Məhkəmə qərarları › İş №2-1(105)-88/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-88/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-88/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 17.06.1980-ci il tarixdən 01.12.1994-cü il tarixədək fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-324/2019 saylı, 01 fevral 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin 14 noyabr 2018-ci il tarixli, 35/311 saylı məktubu ilə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə istinadla iddiaçı tərəfindən iş stajını təsdiq edən əmək kitabçasının təqdim edilməməsi ilə əsaslandırılmış və 1980, 1981, 1983-1994-cü illərdəki dövrün əmək kitabçasında qeyd edilməməsinə görə həmin dövrün sosial sığorta stajı olaraq nəzərə alınmasının mümkün olmadığı bildirilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, 17 iyun 1980-ci il tarixdən 01 dekabr 1994-cü il tarixə kimi fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 iyun 1980-ci il tarixdən 01 dekabr 1994-cü il tarixədək Quba sovxoz texnikumunda fəhlə işləmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında iddiaçının 17 iyun 1980-ci il tarixdən 01 dekabr 1994-cü il tarixədək Quba sovxoz texnikumunda fəhlə işləməsinin onun əmək kitabçasında qeyd olunmadığına əsaslanmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2-1(085)- 324/2019 saylı qərarı ilə (hakim - İ.R.Quliyev) iddia qismən təmin edilərək, iddiaçının 1980-1981 və 1983- 1994-cü illərdə Quba sovxoz-texnikumunda işlədiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 1445 və 1446 saylı, 14 avqust 2012-ci il tarixli arxiv arayışlarında qeyd olunan dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 329/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - N.M.Nəsibov, hakimlər-H.Ç.Babayeva və Z.İ.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-324/2019 saylı, 01 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2914/2019 saylı qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli 2-1(105)-329/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 02 mart 2019-cu il tarixli 2- 1(105)-110/2020 saylı qərardadı ilə (hakimlər G.Taığızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) cavabdehin verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bu iş üzrə 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayonu Şöbəsinə qarşı onun 17 iyun 1980-cı il tarixdən 01 dekabr 1994-cü il tarixə kimi fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1226/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X4) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-110/2020 saylı 02 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək mövcud olan sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçı 1980-1981 və 1983-1994-cü illərdə Quba sovxoz texnikumunda işlədiyi müddət onun əmək kitabçasında qeyd edilmədiyindən həmin müddət onun sosial sığorta stajına daxil edilməməlidir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 iyun 1980-ci ildən 01 dekabr 1994-cü ilədək fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması və əlilliyə görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməklə apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçıya hüquqi yardım edilərək, iddia tələblərini dəqiqləşdirmək təklif edilmiş və iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 iyun 1980-ci ildən 01 dekabr 1994-cü ilədək fəhlə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması və əlilliyə görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, ikinci qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də, əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İş materiallarından göründüyü kimi, iddiaçıya 19.10.2018-ci il tarixdə ikinci dərəcəli əlillik verilmişdir. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün 13 il 4 ay sığorta stajının və 13952,40 manat pensiya kapitalının olmasını zəruri saymışdır. Deməli iddianın təmin olunması üçün iddiaçının 13 il 4 aydan az olmayan sosial sığorta stajı olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir İddiaçı sosial sığorta stajının olmasına dair məhkəməyə 17.06.1980-ci ildə Quba sovxoz-texnikumuna işə qəbul olunması, 04.11.1980-ci il tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilməsi, 12.12.1992-ci ildə və 06.01.1993-cü il tarixdə Quba sovxoz-texnikumun direktorunun əmrinə əsasən məzuniyyətlərə buraxılması barədə arxiv arayışını, həmçinin Quba sovxoz-texnikumunda işləyib 1984-1987, 1990,1991-ci illərdə bütün aylar üzrə, 1983-cü ildə 7 ay, 1988-ci ildə 10 ay, 1989-cu ildə 9 ay, 1992-ci ildə 11 ay, 1993-cü ildə 11 ay, 1994-cü ildə 9 ay əmək haqqı aldığına dair əmək haqqı cədvəllərindən çıxarışı təqdim etmişdir. Bu sənədlərdən görünür ki, iddiaçı 1983-1994-cü illərdə (11 il) sovxozda fasiləsiz işləmişdir. Bu dövrün əhatə etdiyi bəzi illərdə iddiaçının 1-3 ay əmək haqqı almaması, həmin illərin iş stajına daxil edilməməsinə əsas vermir. Həmçinin iddiaçının fasiləsiz işlədiyi bu dövrdən əvvəl, yəni 17.06.1980-ci ildən 04.11.1981-ci ilədək (1 il 4 ay 17 gün) həmin sovxozda işləməsi təsdiq olunur. Məhkəmə kollegiyasının araşdırması zamanı iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus həbi biletin surətindən müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətdə olmamışdır. İddiaçının 1982-ci ildə Quba sovxoz texnikumunda işləməsi arxiv arayışlarında öz təsdiqini tapmadığından, məhkəmə kollegiyası hesab edir ki, həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən isə görünür ki, iddiaçı 01.07.1997-ci ildən 01.10.2018-ci ilədək (21 il 3 ay) Quba rayon İqriq kənd orta məktəbində kiçik texniki işçi işləmişdir. Göstərilən müddət də nəzərə alındıqda, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan sığorta stajı tələbi ödənilmiş olur. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13952,40 manat təşkil etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 01.10.2019-cu il tarixədək Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.07.1997-ci ildən 01.10.2018-ci ilədək (21 il 3 ay) Quba rayon İqriq kənd orta məktəbində işlədiyi müddət də iddiaçının sosial sığorta stajına daxil edildikdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-324/2019 saylı, 01 fevral 2019-cu il tarixli qərarı dəyişdirilməli, İddiaçı 1980-1981 və 1983-1994-cü illərdə Quba sovxoz-texnikumunda işlədiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 1445 və 1446 saylı, 14 avqust 2012-ci il tarixli arxiv arayışlarında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması və əlilliyə görə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-324/2019 saylı, 01 fevral 2019-cu il tarixli qərarı dəyişdirilsin. İddiaçı 1980-1981 və 1983-1994-cü illərdə Quba sovxoz-texnikumunda işlədiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 1445 və 1446 saylı, 14 avqust 2012-ci il tarixli arxiv arayışlarında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması və əlilliyə görə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar