Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-877/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)- 1439/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
2. İddiaçı məxsus xx.xx.1974-cü il tarixdə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilədək, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.
4. Azərbaycan SSR tərəfindən verilmiş ИВ № 046359, 23 sentyabr 1983-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1977-ci ildə S.M.Kriov adına X11 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı coğrafiya fakültəsi üzrə 1983-cü ildə bitirmişdir.
5. Məhkəməyə sorğu əsasında Milli Gəlirlər İdarəsinin X9 Qeydiyyatı İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatından keçmişdir və məhkəməyə "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri göndərilmişdir.
6. Məhkəməyə sorğu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində 8 nömrəli Təmir Tikinti Sahəsinin xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, tikinti Sahəsi xx.xx.2002-ci il tarixdə ********* saylı eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır, hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır, vergi məlumat bazasına əsasən 8 nömrəli Təmir Tikinti Sahəsi “Azərmənzilsənaye” Tikinti-Təmir Birliyinin tabeçiliyində fəaliyyət göstərmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 19 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o Dövlət Sosial Müdafiə Fondunun X3 müraciət edərək 29 oktyabr 2021-ci il tarixdən ona əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində imtina olunmuş və həmin imtinada qeyd olunur ki, “xx.xx.2022-ci il tarixli ərizənizə Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialında baxılmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşma çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən sizin sığorta stajınız 18 il, 05 ay, 12 gün təşkil edir. Bu hal Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından sizə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məlumat üçün bildririk ki, sizin xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyiniz dövrün yerində qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajınızın yoxlanılması mümkün olmamış və bu səbəbdən də həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır.” Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktik halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədləri və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, fiziki və hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun X3 müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdmədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı hazırki qanunvericiliyin tələbləri ödənildiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. İş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçaları, hərbi bilet və diplomun surətinə əsasən iddiaçının mübahisəsiz sığorta stajı 18 il 05 ay 12 gündür. İddiaçının əmək kitabçasında xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə “8 №-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin “8 №-li Təmir tikinti” sahəsinin və "xxxx" müəssisəsinin hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (08 il 03 ay 15 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq, tərəflərindən mübahisləndirilmiş, ümumi əmək stajına qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. “X8 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisələr ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********704900 nömrəli məktubda “8 №-li Təmir tikinti” sahəsinin (VÖEN **********) xx.xx.2002-ci il tarixdə 8/5-39 nömrə ilə və "xxxx" müəssisəsinin xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatından keçdiyi qeyd olunmuşdur. Belə olan halda: “8 №-li Təmir tikinti” sahəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçdiyini nəzərə alaraq, xx.xx.1995-xx.xx.1999-cu illər (04 il 05 gün) sosial sığorta stajına daxil edilə bilməz. "xxxx" müəssisəsinin dövlət qeydiyyatı mövcud olmasına baxmayaraq hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından xx.xx.2000-xx.xx.2004-cü illər (04 il 03 ay 10 gün) sığorta stajına daxil edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli **********00 nömrəli, İddiaçı işə daxilolma, işdən azad edilmə əmrləri, əmək haqqı cədvəlləri, məzuniyətdə olduğu dövrlər barədə məlumatların təqdim edilməsinə dair sorğular göndərilməsinə baxmayaraq, cavablar gəlməmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığrota hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından tələbi təmin edilə bilməz.
11. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-971/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov).
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(105)-529/2022 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-971/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamışdır.
Birinci instansiya məhkəməsində ikinci icraat
14. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)-1439/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim L.Mirzəyeva).
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında öz əksini tapdığı xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə işlədiyi “8 №-li Təmir tikinti” sahəsi, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə işlədiyi "xxxx" müəssisəsi həqiqətən möcvud olmuşdur və fəaliyyət göstərmişdir. Eyni zamanda iddiaçının qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır. Eyni zamanda adı çəkilən məktubdan görünür ki, cavabdeh orqan eyni müəssisədə işləmiş digər vətəndaşın işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etmişdir. Eyni müəssisədə işləmiş şəxslərdən birinin işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi, digərinin işlədiyi dövrlərin daxil edilməməsi isə bərabərlik hüququnun pozulmasıdır.
16. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
22. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
23. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, hazırki mübahisənin predmeti “iddiaçıya 29 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir.
31. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının stajını hesablayan zaman iddiaçının xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə “8 №-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməmişdir. Cavabdeh orqan tərəfindən həmin dövrlərin iddiaçının onun sosial sığorta stajına daxil edilməməsinin səbəbi kimi həmin müəssisələrin hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanmasının mümkün olmaması göstərilmişdir.
32. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir.
33. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1995xx.xx.1999-cu il tarixlərdə “8 №-li Təmir tikinti” sahəsində, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi dövrlərin araşdırılması və 8 nömrəli təmir tikinti sahəsinə və "xxxx" müəssisəsinə dair təsis sənədlərinin təqdim edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmışdır.
34. Milli Gəlirlər İdarəsinin X8 Qeydiyyatı İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş sorğuya cavab məktubuna əsasən "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə 8315 nömrə ilə dövlət qeydiyyatından keçmişdir və məhkəməyə "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri göndərilmişdir. Həmin təsis sənədlərindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir, lakin 2004-cü il tarixindən yeni VÖEN alınması üçün orqana müraciət etməmişdir.
35. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş sorğuya cavab məktubunda dövlət reyestrində 8 nömrəli Təmir Tikinti Sahəsinin xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olduğu, tikinti Sahəsinin xx.xx.2002-ci il tarixdə ********* saylı eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alındığı, hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmadığı, vergi məlumat bazasında əsasən 8 nömrəli Təmir Tikinti Sahəsi “Azərmənzilsənaye” Tikinti-Təmir Birliyinin tabeçiliyində fəaliyyət göstərdiyi qeyd edilmişdir.
36. Göründüyü kimi, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsndən imtinasının əsası kimi göstərdiyi dəlillər araşdırılmış və əldə edilmiş sorğulara cavab məktublarından görünür ki, cavabdehin imtinası formal dəlillərə əsaslanmışdır. Belə ki, iddiaçının əmək kitabçasında öz əksini tapan xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə işlədiyi “8 №-li Təmir tikinti” sahəsi, xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə işlədiyi "xxxx" müəssisəsi həqiqətən mövvud olmuş və fəaliyyət göstərmişdir. Eyni zamanda iddiaçının qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
38. Digər tərəfdən, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
39. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli “sorğunun cavablandırılması haqqında xidməti məktubu”nun surətindən görünür ki, X1 pensiya təyinatı aparılan zaman onun 8 Nömrəli Xətai Təmir Tikinti sahəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilmişdir.
40. Yəni digər vətəndaşla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə pensiya təyin edilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
41. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
42. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
43. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
44. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.
45. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
47. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)-1439/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.