Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-879/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(118)-278/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2019-cu il tarixli, **********844900 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı xidmətinə xitam verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 08 iyul 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, onun əvvəlki xidmət yerinə bərpa edilməsi, 08 iyul 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günədək olan müddət üçün əmək haqqının hesablanması və ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)-278/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(105)-127/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)-278/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2-1(102)-945/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2- 1(105)-127/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)- 278/2020 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin məhkəmənin icraatında olmuş 2-1(118)-278/2020 nömrəli iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əldə edilən məlumatlara əsasən "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı 28 iyun 2019-cu il tarixli, **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə və 01 iyul 2019-cu il tarixli, **********442100 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən yoxlama müddəti ərzində "xxxx" MMC barəsində 2016 və 2017-ci illər üzrə müvafiq olaraq 88551.15 manat və 211784.88 manat mənfəət vergisi, cəmi 300336.03 manat və 50%-i miqdarında - 150168.02 manat maliyyə sanksiyası, 42806,67 manat ödəmə mənbəyində tutulan vergi, həmin məbləğin 50%-i miqdarında – 21403.34 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa iddiaçı tərəfindən 563754.80 manat ƏDV-nin azaldılması və 31877.81 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Bununla bağlı azaldılmış məbləğin 50%-i miqdarında – 281877.40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-24/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən - 63,0 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31.50 manat və 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 31877.81 manat ƏDV-nın artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli 2-1(102)-1245/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yeni açılmış hallara səbəb olmuş Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarından görünür ki, "xxxx" MMC-nin vergidən yayınmasından söhbət belə getmir. Əksinə 31877,81 manat vergi artıq hesablanıb ödənilmişdir. Göründüyü kimi hazırkı iş üzrə yeni açılmış hal mövcuddur. Həmçinin, onunla eyni nöqsana görə işlərindən azad edilmiş şəxslər işlərinə bərpa olunmuş və hazırda da xidmətlərinə davam edirlər. Belə ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli qərarına əsasən "xxxx" MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması departamentin əməkdaşları X2 və X6 həvalə edilmişdir. İddianın təmin edilməməsi haqqında məhkəmə qərarlarında qeyd edilir ki, X2 və X7, ümumiyyətlə, yoxlama qərarı üzrə heç bir yoxlama aparmadıqları və iddiaçı əməkdaşlara zəif nəzarət etdiyi üçün həm onun, həm də Emil İsayevin və Ağadadaş Ələkbərovun işinə xitam verilmişdir. Hesab edir ki, eyni əsasla (hətta yoxlama üzrə əsas vəzifə funksiyasını yerinə yetirməli olan şəxslər yoxlayıcılardır) işlərinə xitam verilmiş adıçəkilən şəxslərin işlərinə bərpa edilməsi, lakin ona münasibətdə cavabdehin hərəkətsizliyi ona qarşı qərəzin bariz nümanəsidir. Cavabdeh ərizəyə yazılı etiraz edərək qeyd etmişdir ki, Vergilər Nazirliyinin xx.xx.2019-cu tarixli, **********844900 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinin xitamına əsas olan hallar aşağıdakılar olmuşdur: xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermək; tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmək; riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürmək; həmin vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyətində olmaq. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəmə müstəvisində mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiası təmin edilməmişdir. Ədalət mühakiməsi zamanı hər üç instansiya məhkəməsində müəyyən edilmişdir ki, iddiaçı şöbə rəhbəri vəzifəsini icra edərkən tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş və şöbənin icraatında olan "xxxx" MMC-də aparılan səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, yəni süründürməçiliyə şərait yaratmışdır və vergi orqanının müvafiq qərarları xx.xx.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir. Həmin sənədlərə xx.xx.2018-ci il tarixdə iddiaçının istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur. Bu səbəbdəndir ki, nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur. Həmçinin, iddiaçının "xxxx" MMC-nin təsisçisi Ədalət Abbasovun arvadı ilə paylı mülkiyyətə sahib olması faktına da məhkəmə tərəfindən qiymət verilmişdir. İddiaçının 28 iyun 2019-cu il tarixli, **********185923 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qismən ləğv edilməsi dəlilinə münasibətdə bildirir ki, bu hal yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmrin əsasını onun xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməsi, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi, riskli vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla, ona yoxlama ilə bağlı məlumatları ötürməsi olmuşdur. Hansı ki, sözügedən səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı olan "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın qismən ləğv edilməsi sadalanan halları aradan qaldırmır. Əksinə, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verilməsi, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi, müvafiq məlumatların ötürülməsi səyyar vergi yoxlaması barədə məsuliyyət qərarının məhkəmə müstəvisində ləğv edilməsinə gətirib çıxarmışdır. Həmin qərarın qismən ləğv edilməsi işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hal hesab edilmir. Çünki, həmin qərarın qismən ləğvi iddiaçının məhkəmələr tərəfindən müəyyən edilmiş qanunsuz hərəkətlərini aradan qaldırmır, əksinə təsdiqləyir. İddiaçının onunla birlikdə məsuliyyətə cəlb edilən digər əməkdaşlar - X2 və X4 işə bərpa edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, adıçəkilən şəxslərin işə bərpa edilməsi də yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, onların işə bərpa edilməsi halı iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsaslarını aradan qaldırmır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olan hallar bilavasitə özü tərəfindən törədilən intizam pozuntuları olmuşdur. Həmin əməllərdə digər əməkdaşların təqsiri müəyyən edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(118)-278/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim: L.Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin barəsində aparılmış vergi əməliyyatlarının qanuniliyinin araşdırılması ilə bağlı məhkəmə qərarları açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, hal-hazırda iddiaçı tərəfindən lazımi qədər araşdırılmadığı iddia edilən məhkəmə qərarlarında onun vəzifəli şəxs kimi səlahiyətlərinin həyata keçirilməsi zamanı qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edildiyindən onun xidmətdən xaric edilməsi ilə bağlı əmrin ləğvi tələbinə dair iddiası rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin vergi orqanının qərarlarının ləğvi tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı iddiaçının mübahisələndirdiyi xidmətdən xaric edilməsi ilə bağlı əmrin ləğvi tələbi üzrə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi – 09 iyul 2021-ci il tarixdən 8 ay sonra qəbul edilmişdir. Yəni, həmin məhkəmə qərarı iddiaçının əmrin ləğvi tələbinə dair iddiasına müvafiq məhkəmə icraatlarında hüquqi qiymət verilən zaman ona və məhkəməyə məlum olmamışdır. Belə ki, həmin işə baxılan dövrdə "xxxx" MMC-nin vergidən yayınmaması faktı öz təsdiqini tapsaydı, iddiaçı barəsində fərqli qərar qəbul ediləcəkdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək ərizəyə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Həmçinin, bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün qeyd olunan maddədə təsbit olunmuş müvafiq dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar – Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı ilə "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qismən ləğv edilməsi və bu qərarın iddiaçı barəsində qəbul edilmiş xidmətdən xaric əmrinin qanuniliyinin müəyyən edildiyi məhkəmə icraatlarından sonra qəbul edilməsi, dolayısı ilə həmin sübutun məhkəmə icaatı zamanı iddiaçıya məlum olmaması kimi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2-1(118)-278/2020 nömrəli qərarı ilə iddiaçı tərəfindən Vergilər Nazirliyində xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən "xxxx" MMC barəsində aparılan səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verildiyi, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarətin zəif təşkil edildiyi, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürülməsi faktlarının həqiqiliyi müəyyən edilərək qeyd edilən əsaslarla onun xidmətinə xitam verilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 08 iyul 2019-cu il tarixli əmrinin qanuniliyi təsdiq edilməklə, onun əmrin ləğvi tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra "xxxx" MMC sözügedən səyyar vergi yoxlaması nəticəsində DVX-nin 2 saylı Ərazi Vergilər Departamentinin 28 iyun 2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və 01 iyul 2019-cu il tarixli **********442100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-24/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(105)-16/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək cavabdehin xx.xx.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 63,0 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31.50 manat və 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 31877.81 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(102)-1245/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarlarında qeyd edilmişdir ki, vergi orqanının "xxxx" MMC barəsində həyata keçirilən səyyar vergi yoxlaması zamanı vergiləri Vergi Məcəlləsinin 67.1-67.4-cü maddələrinin tələblərinə müvafiq olaraq rəsmi əlaqəli məlumatlara və ya analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən deyil, vergi ödəyicisinin obyektindən götürüldüyü iddia olunan elektron daşıyıcıda olan məlumatlara əsasən hesablamışdır. Halbuki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi "xxxx" MMC barəsində vergi orqanı tərəfindən qəbul edilmiş məsuliyyət qərarı vergi ödəyicisindən götürülmüş “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə vergilərin hesablanmasının yolverilməz olması əsası ilə qismən ləğv edilmiş, həmin məhkəmə icraatları zamanı İddiaçı yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılması, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi, habelə "xxxx" MMC-yə yoxlama ilə bağlı məlumatların ötürülməsinə dair hərəkətləri təkzib edilməmişdir. Bu baxımdan, iddiaçının istinad etdiyi məhkəmə qərarları qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Göründüyü kimi iddiaçı icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2-1(118)-278/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-879/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-879/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver