Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-89/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1750/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "xxxx" İstehsalat-Təmir Müəssisəsində elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik-qaz qaynaqçısı və qaz kəsicisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Tikinti firmasında qaynaqçı, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək H.Zeynalabdin rayon MİH-də maddi texniki təchizat bölməsində elektrik qaz qaynaqçısı, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Avro-Asiya korporasiya "xxxx" ASC-də qaynaqçı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Meliorasiya və X2” MMC-də qaynaqçı işləmiş, xx.xx.2018-ci il tarixdən hal-hazıradək Avro-Asiya korporasiya "xxxx" ASC-də qaynaqçı işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 27 dekabr 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44640,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26775,32 manat təşkil edir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirərək iddiaçıya xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "xxxx" İstehsalat-Təmir müəssisəsinin Qazan təmir sexində elektrik qaynaqçısı və xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik qaz qaynaqçısı və qaz kəsici, 2006-cı ildən 2020-ci ildək “Avro-Asiya” inşaat korporasiya "EVROSCON” ASC-də 2-ci və 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci "Ümumi peşələr" fəslinin 2.26. və 68-ci hissəsinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Onun 2020-ci ilə qədər ümumilikdə 32 il iş stajı və 20 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı vardır. Ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda, bu günədək həmin hüququ tanınmamışdır. Hesab edir ki, yuxarıda qeyd olunan illər ərzində zərərli işlərdə işlədiyi üçün ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, müraciətinə bu günədək cavabdeh orqan tərəfindən hər hansı münasibət bildirilməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, "Vətəndaşların pensiya təminatı haqqında” Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b" bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının Filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.1976-xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979-xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gündür. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı cəmi 22 il 5 ay 10 gün təşkil edir. Bu mənada “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Qeyd edir ki, “Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44160,00manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28569,28 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1750/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ümumi iş stajı cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Cavabdeh qeyd edir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.1976-xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979-xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gündür. Hesab edir ki, riyazi hesablama düzgün aparılmamışdır. Belə ki, qeyd olunan dövrləri toplayanda 22 il 5 ay 10 gün deyil, 22 il 7 ay 10 edir. Bundan əlavə cavabdeh onun "xxxx" nda işlədiyi illəri nəzərə almamışdır. Belə ki, o, 1999-cu ildən sonra bir müddət fərdi qaydada fəaliyyət göstərsə də, xx.xx.2002xx.xx.2006-cı ilədək 3 il 8 ay ərzində "xxxx" nda elektrik qaynaqçısı peşəsində işləmişdir. Lakin bunu dəfələrlə bildirməyinə baxmayaraq məhkəmə təırəfindən bu xüsusat araşdırılmamış, onun "xxxx" nda işləməyi nəzərə alınmamışdır. Əgər həmin Firmada işlədiyi müddəti də nəzərə alınsaydı onda ümumi iş stajı xx.xx.2006-cı il tarixinə 26 il 03 ay 10 gün olardı və bu da qanunla müəyyən edilmiş 25 il ümumi iş stajından artıqdır. Bu iddia tələbinin əsaslı olmasını sübut edir. İş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajına qarşı 22 il 5 ay 10 gün stajı vardır: xx.xx.1976-xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979-xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), xx.xx.2002-xx.xx.2006 (3 il 8 ay) cəmi 26 il 03 ay 10 gün. Bu isə 57 yaşdan pensiya hüququnun yaranmasına kifayət edir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, qanunvericiliklə xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajı tələb olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən, onun xx.xx.2006-cı il tarixədək sığorta stajı 22 il 07 ay 09 gün (ИТ-İ ******* nömrəli əmək kitabçası; H3 ******* nömrəli hərbi bilet; 555 nömrəli attestata əsasən) təşkil edir. İddiaçı apelyasiya şikayətində xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Qartal Tikinti Firması” nda işlədiyi dövrlərin nəzərə alınmadığını iddia edir. Lakin iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən onun “Qartal Tikinti Firması” nda xx.xx.2006-cı il tarixdən işə daxil olması görünür. Həmçinin, iddiaçı tərəfindən verilmiş və öz imzası ilə təsdiqlənmiş iddia ərizəsində sadəcə xx.xx.1978- xx.xx.1979; xx.xx.1982-xx.xx.1999; 2006-2020-ci tarixlərdə iş fəaliyyətinin olması qeyd edilmişdir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək sığorta stajı 22 il 07 ay 09 gün (ИТ-İ ******* nömrəli əmək kitabçası; H3 ******* nömrəli hərbi bilet; 555 nömrəli attestata əsasən) təşkil edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq qeyd etdi ki, hazırda ona 62 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajının olmadığını qəbul edir. Lakin hesab edir ki, iddiası təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən 62 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iş materiallarndan müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər tələb olunan 25 il ümumi staja qarşı 22 il 5 ay 10 gün stajı vardır : xx.xx.1976-xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979-xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gün. Bu isə 57 yaşdan pensiya hüququnun yaranmasına kifayət etmir. Göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququna çıxmaq üçün xx.xx.2006-cı il tarixədək güzəştli stajı toplasa da, ümumi iş stajını toplaya bilməmişdir. Bu səbəbdən cavabdeh haqlı olaraq ona 57 yaşdan pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 01 iyul 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; Güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-VƏ/393 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "xxxx" İstehsalat-Təmir Müəssisəsinin Qazan təmiri sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik-qaz qaynaqçısı və qaz kəsicisi işləmişdir. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35ci “Ümumi peşələr” fəslinin elektrik qaynaqçıları və qaz kəsicilərinin işi güzəştli şərtlərlə zərərli əmək şəraitində işlədiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün stajı 17 il 07 ay 11 gün təşkil edir. Beləliklə, həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışdan göründüyü kimi, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "xxxx" İstehsalat-Təmir Müəssisəsində elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik-qaz qaynaqçısı və qaz kəsicisi vəzifələrində işləmişdir. İddiaçının bu vəzifələrdəki sığorta stajı 18 il 07 ay 11 gün təşkil edir. Qeyd edilən şərtin ödənilməsi işin mübahisəsiz halıdır. Ümumi iş stajı ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "xxxx" İstehsalat-Təmir Müəssisəsində elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik-qaz qaynaqçısı və qaz kəsicisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Tikinti firmasında qaynaqçı, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək H.Zeynalabdin rayon MİH-də maddi texniki təchizat bölməsində elektrik qaz qaynaqçısı, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Avro-Asiya korporasiya "xxxx" ASC-də qaynaqçı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Meliorasiya və X2” MMC-də qaynaqçı işləmiş, xx.xx.2018-ci il tarixdən hal-hazıradək Avro-Asiya korporasiya "xxxx" ASC-də qaynaqçı işləyir. (18 il 07 ay 11 gün) İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən verilmiş № 555, 21 iyul 1978-ci il tarixli attestata əsasən, iddiaçı 01 sentyabr 1976-cı il tarixdən 21 iyul 1978-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 22 il 07 ay 11 gün ümumi iş stajına malik olduğu müəyyən edilir. Göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması ilə bağlı birinci şərt iddiaçıya münasibətdə ödənilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 3 il 8 ay ərzində "xxxx" Tikinti Firmasında işlədiyini, lakin həmin müddətin cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən də bu xüsusatın araşdırılmadığını bildirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, "xxxx" Tikinti Firmasında ilk dəfə xx.xx.2006-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. Beləliklə, iddiaçı ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 1 yanvar 2006-cı il tarixədək qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik olsa da, ümumi iş stajına malik deyildir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1750/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-89/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-89/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver