Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-89/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X7 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının, o cümlədən X6 adına verilmiş 19 oktyabr 2017-ci il tarixli 102 saylı “Uzundərə” qış otlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə aid sərəncamın ləğv edilməsinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 saylı qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar ilkin olaraq Cavabdeh Başçısının “Uzundərə'’ dövlət qış otlaq fondundan Bakı şəhər sakini X10 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın, X26 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında 01 may 2014-cü il tarixli 068 saylı sərəncamın, X18 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 24 sentyabr 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 156 saylı sərəncamın, X14 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 26 aprel 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 155 saylı sərəncamın, o cümlədən X6 adına verilmiş 19 oktyabr 2017-ci il tarixli 102 saylı “Uzundərə” qış otlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar iddiasını dəqiqləşdirərək Cavabdeh “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X7 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının, o cümlədən X6 adına verilmiş 19 oktyabr 2017-ci il tarixli 102 saylı “Uzundərə” qışotlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. X12 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdərə X30 Komissiyasının 26 iyun 1996-cı il tarixli 7 saylı protokoluna əsasən Ağdərə kolxozunun “Uzundərə” qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə X1 və 01 iyul 1996-cı il tarixli Ağdərə X30 Komissiyasının 9 saylı protokoluna əsasən X5 aldığı yatağın ətrafından 2500 hektar torpaq sahəsi onun icarəsinə verilmişdir. Salamov Abbas iddiaçılardan İddiaçı1 atası, digər iddiaçının isə həyat yoldaşıdır. X9 1996-cı ildən fasiləsiz olaraq həmin ərazidə xırda buynuzlu heyvanların saxlanması üçün örüş sahəsi kimi istifadə etdiyi halda, nə cavabdeh təşkilat tərəfindən, nə də üçüncü şəxs qismində cəlb edilmiş şəxslər tərəfindən bu ərazinin X22 tərəfindən “zəbt olunduğu” ona bildirilməmişdir. “Uzundərə” qış otlaq fondu 2000-ci ilədək Xızı rayonunun inzibati ərazisində yerləşmiş və X17 istifadəsinə verilmişdir. AR Nazirlər Kabinetinin qərarı əsasında Qobustan rayonunun inzibati ərazisi yaradılarklən “Uzundərə” qış otlaq fondu 2000-ci ildə Qobustan rayonuna verilmiş, ərazi kimi Qobustan rayonuna verilsə də, onlar tərəfindən həmin sahədə iri və xırda buynuzlu heyvanlar saxlanılmaqdadır. X13 tərəfindən Qobustan rayon məhkəməsində iddia qaldırıldıqdan sonra onlara məlum olmuşdur ki, X9nun istifadəsində olan torpaq sahəsi Cavabdeh Başçısının müvafiq sərəncamları ilə həmin torpaq sahəsi 3 fiziki və 1 hüquqi şəxsin istifadəsinə verilməklə bölüşdürülmüşdür. Bunun qanunsuz olduğunu bilə-bilə Cavabdeh torpaq sahəsini X19 təklif etməli olduğu halda onun xəbəri olmadan və ona təklif edilmədən birbaşa başqa şəxslərə təklif olunmuş və onların icarəsinə verilmişdir. Belə ki, 1996-cı ildən həmin torpaq sahəsi istifadəsində olduğuna görə və onun üstündə yerləşən tövlələr X2 görə Qobustan rayon İca Hakimiyyəti Başçısı torpağın icarəyə verilməsini həmin ərazidə tövlələri və çoban evlərini satın almış X19 təklif etməli idi. Lakin onun həmin torpaq sahələrinin icarəyə verilmədə üstünlük hüququnun olmasına baxmayaraq Cavabdeh bu hüquqları pozmuş, qanunsuz olaraq torpaqları başqa şəxslərin istifadəsinə vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)14/2020 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X10 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının X17 mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)14/2020 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-197/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-14/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-197/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qərardadın ləğv edilib, işin yenidən mahiyyəti üzrə araşdırma aparılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1400/ 2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-197/2021 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və Səyyad Kərimov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini iddia tələbi ilə eyni qaydada əsaslandırmışlar. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbində qeyd olunan xüsusatlar lazımı qaydada araşdırılmamışdır. Belə ki, cavabdeh təşkilatın iddiaçıya torpaq sahəsinə münasibətdə riayət etmədiyi üstünlük hüququna məhkəmə diqqət yetirməli idi. Mübahisəli torpaq sahəsi 1996-cı ildən iddiaçının istifadəsində olduğuna görə və onun üzərində yerləşən tövlələr iddiaçıya satıldığına görə Cavabdeh Başçısı torpağın icarəyə verilməsini iddiaçıya təklif etməli idi. Məhz buna görə də iddiaçının həmin torpaq sahəsinə icarəyə verilmədə üstünlük hüququnun olmasına baxmayaraq Cavabdeh iddiaçının hüquqlarını pozaraq torpaqların icarəyə verilməsinə dair verdiyi qanunsuz sərəncam ləğv edilməli idi. Bu səbəbdən məhkəmənin öz qərarında cavabdeh Qobustan RİH-nin öz diskresion hüququndan istifadə edərək torpaq sahəsini üçüncü şəxslərə icarəyə verməsi, orada müvafiq tikililərin aparılmasına icazə verməsinə haqlı olmasına dair gəldiyi qənaətin heç bir hüquqi əsası yoxdur. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(118)14/2020 nömrəli qərarın ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə iclasında iştirak edən İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)14/2020 nömrəli qərarın ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 və onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xızı rayonu Ağdərə X30 Komissiyasının 26 iyun 1996-cı il 7 saylı protokol qərarı ilə Ağdərə kolxozunun “Uzundərə” sahəsində yerləşən qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə X3, həmin şəxs tərəfindən 2.190.000 manat tövlənin dəyəri Ağdərə X30 Komissiyasının hesabına ödənilmiş və həmin tikililər Ağdərə X30 Komissiyası tərəfindən iddiaçıya təhvil verilmişdir. Xızı rayon Ağdərə kolxozunun X30 Komissiyasının 01 iyul 1996-cı il tarixli 09 saylı Protokol qərarı ilə iddiaçının “Uzundərə” qış yatağını satın aldığını və dəyərini ödədiyini nəzərə alaraq onun yatağının ətarfında olan boş istifadəsiz örüş sahəsindən 2500 ha onun icarəsinə verilmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinin təsdiq edilməsi Xızı rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. Sonra həmin torpaq sahələri Cavabdeh istifadəsinə verilmişdir. Qobustan rayon Qaracüzlü kəndində yerləşən sahəsi 1187,8 kv.metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən Çıxarış verilmişdir. Həmin müəssisənin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla 0,1407 ha təşkil edir. Həmin tikili X8 icarəsində olan torpaq sahəsində yerləşir. Cavabdeh başçısının 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə Qobustan rayonunun ümumi qış otlaq fonduna daxil olan 2 M nömrəli “Uzundərə” qışlağından 1017 ha qış otlaq sahəsi 1200 baş şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 10 il müddətinə X8 istifadəsinə verilmiş və tərəflər arasında 28 dekabr 2012-ci il tarixli kt024 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Cavabdeh Başçısının 19 oktyabr 2017-ci il tarixli 102 saylı Sərəncamı ilə Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 199 saylı Sərəncamı ilə X8 icarəsinə verilmiş 2 M saylı “Uzundərə” qış otlaq sahəsində xırdabuynuzlu heyvanları otarmaq məqsədilə RİH Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən göstərilən torpaq dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən düzgün olaraq hesab etmişdir ki, iddiaçıların vərəsələri olduqları X22 mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarını əldə etmək imkanı olsa da, o, bu hüquqdan qanuna müvafiq qaydada istifadə etməmişdir. İddiaçılar mübahisəli torpaq sahəsinin 1996-ci ildən onların ailəsinin istifadəsində olduqlarını bildirsələr də, torpaq sahəsinin icarəsi ilə bağlı nə Xızı Rayon İcra Hakimiyyəti ilə, nə də Qobustan Rayon İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlanmamış, icarə haqları ödənilməmiş, torpaq sahəsinin istifadə edilməsi ilə bağlı torpaq vergisi ödənilməmişdir. İddiaçıların vərəsəsi olduqları X22 mübahisəli torpaq sahəsindən qanuni istifadə imkanları olsa da, bu hüquqdan istifadə etməmiş, bu hüquqdan istifadə edilməsi halında yaranacaq öhdəlikləri həyata keçirməmişdir. İcra hakimiyyəti isə öz diskression huququndan istifadə edərək, torpaq sahəsini üçüncü şəxslərə icarəyə vermiş, orada müvafiq tikililərin aparılmasına icazə vermişdir. Bu isə iddiaçıların iddialarının əsaslı olmadığını göstərir. Lakin müəyyən olunmuşdur ki, X11 icarəsində olan torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıların vərəsələri olduqları X17 mülkiyyətində olmuşdur. X22 daşınmaz əmlakla bağlı hüquqlarından istifadə etsə də, mübahisəli torpaqla bağlı hüquqlarından istifadə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakimlər: İlqar Dəmirov (xüsusi rəylə) Rəşadət Ağayev Elman Əhmədov İddiaçılar İddiaçı1 və Salamova Dilarə Saday qızının cavabdeh Qobustan rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (№ 2-1 (105)-89/2022) hakim İlqar Dəmirovun XÜSUSİ RƏYİ Birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair məhkəmə kollegiyasının digər tərkib üzvləri olan həmkərlarının gəlmiş olduğu nəticə ilə aşağıda qeyd olunan hüquqi mövqeyimə görə razı deyiləm. İşin mübahisələndirilməyən hallarına əsasən müəyyən olunur ki, Xızı rayonu Ağdərə X30 Komissiyasının 26 iyun 1996-cı il 7 saylı protokol qərarı ilə Ağdərə kolxozunun “Uzundərə” sahəsində yerləşən qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə X3, həmin şəxs tərəfindən 2.190.000 manat tövlənin dəyəri Ağdərə X30 Komissiyasının hesabına ödənilmiş və həmin tikililər Ağdərə X30 Komissiyası tərəfindən iddiaçıya təhvil verilmişdir. Xızı rayon Ağdərə kolxozunun X30 Komissiyasının 01 iyul 1996-cı il tarixli 09 saylı protokol qərarı ilə iddiaçıların hüquqi varisi olduqları mərhum X4 satılmış, onun tərəfindən 2.190.000 manat tövlənin dəyəri Ağdərə X30 Komissiyasının hesabına ödənilmiş və həmin tikililər Ağdərə X30 Komissiyası tərəfindən Salamov Abbasa təhvil verilmişdir. Xızı rayonu Ağdərə kolxozunun X30 Komissiyasının 01 iyul 1996-cı il tarixli 09 saylı Protokol qərarı ilə Salamov Abbasın “Uzundərə” qış yatağını satın aldığını və dəyərini ödədiyini nəzərə alaraq onun yatağının ətarfında olan boş istifadəsiz örüş sahəsindən 2500 ha onun icarəsinə verilmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinin təsdiq edilməsi Xızı rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. Yuxarıda qeyd olunduğu kimi A.Salamov 1996-cı ildən qış yatağını balans qiyməti ilə satın almış və bunun əsasında ona örüş sahəsindən 2.517 ha torpaq sahəsi ayrılmışdır. A.Salamov torpaq sahəsindən istifadə etdiyi vaxtdan həmin torpaq sahəsinin Qobustan rayonunun inzibati ərazisinə daxil edildiyini ümumiyyətlə bilməmiş, bu məsələ ilə bağlı 2015-ci ilin oktyabr ayında xəbər tutmuş, bununla bağlı xx.xx.2015-ci ildə 300 ha qış otlaq sahəsinin onun icarəsinə verilməsi üçün Qobustan Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bununla əlaqədar A.Salamova bildirilmişdir ki, digər şəxslərlə bağlanmış icarə müqavilələrinin müddəti başa çatdıqdan sonra və ya hər hansı digər səbəbdən geri qaytarılmış sahə olarsa, onun müraciətinə müvafiq qaydada baxılacaqdır (1-ci cild, i/v 48). Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, 23 noyabr 2012-ci il tarixli 199 nömrəli sərəncamla 1017 ha torpaq sahəsi ayrılmış X15 tərəfindən istər 2012-ci il tarixinə qədər, istərsə də həmin tarixdən sonra qeyd edilən 1017 ha torpaq sahəsində hər hansı iribuynuzlu və ya xırda buynuzlu heyvanların saxlanılması, bununla bağlı hər hansı təsərrüfat fəaliyyətinin aparıldığı müəyyən edilməmişdir. Yalnız sərəncamla torpaq sahəsi ayrılıqdan 6 il sonra üçüncü şəxs X15 tərəfindən mübahisələndirilən ərazidə 2018-ci il tarixdən etibarən tikinti işləri aparılmağa cəhd edilmişdir. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, hazırki, torpaq mübahisəsi üzrə iddia 2016-cı ildə əvvəl iddiaçı X22 tərəfindən qaldırılmış, onun vəfatından sonra isə hazırki iş üzrə onun hüquq varisləri olan iddiaçılar tərəfindən qeyd olunan torpaq sahəsi üzrə məhkəmə mübahisəsi davam etdirilir. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, Qobustan rayon Qaracüzlü kəndində yerləşən sahəsi 1187,8 kv. m. olan əmlak kompleksi kimi müəssisə, yəni “Uzundərə” qış yatağında yerləşən tövlələr və çoban evi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında hazırda İddiaçı1 və digər şəxslərin ümumi mülkiyyətindədir (1-ci cild,i/v 214). Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, mülkiyyət hüququndan təyinatı üzrə istifadə edilməsinə konstitusion təminat hüququ birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və buna görə birinci instansiya məhkəməsi iddia tələbi ilə mübahisələndirilən 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı yalnız əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq , ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasn mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edirəm ki, Cavabdeh 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı ilə İddiaçı1 vərəsəlik hüququ əsasında xüsusi mülkiyyətində olan “Uzundərə” qış yatağında 0,1407 ha torpaq sahəsində yerləşən tövlələr və çoban evindən təyinatı üzrə istifadə edilməsi qeyri-mümkün olmuşdur. Bu isə nəticə etibarı ilə həmin iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu maddələrində təsbit olunmuş mülkiyyət hüququndan təyinatı üzrə istifadə hüququndan məhrum edilməsinə səbəb olur. Hazırkı mübahisənin hüquqi cəhətdən necə həll olunması ilə bağlı isə qeyd etmək istəyirəm ki, yuxarıda göstərildiyi kimi, X9 hələ sağlığında, yəni xx.xx.2015-ci ildə torpaq sahəsinin onun icarəsinə verilməsinə dair üstünlük hüququ üzrə yalnız 300 ha qış otlaq sahəsinin onun icarəsinə verilməsinə dair Qobustan RİH-nə müraciət etmişdir. Buna görə hazırkı mübahisənin hüquqi cəhətdən düzgün həlli üçün hesab edirəm ki, iddia qismən təmin edilməklə Qobustan RİH Başçısının “Uzundərə” qış otlaq fondundan X10 1016,8 ha otlaq sahəsinin ayrılması haqqında xx.xx.2012-ci il tarixli 199 saylı sərəncamı İddiaçı1 mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 0,1407 ha torpaq sahəsinin ətrafına aid 300 ha hissədə ləğv edilməlidir (qeyd: xx.xx.2012-ci il tarixli sərəncama 14 iyul 2017-ci il tarixli 070 nömrəli sərəncamla edilmiş dəyişikliyə əsasən X8 istifadəsinə verilmiş torpağın sahəsi 1016,8 ha göstərilmişdir (2-ci cild, i/v 38)). Hakim İlqar Dəmirov
Məhkəmə qərarları › İş №2-1(105)-89/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-89/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver