Məhkəmə qərarları › İş №2-1(105)-883/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-883/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-883/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması, işin araşdırılmaması, subyektiv hüquq) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv.m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-360/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv.m olan mağazaya dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv.m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS İK tərəfindən Dəvəçi rayonunun ərazisində yaradılan müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinin açılması barədə 1990-cı ildə qərar qəbul edilmişdir. Sözügedən kooperativ üçün 0.81 ha torpaq sahəsi ayrılmış və aktla təsdiq edilmişdir. O, həmin kooperativin üzvü olmuş və və kooperativə təhkim edilmiş ərazidə özünə sahəsi 120 kv.m ölçüdə mağaza inşa etdirmişdir. Mağazanın tikinti layihəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Kooperativin fəaliyyəti dayandırıldıqdan sonra həmin mağaza onun özünə verilmişdir. O, mağaza üzrənidə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizənizə əlavə olunmuş qeyri-yaşayış binasına dair sənədlərə qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, istismara hazırlıq (istismara icazə sənədi) və razılaşdırılmış lahiyə əlavə olunmamışdır. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İddia ərizəsində göstərilən tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildilər. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin saşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst- üstə düşübdüşməməsi müəyyən edilməmişdir. İddia ərizəsində mübahisələndirilən qeyri-yaşayış binasına dair “Daşınmaz emlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-360/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərardadla onun ümumiyyətlə subyektiv hüququnun olmadığını qeyd etməsi düzgün deyildir. Belə ki, o, “Gülüstan”kolxoz bazarı kooperativinin üzvü olmuşdur, şəxsin üzvlüyünü təsdiq edən zəruri sənədlər də iş materiallarına əlavə olunmuşdur. Mübahisə predmeti olan mağaza da kooperativə məxsus olan torpaq sahəsi üzərində inşa olunmuşdur. Məhz sözügedən faktlar onun subyektiv hüququnu təsdiq edir. Məhkəmənin bütün qeyd olunan hallara baxmayaraq şəxsin subyektiv hüququnu inkar etməsi absurddur. Məhkəmə iddia ərizəsi icraata daxil olduğu və ya iş üzrə ilk məhkəmə iclası keçirildiyi zaman deyil, sonuncu məhkəmə iclasında belə bir nəticəyə gəlmişdir. Belə ki, 2-1(118)-360/2023 saylı iş üzrə bu günədək 7 məhkəmə iclası- xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində keçirilmiş, lakin bu iclasların heç birində şəxsin subyektiv hüququnun olub-olmadığı məhkəmə tərəfindən hallandırılmamışdır. Belə olan halda birdən-birə ortalığa belə bir halın atılması, ən önəmlisi, tərəfin bu halla məhkəmə iclasında deyil, yekun məhkəmə aktında tanış olması əslində məhkəmənin icraatı düzgün aparmadığını göstərir. Halbuki, belə bir qərardadın qəbul edilməsi ilə bağlı ehtimallar məhkəmə iclaslarında aydınlığa qovuşdurulmalı, tərəflərin bu kimi hallarla bağlı izahatları dinlənilməli və sübut kimi təqdim etmiş olduqları sənədlər tədqiq edilməlidir. Nəticədə isə, hansı hallardan dolayı, onun subyektiv hüququnun olmaması əsaslandırılmalı idi. Belə ki, qərardadı oxuyarkən belə bir sual yaranır ki, əgər həqiqətən şəxsin mübahisə üzrə subyektiv hüququ olmasa idi, o zaman nə üçün məhkəmə icraatı 1 ildən çox müddətə davam etmişdir? Bu da onu göstərir ki, Sumqayıt İnzibati Məhkəməsi mübahisəni düzgün araşdırmamış, sözügedən qərardadla işi keçişdirmişdir. Halbuki AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə “məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmətivəzifəsinə görə araşdırmağa borcludur.” İş materiallarında sözügedən torpaq sahəsinin kooperativ tərəfindən ona ayrıldığına dair iclas protokolları əlavə edilmişdir. Lakin məhkəmənin mövqeyinə görə həmin sənədlər möhürsüz olduğuna və kserosurət olduğuna görə mötəbər sübut hesab edilmir. Lakin elə Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş qoşma sənəd belə kserosurətdir. Bu zaman onun mötəbərliyi şübhə doğurmurmu? Əlavə olaraq eyni zamanda əgər sənədin möhürsüz olması problemdirsə, o zaman Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş qoşma sənədə - Şabran (keçmiş Dəvəçi) rayon XDS İKtərəfindən Dəvəçi rayonunun ərazisində 1990-cı il tarixli qərar belə dövlət orqanı tərəfindən imzalanmış olsa da, onun da möhürü yoxdur və məhkəmənin rəsmi sübut hesab etmədiyi protokollarla eyni dövrdə tərtib edilmişdir. Demək ki, həmin dövrdə sənədlərin səlahiyyətli şəxslər tərəfindən imzalanması həmin sənədin təsdiq edilməsi üçün əsas olmuş və möhür zərurət təşkil etməmişdir. Nəticə etibarilə, dövlət orqanı belə rəsmi sənədləri möhürsüz tərtib etdiyi halda, həmin tələbin hər hansı kooperativə qarşı irəli sürülməsi qanunsuz və əsassızdır. Həmçinin o da qeyd edilməlidir ki, normalda bütün rəsmisənədlər dövlət arxivlərin də toplanmalı və saxlanılmalıdır. Burada məqsəd vətəndaşlar tərəfindən həmin sənədlərin əsillərinin korlandığı və ya itirildiyi hallarda, dövlət arxivlərində həmin sənədlərin nüsxəsinin alınmasının mümkün olmasıdır. Lakin dövlət arxivi tərəfindən düzgün şəkildə qorunub-saxlanıla bilinməyən bir sənədin əslinin vətəndaşdan tələb edilməsi qanunsuzdur. Bu birbaşa dövlət arxivinin və eləcə də digər aidiyyatı dövlət orqanlarının səlahiyyətində və öhdəliyindədir. Məhkəmənin mövqeyi ilə işə yanaşılarsa, o zaman belə birabsurd yanaşma mövcud olur ki, əgər bir vətəndaş barəsində bütün qeydiyyatsənədləri aidiyyatı dövlət orqanı tərəfindən tamamilə yarasız hala salınarsa və ya itirilərsə demək ki, həmin vətəndaş mövcud deyildir? Mübahisə üzrə İddiaçı tələbi Məcəllənin qeyd olunan maddəsinə tam şəkildə uyğundur və iddianın mümkünsüz hesab olunması üçün heç bir əsaslı səbəb mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsi isə sözügedən qərardadda qeyd etmişdir ki, “Məhkəmə hesab edirki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir.” Halbuki o, sözügedən torpaq sahəsi üzərində mağaza inşa etdirmiş, bu barədə mağazanın tikinti layihəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Sözsüz ki, iddiaçı mağazanın tikintisi üçün böyük məbləğdə maddi xərc çəkmişdir. Həmin mağaza hələ sözügedən kooperativ fəaliyyətdə olduğu dövrdə inşa olunmuşdur. Deməli, kooperativin də bunarazılığı olmuşdur. Həmçinin Kooperativin ümumi yığıncağının 10 fevral 2012-ci il tarixli 01 saylı protokolu ilə də şəxsin mülkiyyət hüququnun olduğu sübut olunmuşdur. Belə olan halda sözsüz ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin onun mülkiyyət hüququnu qeydə almaması şəxsin hüquqlarının pozulmasına əsasdır. Həmçinin Sumqayıt İnzibati Məhkəməsi Kooperativin ümumi yığıncağının 10 fevral 2012-ci il tarixli 01 saylı protokoluna dair sözügedən qərardadda qeyd etmişdir ki, “belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiki, Şabran (Dəvəçi) rayon XDS İK-nın dekabr 1990-cı il tarixli 396 saylı qərarıilə müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinə bazar tikintisi üçün 0.81 ha torpaq sahəsi ayrılmışdır. Kooperativin ümumi yığıncağının 10 fevral 2012-ci il tarixli 01 saylı protokolu ilə kooperativin üzvü ona kooperativin ərazisindən 120 kv.m torpaq sahəsinin birdəfəlik ayrılaraq verilməsi və həmin sahədə inşa edilmiş 120 kv.m ölçüdə qeyri-yaşayş binasının da pay haqqı olaraq ona verilməsinin məqsədəuyğun hesabedilmişdir.” Məhkəmə özü bunu qeyd etdiyi halda, sonradan özü-özünütəkzib edərək sözügedən sənədi mötəbər sübut hesab etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina əsası kimi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin tam təqdim olunmaması, habelə tikili ilə bağlı icazə sənədi, istismara qəbul aktı, razılaşdırılmış layihə və digər sənədlərin ərizəyə əlavə edilməməsi hallarına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədin, tikilinin onun tərəfindən inşa edilməsi halına dair sübut təqdim edilməməsi, bununla da cavabdeh tərəfindən iddiaçının hüquqlarının və maraqlarının pozulması halının baş verməsinin sübuta yetirilməməsi, iddiaçının qeyd edilən tələbi qaldırması üçün qanuni əsasların mövcud olmaması, iddiaçının bu iddia tələbi qaldırmaq üçün subyektiv hüququnun olmaması kimi hallara istinad etməklə, əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. İş materiallarından görünür ki, Şabran (Dəvəçi) rayonu XDS İK-nin dekabr 1990-cı il tarixli 396 saylı qərarı ilə müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinə bazar tikintisi üçün 0,81 ha torpaq sahəsi ayrılmış, habelə Kooperativin ümumi yığıncağının 10 fevral 2012-ci il tarixli, 01 saylı protokolu ilə kooperativin üzvi İddiaçı kooperativin ərazisindən 120 kv.m torpaq sahəsinin birdəfəlik ayrılaraq verilməsi və həmin sahədə inşa edilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış binasının da pay haqqı olaraq, İddiaçı verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, 0,81 ha torpaq sahəsinin “Gülüstan” kolxoz bazarına ayrılmasına dair qərar aşkar edilmişdir. İddiaçı məhz qeyd edilən sənədlərə istinad etməklə, əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmişdir. İndiki halda isə həmin sənədlər iş materiallarında mövcud olmuş, habelə qeyd edilən tikili iddiaçının faktiki istifadəsində olmuşdur. Belə olan halda isə iddiaçının qeyd edlən iddia tələbini irəli sürməklə bağlı subyektiv hüququnun olmaması qənaətinə gəlinməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Başqa sözlə desək, məhkəmə araşdırması zamanı ilkin sənədlər (habelə arxiv sənədlərin) mövcud olduğu halda, birinci instansiya məhkəməsi sənədlərin təqdim edilməməsi, habelə iddiaçıya torpaq sahəsi və sözügedən əmlakın ayrılması ilə bağlı təqdim edilmiş sənədin kserosurət olması halına istinad etməklə, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməsi yalnış olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə birinci instatsiya məhkəməsi tərəfindən indiki halda sübutların mötəbərliyinin qiymətləndirilməsi halı iddianın əsaslılığı baxımından yoxlanılmalı olduğu (ona təsir edən hal kimi çıxış etdiyi) halda, iddianın mümkün sayılmaması əsası kimi qiymətləndirilmişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən əmlak iddiaçının faktiki istifadəsində olduğu və ilkin sənədlər mövcud olduğu halda (hansı ki qeyd edilən hallar özlüyündə mübahisə predmetinə dair iddia tələbinin irəli sürülməsi ilə bağlı subyektiv hüququn tanıdığı imkanlar kimi çıxış edir), habelə həmin əmlaka dair başqa şəxslərin əmlak hüquqlarının mövcudluğu müəyyən edilmədən yalnız sənədlərin təqdim edilməməsi və kserosurət olması halına istinad etməklə, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməsi və bu əsasla iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi qənaəti yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, hazırki iş üzrə iş materiallarında olan sənədlərlə yanaşı, sözügedən əmlakın tikintisinə dair sənədlərin (nəvaxt tikilməsi, layiləndirilməsi və s.), iddiaçının həmin kooperativin üzvi (üzvliyə aid sənədlər tələb edilməklə) olub-olması halı, həmin əmklakın nə vaxtdan iddiaçının istifadəsində olması, habelə başqa şəxslərin həmin əmlaka dair hüquqlarının mövcud olub-olmaması kimi halların işin halları baxımından aydınlaşdıırlması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-360/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar