Məhkəmə qərarları › İş №2-1(105)-878/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-878/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-878/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə təqaüdün (pensiyanın) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər (yəni 43 ay 16 gün) təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)-1185/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək, xx.xx.2010-cu ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur.

3. İddiaçı məxsus HЗ ******* saylı hərbi biletin surətinə əsasən, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur.

4. Azərbaycan Respublikası Dövlət Arxivinin 23 avqust 2022-ci il tarixli arxiv çıxarışının surətinə əsasən, İddiaçı Aöalı oğlu xx.xx.1995-ci il tarixdən “Azərkimyatəmir” Trestinin “Əlvanmetalqaynaq” Xüsusi Quraşdırma İdarəsi üzrə 3 №-li sahə rəisi vəzifəsinə təyin edilmişdir və xx.xx.1998-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur.

5. "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 07 fevral 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1991-ci ilədək zərərli peşə şəraitində çalışmışdır.

6. Məlumat vərəqəsinə əsasən, xx.xx.1962-ci il təvəllüdlü iddiaçıya xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir.

7. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 07 iyul 2019-cu ildən güzəştli şərtərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya güzəştli şərtlərlə təqaüdün (pensiyanın) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər (yəni 43 ay 16 gün) təyin edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamışdır. xx.xx.1979-xx.xx.1980-ci ildə 41 saylı orta Texniki Peşə məktəbində təhsil almışdır. Təyinatla 2 saylı Sumqayıt Texniki Quraşdırma İdarəsinə işə göndərilmişdir. Orada 3-cü dərəcə ilə təmirçi çilingər peşəsinə işə qəbul edilmişdir. 1980-ci il oktyabr -1982-ci il dekabr aylarında Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra yenidən əvvəlki iş yerinə qayıtmış, həmin iş yerində xx.xx.1991-ci ilə qədər işləmiş, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində fəaliyyət göstərən M.Əzizbəyov adına "Kimya Sənayesi” İB-nin "Kimyasənayetəmirtikinti Quraşdırma" Trestində 6-cı dərəcə ilə çilingər-santexnik işinə qəbul edilmiş, həmin Trestdə xx.xx.1998-ci ilədək işləmişdir. xx.xx.1998-xx.xx.2006-cı illərdə 7 saylı İxtisaslaşdırılmış “Əlvanmetalqaynaq" sahəsində işləmişdir. xx.xx.2006xx.xx.2007-ci illərdə “Raksan" firmasında, xx.xx.2007-ci ildən hal-hazıradək Sumqayıt Qaz İstismar İdarəsində usta vəzifəsində işləmişdir. Ümumi iş stajı 43 ildən artıqdır. İşlədiyi iş dövrünün xx.xx.2006-cı ilə qədər olan hissəsinin 26 ili zərərli iş stajına aiddir. O, güzəştli şərtlərlə pensiya təyini üçün cavabdehə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 29 sentyabr 2022-ci il tarixli, **********4 saylı məktubla müraciətindən imtina edilmişdir. İmtinaya səbəb kimi təqdim etdiyi sənəddə zərərli əmək şəraitində işlədiyi dövrün AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun (aid) olduğunun göstərilmədiyi qeyd edilmişdir. O cavabdehin pensiya təyinindən imtinasını əsassız hesab edir.

11. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək artıq ona cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliklə bağlı pensiya təyin edildiyini, bu səbəbdən cavabdeh tərəfindən ona ödənilməli olan xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövlərə dair güzəştli şərtlərlə pensiyanın təyin edilərək ödənilməsinə dair dəqiqləşmiş iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

12. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub ilə iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa gorə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusı sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim olunmalıdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

13. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)-1185/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2023cü il tarixinə qədər güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixində ikinci dərəcə əlillik təyin edilmiş, ona xx.xx.2019-cu ilədək pensiya ödənişi edilmiş, daha sonra əlilliyi ləğv edilmişdir. İddiaçıya 17 iyun 2023-cü il tarixdən yenidən ikinci qrup əlilliyə görə pensiya ödənilir. Belə olan halda iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il (ona əlillik təyin edilənə qədər) tarixinədək olan dövr üzrə ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdeh tərəfindən ödənilməlidir.

15. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə “SMQ-2" MMC-də “3-cü dərəcəli quraşdırıcı çilingər” vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci İİ tarixdə hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə “3-cü dərəcəli quraşdırıcı çilingər” vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci İİ tarixdə “4-cü dərəcəli quraşdırıcı çilingər”, xx.xx.1986-cı il tarixdə "5-ci dərəcəli quraşdırıcı çilingər” vəzifəsinə, xx.xx.1988-ci il tarixdə isə ikinci peşə kimi “2-ci dərəcəli qaz ilə kəsici peşəsinə keçmişdir. Daha sonra isə xx.xx.1989-cu il tarixdə “6-cı dərəcəli quraşdırıcı çilingər” vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-cİ il tarixdə işdən azad edilmişdir. Həmin arayışda İddiaçı işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıya əsasən “Ümumi peşələr” sahəsində (35) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri bölməsinə uyğun olaraq rezervuarların və metal konstruksiyalarının hazırlanması və quraşdırması işlərində qaz ilə kəsici və quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1185/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı İlə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının üçüncü bölməsində Metallurgiya istehsalatı (qara metallar) sahəsində təmirçi çilingər 20401 OOa—18559 kodu ilə, sahə rəisi isə 20401 OOb—24097 kodu ilə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr kimi qeyd edilmişdir. Məhkəmə işin halları ilə bağlı düzgün hüquqi nəticə əldə etməmişdir. Çünki iddiaçı işlədiyi “quraşdırıcı çilingər” vəzifəsi məhkəmə tərəfindən “təmirçi çilingər” vəzifəsi ilə eyniləşdirilmişdir. Lakin hər iki siyahıya da nəzər yetirilsə aydın şəkildə görünür ki, “təmirçi çilingər” vəzifəsi müxtəlif istehsalat sahələrində və müxtəlif kateqoriyalar üzrə təsnifləşdirilmiş şəkildə siyahıda nəzərdə tutulmuşdur. (2- ci, 3-cü, 4 cü, 7-ci, 10-cu müxtəlif istehsalat sahələr və bölmələrdə və s bir çox sahələr üzrə təmirçi çilingərlər). “Çilingər” vəzifəsinin isə ümumiyyətlə təsnifatı çoxluq təşkil etdiyi üçün siyahıda müxtəlif kateqoriyalar üzrə qruplaşdırılmışdır. (keçiddə elektrik çilingəri, 2-ci bölmədə təmirçi çilingərlər, etil mayesi olan çənlərin təmiri ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər, çənlərin təmiri, doldurulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər, kessonçular — çilingərlər, buxarsoyutma sistemlərinin çilingərləri, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, keçirici çilingərlər, isti iş sahələrində, həmçinin üyüdücü, doğrayıcı və presləmə-qəlibləmə avadanlığının təmiri ilə məşğul olan təmirçi çilingərlər və.s) İddiaçı aid xx.xx.2023-cü il tarixli № 3 nömrəli arayışda onun çalışdığı “quraşdırıcı çilingər" və "qaz ilə kəsici” vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıya əsasən “Ümumi peşələr” sahəsində (35) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri bölməsinə aid olduğu qeyd olunsa da, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1185/2023 nömrəli qərarında onun çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-İİ Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının üçüncü bölməsinin “metallurgiya istehsalatı (qara metallar)” sahəsinə aid olduğu qeyd edilmişdir. “Quraşdırıcı çilingər” vəzifəsi hər iki siyahıda da nəzərdə tutulmamışdır. Eyni zamanda bu vəzifədə onun işlədiyi sahə “metallurgiya istehsalatı (qara metallar)” sahəsinə aid deyildir. Həmin siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri sahəsinə aid olmuşdur. Belə ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Bir daha bildiririk ki, “quraşdırıcı çilingər” vəzifəsi nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, nə də 23 yanvar 2007-ci il tarixli qərarları ilə təsdiq olunmuş siyahılarında nəzərdə tutulmuşdur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən göndərilən staj cədvəlinə əsasən İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 24 il 11 ay 26 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983- xx.xx.1991 -ci il, xx.xx.1991-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2006-cı tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixdən sonra isə 16 il 2 ay sığorta stajı, güzəştli iş stajı isə 1 il 3 ay (xx.xx.1988-ci tarixdən xx.xx.1989-cu il tarixədək) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2023-cü il tarixə qeydə alınmış pensiya kapitalı cəmi 58287,44 manat təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclaslarında cavabdehinin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

28. xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

29. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

30. 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

32. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

33. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

34. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ümumi stajla bağlı cavabdeh orqanın mübahisəsi yoxdur. Belə ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasnın surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da davam etdirir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması iş materialları ilə təsdiq olunur.

35. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.

37. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı ilə bağlı kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilmiş əmək kitabçasından, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 saylı və xx.xx.2019-cu il tarixli "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 07 fevral 2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ilən xx.xx.1984-cü ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Həmin arayışlardan və əmək kitabçasından görünür ki, iddiaçı həmin dövrdə “Azərtikinti” Trestində Metallurgiya sahəsində “çilingər” və “sahə rəisi” kimi çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarında üçüncü bölmədə-Metallurgiya istehsalatında-(qara metallar) təmirçi çilingər 2040100a—18559 kodu ilə, sahə rəisi isə 2040100b—24097 kodu ilə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr kimi qeyd edilmişdir.

38. Cavabdeh orqanın iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olması ilə bağlı arayışın olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olması ilə bağlı müvafiq müəssiəsənin bağlanması səbəbindən arayışın verilməməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.

39. İddiaçının işlədiyi təmirçi çilingər və quraşdırıcı çilingər vəzifələrinin güzəştli peşə olması ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-2338/2022 nömrəli analoji iş üzrə iddiaçı 2 nömrəli siyahı üzrə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Kassasiya instansiya məhkəməsi iddiaçının Yermak İxtisaslaşdırılmış Tikintimontaj idarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsinin Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “İİİ. Metallurgiya istehsalatı” bölməsinin “1. Domna istehsalatı” sahəsinin “2040100a—14587” kodu ilə qeyd edilən “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” və “2040100a—18559” kodu ilə qeyd edilən “təmirçi çilingərlər” peşələrinə uyğun olması qənaətinə gəlmişdir.

41. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının işlədiyi “təmirçi çilingər” və “sahə rəisi” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında (KOD 2040100a—18559 VƏ 2040100b—24097 ) öz əksini tapmışdır.

42. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixində ikinci dərəcə əlillik təyin edilmiş, ona xx.xx.2019-cu ilədək pensiya ödənişi edilmiş, daha sonra əlilliyi ləğv edilmişdir. İddiaçıya 17 iyun 2023-cü il tarixdən yenidən ikinci qrup əlilliyə görə pensiya ödənilir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il (ona əlillik təyin edilənə qədər) tarixinədək olan dövr üzrə ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir.

43. Kollegiya qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatlar həmin illərdə işlədiyini təsdiq edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)-1185/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar