Məhkəmə qərarları › İş №2-1(105)-887/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-887/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-887/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin 40,95 kv.m ümumi, 28,1 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilə dair cavabdeh tərəfindən verilmiş Seriya RX, № ******* saylı, Reyestr nömrəsi **********69-05101-093016 olan, xx.xx.2014-cü il qeydiyyat tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 saylı qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Lakin qərarı şəxsən məhkəmədən aldığı vaxtda deyil, rəsmi olaraq poçt vasitəsilə 24 iyun 2024-cü il tarixdə aldığı vaxtı nəzərə alaraq 21 iyul 2024-cü il tarixdə vermişdir. Ona görə də, hal-hazırda məhkəmədən prosessual müddətin formal olaraq ötürülməsini üzrlü sayaraq rəsmi poçt vasitəsilə aldığı tarixi əsas götürərək apellyasiya şikayəti vermə müddətini bərpa edərək verilmiş apellyasiya şikayətini mümkün hesab edərək baxılması barədə qərar qəbul edilməsini xahiş edir. Ona görə də, hal-hazırda şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edir. Hal-hazırda həmin şikayəti vermə müddətinin bərpası zəruridir. Beləliklə də, buraxılmış müddət üzrlü hesab olunmalıdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında İddiaçı izahat verərək, öz izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizənin dəlillərini, işdə iştirak edən şəxsin izahatını dinləyib, hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizəsi təmin edilməməli, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, 29 may 2024-cü il tarixdə həmin məhkəmə aktı sifarişli poçt məktubu vasitəsilə tərəflərə, o cümlədən iddiaçıya göndərilmişdir. Həmçinin, iş materiallarında olan qəbzdən görünür ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli yekun məhkəmə aktını iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə şəxsən imza edilməklə qəbul etmişdir (bu halı iddiaçı özü qəbul edir). İddiaçı tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı tərəfindən yekun məhkəmə aktınının rəsmi qəbul edildiyi vaxtdan (10 iyun 2024-cü il tarixdən) məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İndiki halda iddiaçı qeyd edilən prosessual müddətin ötürülməsinə əsas kimi qərarı şəxsən məhkəmədən aldığı vaxtda deyil, rəsmi olaraq poçt vasitəsilə 24 iyun 2024-cü il tarixdə aldığı vaxtı nəzərə alaraq 21 iyul 2024-cü il tarixdə verilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ərizədə istinad etdiyi halla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət vermə müddətinin axımı məhz həmin məhkəmə qərarının şəxsə çatdırıldığı vaxtdan hesablanır. İndiki halda məhkəmə qərardadı məhz 10 iyun 2024-cü il tarixdə şəxsən iddiaçının özünə təqdim edilmiş və bu iş materiallarında olan qəbz əsasında öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş prosessual müddətin axımı da məhz məhkəmə qərarının ona çatdırıldığı vaxtdan, yəni 10 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən məhkmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün qanuna müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş ərizə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iş üzrə yekun məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, habelə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2672/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə təmin edilməsin. Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar