Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-89/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ HGİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X6, 3-cü şəxs X8, 3-cü şəxs Dostaliyev Şahin Vəfalı oğlunun, 3-cü şəxs Ş.Dostaliyevin vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu X5rşı “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin hərrac keçirmədən satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(118)-1/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Abşeron rayonu ərazisində Abşeron rayonu Aşağı Güzdək ünvanında yaşayan Dostaliyev Şahin Vəfalı oğlu torpaq sahəsi almaq üçün Bələdiyyəyə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Abşeron X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarına əsasən, Dostaliyev Şahin Vəfalı oğluna bələdiyyə torpaqlarının Baş planına əsasən 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 643 saylı 09.10.2006-cı il tarixli rəyində sözügedən torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olması nəzərə alınmaqla Ş.Dostaliyevə satılmasına etiraz edilməmişdir. Eynilə, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 29 oktyabr 2006-cı il tarixli, 234 saylı rəyində, Dostaliyev Şahin Vəfalı oğluna fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. Bununla bağlı X7 nümayəndəsi ilə Dostaliyev Şahin Vəfalı oğlu torpaqların alqısatqısına dair akt imzalanmış, akt 01.11.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 3674 nömrəsi ilə qeydə alınmışdır. Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış 0.08 ha torpaq sahəsinin yerquluşu planından çıxarış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və X15 tərəfindən təsdiq edilmiş, həmçinin 10 oktyabr 2006-cı il tarixli akta əsasən, Bələdiyyənin qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinin sərhəddi naturada ölçülərək nişangahlar qoyulduqdan sonra Ş.Dostaliyevə təhvil verilmişdir. 2006-cı ilin sonlarında Əsədov X19 rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Dostaliyev Şahin Vəfalı oğluna məxsus olan 0.08 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutaraq, Ş.Dostaliyevin qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq mişar daşları ilə tikinti işləri aparmışdır. Qeyd edilən fakt üzrə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, Abşeron rayon məhkəməsinin 1-170/2007 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 188ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 400 (dörd yüz) misli miqdarında, cəmi 440 (dörd yüz qırx) manat məbləğində cərimə növündə cəzaya məhkum edilmişdir. Eyni zamanda, Dostaliyev Şahin Vəfalı oğlunun İddiaçı qarşı torpaq sahəsindən çıxarılma barədə mülki iddiası təmin edilmiş, İddiaçı Abşeron rayonu, X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış 0.08 hektar torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Xətalara dair İşlər üzrə məhkəmə kollegiyasının 05 fevral 2008-ci il tarixli 1(105)-14/2008 saylı qərarı ilə Abşeron rayon məhkəməsinin İddiaçı haqqındakı 05 oktyabr 2007-ci il tarixli hökmü dəyişdirilmədən, məhkumun müdafiəçisinin apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 17 iyun 2008-ci il tarixli 1(102)-342/2008 saylı qərarına əsasən, İddiaçı Əhəd oğlu haqqında Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyul 2008-ci il tarixli qərarı qüvvəsində saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra mülki iddia hissəsində icra vərəqəsi yazılaraq icraya yönəldilmiş, 30 mart 2008-ci il tarixdə Abşeron rayon Məhkəmə İcraçıları Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən, mübahisəli torpaq sahəsi boşaldılaraq tələbkar Ş.Dostaliyevə təhvil verilmişdir. 31 oktyabr 2014-cü il tarixdə İddiaçı cavabdeh Abşeron rayonu X12, üçüncü şəxslər Dostaliyev Şahin Vəfalı oğlu və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati iqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsinin X12 həvalə edilməsi və üçüncü şəxs Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Aşağı Güzdək qəsəbəsində yaşamaqla evinin yaxınlığında ümumi sahəsi təxminən 0,08 ha olan torpaq sahəsindən təxminən 1999-cu ildən mal-qara üçün yem tədarükü yeri kimi istifadə edir. Həmin sahəni 2005-ci ildə cavabdeh- X7 sədri Bəyağa Abbasov faktiki olaraq ona vermiş və tezliklə sənədləşmə aparacağını bildirmişdir. İddiaçı həmin yerdən istifadəyə görə torpaq vergisi də vermişdir. Sonradan həmin sahənin onun adına verilməsindən hər cür bəhanə ilə imtina edildiyinə görə Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon prokurorluğuna və Polis İdarəsinə, habelə müxtəlif instansiyalara yazılı surətdə müraciətlər etmiş, bu barədə Abşeron rayon Polis şöbəsində araşdırma da aparılmışdır. Cavabdeh X7 sədri Bəyağa Abbasov onun şikayətləri ilə əlaqədar qəsdən istifadəsində olan 0,08 ha torpaq sahəsinin guya Şahin Dostaliyevə verilməsi barədə X7 10.10.2006-cı il tarixli 11 saylı qərarı olmasını əsas göstərərək onun özbaşna olaraq torpaq sahəsi zəbt etməsi barədə Abşeron rayon Polis şöbəsinə müraciət etmiş və o, Abşeron rayon məhkəməsinin 05 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. O, məhkəmənin gedişində cavabdeh- Ş.Dostaliyev tərəfindən guya ona məxsus olan və iddiaçı tərəfindən zəbt edilmiş 0,08 ha torpaq sahəsindən 0,02 ha sahəni, yəni 2 sotunu Gürcüstan Respublikasının vətəndaşı olan X9 13 sentyabr 2007-ci il tarixli baş etibarnamə əsasında satmasını və həmin sahədə tikinti işi aparılması barədə vəsatət versə də məhkəmə tərəfindən bu fakt araşdırılmamışdır. Hal-hazırda həmin mübahisələndirilən torpaq sahəsinə dair onun kadastr planı vardır və torpaqdan istifadəyə görə ilbəil bələdiyyəyə torpaq vergisi ödəyir. Hətta onun istifadə etdiyi 0,08 ha torpaq sahəsi ilə üçüncü şəxs- Şahin Dostaliyevin istifadə etdiyi torpaq sahəsinin yerində ölçülməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı müraciəti əsasında komitənin mütəxəssisləri tərəfindən yerquruluşu sənədləri əsasında ölçmə-dəqiqləşdirmə işləri aparılmış və müəyyən edilmişdir ki, üçüncü şəxs-Ş.Dostaliyev tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsində (27,8 metr x 33,3 metr ölçüdə,0,09 ha-dan çox sahədə) yaşayış evi tikilmişdir. Bundan başqa onun yuxarıda adını qeyd etdiyi X1 torpaq sahəsində də (27,8 metr x 11,5 metr ölçüdə, 0,032 ha) hazırda tikinti işləri aparılır ki. bu da ümumilikdə 0,12 hektar dan artıq sahəni əhatə edir. Lakin onun istifadə etdiyi 0,08 ha torpaq sahəsinin Şahin Dostaliyevə ayrılmasını və ona məxsusuluğunu təsdiq edən sənəd olmadığından onun tərəfimdən həmin sahənin zəbt edilməsi faktı aşkar edilməmişdir. Lakin buna baxmayaraq Şahin Dostaliyev tərəfindən onun istifadəsində olan torpaq sahəsində özbaşna tikinti işləri aparılır. Ona görə də istifadəsində olan 0,08 ha torpaq sahəsinin «X4 edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən hərrac keçirilmədən ölçülərinin dəqiqləşdirilməklə ona verilməsinin Abşeron rayon X12 həvalə edilməsi və həmin sahədə Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən qanunsuz olaraq aparılan tikililərin sökülməsi barədə qərar çıxarılmalıdır. Sonradan iddiaçı bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə vermiş, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılmış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarına əsasən, iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X7 üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəyə minib icraya yönəldikdən sonra X15 qeyd edilən qərardan apelyasiya şikayəti vermiş, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin hallarını tam araşdırmadığını, mübahisəsi gedən torpaq sahəsinin Bələdiyyə tərəfindən Dostaliyev Şahin Vəfalı oğlunun adına sənədləşdirildiyini bildirmişdir. Apelyasiya şikayəti müddət ötürülməklə verildiyindən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-264/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qərardadına əsasən, apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini alaraq icraya yönəldikdən sonra X15 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə 03 fevral 2016-cı il tarixdə 30 saylı məktub ünvanlayaraq bildirmişdir ki, qərarın icrası məqsədilə X7 alqı-satqı predmeti olan 800.0 kv.metr olan torpaq sahəsinin fərdi yaşayış məqsədilə satılması ilə bağlı açıq müsabiqəsinin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə 14 dekabr 2015-ci il tarixli iclasının protokolunun 18/07 nömrəli qərarına dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə göndərilmişdir. Abşeron rayon X7 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 08 sentyabr 2017-ci il tarixli məktubdan görünür ki, məhkəmənin 09 aprel 2015-ci il tarixli 2-1(85)- 214/2015 saylı qərarı icra olunmuş vətəndaş İddiaçı adına torpaq sahəsi sənədləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, 0.08 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 901 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. 23.11.2018-ci il tarixdə Dostaliyev Şahin Vəfalı oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-67/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)- 214/2015 saylı qərarından Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamış, apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2368/2019 saylı, 14 avqust 2019-cu il tarixli Qərarı ilə Dostaliyev Şahin Vəfalı oğlunun kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-67/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya baxışına göndərilmişdir. 18.02.2019-cu il tarixdə X16 ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qismində işə cəlb edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək icraatın təzələnməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Odur ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 673/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-214/2015 saylı qərarından X8 verdiyi ərizəsi müzakirə olunması üçün işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 13 dekabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2- 1(85)-214/2015 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, Ş.Dostaliyev və A.Almazov üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ilkin iddia tələbində qeyd etdiyi kimi, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsi öhdəliyinin Abşeron rayon X12 həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İşə üçüncü şəxslərin iştirakı ilə mahiyyəti üzrə baxılmış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim C.Məmmədov) Məhkəmə hesab etmişdir ki, bələdiyyə özünə məxsus torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa məxsusdur və “X4 edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılması zamanı imperativ xarakterli normaları yalnız bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikrən sonra məcburi xarakter daşıyır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(118)-1/2020 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt İnzibati Məhkəməsi onun 2014-cü ildə təqdim etdiyi iddia ərizəsinə 3-cü şəxsləri cəlb edib işin icraatını təzələyib yenidən baxmaqla ciddi qanunpozuntusuna yol vermişdir. Çünki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarı xəbərnamə ilə istər yerli bələdiyyəyə, istərsə də ona və Şahin Dostaliyevə göndərilməsinə baxmayaraq, yalnız 4 aydan sonra cavabdeh olmuş X13 müddətin bərpası ilə bağlı apellyasiya şikayəti vermək istəmiş və məhkəmə bu ərizəni təmin etməmişdir. Şahin isə qardaşı Şahalı Dostaliyevin adından çıxış edərək 2015-ci il 09 aprel tarixli qərardan apellyasiya şikayəti vermək istəmişdir. Sonradan isə guya texniki səhv kimi qeyd edərək Şahin Dostaliyevin adından apelyasiya şikayətinin mümkünlüyündən kassasiya şikayəti vermiş və şikayətləri qismən təmin edilmişdir. Məhkəmə isə bu epizodu ümumiyyətlə araşdırmamışdır. 3-cü şəxslərin əsas tələbi odur ki, guya onun mülkiyyətində olmuş 0.08 ha torpaq sahəsi Ş.Dostaliyevə məxsus olub. Baxmayaraq ki, subyektiv hüququnun olması ilə bağlı məhkəməyə heç bir sübutedici fakt təqdim etməmişlər. Lakin buna baxmayaraq məhkəmə yalnız tərəfin uydurduğu mülahizə əsasında qanunsuz və əsassız qərar çıxarmaqda maraqlı olmuşdur. Məlumat üçün bildirir ki, nə Ş.Dostaliyevin, nə də A.Almazovun onun 2000-ci illərin əvvəllərindən istifadəsində olmuş bu yerə aidiyyatı olmamışdır. Bu yerin əldə edilməsi üçün 11 may 2005-ci ildən Yerli bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişdir və 2007-ci ildən bu 0.08 ha ərazi Bələdiyyə tərəfindən bütün sənədlərlə birlikdə ona rəsmən verilmişdir. Qonşusu olan Ş.Dostaliyev də 1 il sonra, 2006-cı ildə qonşuluqda yerli Bələdiyyədən 0.08 ha sahə almışdır. Lakin o vaxtdan onun istifadəsində olmuş bu əraziyə də iddialı çıxış edərək guya ona məxsus olduğunu və əlində sənəd olduğunu bildirmişdir. Ş.Dostaliyev özünə qonşulqda ayrılan 0.08 ha bələdiyyə torpağı ilə yanaşı ona verilən 0.08 ha sahənin 0.033 ha hissəsini zorakılıqla yaxın adamı olan və hazırda 3-cü tərəf kimi çıxış edən Ariz Almazova öz mülkiyyəti kimi aldadaraq qanunsuz satmış və bircə 24 fevral 2014-cü il tarixli etibarnamə verməklə 6500 manat pulunu alıb mənimsəmişdir. Eləcə də Ş.Dostaliyev özünə məxsus olmayan və hazırda mübahisələndirilən yerin yanında qanunsuz zəbt etdiyi 0.02 ha torpaq sahəsini də Gürcüstan vətəndaşı olan Natiq Yaqubov adlı birisinə 20.05.2020-ci il tarixində 20 illiyinə baş etibarnamə əsasında satmışdır. Ariz Almazov da 2016-cı ildə bu yerdə özünə heç bir icazəsi olmayan qanunsuz ev tikmişdir, baxmayaraq ki, iddiaçı ona mənə məxsus olan ərazidə ev tikməyin mənasız olduğunu bildirsə də, o, özü bənna olduğu üçün heç bir çağırışa məhəl qoymadan ev tikintisini davam etdirmiş və yaşamağa başlamışdır. Hakimin 18 may 2020-ci il tarixli sorğusuna Bələdiyyə tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixində yazdığı cavabda 2012-ci ildə sözügedən torpaq sahəsində A.Almazovun ev tikməsi və ailəsilə birlikdə həmin evdə yaşaması, eyni zamanda həmin torpaq sahəsinin torpaqların alqı-satqısına uyğun olaraq hərrac yolu ilə Əsədovun mülkiyyətinə verilməsi qeyd edilmişdir. Halbuki, Ş.Dostaliyev tərəfindən bu yer ona 28 fevral 2014-cü ildə etibarnamə əsasında satılmış, lakin o bu torpağı sənədləşdirə bilmədikdə 2016-cı ildə özbaşına ev tikib yaşamağa başlamışdır. Bu barədə qonşuların tərtib etdikləri 20 iyun 2020-ci il tarixli akt məhkəməyə təqdim edilsə də hakim bu sənədlə bağlı heç bir münasibət bildirməmiş, aktı tərtib etmiş şəxslərin məhkəməyə dəvət edilməsilə bağlı verdiyi şifahi vəsatətə də münasibət bildirməmişdir. Digər tərəfdən Dövlət və Xəritəçəkmə Komitəsinin 2014-cü ilin 14 iyul tarixli məktubunda qeyd edilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazi İddiaçı istifadəsində olmuşdur. Başqa heç bir tikili müəyyən edilməmişdir. Deməli hər üç rəsmi sənəd təsdiq edir ki, 2015-ci ilədək mübahisələndirilən ərazidə heç bir yaşayış evi mövcud olmamışdır. Digər tərəfdən, 09 aprel 2015-ci il tarixli məhkəməyə təqdim etdiyi “İddia tələbinin dəqiqləşməsilə” bağlı Ərizədə göstərmişdir ki, 0.08 ha torpaq sahəsinin satılması öhdəliyi cavabdeh X7 üzərinə qoyulması barədə qərar qəbul edilsin. Bələdiyyə sədri isə yenə də əsassız olaraq qeyd edir ki, guya bu torpaq ona hərrac yoluilə satılmışdır. Ona görə də hesab edir ki, üçüncü şəxslərin 2015-ci ildə məhkəmə qaydasında verilmiş qərarından sonra onların burada ev tikməsi qanunsuz olmuş və heç bir mülki və ya hüquqi əhəmiyyətə malik deyildir. X18 sədrinin 09.10.2019-cu il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinə göndərdiyi məktubda bildirilir ki, mübahisələndilrilən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda olan 0.08 ha torpaq sahəsi isə hazırda da vətəndaş Şahin Dostaliyevin istifadəsindədir və fərdi mənzil tikərək ailəsilə birlikdə yaşayır. Yəni yerli Bələdiyyə olaraq vətəndaş Ş.Dostaliyevə 2 pay deyil, yalnız 1 pay olaraq 0.08 ha torpaq sahəsi ayrılmışdır. ” Bu rəsmi sənəd bir daha təsdiq edir ki, mübahisələndirilən sahə ona məxsusdur, Ş.Dostaliyevin ona məxsus 0.08 ha torpaq sahəsini mübahisələndirmək üçün əlində heç bir maddi sübutu yoxdur. Lakin məhkəmə bu rəsmi sənədi də nəzərə almamışdır. Sonuncu sənəd isə 10 may 2019-cu il tarixli ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesrtri Xidmətinin təqdim etdiyi mütəxəssis rəyində bildirilir: “İddiaçı mülkiyyət hüququ əsasında adına qeydə alınmış 0.08 ha torpaq sahəsindən əlavə torpaq sahəsi zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış torpaq sahəsinin koordinatları üst üstə düşmür. ” Lakin çox təəssüflər olsun ki, məkhəmə bu sübutu da nəzərə almamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X16 apelyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, X7 18.10.2005-ci il tarixli 11 saylı qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna 0,08 ha həyətyanı torpaq sahəsi satılmış və qanuni əsaslarla müvafiq sənədlər tərtib edilmişdir. Həmin torpaq sahəsini İddiaçı zəbt etdiyinə görə Abşeron rayon Məhkəməsinin 05.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 188-ci maddəsi ilə 400 manat cərimə cəzasına məhkum edilmişdir. İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş həmin hökm qüvvədə qalmışdır. Həmin torpaq sahəsinin 0,03 ha-dan ibarət hissəsini Şahin Dostaliyev həyətyanı torpaq sahəsi kimi 2011-ci ildə ona qeyri-rəsmi satmış və o orada 2012-ci ildə ev tikərək hal- hazıradək ailəsi ilə birgə orada yaşayır. Hazırda İddiaçı Şahin Dostaliyev tərəfindən ona 0,03 ha qeyrirəsmi satılmış torpaq sahəsi də daxil olmaqla 0,08 ha torpaq sahəsinin ona satılmasını tələb edir. Hesab edir iddia tələbi əsassızdır, əvvəla tələb edilən torpaq sahəsi Şahin Dostaliyevə satılmış torpaq sahəsidir, digər əsas da odur ki, həmin torpaq sahəsində o fərdi- yaşayış evi tikmişdir. X4 edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda boş torpaq sahələrinin satılması nəzərdə tutulmuşdur. Eyni zamanda bildirir ki, İddiaçı iddia tələbini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 04.04.2014-cü il tarixli məktubuna əsaslanmışdır. Həmin məktubda qeyd olunur ki, “...0,08 ha torpaq sahəsi boşdur və İddiaçı istifadəsindədir”. Lakin həmin məktub hərhansı bir araşdırmaya əsaslanmamış və yerində müayinə aparılmamışdır, yuxarıda qeyd etdiyi kimi həmin 0,08 ha torpaq sahəsi Dostaliyev Şahinə satılmış torpaq sahəsidir və onun 0,03 hadan ibarət hissəsini Dostaliyev Şahin ona satmışdır və o, 2012-ci ildə həmin torpaq sahəsində ev tikib ailəsi ilə birgə yaşayır. Belə olan halda digər şəxsin (Ş.Dostaliyevin) mülkiyyətinə satılmış və üzərində yaşayış evi olan torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qərar çıxarmaqla düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Dostaliyev Şahin Vəfalı oğlunun vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, Abşeron rayon X7 10.10.2006-cı il tarixli alqı-satı aktına əsasən Şor gölü adlanan ərazidə gölün yaxınlığında Şahin Dostaliyevə fərdi yaşayış evi tikmək üçün 0.8 ha torpaq sahəsi ayrılmışdır. Sonuncu da həmin sahəni hasarlamış və içərisinə mişar daşları tökərək ev tikmək istəmişdir. İmkanı zəif olduğu üçün tikinti müvəqqəti dayandırılmışdır. Sonradan Ş.Dostaliyev ona məxsus sahənin hasarının söküldüyünü və ev tikmək üçün tökülmüş mişar daşının başqa sahəyə yığıldığını, torpaq sahəsinə yeni daşlar töküldüyünü və ev tikilməsi üçün him qazılmasını görmüşdür. Həmkəndlisi İddiaçı özbaşına ona məxsus torpaq sahəsini zəbt etməsini və oradan çıxmamasını görüb Ş.Dostaliyev polisə şikayət etmiş və İddiaçı CM-in 188-ci maddəsi ilə cinayət işi açılmış, Abşeron Rayon Məhkəməsinin 05.10.2007-ci il tarixli hökmü ilə 440 manat cərimə cəzası təyin edilmişdir. İddiaçı həmin hökmü apellyasiya və kassasiya qaydasında mübahisələndirsə də, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökmün mülki iddia hissəsi icra edilmiş, Abşeron rayon İcra şöbəsinin 30.03.2008-ci il tarixli aktı ilə İddiaçı həmin torpaq sahəsindən çıxarılmışdır. İcra işi başa çatdıqdan sonra Ş.Dostaliyev həmin torpaq sahəsini yenidən hasarlamış və sahəyə ağaclar əkmişdir. Sonradan Ş.Dostaliyev həmin torpaq sahəsinin bir hissəsini iş üzrə digər 3-cü şəxs Ariz Almazova etibarnamə ilə satmış və hal hazırda həmin torpaq sahəsində Ariz ev tikərək ailəsi ilə birlikdə yaşayır. 2018-ci ilin mart ayında İddiaçı yenidən ona məxsus torpaq sahəsini zəbt edərək orada ev tikmək üçün hazırlıq işləri görməyə başlamışdır. O, bununla bağlı iddiaçıya etiraz edəndə sonuncu ona məhəl qoymamışdır. O, hüquqlarını qeydə aldırmaq üçün 4 saylı Ərazi İdarəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, İddiaçı ona məxsus və onun istifadəsində olan torpaq sahəsinə çıxarış almışdır. Torpağı bir dəfə zəbt edən, cəza alan və torpaq sahəsindən çıxarılan İddiaçı bilə-bilə təkrar ona məxsus torpaq sahəsini zəbt edərək, məhkəməni aldatmışdır. Hesab edir ki, icraat təzələndikdən sonra birinci instansiya məhkəməsi tərəfindən mübahisə düzgün həll edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən sxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanlarının razılığına əsasən, X7 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarına və torpaqların alqı-satqısına dair akta əsasən Aşağı Güzdək qəsəbəsində 0.08 ha torpaq sahəsi Dostaliyev Şahin Vəfalı oğluna satılmış, ayrılmış 0.08 ha torpaq sahəsinin sərhəddi naturada ölçülərək nişangahlar qoyulduqdan sonra Ş.Dostaliyevə təhvil verilmişdir. 2006-cı ilin sonlarında İddiaçı Dostaliyev Şahin Vəfalı oğluna məxsus olan 0.08 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutaraq, Ş.Dostaliyevin qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq mişar daşları ilə tikinti işləri apardığından, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi başlanmış, Abşeron rayon məhkəməsinin qanuni qüvvəsini almış 1-170/2007 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 440 manat cərimə cəzasına məhkum edilmişdir. Eyni zamanda, həmin hökmlə Dostaliyev Şahin Vəfalı oğlunun mülki iddiası təmin edilərək, İddiaçı Abşeron rayonu, X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış 0.08 hektar torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının üçüncü şəxsə məxsus torpaq sahəsini 2006-cı ilin sonlarında heç bir rəsmi sənəd olmadan özbaşına tutaraq zəbt etməsi və bununla bağlı məhkum olunması iş üçün preyudisial xarakter daşıyır. Həmin hökmdə sadalanan digər faktlar hazırkı iş üçün məcburi olmasa da, kollegiya qeyd edir ki, qeyd edilən cinayət işi üzrə verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından görünür ki, İddiaçı kassasiya şikayətində mübahisəsi gedən torpaq sahəsini 1998-1999-cu illərdə tutması və o vaxtdan istifadə etməsini göstərmiş, Ali Məhkəmə qərarında bu fakta tənqidi yanaşaraq, qeyd etmişdir ki, İddiaçı ibtidai araşdırma zamanı öz əli ilə yazdığı izahat və ifadələrdə həmin torpaq sahəsinin ona 2005-ci ildə kənd bələdiyyəsi tərəfindən verildiyini və bu barədə sənəd olmasa da, torpaqdan 2005-ci ildən istifadə etdiyini qeyd etmişdir. Hazırkı iş üzrə də, iddiaçı 31 oktyabr 2014-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşadığı evin yaxınlığında ümumi sahəsi təxminən 0,08 ha olan torpaq sahəsindən təxminən 1999-cu ildən mal-qara üçün yem tədarükü yeri kimi istifadə etdiyini, həmin sahəni 2005-ci ildə cavabdeh- X7 sədri Bəyağa Abbasov faktiki olaraq ona verərək, tezliklə sənədləşmə aparacağına söz verdiyini, həmin yerdən istifadəyə görə torpaq vergisi ödədiyini, sonradan həmin sahənin onun adına verilməsindən hər cür bəhanə ilə imtina edildiyinə görə Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon prokurorluğuna və Polis İdarəsinə, habelə müxtəlif instansiyalara yazılı surətdə müraciətlər etdiyini, cavabdeh X7 sədri Bəyağa Abbasovun onun şikayətləri ilə əlaqədar qəsdən istifadəsində olan 0,8 sot torpaq sahəsinin Şahin Dostaliyevə verilməsi barədə X7 10.10.2006-cı il tarixli 11 saylı qərarının olmasını əsas göstərərək onun özbaşna olaraq torpaq sahəsi zəbt etməsi barədə Abşeron rayon Polis şöbəsinə müraciət etdiyini və onun Abşeron rayon məhkəməsinin 05 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 188-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə cəzasına məhkum edildiyini qeyd etmiş, həmçinin ilkin olaraq ərizəsində cavabdeh Bələdiyyə ilə yanaşı Dostaliyev Şahin Vəfalı oğlunu üçüncü şəxs qismində göstərmiş, eyni zamanda tələbində Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə X15 də hazrıkı iş üzrə birinci instansiya məhkəməsinin 09.04.2015-ci il tarixli qərarından verilən apelyasiya şikayətində iddiaçının ona satılmasını tələb etdiyi torpaq sahəsinin Bələdiyyə tərəfindən Dostaliyev Şahin Vəfalı oğlunun adına sənədləşdirildiyini bildirmişdir. Eləcə də iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Dostaliyev Şahin Vəfalı oğluna ünvanlanmış 19 mart 2018-ci il tarixli, **********65 saylı məktubdan görünür ki, üçüncü şəxs Bələdiyyənin qərarı ilə ona ayrılmış, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar 05 mart 2018-ci il tarixdə İdarəyə müraciət etmiş, sonuncu ərizəyə imtina cavabı verərək, Abşeron rayonu, X7 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarına əsasən ayrılmış 0.08 ha torpaq sahəsinin ilkin yerquruluşu planında torpaq sahəsinin yerləşdiyi yerin döngə nöqtələrinin koordinatlarının əks olunmadığı, müayinə olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumata əsasən İddiaçı məxsus **********01 saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərinə düşdüyünü qeyd etmişdir. Beləliklə, işin sadalanan xüsusatları ilə müəyyən olunur ki, hazırda mübahisəsi gedən, Bələdiyyə tərəfindən hərrac keçirilmədən iddiaçıya satılması tələb edilən 0.08 ha torpaq sahəsi X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarına əsasən, Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış torpaq sahəsidir. Halbuki, “X4 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericilik normalarından göründüyü kimi, Bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər. Hazırkı halda isə, mübahisəsi gedən torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilən sahə olduğu müəyyən edilir. Mütəxəssis rəyinə dair apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, Ş.Dostaliyevin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarından verilən şikayətin mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki:
1. iddiaçıların və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin naturada yeri koordinatları müəyyən edilməklə ölçülmüşdür. Mübahisələndirilən ərazinin 0.0331 ha hissəsində yaşayış evi mövcuddur (iddiaçının dediyinə görə yaşayış evi ona məxsus deyil zəbt edilərək tikilmişdir).
2. Abşeron rayon X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı Qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna bələdiyyə torpaqlarının Baş planına əsasən satılmış 0.08 ha torpaq sahəsinin koordinatları ilə Abşeron rayon X7 14 dekabr 2015-ci il tarixli, 18/07 saylı qərarı ilə İddiaçı ayrılmış və RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0.08 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. 3.İddiaçı tərəfindən mülkiyyət hüququ əsasında adına qeydə alınmış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0.08 ha torpaq sahəsindən əlavə torpaq sahəsi zəbt edilməmişdir. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə X3 ayrılmış torpaq sahəsinin (ilkin torpaq ayırma sənədlərinə əlavə edilmiş yerquruluşu sxeminə əsasən) koordinatları üst-üstə düşmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 64-cü maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası mütəxəssis rəyinə yuxarıda sadalanan sübutlarla birlikdə hüquqi qiymət verərək, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, mütəxəssis rəyində göstərilən hal (mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə X3 ayrılmış torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi) işin yuxarıda sadalanan faktiki halları ilə tam ziddiyyət təşkil etdiyindən həmin rəy kollegiya tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Əvvəla mütəxəssis tədqiqatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********01 reyestr nömrəli çıxarış əsasında aparılmışdır. Hazırda həmin çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edilmiş və ilkin iddia tələbinə, yəni 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiaya baxılır. İddiaçının ona satılmasını iddia etdiyi 0.08 ha torpaq sahəsi isə iddiaçının özünün ərizəsindən, qanuni qüvvəyə minmiş məhkəmə hökmündən, eləcə də, cavabdehin hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 09.04.2015-ci il tarixli qərarından verdiyi apelyasiya şikayətindən sübuta yetirilir ki, Dostaliyev Şahin Vəfalı oğluna ayrılmış 0.08 ha torpaq sahəsidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının özü məhkəməyə təqdim etdiyi iddia ərizəsində faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsinin məhz Ş.Dostaliyevə Bələdiyyə tərəfindən ayrılan sahə olduğunu bildirmiş, ilkin tələbində həmin sahənin ona satılmasını, eyni zamanda Ş.Dostaliyev tərəfindən həmin sahədə aparılmış tikilinin sökülməsini xahiş etmişdir. Odur ki, kollegiya verilmiş mütəxəssis rəyi ilə razılaşmır, eləcə də, iş üzrə təkrar mütəxəssis rəyinin alınmasına heç bir zərurət görmür. Həmçinin, işin hallarından görünür ki, Dostaliyev Şahin Vəfalı oğlu bələdiyyənin qərarı ilə ona ayrılmış torpaq sahəsinin bir hissəsini faktiki olaraq iş üzrə digər üçüncü şəxs Ariz Almazovun istifadəsinə vermiş və sonuncu 2012-ci ildə həmin torpaq sahəsində yaşayış evi inşa edərək hazırkı vaxtadək ailəsi ilə birlikdə qeyd edilən torpaq sahəsində tikilmiş evdə yaşayır. İşin sadalanan xüsusatı cavabdehin məhkəməyə ünvanladığı məktublarla da öz təsdiqini tapır. Belə ki, Abşeron rayonu X7 birinci instansiya məhkəməsinə ünvanladığı 54 saylı, 11 iyun 2020-ci il tarixli və 64 saylı, 07 iyul 2020-ci il tarixli məktublardan görünür ki, Bələdiyyə tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən edilmişdir ki, 2012-ci ildən sözügedən torpaq sahəsində X16 ev tikmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda həmin torpaq sahəsi X15 tərəfindən hərraca çıxarılaraq İddiaçı satılmış, onunla 04.03.2017-ci il tarixdə İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən **********01 reyestr nömrəli çıxarış verilmişdir. Mütəxəssis rəyində də göstərilir ki, mübahisələndirilən ərazinin 0.0331 ha hissəsində yaşayış evi mövcuddur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının ona satılmasını tələb etdiyi torpaq sahəsi X7 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Dostaliyev Şahin Vəfalı oğluna ayrıldığından, həmçinin Ş.Dostaliyevin razılığı ilə digər üçüncü şəxs Ariz Almazov tərəfindən 2012-ci ildən həmin torpaq sahəsinin 0.0331 ha hissəsində yaşayış evi inşa edilərək sonuncu ailəsi ilə birlikdə qeyd edilən evdə yaşadığından üçüncü şəxslərin hüquqları ilə yüklü olan torpaq sahəsinin iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə haqlı olmuş, iddiaçı isə apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2-1(118)-1/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.