Məhkəmə qərarları › İş №2-1(105)-881/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-881/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-881/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3195/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim etdiyiniz digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyanızın yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 aprel 2022-ci il tarixdə prokurorluq orqanlarından azad olunduqdan sonra pensiyasının yenidən hesablanması barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, prokurorluq orqanlarında 25 il iş stajı olduğunu nəzərə alaraq ona 2014-cü ildə pensiya təyin olunduğuna görə son 24 ayda aldığı əmək haqqı barədə təqdim etdiyi arayışa əsasən pensiya yenidən hesablanmışdır. Pensiya yenidən hesablanarkən 2021-ci ilin may ayında ona ödənilmiş istifadə etmədiyi məzuniyyətə görə 5173.87 manat kompensasiya məbləği nəzərə alınmamışdır. İstifadə etmədiyi məzuniyyətə görə ona ödənilmiş 5173.87 manat kompensasiya məbləğinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və indiyədək yaranmış fərqin ödənilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, müraciətində həmçinin qeyd etmiş ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli qərarla iddiaçı X1 istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyini Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoymuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial xx.xx.2024-cü il tarixli məktubda “Əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır.” Cavabını yazmaqla onun xahişini qəbul etməyərək imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 -ci maddəsinə əsasən gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan normalarında nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, iddiaçının pensiyası hesablanan zamanı orta aylıq əmək haqqı əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Odur ki, iddiaçının ərizəsində qeyd etdiyi pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3195/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək haqqının orta aylıq məbləğindən hesablanır. Həmin Qanunun 20.8.2-ci maddəsinə görə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Nəzərə alınmalıdır ki, qeyd olunan Qanuna 20.8.1-ci maddə 20 oktyabr 2009-cu ildə yeni redaksiya kimi verilmişdir. Həmin tarixə qədər olan redaksiyada 10 ildən artıq prokurorluq orqanlarında çalışanlara aldıqları əmək haqqında olan sonrakı artımlarda nəzərə alınmaqla verilən 55 faiz pensiya məbləğinin üzərinə hər il üçün 5 faiz, lakin 80 faiz hissəni keçməmək şərti ilə əmək pensiyası verilməsi göstərilmişdir. Məhkəmə tərəfindən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin təzə və köhnə redaksiyasının təhlil edilməsi, prokurorluq əməkdaşının istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın “əmək pensiyasına əlavələr”ə hər hansı bir aidiyyətinin olmamasının diqqətə çatdırmaq məqsədini daşıyır. Başqa sözlə desək ödənilən 50 faiz pensiya məbləğinə qulluq illərinə mütənasib olaraq 30 faiz “əmək pensiyasına əlavə” ödənilir. Yəni prokururluq işçisinə işlədiyi dövrdə əmək haqqından əlavə olaraq verilən ödənclərin (kompensasiynın) Qanunun 20.8-ci maddəsində olan əlavə anlayışına hər hansı bir aidiyyəti yoxdur. Qeyd olunan Qanunun 20.8.1-ci maddəsindən məlum olur ki, prokurorluq əməkdaşına ödənilən əmək pensiyası onun aldığı əmək haqqı və əmək haqqına olan sonrakı artımlar nəzərə alınmaqla formalaşır. Burada o da nəzərə alınmalıdır ki, işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə verilən kompensasiya ona əmək haqqı hesablanarkən nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə bütün halları araşdırmamış, faktlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək haqqının orta aylıq məbləğindən hesablanır. Lakin işi araşdıran məhkəmə Qanunun bu müddəasını özünəməxsus şəkildə izah edərək: “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin təzə və köhnə redaksiyasının təhlil edilməsi, prokurorluq əməkdaşının istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın “əmək pensiyasına əlavələr”ə hər hansı bir aidiyyətinin olmamasının diqqətə çatdırmaq məqsədini daşıyır. Başqa sözlə desək ödənilən 50 faiz pensiya məbləğinə qulluq illərinə mütənasib olaraq 30 faiz “əmək pensiyasına əlavə” ödənilir. Yəni prokururluq işçisinə işlədiyi dövrdə əmək haqqından əlavə olaraq verilən ödənclərin (kompensasiynın) Qanunun 20.8-ci maddəsində olan əlavə anlayışına hər hansı bir aidiyyəti yoxdur.” məzmunlu qanunazidd və əsassız nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə prokurorluq işçisinə son 24 ay ərzində əmək haqqına əlavə olaraq ödənilmiş (2 aylıq əmək haqqı məbləğində məzuniyyətə gedərkən ödənilən, müalicə məqsədilə yenə ildə bir dəfə 2 aylıq əməkhaqqı məbləğində ödənilən, maddi yardım və mükafat şəklində ödənilən və sairə ödənişlər) məbləğlərin də Qanunun 20.8-ci maddəsində olan əlavə anlayışına hər hansı bir aidiyyəti yoxdur. Halbuki, həmin əlavə ödənişlər nəzərə alınmaqla prokurorluq işçisinə pensiya hesablanmışdır. Məhkəmə həmçinin qərar qəbul edərkən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”-na istinad etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin qaydaların 9-cu bəndində qeyd edilmişdir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə almır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində də qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya da məcburi dövlət sosial sığorta haqqı ödənilən gəlir növüdür. Belə ki, istifadə etmədiyi məzuniyyətə görə 2021-ci ilin may ayında ona pul əvəzi kimi ödənilmiş 5173.87 manat vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Prokurorluq orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan, sosial sığorta haqqı tutulmuş-istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya da pensiya hesablanarkən nəzərə alınmalıdır. Məhkəmənin istinad etdiyi və nəticəyə gəlməyə əsas verdiyi normativ hüquqi akt- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000- ci il tarixli 126 nömrəli Qərarıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində normativ hüquqi aktların növləri və hüquqi qüvvəsi təsbit edilmişdir. Qanunun 2.6-cı maddəsində qeyd edilmişdir ki, “Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.” Qanunun 2.7-ci maddəsində isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Onun istinad etdiyi Qanunlarda (“Əmək Pensiyaları haqqında” və “Sosial sığorta haqqında”), həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”-da iddia tələbi-yəni istifadə etmədiyi məzunuyyətə görə kompensasiyanın pensiya hesablanarkən nəzərə alınması hüquqla və məntiqlə təsdiq olunmuşdur. Odur ki, məhkəmə dövlət qulluqçularına (eləcə də dövlət qulluğunun xüsusi növünə) münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması” müddəasının belə halda əhəmiyyətinin itirildiyini və sadalanan qanunların üstünlük təşkil etdiyini təsdiq etməli olduğu və məsələyə məhkəmə yanaşmasından irəli gələn hüquqi izah verməli olduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iradəsini təsdiq edən mülahizəni təsdiq etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin olunmaması, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3195/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; .... Maddə 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı prokurorluq orqanlarında qulluq etməklə, ona 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 15 aprel 2022-ci il tarixdə prokurorluq orqanlarından azad olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı və digər ödənişlər barədə arayış və məktub təqdim edilmiş, həmin arayışın və məktubun məzmununda 2021-ci ilin may ayı üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin 5173,87 manat olduğu, həmin məbləğin əhatə etdiyi dövrün 1993/1994, 2000/2001 olduğu qeyd edilmişdir. Hazırda iddiaçının hüquqi marağı məhz həmin istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsindən ibarət olmuşdur. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq Qanunun normasında əmək pensiyasına əlavələrin prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının məbləğindən, əmək haqqındakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyindən, iddaçının pensiyası hesablanan zaman orta aylıq əmək haqqının əsas götürüldüyünü, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olduğundan, həmin məbləğin nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən pensiya haqqında qanunvericilik normasının dispozitiv şərtlərində prokurorluq işçilərinə əmək pensiyasına qulluq stajına görə əlavələr ödənilir, əmək pensiyasına əlavələr məhz prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği əsasında müəyyən edilməsi qeyd edilmişdir. İndiki halda iddiaçının prokurorluq orqanlarında qulluqdan azad edilməsi tarixi (2022) və kompensasiya məbləğinin ödənilməsi tarixini (2021) nəzərə aldıqda, həmin məbləğin məhz qulluğun son 24 ay ərzində iddiaçıya ödənilməsi halı aşkar görünür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin məbləğin nəzərə alınmaqla, əmək pensiyasının yendiən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instaniya məhkəməsi qeyd edilən məbləğin qanunun normasında qeyd edilən əlavə anlayışına aid olmaması, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə istinad etməklə həmin məbləğin pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamalı olması hallarına istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, müvafiq Qanunun 20.8-ci maddəsinin dispozitiv şərtləri qeyd edilən şəxslərin əmək pensiyasına əlavələrin məhz prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği əsasında müəyyən edilməsini ehtiva edir. Belə olan halda, iş üzrə müəyyən edilməli olan hal qismində məhz istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan kompensasiya məbləğinin məhz həmin normanın dispozitiv şərtində qeyd edilən müddətdə öədnilib-ödənilməməsi ilə bağlı haldır. İndiki halda isə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği məhz qulluğun son 24 ayı ərzində ödənilmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbi qeyd edilən normanın dispoztiv şərtləri ilə uzlaşmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və etirazın əsası kimi istinad etdiyi hallar qanunvericilik normasının tələblərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hərəkətləri qanunauyğun hesab edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3195/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı istifadə olunmamış məzuniyyətə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar