Məhkəmə qərarları › İş №2-1(105)-889/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-889/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-889/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona 01 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2- 1(118)-2164/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “20 avqust 1979-cu il tarixdə adına tərtib edilmiş WT-İ-0647530 saylı əmək kitabçasında və digər sənədlərdə göstərilən elektrik qaynaqçısı işlədiyi dövrünün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il tarixli 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “ona 01 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1961-ci il təvəllüdlü olmaqla Qusar şəhərində yaşayır. Əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır, ondan daha əvvəl yəni 01 sentyabr 1976-cı ildən 25 iyul 1979-cu ilə kimi Sumqayıt şəhəri 35 saylı peşə texniki məktəbində oxumuş, bu barədə adına 370620 saylı diplom verilmişdir. Göstərilən bu xüsusat əmək kitabçasında da əks olunmuşdur. İşin hallarından və əlavə edilmiş sənədlərdən göründüyü kimi əmək fəaliyyətinə 1979-cu ildə başlamış, 06 avqust 1979-cu ildə verilmiş 570 saylı əmrə əsasən Sumqayıt “Orgsintez” istehsal birliyinə əl ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur. 20 avqust 1979-cu ildə Sumqayıt “Orgsintez” istehsal birliyində adına əmək kitabçası tərtib edilmiş, əmək kitabçasında peşəsi, ixtisası elektrik qaynaqçısı göstərilmişdir. 04 aprel 1980-ci il tarixdə həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad olunmuş, 1980-ci ilin 18 aprel tarixindən 1982-ci ilin 28 aprel tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra əvvəlki iş yerinə qayıtmışdır. 14 iyun 1982-ci il tarixdən 13 iyul 1983-cü il tarixə kimi Sumqayıt “Orgsintez” istehsal birliyində əl ilə elektrik qaynaqçısı işində işləmişdir. 01 avqust 1983-cü ildən 11 may 1985-ci ilə kimi Qusar rayonun X10, 15 may 1985-ci ildən 05 avqust 1985-ci ilə kimi Qusar “ ZSB Meyvə Tədarükü və Satışı bazasında, 12 avqust 1985-ci ildən 05 may 1991-ci ilə kimi “Sovxozstroy” tikinti idarəsində, 05 may 1991-ci ildən 03 may 1993-cü ilə kimi “İqtisasdırılmış” tikinti idarəsində, 21 fevral 2005-ci ildən 15 sentyabr 2008-ci ilə kimi Azəriqaz QSC-nin X12 İdarəsi MMC-də, 12 mart 2010-cu ildən 05 oktyabr 2010-cu ilə kimi X12 Sahəsinin qəza dispetçer xidmətinə elektrik qaynaqçısı, həmin müəssisədə 5 dərəcəli qazla kəsən, daha sonra isə qəza dispetçer xidmətində əl ilə elektrik qaynaqçısı işində, 16 yanvar 2018-ci ildən 10 iyul 2018-ci ilə kimi X7 İdarəsində elektrik qaynaqçısı işində işləmişdir. Yuxarıda göstərilən elektrik qaynaqçısı işlədiyi dövrlər əmək kitabçasında da əks olunmuşdur. Əmək kitabçasında qeyd edilmiş elektrik qaynaqçısı işlədiyi dövr 16 il 9 ay 20 gün təşkil edir, əmək kitabçasında aparılmış bəzi qeydlərdə elektrik qaynağının əl ilə aparıldığı qeyd edilmiş, bəzi yazılarda isə elektrik qaynağının əl ilə aparıldığı göstərilməmişdir. Cavabdeh təşkilat 26 may 2023-cü il tarixli 3- 17-1/2-Nİ18039/2023 saylı məktubu ilə elektrik qaynaqçı işinin əl ilə aparıb-aparılmadığı barədə hər hansı məlumat göstərilmədiyindən həmin iş dövrünü güzəştli iş stajına aid olub-olmamasını müəyyən edə bilmədiyindən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından faktiki imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində 20 avqust 1979-cu il tarixdə tərtib edilmiş WT-İ-0647530 nömrəli əmək kitabçasında və digər sənədlərdə göstərilən elektrik qaynaqçısı işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı işlədiyi sahə yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan elektrik qaynaqçısı sahəsinə aid edilmədiyindən güzəştli iş stajı mövcud deyildir. Qeyd olunan səbəblərdən İddiaçıa güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" İB-nin RQll-nin arayışında İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" QSC Qusar Qİİ “elektrik qaynaqçısı”, xx.xx.2010-cu il tarixdən Qəza dispetçer xidmətində 6- cı dərəcəli “elektrik qaynaqçısı”, xx.xx.2010-cu il tarixdən 5-ci dərəcəli “qazla kəsən”, xx.xx.2010-cu il tarixdən 6-cı dərəcəli “əl ilə qaynaqda elektrik qaynaqçısı” peşələrində xx.xx.2010-cu il tarixədək işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan vəzifə, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçısı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş BB N 145497 saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İT-İ-0647530 saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.2020-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" İB Xaçmaz X11 İdarəsinin 14 mart 2023-cü il tarixli arayışından görünür ki, iddiaçı "Azəriqaz” QSC Qusar qaz istismar İdarəsinin xx.xx.2005-ci il tarixli 14 saylı əmrinə əsasən Qəza-dispetçer xidmətinə “elektrik qaynaqçısı” peşəsinə təyin olunmuş və xx.xx.2008-ci il tarixli 72 saylı əmrinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilmişdir. İddiaçı SOCAR "xxxx" İB-nin X12 sahəsinin xx.xx.2010-cu il tarixli, 259/k saylı əmrinə əsasən Qəza-dispetçer xidmətinə 6-cı dərəcəli “elektrik qaynaqçısı” peşəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixində 569/k saylı əmri ilə həmin xidmətə 5-ci dərəcəli “qazla kəsən” peşəsinə, xx.xx.2010-cu il tarixdə isə Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinə 6-cı dərəcəli “əl ilə qaynaqda elektrik qaynaqçısı” peşəsinə keçirilmiş və xx.xx.2010-cu il tarixli 36/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçinin təşəbbüsü ilə bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifə və göstəricilərin" siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən “elektrik qaynaqçısı", “qazla kəsən” və “əl ilə qaynaqda elektrik qaynaqçısı” peşələri üçün güzəştli şərtlərlə pensiya hüququ verilir. Qusar Sənaye Tikinti ASC tərəfindən verilmiş 10 saylı, 13 aprel 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə kimi Qusar "xxxx" ASCdə “elektrik əl qaynaqçı V dərəcə” peşəsi üzrə əl ilə qaynaqçı vəzifəsində çalışmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(118)-2164/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 01 iyul 2022-ci il tarixinədək 25 ildən artıq ümumi stajı vardır. Həmçinin cavabdeh orqan da xidməti məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən çox olduğunu qeyd etmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından, iş materiallarında olan "xxxx" İB Xaçmaz X11 İdarəsinin 14 mart 2023-cü il tarixli, X8 İdarəsinin 07 saylı, 27 mart 2023-cü il tarixli və Qusar Sənaye Tikinti ASC tərəfindən verilmiş 10 saylı, 13 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək; xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək; xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək; xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Cavabdeh imtinasının əsası kimi sözügedən arayışlarda iddiaçının elektrik qaynaqçısı işlədiyi müddətdə əl ilə qaynaq aparması barədə məlumat olmamasını göstərmişdir. Lakin inzibati iş materiallarında olan, məhkəmə araşdırması zamanı əldə edilmiş 21 fevral 2005-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, “elektrik qaynaqçısı” işinə qəbul edilməklə, “qaz kəmərlərində nasazlıq aşkar ediləndə qaynaq işlərinin aparılmasını; qaz xətlərinin bərpa edilməsində qaynaq işlərinin görülməsini, təmir işlərində iştirakı” əmək funksiyaları kimi öhdəliyinə götürmüşdür. Göründüyü kimi arayışda iddiaçının əl ilə qaynaq aparması barədə məlumat olmasa da, onunla orqan arasında bağlanmış əmək müqaviləsində onun əl ilə qaynaq işləri aparması birbaşa olaraq vəzifə öhdəliyi kimi göstərilmişdir. Beləliklə, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası və əmək müqaviləsi mövcuddur və həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Ümumi fəslində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 01 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 01 iyul 2022-ci il tarixinədək 25 ildən artıq ümumi stajı vardır. Həmçinin cavabdeh orqan da xidməti məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən çox olduğunu qeyd etmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından, iş materiallarında olan "xxxx" İB Xaçmaz X11 İdarəsinin 14 mart 2023-cü il tarixli, X8 İdarəsinin 07 saylı, 27 mart 2023-cü il tarixli və Qusar Sənaye Tikinti ASC tərəfindən verilmiş 10 saylı, 13 aprel 2023-cü il tarixli arayışlardan görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək; xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək; xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək; xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Cavabdeh imtinasının əsası kimi sözügedən arayışlarda iddiaçının elektrik qaynaqçısı işlədiyi müddətdə əl ilə qaynaq aparması barədə məlumat olmamasını göstərmişdir. Lakin inzibati iş materiallarında olan, məhkəmə araşdırması zamanı əldə edilmiş 21 fevral 2005-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, “elektrik qaynaqçısı” işinə qəbul edilməklə, “qaz kəmərlərində nasazlıq aşkar ediləndə qaynaq işlərinin aparılmasını; qaz xətlərinin bərpa edilməsində qaynaq işlərinin görülməsini, təmir işlərində iştirakı” əmək funksiyaları kimi öhdəliyinə götürmüşdür. Göründüyü kimi arayışda iddiaçının əl ilə qaynaq aparması barədə məlumat olmasa da, onunla orqan arasında bağlanmış əmək müqaviləsində onun əl ilə qaynaq işləri aparması birbaşa olaraq vəzifə öhdəliyi kimi göstərilmişdir. Beləliklə, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası və əmək müqaviləsi mövcuddur və həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Cavabdeh iddiaçıya münasibətdə 25 ildən artıq ümumi iş stajına malik olmasını qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən ünvanlanmış xidməti məktubda iddiaçının ümumi iş stajının 26 il, 7 ay, 21 gün, güzəştli iş stajının isə 9 il, 6 ay, 2 gün olduğu qeyd olunmuşdur. İşin mübahisəli halı iddiaçının xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin güzəştli iş stajına daxil edilməsi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan vəzifə, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçısı sahəsinə aid deyil. Cavabdeh inzibati orqan bununla bağlı qeyd edir ki, "xxxx" X4 X11 idarəsinin xx.xx.2023-cü il tarixli, 01AA/03-İRŞ-218 nömrəli arayışında xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSN Qusar qaz istismar İdarəsində, xx.xx.2010xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində isə Socar "xxxx" İB-nin X12nda elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barəsində hərhansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası istinad edilən sənədlərin mötəbərliyi ilə yox, sadəcə iddiaçının işlədiyi dövrlərdə qaynağı hansı formada aparması ilə bağlı müvafiq arayışda qeydin olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, inzibati iş materiallarında olan, məhkəmə araşdırması zamanı əldə edilmiş 21 fevral 2005-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, “elektrik qaynaqçısı” işinə qəbul edilməklə, “qaz kəmərlərində nasazlıq aşkar ediləndə qaynaq işlərinin aparılmasını; qaz xətlərinin bərpa edilməsində qaynaq işlərinin görülməsini, təmir işlərində iştirakı” əmək funksiyaları kimi öhdəliyinə götürmüşdür. Göründüyü kimi arayışda iddiaçının əl ilə qaynaq aparması barədə məlumat olmasa da, onunla orqan arasında bağlanmış əmək müqaviləsində onun əl ilə qaynaq işləri aparması birbaşa olaraq vəzifə öhdəliyi kimi göstərilmişdir. Beləliklə, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası və əmək müqaviləsi mövcuddur və həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, "xxxx" X4 X11 idarəsinin xx.xx.2023-cü il tarixli, 01AA/03-İRŞ-218 nömrəli arayışında və iş materiallarında olan və istinad edilən digər sənədlərdə qeyd edilən xx.xx.1979-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Həmin dövrlər isə tələb olunan güzəştli iş stajı 12 il 6 ay olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi, həm də xüsusi iş stajı toplanmış olur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(118)-2164/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar