alaraq, hesab edir ki,həmin bölgü eskizinin dəyişdirilməsi tələbi mülki qaydada baxılacaq mübahisələrə aiddir. Ekspert rəyinə görə bölgü eskizinin göstəricilərindən kənara çıxmalar müəyyən edilsə də, bu hallar iddiaçının vəziyyətini pisləşdirmir və hər hansı şəkildə hüquqlarını pozmur. İddiaçı və üçüncü şəxs arasında yaranmış yaranmış mübahisə mülki qaydada torpaq sahəsinin qanunsuz istifadədən geri alınması və ya servitut müqaviləsinin bağlanılması yolu ilə həll edilə bilər. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Üçüncü şəxs apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı idida ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, təkcə 0,08 ha torpaq sahəsindən ümumi yola istifadə üçün ayrılmış 40 kv.m. torpaq sahəsini mübahisələndirmir. Belə ki, onlara aqrar islahat zamanı 0,10 ha torpaq sahəsi ayrılmalı olduğu halda, 0,08 ha torpaq sahəsi ayrılmışdır. Buna dair arxiv çıxarışlarını da məhkəməyə təqdim etmişdir. Həmin çıxarışlara əsasən 0,20 ha torpaq sahəsi qardaşı ilə onun arasında bölüşdürülmüşdür. İslahat zamanı ona 0,08 ha torpaq sahəsinin ayrıldığını bilmirdi. Sənəddə ayrılmış torpaq sahəsinin ölçüsünün 0,08 ha olduğunu görmüş, lakin, torpaq sahəsi ilə bağlı üç çıxarış olduğundan bunu başa düşməmişdir. Bundan başqa, bölgü eskizində ümumi yola düşdüyü göstərilən 40 kv.m. torpaq sahəsi də iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsidir. Mülkiyyətlərində olmuş 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini X1 zaman sonuncu həmin 40 kv.m. torpaq sahəsinin onlara məxsus olduğunu bildiyindən torpaq sahəsinə 6 il ərzində öz adına çıxarış almamışdır. Lakin, torpaq sahəsi hazırkı iş üzrə üçüncü şəxsə satıldıqdan, yəni hüquq sahibi dəyişdikdən sonra həmin sahədə yerləşən quyudan istifadə etmələrinə icazə verilməmişdir. İddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia tələbinə və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya qeyd edilən mövqe ilə razılaşmır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. İşin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi əvvəldən hazırkı iş üzrə iddiaçının anası Nümayəndə və qardaşı X14 paylı mülkiyyətlərində olmuş, daha sonra onlar həmin torpaq sahəsinin 0,04 ha hissəsini X4, eyni zamanda, tərəflər arasında torpaq sahəsinin bölgü eskizi əsasında saziş imzalanmış və bölgü eskizinə əsasən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi S.M.Turovskaya, 0,036 ha hissəsi isə iddiaçı tərəfə ayrılmış, yerdə qalan 0,004 ha torpaq sahəsi ümumi yol kimi göstərilmişdir. Daha sonra S.M.Turovskaya ayrılmış 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmış və sonuncu mülkiyyətində olan həmin torpaq sahəsini hazırkı iş üzrə üçüncü şəxsə satmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bölgü eskizində ümumi yola düşdüyü göstərilən 40 kv.m. torpaq sahəsinin iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsi olduğunu, əslində həmin sahənin də onların mülkiyyət sənədlərində göstərilməli olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı məhz həmin bölgü sxeminə əsasən reyestr orqanı tərəfindən qeydiyyatın düzgün aparılmadığını mübahisələndirir. Bu isə publik hüquqla tənzimlənən sahədir. Ona görə də, idda tələbinə mahiyyəti üzrə baxılaraq cavabdehin hərəkətlərinin qanuniliyinə müvafiq hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi qərardadında əlavə olaraq qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxs arasında yaranmış mübahisə mülki qaydada torpaq sahəsinin qanunsuz istifadədən geri alınması və ya servitut müqaviləsinin bağlanılması yolu ilə həll edilə bilər. Mülki Məcəllənin 255.1-ci və 261.1-ci maddələrində təsbit edilmiş servitutla bağlı normaların tələbinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir, bu zaman digər daşınmaz əşyanın mülkiyyətçisinə ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və bunun müqabilində daşınmaz əşyanın mülkiyyətçisi sahədən istifadə edən şəxslərdən haqq tələb edə bilər. Hazırkı işdən isə görünür ki, ümumi istifadədə olan yol kimi göstərilən daşınmaz əmlak -0,004 ha torpaq sahəsi reyestr məlumatlarına əsasən, nə iddiaçı, nə də üçüncü şəxsin mülkiyyətində deyildir. Ona görə də, bu münasibətlərə servitutla bağlı normalar tətbiq edilə bilməz. İşdən görünür ki, iddiaçının hüquqi marağı vaxtilə onların mülkiyyətində olmuş 0,08 ha torpaq sahəsinə daxil olan və bölgü eskizində ümumi yol kimi göstərilmiş 0,004 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və bununla bağlı torpaq sahəsinin planı və ölçüsü sənədində döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilərək düzəliş edilməsi barədədir. Birinci instansiya məhkəməsi isə iddiaçıya bu istiqamətdə tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmədən iddianı mümkün saymamışdır. Halbuki, ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4-cü bənd). Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsinin dəlillərində və məhkəmə iclasında izahatında onlara aqrar islahat zamanı 0,10 ha torpaq sahəsi ayrılmalı olduğu halda, səhvən 0,08 ha torpaq sahəsi ayrıldığını bildirsə də, iddia ərizəsində bununla bağlı hər hansı tələb irəli sürülməmiş, xx.xx.1999-cu il tarixli aqrar islahatın qərarı hazırkı vaxtadək mübahisələndirilməmiş, eyni zamanda, cavabdeh inzibati orqana bu məzmunda müraciət edilməmişdir. Ona görə də, işə təkrar baxılarkən qeyd edilən xüsusat birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməli, dəqiqləşmiş tələb üzrə iddia mümkünlük şərtlərinə cavab verdiyi təqdirdə, mahiyyəti üzrə baxılaraq müvafiq hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(118)-343/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “bölgü eskizinə, plan və ölçü sənədində düzəlişlərin edilməsi” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-876/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-876/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver