Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-880/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən onun xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyətə düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1064/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında 220 KV-luq yüksək gərginlikli elektrik xətləri üçün basdırılmış metal dayaqlarının, çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin, digər elektrik dirəklərinin və elektrik xətlərinin sökülərək torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki yararlı hala salınması vəzifəsinin cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətini, Abşeron Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyətə düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə tam payla ona məxsus olan, Abşeron rayonunun Pirəkeşkül kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 6,10 ha torpaq sahəsində (Çıxarış Seriya RX N: 0961040, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında Azərelektrik tikinti quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 220 k.v-luq yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqlar basdırılmış, elektrik xətləri çəkilmişdir. Bundan əvvəl də Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən torpaq sahəsində elektrik dirəkləri basdırılmış, elektrik xətləri çəkilmişdir. Mülkiyyətçi kimi torpaq sahəsində görülən işlər barədə ona əvvəlcədən bildirilməmiş, razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmamış və müvafiq kompensasiya ödənişləri edilməmişdir. 12 iyun 2023-cü il tarixdə nümayəndəsi və vəkili vasitəsilə cavabdeh ”Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərə son qoyulmasını, torpaqda aparılan tikinti-quraşdırma işlərini dayandırılmasını, torpağın dövlət ehtiyacları üçün alınmasının sənədləşdirilməsi işlərinin aparılmasını, satınalınmaya görə ona bazar qiymətinə uyğun kompensasiyanın və satınalınma qiymətinə 20 faiz miqdarında əlavə haqqın ödənilməsinə yönələn tədbirlər görülməsini xahiş etmişdir. Ancaq aidiyyəti vəzifəli şəxsləri ilə bir-neçə dəfə telefonla danışaraq müraciətinə cavab verilməsini xahiş etsə də nəticəsi olmamış, qanunla müəyyən edilmiş bır ay müddətində ona cavab verilməsi təmin edilməmişdir. Eyni məzmunlu xahişlə nəzarət edən orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə, torpaq sahəsi ərazisində yerləşən orqan kimi cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə və tikinti-quraşdırma işləri ilə məşğul olan "xxxx" MMC-yə də müraciət etmişdir. Onlardan yalnız Abşeron rayon icra Hakimiyyəti müraciətinə cavab vermişdir. İH-nin 13 iyul 2023-cü il tarixli 5-29/1-1628/2023 saylı cavab məktubunda (cavab məktubu 17 iyul 2023-cü il tarixdə poçta verilmiş, 18 iyul 2023-cü il tarixdə 2 saylı Vəkil Bürosuna təqdim edilmişdir) cavabdeh “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında ona məxsus olan torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün metal dayaqların basdırılması faktının müəyyən olunduğu bildirilir. Həmçinin, cavab məktubunda həmin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün “Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icazə alınmadığı göstərilmişdir. Məktubla məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ancaq cavabdeh Abşeron İcra Hakimiyyəti qanunla üzərinə düşən vəzifələri icra etməmiş, qanunsuz tikinti-quraşdırma işlərini dayandırmamış, mübahisənin qanunla müəyyən edilmiş qaydada həll edilməsi məqsədilə tədbirlər görməmişdir. Ona görə də, Abşeron rayon icra Hakimiyyətinin də birgə cavabdeh kimi inzibati iş üzrə icraata cəlb etmək zəruriyyəti yaranmışdır. İddia ərizəsinə əlavə edilən fotoşəkildən göründüyü kimi torpaq sahəsində elektrik dirəklərinin quraşdırılması ilə yanaşı elektrik xətləri də çəkilmişdir. Fotoşəkildə torpaq sahəsində digər elektrik dirəklərinin və elektrik xətlərinin olduğu da görünür. Həmin dirəklərin və xətlərin çəkilməsinə də razılığı olmamış, bu barədə ona bildirilməmiş, ona kompenssasiya ödənilməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında ona məxsus olan torpaq sahəsində yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi üçün dirəklərin basdırılması, elektrik xətlərinin çəkilməsi nəticəsində təxminən 2,3 ha torpaq sahəsindən istifadə edilməsində ciddi məhdudiyyətlər yaranmış, kənd təsərrüfatı işlərinin görüləcəyi zaman onun və həmin torpaqda işləyən digər şəxslərin, müxtəlif kənd təsərrüfatı heyvanlarının həyatı, kənd təsərrüfatı texnikası üçün reali təhlükə yaranmışdır. Metal dirəklərin altındakı torpaq sahəsi isə, ümumiyyətlə istifadədən çıxarılmışdır. Nəticədə ona həmin ərazidə kənd təsərrüfatı təyinatlı torpaqların təşəkkül tapmış bazar qiymətləri ilə hesablanmaqla ona 200 min manatdan artıq maddi zərər vurulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1064/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin predmeti iddiaçının mülkiyyətində olan torpaq sahəsində elektrik dirəklərinin yerləşdirilməsi ilə bağlı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən ibarətdir. İddia tələbinin inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düşdüyü zərər görə kompensasiyanın ödənilməsindən ibarət olmasına baxmayaraq, mövcud məhkəmə təcrübəsinə görə torpağa dair mülkiyyət hüququna müdaxilə ilə bağlı olan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavbdehdən onun xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyət düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün hesab edilməməlidir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddianın mümkün sayılaraq baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardadda məhkəmə iddianın mümkün sayılmaması əsasları kimi İPM-inə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun bəzi qərarlarına (cəmi iki qərara) yersiz müraciət etsə də, iddianın mümkün sayılmamasının əsas səbəbi kimi formalaşmış məhkəmə təcrübəsinə, başqa sözlə məhkəmə presedentinə istinad etmiş, ancaq qanunvericiliyə uyğun olmasa da nümunə kimi eyni kateqoriya işlər üzrə qüvvədə olan konkret məhkəmə qərarlarını göstərməmişdir. Aşağıdakı əsaslara görə məhkəmənin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Hazırda bu kateqoriya işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyalarının formalaşmış məhkəmə təcrübəsinə dair birgə qərarı yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən qanunla başqa məhkəmə aidiyatı müəyyən edilməmişsə inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixdə hazırlıq iclası keçirilmiş, iddia mümkün hesab edilərək məhkəmə baxışı təyin edilmişdir. Yuxarıda qeyd etdiyi kimi iş üzrə altı dəfə məhkəmənin baxış iclasları keçirilmişdir. İddianın mümkün sayılmaması barədə qərardad məhkəməyə qeyriprosessual qaydada daxil olmuş (hakimin bildirdiyinə görə Ali Məhkəmədən) anonim göstərişə əsasən qanunsuz qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia tələbi Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 2.2870 ha torpaq sahəsinin bazar qiyməti olaraq 130 min 244 manat (hər sotuna 569,5 manat olmaqla), digər istifadəyə yararsız vəziyyətə düşmüş 0,41 ha torpaq sahəsinin bazar qiyməti olaraq 23 min 349 manat, torpağın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalınma qiymətinə əlavə haqq kimi 30 min 718 manat olmaqla, cəmi 184 min 311 manat, qiymətləndirmə şirkətinə ödədiyi 1100 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 352 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 95 manat pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin predmeti iddiaçının mülkiyyətində olan torpaq sahəsində elektrik dirəklərinin yerləşdirilməsi ilə bağlı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsindən ibarətdir. İddia tələbinin inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düşdüyü zərər görə kompensasiyanın ödənilməsindən ibarət olmasına baxmayaraq, mövcud məhkəmə təcrübəsinə görə torpağa dair mülkiyyət hüququna müdaxilə ilə bağlı olan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndinə görə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın məzmunundan göründüyü kimi təbii inhisar subyektlərinin yalnız publik hüquq sahəsindəki fəaliyyətlərindən irəli gələn mübahisələrin inzibati icraat qaydasında baxılması mümkündür. Eyni zamanda “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 7.1-ci bəndində qeyd olunur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”ndan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “elektrik enerjisinin ötürülməsi xidməti” fəaliyyət növü üzrə təbii inhisar subyektidir. Lakin hazırkı mübahisə cavabdehin təbii inhisar subyekti kimi ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi nəticəsində yaranmamışdır. Belə ki, iddiaçının hazırkı tələbi ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. İddiaçı ərizəsində qeyd edir ki, “qərardadda məhkəmə iddianın mümkün sayılmaması əsasları kimi İPM-inə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun bəzi qərarlarına (cəmi iki qərara) yersiz müraciət etsə də, iddianın mümkün sayılmamasının əsas səbəbi kimi formalaşmış məhkəmə təcrübəsinə, başqa sözlə məhkəmə presedentinə istinad etmiş, ancaq qanunvericiliyə uyğun olmasa da nümunə kimi eyni kateqoriya işlər üzrə qüvvədə olan konkret məhkəmə qərarlarını göstərməmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqlarının qorunması baxımından kimdən və hansı məhkəmə icraatı qaydasında hüquqlar tələb etməsinin müəyyən edilməsində problem yaşaması başadüşüləndir. Müxtəlif vaxtlarda müxtəlif məhkəmə təcrübəsinin olması vətəndaşların hüquqlarının qorunmasının prosessual əlçatanlığı baxımından əlverişsiz şərait yaratması məhkəmə təcrübəsində rast gəlinən haldır. Bu kateqoriya işlərdə işin halına görə fərqli məhkəmə təcrübəsinin olması həqiqətən də hüququn əlçatanlığı baxımından müəyyən problemlər yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatından fərqli olaraq inzibati məhkəmə icraatı qaydasında müxtəlif tərəflərə eyni anda müxtəlif tələblər irəli sürülməsi inzibati məhkəmə icraatının prinsiplərinə ziddir və eyni zamanda bu hallar indiyə qədər formalaşmış məhkəmə təcrübəsində də öz təsdiqini tapmışdır. Nəzərə alanda ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanlara və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxslərə qarşı onların inzibati fəaliyyəti ilə bağlı yaranmış mübahisələrə baxıla bilər, hazırkı işdə iddiaçının torpaq sahəsi ilə bağlı izibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən edilmir. Eyni zamanda cavabdeh inzibati orqan olmadığına görə iddiaçı hüquqlarını mülki məhkəmə icraatı qaydasında qoruya bilər. Torpaqların dövlət ehtiyacları üçün geri alınması halında inzibati orqan olmasa da müvafiq olaraq səlahiyyət verilmiş şəxslərə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır və bu kateqoriya işlərin məhkəmə təcrübəsi də mövcuddur. Lakin hazırkı işdə belə bir halın olduğu müəyyən edilmir və eyni zamanda cavabdeh inzibati orqan deyildir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1064/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-880/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-880/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver