Məhkəmə qərarları › İş №2-1(105)-877/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-877/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-877/2025 19.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1430/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə 32 ünvanında yerləşən fərdi tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına dövlət reyestrində qeydiyyata alınması və hər iki əmlaka vahid əmlak olaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “23484 reyestr nömrəli, inventar işi № 2036 olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən iddiaçıya məxsus fərdi ev Abşeron rayon İcra Hakimiyyətinin “Abşeron rayonu ərazisində tikilmiş və fiziki şəxslərin mülkiyyətində olan binaların inventarlaşdırılması, qeydiyyata alınması və əmlak vergisinə cəlb edilməsi” haqqında 041 №-li, 24 fevral 2001-ci il tarixli sərəncamı əsasında dövlət reyestrində qeydiyyata alınıb və bu barədə dövlət reyestrindən qeydiyyat vəsiqəsi, eləcə də evin sxemi və yerləşdiyi torpaq sahəsinin ümumi ərazisi təsvir olunan texniki pasport verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin müraciət ərizəsinə əlavə edilmədiyi; müraciətə əlavə olunmuş sənədlərdə fərdi yaşayış evi bir mərtəbəli kimi göstərilsə də, faktiki vəziyyətdə 2 mərtəbəli və mansard olduğu; fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; sözügedən fərdi yaşayış evinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Reyestr nömrəsi 23484, inventar nömrəsi 2036 olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon İHB-nin 24 fevral 2001-ci il tarixli 041 saylı sərəncamına əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 25-ci məhəllə, 32 saylı yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, fərdi yaşayış evinin bir hissəsi 6 kvt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Fərdi yaşayış evi mansardlı, iki mərtəbəlidir. Daxili ölçülər texniki pasport ilə uyğun deyil. Daxili divarlarda rekonstruksiya işləri görülmüşdür, birinci mərtəbədə əlavə sahələr inşa edilmişdir, bir, iki və mansard mərtəbələri qeyri-yaşayış kimi fəaliyyət göstərir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 041 saylı Sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərlə müəyyən edilən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri daxilində yerləşmir. xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsinin koordinatları qeyd olunmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin İddiaçı faktiki istifadəsində olan tikilinin koordinatları sxemdə göstərilmişdir. İddiaçı faktiki istifadəsində olan tikilinin 0.003 ha hissəsi **********95 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan tikilinin cənubqərb istiqamətindən 6.1 metr məsafədən yüksək gərginlikli 6 kV-luq elektrik xətti keçir. Cavabdehin 3 mart 2025-ci il tarixli, 3-21-3-32/23423/2025 saylı məktubunda qeyd edilmişdir ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən İddiaçı adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 23484 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 23484 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında 23484 reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyata alındığı qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Nümayəndə müraciəti olmuşdur. Hər iki müraciətin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1430/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, reyestr nömrəsi 23484, inventar işi № 2036 olan qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Sözügedən fərdi yaşayış evinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1430/2025 saylı qərarının torpaq sahəsinə dair hissədə qanuna zidd qaydada çıxarıldığını bildirilir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə münasibət bildirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2001-ci il tarixli, 041 nömrəli sərəncamın 2-ci bəndindən görünür ki, Abşeron rayonu ərazisində tikilmiş, sanitar texniki normalara zidd olmayan, yeraltı kommunikasiya xətləri üzərində yerləşməyən, yaşayış tələblərinə cavab verən binalara Texniki Pasport və Qeydiyyat Vəsiqəsi verilməsinin təmin edilməsi, eləcə də onların əmlak vergisinə cəlb edilməsi məqsədilə aidiyyatı təşkilatlara rəsmi məlumat verilməsi Abşeron rayonlararası X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 03 mart 2025-ci il tarixli, 3-21-3-32/23423/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən İddiaçı adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 23484 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 23484 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında 23484 reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyata alındığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu mövcuddur və qeyd edilən texniki pasportda torpaq sahəsi barədə qeyd aparılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hüquq müəyyənedici sənəd qismində müvafiq texniki pasporta istinad etmişdir. İş materiallarından da göründüyü kimi reyestr nömrəsi 23484, inventar nömrəsi 2036 olan texniki pasportda tarix qeyd olunmamışdır. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda müvafiq texniki pasportun Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2001-ci il tarixli, 041 nömrəli sərəncamı veriləndən sonra tərtib olunduğunu bildirmişdir. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, 23484 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında 23484 reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyata alındığı qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqi zamanı yalnışlığa yol vermişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, texniki pasportların mülkiyyət hüququ yaradan hüquq müəyyənedici sənəd qismində nəzərə alınması üçün iki əsas şərt qeyd olunmuşdur: 1) 2001-ci il yanvarın 1-dək tərtib olunmalıdır, 2) müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərilməlidir. Qeyd edildiyi kimi iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport məhkəməyə təqdim etməmişdir Beləliklə də, iddiaçıya məxsus texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində qeyd olunan tələblərə uyğun olmadığından mülkiyyət hüququ yaradan sənəd qismində nəzərə alına bilməz. Birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmamış, bu səbəbdən də yalnış hüquqi nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının torpaqayırma ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri olmadığı halda, hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün reyestr nömrəsi 23484, inventar nömrəsi 2036 olan texniki pasportu əsas hesab etmişdir. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlərdə fərdi yaşayış evi bir mərtəbəli kimi göstərilsə də, faktiki vəziyyətdə 2 mərtəbəli və mansard olduğu; fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; sözügedən fərdi yaşayış evinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının iddia etdiyi torpaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsaslarını müəyyən edən müvafiq qanunvericilik norması olmadığına, eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda müəyyən edilmiş əsasların təsiri dairəsinə düşmədiyinə görə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər əsasları araşdırmağa zərurət görməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının mülkiyyət hüququ ilə iddia etdiyi torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd edilən əsasların və ya digər qanunvericilik normalarında müəyyən edilmiş əsaslar mövcud olmamışdır. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar mövcud deyil. Bu səbəbdən də kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1430/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar