Məhkəmə qərarları › İş №2-1(105)-881/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-881/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-881/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İkinci Qarabağ müharibəsində onun sağlamlığının pozulması ilə əlaqədar ona Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi yəni Epiqriz, Tibbi Şəhadətnamə və travma haqqında Forma-11 arayışının verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “İkinci Qarabağ müharibəsində iddiaçının sağlamlığının pozulması ilə əlaqədar ona Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsini - yəni Epiqriz, Tibbi Şəhadətnamə və travma haqqında Forma-11 arayışının verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixi müddətlərində gedən İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ona görə də müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Notarial qaydad təsdiq olunmuş surətini bu ərizəyə daxil eldiyi hərbi biletində yazılanlardan görünür ki, həqiqətən də xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsində döyüşə göndərilmiş və Ağdam rayonunda yerləşən N saylı həbi hissədə xidmət etməklə torpaqların azad edilməsi uğrunda düşmənə qarşı döyüşmüşdür. Müharibə bitdikdən sonra, xüsusilə də müharibə zamanı səhhəti ciddi pozulduğuna görə ehtiyyata tərxis olunmuşdur. Hərbi biletində yazılanlardan görünür ki, Prezidentin 24 iyun 2021-ci il tarixli 2717 saylı sərəncamı ilə “Ağdamın azad olunmasına görə" və Baş Nazirin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən Müharibəsinin iştirakçısı” medalları ilə təltif olunmuşdur. O döyüşdə olarkən Ağdam istiqamətində ağır döyüşlərdə başından travma almışdır. Bu xəstəliyilə əlaqədar hərbi hospitalda stasionar müayinə və müalicədə olmuşdur. Son vaxtlar səhhəti çox pisləşdiyindən tez-tez tibbi müayinələrdə və stasionar müalicələrdə olur. Düşmən tərəfindən atılan mərmi onun yaxınlığına düşərkən halı çox pisləşdiyindən bir gün şokda olmuşdur. Ayılarkən başının üstündə həkimləri və bir neçə hərbçiləri gördü. O zamandan bəri səhhəti ciddi pozulmuş, eşitmə pisləşmiş, danışıq nitqində ciddi qüsurlar yaranmış və əsəb-sinir sistemim ciddi pozulmuşdur. Buna görə də Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və hərbi xidmət etdiyi hərbi hissəyə ərizələrlə müraciətlər etdi. Əsilini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona göndərilmiş 5/563 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, N saylı hərbi hissə komandirinə göstəriş verilib ki, Vətən Müharibəsində xəsarət almağı ilə əlaqədar travma haqqında Forma-11 arayışını ala bilməyini həll etsinlər. Bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, N saylı hərbi hissədən ona göndərilmiş N saylı, xx.xx.2023-cü il tarixli məktubda yazılıb ki, Vətən Müharibəsində xəsarət almağı və ya zədələnməyi ilə əlaqədar qeydiyyat kitabında qeydiyyatdan keçmədiyi üçün ona travma haqqında arayışı təqdim edə bilmirlər. Əsilini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədən ona göndərilmiş N saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, N saylı və N saylı hərbi hissə komandirlərinə yenidən göstəriş verilib ki, Vətən Müharibəsində xəsarət almağımla əlaqədar travma haqqında arayışı ala bilməyimi həll etsinlər. Azərbaycan Respublikası Müdafiə Nazirlyi N saylı hərbi hissədən ona göndərilmiş N saylı, xx.xx.2023-cü il tarixli sənədə yazılıb ki, N saylı hərbi hissədə Vətən Müharibəsi zamanı yaralanmağı və ya xəsarət almağı barədə tibbi sənədlərdə qeydiyyat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsi tərəfindən anasına göndərilmiş 5/6120 saylı, xx.xx.2022-ci il tarixli məktubda yazılıb ki, Mərkəzi Hərbi Həkim Komissiyasına (MHHK) tərəfindən 1) Müayinə və şəhadəthndirihnək üçün göndəriş, 2) Hərbi xidmət keçməyim haqda arayış, 3) Hərbi xidmət dövründə müayinə və müalicə olunmağıma dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizləri təqdim olunmalıdır. Bunlardan yalnız Hərbi xidmət keçməyi haqqında arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən almışdır. Qalanlarını isə xidmətdə olduğu hərbi hissə rəhbərliyindən və müayinə və müalicədə olduğu hərbi tibb müəssisələrindən alıb onu yerli Tibbi Sosial Ekspert Komissiyasına təqdim etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi ona“travma haqqında arayış” (11 nömrəli qoşma) və hərbi xidməti dövründə müayinə və müalicə olunmağına dair tibb müəssisəsindən verilmiş Çıxarış epikrizləri lazımdır. Tibbi sənədlərdə qeydiyyat məsələlərini həll etmir, müharibə dövründə tibbi sahəsində çalışan hərbi həkimlər bu işə məsul şəxslərdir. O buna etiraz edir. O bu məqsədlə əvvəlcə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdi. Sumqayıt İnzibati Məhkəməsində iclas zamanı bildirdilər ki, bu məqsədlə hərbi xidmət etdiyi N saylı hərbi hissənin ərazi dislokasiyasına uyğun Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlidir. Onlar bu səbəbdən ərizəni və ona əlavə edilmiş sənədlərimi geri qaytardılar. Daha sonra fikirləşdi ki, əvvəlki sənədlərin müddəti bitdiyinə görə yenidən N saylı hərbi hissəyə müraciət edib yeni tarixlə onlardan cavab və ya akt almalıdır. Odur ki, Azərbaycan Respublikası MN N saylı hərbi hissəsinə yenidən müraciət etdi. Əslini bu ərizəyə daxil etdiyi AR MN N saylı hərbi hissədən ona göndərilmiş N saylı, 16 mart 2024-cü il tarixli imtina aktında yazılıb ki, N saylı hərbi hissənin 2020-ci ilin "Zədələnmələrin qeydiyyatı" kitabında qeydiyyatdan keçmədiyi üçün onlar travma haqqında Forma-11 arayışı təqdim edə bilmirlər. Bu aktı 30 mart 2014-cü il tarixdə almışdır. Odur ki, bundan 30 aprel 2024-cü il tarixinədək İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iclası zamanı həmin məktub zərfinin əslini məhkəməyə təqdim edəcək. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı və N saylı hərbi hissələrindən ona göndərilən sənədlərdə onun Vətən Müharibəsində zədələnməyini və sağlamlığının pozulmasını təsdiq edən tibbi sənədlərin (epiqriz və tibbi şəhadətnamə, Forma 11 arayışı) qeydiyyatda olmadığını bildiriblər. Halbuki, bu müharibə zamanı sağlamlığının ciddi pozulmasına dair yazdıqlarının hamısı həqiqətdir. Həm məhkəməyə, həm də cavabdehə bildirir ki, yaxınlığına düşmən tərəfindən atılmış mərmi düşməsi nəticəsində səhhətinin ciddi pozulmasının tibbi sənədlərdə qeydiyyata alınmaması (guya) onun təqsiri deyildir. Odur ki, Müdafiə Nazirliyində müharibə vaxtı sağlamlığının pozulmasına dair tibbi sənədlərinin olması mümkün olan digər arxiv materiallarında müvafiq axtarışlar aparılmaqla lazımi tibbi sənədləri taparaq ona da Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi təmin olunmalı və bu öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Bununla əlaqədar epiqriz və tibbi şəhadətnamə və Forma-11 adlanan travma haqqında arayış verilməlidir. Bu ərizədə qeyd etdiklərindən əlavə əgər zərurət varsa, məhkəmədən iş üzrə lazım bildiyi aidiyyəti orqanlara sorğu göndərilməsini təmin etməsini, o cümlədən məhkəmədən iş üzrə şahidlərin dindirməsini də xahiş edir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2648/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin birinci hissəsinə, yəni “İkinci Qarabağ müharibəsində iddiaçının sağlamlığının pozulması ilə əlaqədar ona Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi”nə münasibətdə qeyd edir ki, qanunvericilik normalarında iddiaçının tələb etdiyi statusla bağlı hər hansı qeyd mövcud deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlüyü yoxlanıldığı hallarda iddiaçının hüququnun pozulubpozulmadığı halların qiymətləndirilməsi zamanı iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmaması da nəzərə alınmalıdır. Bununla yanaşı iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etməmədiyi yoxlanılmalıdır. Belə ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı “Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi” məqsədi ilə ona döyüşlərdə yaralanmasına dair Epiqriz, Tibbi Şəhadətnamə və travma haqqında Forma-11 arayışının verilməsindən ibarətdir. Lakin iddiaçı döyüşlərdə iştirak etdiyi zaman yaralanmasına dair məhkəməyə hər hansı bir sübut və ya sənəd təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərardadın tamamilə ləğv edərək iddia tələbinin mümkün sayılması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Müdafiə X2 Arxivindən məhkəməyə göndərilmiş və iş materiallarına daxil edilmiş 92/120 saylı, 08 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 2017-ci ildə həqiqi hərbi xidməti dövrünə aid – xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək 251 nömrəli Hərbi Hissədə (Ələt Hospitalında) stasionar müayinə və müalicədə olduğu yazılmışdır. Lakin həmin sənədin hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsindən məhkəməyə göndərilmiş və iş materiallarına daxil edilmiş 3-25-4/2-5549/2024 saylı, xx.xx.2024-cü il tarixli “münasibət” adlı cavabından görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməli olduğu yazılmışdır. Halbuki, iddia tələbi çox düzgündür. Belə ki, hazırda əlillik əldə etmək üçün deyil, iddia tələbində qeyd etdiyi kimi hərbi xidmətdə olarkən Epiqriz, Tibbi Şəhadətnamə sənədlərinin və travma haqqında Forma-11 arayışının verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və bu sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən ona verilməlidir. Ona görə də AR Müdafiə Nazirliyinin Hüquq İdarəsi onu çaşdırmağa çalışmasın. AR Müdafiə Nazirliyi arxivi axtarmır və araşdırmır və bu tipli sorğulara və müraciətlərə“ bizdə belə faktlar və sənədlər” yoxdur deyə başdan sovdu cavab verməklə məşğul olur. Son dövrlərdə Azərbaycan Respublikasında əksər Dövlət Orqanları nəinki onun kimi vətəndaşları, hətta məhkəmələri də saymadığına görə onlara göndərilmiş sorğulara başdansovdu cavablar verir. Onlara nə sorğu ünvanlanırsa ünvanlansın – heç nə araşdırılmadan, yoxlanılmadan yazırlar ki, “bizdə belə sənədlər” yoxdur. Ona görə də iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin hazırki qərardadında yazılmış “Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlüyü yoxlanıldığı hallarda iddiaçının hüququnun pozulubpozulmadığı halların qiymətləndirilməsi zamanı iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmaması da nəzərə alınmalıdır. Bununla yanaşı iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etməmədiyi yoxlanılmalıdır” – frazası tam əsassızdır. Cavabdeh heç məhkəməni saymadığı halda, hüququnu müdafiə edəcək vəkili dünəndən saymayacaqdır. Onun bu iddia ərizəsi 20 iyun 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş və 1 ildən çox müddətdə məhkəmənin icraatında qaldıqdan sonra əsassız formada – xx.xx.2025ci il tarixdə iddianın mümkün sayılmaması bəhanəsi ilə iddia tələbinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi İkinci Qarabağ müharibəsində onun sağlamlığının pozulması ilə əlaqədar ona Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi - yəni Epiqriz, Tibbi Şəhadətnamə və travma haqqında Forma-11 arayışının verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana məhz ona travma haqqında arayışın verilməsi ilə bağlı müraciət etmiş, müraciətinə dair cavab məktubunda “N saylı hərbi hissənin 2020-ci ilin zədələnmələrinin qeydiyyatı” kitabında qeydiyyata düşmədiyindən həmin arayışı təqdim edə bilmədikləri qeyd edilmişdir. İş materiallarından görünür ki, müvafiq hərni hissə tərəfindən verilmiş məktubun məzmununda “190 nömrəli hərbi hssədə “Vətən Müharibəsi” zamanı yaralanmağı və ya xəsarət almağı barədə tibbi sənədlərdə qeydiyyat yoxdur” əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müharibə veteran adı və statusunu əldə etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağı dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, indiki halda iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi üçün zəruri olan sənəd kimi “Forma-11” travma haqqında arayışın əldə edilməsindən ibarətdir. “Hərbi-Həkim ekspertizası haqqında” Əsasnamənin 1.13-cü bəndinə əsasən tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları, o cümlədən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı onların rəsmiləşdirildiyi gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən əhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi indiki halda iddiaçının çatmaq istədiyi məqsədi məhz müharibə ilə əlaqədar əlilliyinin müəyyən edilməsi olduğundan, bunun üçün tələb olunan sənədlərdən biri kimi məhz travma haqqında arayış çıxış etdiyindən, cavabdeh inzibati orqana həmin arayışın verilməsi ilə bağlı müraciət edərək, imtina cavabı almışdır. Başqa sözlə desək, iddiaçının hüquqi müdafiəyəyə ehtiyacının olması halı müəyyən edilməklə, məhz çatmaq istədiyi məqsədə hazırki iddianının uğurlu olması ilə nail ola bilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatı zamanı iddiaçının hüquqi marağının müəyyən edilməsi istiqamətində araşdırma aparılmamış, iddiaçının hüquqi marağı müəyyən edilməklə, ona uyğun olaraq İPM-in 13-cü maddəsinin tələbi baxımından iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində heç bir tədbir görülməmiş, iddiaçının çatmaq istədiyi məqsədin hansı iddia növü ilə nail olması halı düzgün müəyyən edilməmiş, bununla da işin hallarına düzgün hüquqi qiymət verilməməklə, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddianının mümükünlüyü baxımından iddiaçının döyüşlərdə iştirak etdiyi zaman yaralanmasına dair məhkəməyə heç bir sənəd və ya sübut təqdim etməməsi halına istinad etmişdir. Bu hissədə kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddianının mümkünlüyü baxımından istinad etdiyi hal iddianının əsaslılığı mərhələsində dəyərləndirilməli (həmin hal iddianının əsaslı olub-olmaması halının müəyyən edilməsi üçün əsas qismində çıxış edir) və ya yoxlanılmalı olan hal kimi çıxış etməklə, iddianın mümkün sayılmaması əsası kimi çıxış etmir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianının həmin hissədə mümkünlüyü baxımından dəyərləndirilməsi də yanlış olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianının mümükn sayılmaması barədə gəldiyi qənaəti yanlış olduğundan, iddiaçının həmin hissədə şikayətinin dəlilləri əsaslı olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı şikayətinin məzmununda iddianının mümkün sayılması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddianının mümkünlüyü məhkəmə icraatının bütün mərhələlərində yoxlanılmalı olduğundan, habelə iddianının əsaslılığının araşdırılması halı bu mərhələdə birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, şikayətin dəlilləri həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, birinci instasiya məhkəməsi tərəfindən yenidən araşdırma zamanı iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqqiləşdirilməsi istiqamətində prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada (hüquqi yardımla bağlı) müvafiq tədbirlər görülməli, bundan sonra iddianın mümkünlüyü (başqa əsaslar olduğu halda) və ya iddianının əsaslılığı (iddia tələbinin əsaslı olub-olmaması) istiqamətində dəyərləndirmə aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1600/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İkinci Qarabağ müharibəsində onun sağlamlığının pozulması ilə əlaqədar ona Qarabağ Qazisi adının və vəsiqəsinin verilməsi yəni Epiqriz, Tibbi Şəhadətnamə və travma haqqında Forma-11 arayışının verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar