Məhkəmə qərarları › İş №2-1(105)-879/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-879/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-879/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, onun üzərinə qanunamüvafiq hərəkətlər və qərarlar qəbul etmək vəzifəsinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə iddiaçının dövlət hesabına vəkillə təmin edilmə ərizəsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-4235/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilərək, onun üzərinə qanunamüvafiq hərəkətlər və qərarlar qəbul etmək vəzifəsinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsində təmsil olunmaq üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşlı olduğundan məhkəmədə öz hüquqlarını müdafiə etmək iqtidarında deyildir. Həmçinin, birinci qrup Çernobıl AES və hərbi xidmət əlili olmaqla, aztəminatlı ailə başçısıdır və vəkil xidmətlərindən yararlanmağa maddi imkanı yoxdur. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.4.1-ci maddəsinə əsasən dövlət hesabına vəkillə təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-4235/2024 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllədən fərqli olaraq, İnzibati Prosessual Məcəllədə məhkəmənin üzərinə tərəflərə hüquqi yardım göstərilməsi vəzifəsi qoyulmuşdur ki, bu da bir növ vəkilin göstərdiyi hüquqi yardıma bərabər tutulmalıdır. Əks təqdirdə, qeyd olunan Məcəllənin 13-cü maddəsi əhəmiyyətini itirmiş olur. Göründüyü kimi İPM-də 13-cü maddə olduğundan həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən MPM-nin müddəalarının tətbiq edilməsi həmin maddənin tələblərinə ziddir. İddiaçının ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.4.1-ci maddəsinin tələbləri mülki işlər üzrə məhkəmələrdə mübahisəsi olan müvafiq şəxslərə şamil olunur. Hazırkı mübahisə inzibati olduğundan, İPM-də orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əliliyi müəyyən edilmiş şəxslərin birinci instansiya məhkəmələrində vəkillə təmin olunmasına dair hər hansı bir müddəanın olması nəzərdə tutulmadığından onun ərizəsinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qanunvericiliyin tələbinə əsasən dövlət büdcəsi hesabına vəkillə təmin olunmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin onun ərizəsinin təmin edilməməsi barədə qərardadı qanunsuzdur. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilərək iddiaçının vəkillə təmin edilməsi Şimal Vəkil Bürosuna həvalə edilməlidir Belə ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.4.1-ci maddəsinin tələblərinin inzibati məhkəmə icraatına deyil, mülki məhkəmə mübahisələrində iştirak edən şəxslərə şamil olunduğu halına əsasən ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İPM-nin 1.2-ci maddəsi inzibati prosessual qanunvericilikdə başqa qayda müəyyən edilmədiyi və nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericilik normalarının müddəalarının tətbiq olunmasını yolverilən hesab edir. Həmin norma göndəriş xarakterli norma olmaqla, hansı halda mülki prosessual qnaunvericilik normasının tətbiq edilməsinin mümkünlüyünü müəyyən etmiş və həmin halı yalnız iki əsasla (İPM-lə başqa qayda müəyyən edilmədiyi və müəyyən edilmiş prinsiplərə zidd olmadığı) şərtləndirmişdir. Hazırkı iş üzrə isə iddiaçıya münasibətdə həmin ərizənin əsaslılığının yoxlanılması ilə bağlı mülki prosessual qanunvericilik normasının tətbiqinə mane olan həmin əsaslardan hər hansı birinin olması aşkar edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələ (şəxslərin birinci instansiya məhkəməsində maraqlarının təmsil olunması üçün dövlət hesabına vəkillə təmin olunması qaydası) ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş birbaşa norma olmadığından, hazırkı mübahisəyə mülki prosessual qanunvericilik norması tətbiq edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin: - 67-1.2-ci maddəsinə görə birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Məcəllənin 67-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. - 67-1.4 və 67-1.4.1-ci maddəsinə görə bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Nəzərə almaq lazımdır ki, qeyd olunan prosessual qanunvericilik normalarının əsas mahiyyəti və məqsədi maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin, kifayət qədər vəsaiti olmayan şəxslərin hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin təmin edilməsi və maddi vəziyyəti xarakterizə edən amillərin qeyd edilən hüquqi müdafiənin həyata keçirilməsinə mane olan hal kimi çıxış etməsinin qarşısının alınmasına, bərabər imkanlar və bərabər şəraitin yaradılmasına yönəlmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmamış, qeyd edilən prosessual hüquq normasının mahiyyəti və məqsədinə diqqət yetirilməmiş, ərizənin əsaslılığı həmin normanın tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə prosessual hüquq normasının tələbinə zidd olmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin iddiaçıya dair “gəlir məlumatları” bölməsindən müəyyən edilir ki, o, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Çernobıl AES-də hərbi xidmətlə əlaqədar) birinci qrup əlildir və əmək müqaviləsi üzrə heç bir yerdə işləmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının müddətsiz birinci qrup əlil olduğunu, heç bir yerdə işləmədiyini və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, iddiaçının məhkəmə müdafiəsi hüququnu təmin etmək üçün ona dövlət hesabına vəkil təyin edilməli və qərardadın icrası Şimal Vəkil Bürosuna həvalə olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-4235/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. İddiaçı vəkillə təmin edilməsi Şimal Vəkil Bürosuna həvalə edilsin. Görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar