Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-887/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 may 2023-cü il tarixli qərarının əsassız olması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2- 1(118)-494/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 may 2023 - cü il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı barəsində (VÖEN **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12 - ci maddəsinin 1 - ci hissəsinin beşinci abzasına əsasən 2023 - cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300.50 manat gəlirin 5 faizi miqdarına, yəni 7115 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərarının əsassız olması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(112)-11541/2023 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2-1(118)-494/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 647342 kod nömrəli poçt göndərişindən müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi akt mağaza işçisi Aqil Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilərək təhvil alınmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 may 2023-cü il tarixli qərarından 2023cü ilin may ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Agentlik tərəfindən qəbul edilmiş qərar xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərildiyi bildirilsə də, iş materiallarında əlavə olunan poçt qəbzindən görünür ki, qərar Saray qəsəbəsinə göndərilmiş və sənədləri Aqil Abbasov adlı şəxsin qəbul etdiyi qeyd olunmuşdur. Bildirilir, Abbasov X3 qəsəbəsində yerləşən mağazada işləməmiş və onu ora ilə heç bir əlaqəsi olmamışdır. Aqil Abbasov adlı şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən mağazanın direktoru işləmişdir. Qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə onlara təqdim edilmiş və həmin tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Beləliklə müəyyən olunur ki, tərəflərindən müddət buraxılmamış və iddianın mümkün sayılmaması barədə qərardad qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 may 2023-cü il tarixli qərarının əsassız hesab olunması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, iş materiallarında olan 647342 kod nömrəli poçt göndərişindən müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi akt mağaza işçisi Aqil Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilərək təhvil alınmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 may 2023cü il tarixli qərarından 2023-cü ilin may ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı hazırki tələbində inzibati orqanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. Sözügedən qərardan görünür ki, fəaliyyət ünvanı AZ0116, ünvan 1ki şəxs İddiaçı (VÖEN: **********) qəsdən düzgün olmayan məlumat verdiyinə və lazımi məlumat vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300,50 manat gəlirin 5 faizi miqdarında, yəni 7115,00 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən 647342 kod nömrəli poçt göndərişi təqdim edilmiş, müvafiq qərarın 19 may 2023-cü ildə iddiaçı tərəfə çatdırılmasına baxmayaraq iddianın qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddət ötürülməklə qaldırılmasına istinad olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın dəlilləri əsaslı hesab olunaraq iddia mümkün sayılmamışdır. Bu nəticəyə gələrkən isə birinci instansiya məhkəməsi aşağıdakı halları nəzərə almamışdır: Belə ki, sözügedən poçt göndərişindən görünür ki, müvafiq qərar 19 may 2023-cü il tarixində Aqil Abbasov tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş “Əmək müqaviləsinə xitam verilməsi barədə” 28 fevral 2025-ci il tarixli, 08 nömrəli əmrin surətindən görünür ki, Abbasov Aqil Sədrəddin oğlu ilə bağlanılmış 00YJ240000900 nömrəli əmək müqaviləsinə 28 fevral 2025-ci il tarixindən xitam verilmişdir. Sözügedən əmrdə ünvan 2 ünvanı qeyd edilmişdir. Eləcə də 00YJ240000900 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Abbasov Aqil Sədrəddin oğlu 21 dekabr 2023-cü il tarixində mağazada “satış üzrə menecer” vəzifəsi üzrə işə götürülmüşdür. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək iddia müddətinin bərpası barədə ərizə verə bilməsi hüququ izah edilmiş, bundan sonra iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair 29 aprel 2025-ci il tarixli ərizə təqdim olunmuşdur. Sözügedən ərizədə qeyd olunmuşdur ki, Agentlik tərəfindən qəbul edilmiş qərar xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərilmişdir, lakin iş materiallarında olan poçt qəbzindən görünür ki, qərar Saray qəsəbəsinə göndərilmiş və sənədləri Aqil Abbasov qəbul etmişdir. Bildirilir, Abbasov X3 qəsəbəsində yerləşən mağazada işləməmiş və onu ora ilə heç bir əlaqəsi olmamışdır. Aqil Abbasov Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən mağazanın direktoru işləmişdir. Qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə tərəflərindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım etməsinə baxmayaraq bunun nəticəsini qiymətləndirməmiş, iddiaçı tərəfindən təqdim edilən prosessual müddətin bərpasına dair ərizəyə və ərizədə qeyd olunan dəlillərə münasibət bildirməmiş, beləliklə də hüquqi yardım formal xarakter daşımışdır. Əlavə olaraq göründüyü kimi mübahisələndirilən qərarın çatdırılma ünvanı və iddiaçının həmin qərarı əldə edilmə tarixi barədə tərəflər arasında mübahisə mövcuddur. Belə olduğu təqdirdə yalnız cavabdeh inzibati orqanın dəlili əsas götürülməklə iddianın mümkün sayılmaması qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının əsassız olaraq pozulmasına səbəb olmuş, eləcə də uzun müddət davam edən məhkəmə araşdırmasının mahiyyətinə zidd olmuşdur. Belə ki, məhkəmə kollegiyasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh orqan qərarı barəsində maliyyə sanksiyası tətbiq edilən marketə deyil, iddiaçının sahiblik etdiyi Saray qəsəbəsində yerləşən digər marketin ünvanına göndərmişdir. Cavabdeh orqan yanlışlığa yol vermişdir, qərarı barəsində maliyyə sanskiyası tətbiq etməli olduğu marketin ünvanına göndərməli idi. Qərarı qeyri-rəsmi şəkildə 24 may 2023-cü il tarixində əldə etmişdirlər və hesab edirlər ki, tərəflərindən müddət buraxılmamışdır. Eləcə də məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iş materiallarında qəbzlər mövcuddur. İddiaçı tərəfindən sözügedən ünvan qeyd edilərək qərarın ora göndəriləcəyi halda daha tez çatacağı bildirilmişdir. İdarəyə iddiaçının nümayəndəsinin 19 iyun 2023-cü il tarixli ərizəsi daxil olmuşdur və iddiaçı qərarı aldığını təsdiq edərək maliyyə sanksiyasının ləğv edilməsini istəmişdir. Hesab edirlər ki, iddiaçı şikayət üçün 30 günlük müddətin onun üçün yetərli olmadığını hər hansısa sübut təqdim edərək əsaslandırmamışdır. Həmçinin müddəti üzrlü səbəbdən buraxması ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yenidən birinci instansiya məhkəməsində icraat aparılarkən mübahisələndirilən qərarın həqiqətən qanun pozuntusunun aşkarlandığı mağazaya deyil, başqa ünvana göndərilib-göndərilməməsi məsələsi, eləcə də iddiaçının həmin qərardan məlumatlı olması araşdırılmalı, edilmiş hüquqi yardıma uyğun olaraq müddətin ötürülüb-ötürülməməsinə, ötürüldüyü halda müddətin bərpası ilə bağlı ərizəyə hüquqi qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş və lazimı araşdırma aparmadan iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsi ilə yanaşı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən - birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsi hissəsində təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2-1(118)-494/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15 may 2023-cü il tarixli qərarının əsassız olması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-887/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-887/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver