Məhkəmə qərarları › İş №2-1(105)-890/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-890/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-890/2025 27.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qarşı “hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2025-cü il tarixli, 2-1(118)-3932/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə ikitərəfli əyripəncəlik xəstəliyindən və ikinci dərəcəli skoliozdan əziyyət çəkir. 2017-ci ildə ilkin hərbi qeydiyyata düşəndə Sabunçu hərbi komissarlığın hərbi həkim komissiyası iddiaçını bu xəstəliyinə görə 66-68b maddələri ilə sülh dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edib, lakin cavabdeh Abşeron hərbi komissarlığının hərbi həkim komissiyası iddiaçının anadangəlmə xəstəliyini düzgün qeyd etməyib və əyripəncəliyin yerinə iddiaçıya yastıayaq diaqnozunu qoyub hərbi xidmətə yararlı hesab ediblər. Skoliozu da düzgün qeyd olunmayıb. İkinci dərəcəli skoliozu adi skolioz kimi yazılmışdır. Anadangəlmə əyripəncəlik və yastıayaq xəstəliyi adi həyatda iddiaçıya əziyyət verir. İddiaçı daimi yumşaq idman ayaqqabıları gəzdirir. Bir müddət ayaq üstdə duranda ayaqları ve ayaq biləyi yükə düşüb ağrıyır. İkinci dərəcəli skolioza görə iddiaçı çox ayaqüstə dura bilmir. Belində ağrılar yaranır. Ağır məşqlər ayaqlarının və belinin vəziyyətini daha da ağırlaşdıracaq. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, 18 yaşı tamam olduğuna görə çağırışçı 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə çağırılmışdır. Həkim komissiyasından keçərkən səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün 3 nömrəli Şəhər Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmiş və müayinə olunduqdan sonra “Onurğanın sol tərəfli birinci dərəcəli bel tipli skoliozu. İkitərəfli ikinci dərəcəli yastıayaqlıq. Funksiya pozğunluğu qeyd olunmur.” diaqnozu qoyulmuş və xx.xx.2019-cu il tarixli, 2643 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66ç və 68ç maddəsinin İ qrafasına əsasən, rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A3” hesab edilmişdir. Çağırışçı İddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd verdiyi üçün 2019-cu ilin oktyabr çağırışına cəlb edilmiş, Bakı Slavyan Universitetinin bakalavr pilləsinə qəbul olduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı daimi qeydiyyat ünvanını Abşeron rayonuna dəyişdiyi üçün şəxsi işi xx.xx.2022-ci il tarixli 1061 nömrəli məktubla SHXÇDX-nin Sabunçu rayon idarəsindən SHXÇDX-nin Abşeron rayon şöbəsinə göndərilmişdir. Möhlət müddəti bitdikdən sonra çağırışçı İddiaçı 2023-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırılmış, Bakı Slavyan Universitetinin bakalavr pilləsində təhsil başa vurma bilməməsi səbəbindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Möhlət müddəti bitdikdən sonra çağırışçı İddiaçı 2024-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırılmış, həkim komissiyasından keçmiş, həkim-mütəxəssislər tərəfindən yoxlanılmış, səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün X6 ikitərəfli yastıpəncəliyinə görə əlavə müayinəyə göndərilmiş, X4 müayinə olunduqdan sonra “Hər iki ayağın İİ (ikinci) dərəcəli yastıpəncəliyi.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli, N2/5183 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Sol qolunda döymələr və sağ qolunda çapıq izləri aşkar olunduğuna görə, xx.xx.2024-cü il tarixli, 629 nömrəli göndəriş ilə Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmiş, müayinə olunduqdan sonra “Hal-hazırda psixi xəstəlik aşkar olunmur. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli, 3951 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Çağırışçı İddiaçı anası Nümayəndə1 Xidmətin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək, oğlunun skoliozu olduğunu bildirmişdir. Çağırışçı İddiaçı Xidmətin Abşeron rayon şöbəsinə dəvət olunmuş və xx.xx.2024-cü il tarixli 704 nömrəli göndəriş ilə skoliozu müayinə olunması üçün X6 əlavə müayinəyə göndərilmişdir. X4 müayinə olunduqdan sonra “Onurğanın skoliozu İ (birinci) dərəcə.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli N2/5614 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59ç, 61ç və 16ç maddəsinin İ qrafasına əsasən, rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A4” hesab edilmişdir. Çağırışçı 2024-cü ilin oktyabr çağırışına cəlb olunmuş və xx.xx.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə getməsi üçün xx.xx.2024-cü il tarixdə şəxsən özü imza etməklə çağırış vərəqəsi almışdır. Çağırışçının valideyni oğlunun təhsilini başa vurmadığını və Bakı Slavyan Universitetində təhsilini davam etdirdiyini bildirsə də, İddiaçı oxuması barədə təhsil arayışı təqdim etməmişdir. Bu səbəbdən, tərəflərindən xx.xx.2024-cü il tarixdə Bakı Slavyan Universitetinə İddiaçı təhsil alıb-almaması barədə rəsmi sorğu edilsə də, sorğuya cavab verilməmiş və xx.xx.2025-ci il tarixdə Bakı Slavyan Univeristetinə yenidən sorğu edilmişdir. Yekun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə Bakı Slavyan Universitetindən daxil olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 5-ci tədris ilinin tələbəsidir, 17 fəndən (76 kredit) akademik borcu mövcuddur və tədris planına uyğun dərslərdə iştirak edir. Məktuba əsasən, rayon çağırış komissiyası tərəfindən Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında qanunun 21.1.4-cü maddəsini rəhbər tutaraq, “əyani təhsilalma formasında bakalavriatda təhsil alanlarmüvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla” xx.xx.2025-ci il tarixədək çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı qanuna müvafiq olaraq, bakalavr pilləsində təhsil almasına görə verilən möhlət hüququ 2025-ci ilin iyun ayının 11-də bitdiyinə görə 2025-ci ilin iyul çağırışına cəlb ediləcək, mütləq müayinələrdən və zəruriyyət yaranacağı təqdirdə əlavə müayinələrdən keçdikdən sonra barəsində yekun qərar veriləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2025-cü il tarixli, 2-1(118)-3932/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş tibbi rəylər və ekspert rəyi ilə razı deyil. Birinci instansiya məhkəməsində icraat zamanı anadangəlmə ayaqlarında və onurğasında olan sümük xəstəliklərinə aid olan mütəxəssislər tərəfindən müayinə olmaq istədi. Lakin vəsatəti təmin edilmədi. O, ayaq üstə çox qala bilmir, tez yorulur, gəzə bilmir. Diqqətə çatdırılır ki, ona 2017-ci ildə verilən, ilkin hərbi qeydiyyata alınma barədə sənədində qanun qayda ilə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı 66b və 68b maddələr yazılıb. Qanunu cavabdeh və məhkəmə tibbi ekspertləri pozub onu yararlı qələmə verirlər. Cavabdeh tərəfindən ona 59ç və 61ç maddələri ilə xəstəliklər siyahısına uyğun olaraq 59cu maddəsinin Ç bəndi və 61-ci maddənin Ç bəndi ilə A3 və A3 yararlılıq kateqoriyası verilib. 59Ç - birinci dərəcəli skolioza görə. 61Ç - ikinci dərəcəli yastıpəncəliyə görə. A3 kateqoriyası o deməkdir ki, o, sülh dövründə məhdud yararlı, müharibə dövründə isə tam yararlıdır. AR ETTOİ-nun Tibbi rəyində qeyd edilən xəstəliklərə görə ona tam başqa yararlıq kateqoriyası verilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0.2. hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 3.1 Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2 Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2.Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.https://eqanun.az/framework/23021 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 2.1 İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.15 İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının hərbi xidmətə yararlı hesab edilməklə hərbi xidmətə çağırılması barədə cavabdeh inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə məhkəmə təcrübəsinə əsasən iş üzrə cavabdeh qismində Xidmətin yerli bölməsi iştirak etməlidir. İddiaçı tərəfindən ilkin olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı iddia qaldırılmış, apellyasiya instansiyasında icraat zamanı iddiaçıya hüquqi yardım edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin nəzərə alınmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli protokol qərardadı ilə ərizə təmin edilərək cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş iddiaçıya dair inzibati icraat materialları barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsində ilkin hərbi qeydiyyata alınmış, 18 yaşı tamam olduğuna görə 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə çağırılmışdır. Həkim komissiyasından keçərkən səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün 3 nömrəli Şəhər Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmiş və müayinə olunduqdan sonra “Onurğanın sol tərəfli birinci dərəcəli bel tipli skoliozu. İkitərəfli ikinci dərəcəli yastıayaqlıq. Funksiya pozğunluğu qeyd olunmur.” diaqnozu qoyulmuş və xx.xx.2019-cu il tarixli, 2643 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66ç və 68ç maddəsinin İ qrafasına əsasən, rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A3” hesab edilmişdir. İddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd verdiyi üçün 2019-cu ilin oktyabr çağırışına cəlb edilmiş, Bakı Slavyan Universitetinin bakalavr pilləsinə qəbul olduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Daha sonra iddiaçı daimi qeydiyyat ünvanını Abşeron rayonuna dəyişdiyi üçün şəxsi işi xx.xx.2022-ci il tarixli 1061 nömrəli məktubla SHXÇDX-nin Sabunçu rayon idarəsindən SHXÇDX-nin Abşeron rayon şöbəsinə göndərilmişdir. Möhlət müddəti bitdikdən sonra, İddiaçı 2023-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq, SHXÇDXnin Abşeron rayon şöbəsinə çağırılmış, Bakı Slavyan Universitetinin bakalavr pilləsində təhsil başa vura bilməməsi səbəbindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Möhlət müddəti bitdikdən sonra 2024-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq SHXÇDXnin Abşeron rayon şöbəsinə çağırılmış, həkim komissiyasından keçmiş, həkimmütəxəssislər tərəfindən yoxlanılmış, səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün X6 ikitərəfli yastıpəncəliyinə görə əlavə müayinəyə göndərilmiş, X4 müayinə olunduqdan sonra “Hər iki ayağın İİ (ikinci) dərəcəli yastıpəncəliyi.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli N2/5183 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. İddiaçı anası Nümayəndə1 Xidmətin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək, oğlunun skoliozu olduğunu bildirmişdir. Çağırışçı İddiaçı Xidmətin Abşeron rayon şöbəsinə dəvət olunmuş və xx.xx.2024-cü il tarixli, 704 nömrəli göndəriş ilə skoliozu müayinə olunması üçün X6 əlavə müayinəyə göndərilmişdir. X4 müayinə olunduqdan sonra, “Onurğanın skoliozu İ (birinci) dərəcə.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli N2/5614 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59ç, 61 ç və 16ç maddəsinin İ qrafasına əsasən rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A4” hesab edilmişdir. İddiaçı 2024-cü ilin oktyabr çağırışına cəlb olunmuş və xx.xx.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə getməsi üçün xx.xx.2024-cü il tarixdə şəxsən özü imza etməklə çağırış vərəqəsi almışdır. Çağırışçının valideyni olduğunu bildirsə də, Baki Slavyan Universitetində təhsilini davam etdirdiyini bildirsə də, təhsilini başa vurmadığını və Bakı Slavyan Universitetinə təqdim etməmişdir. Bu səbəbdən tərəflərindən İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı Slavyan Universitetinə İddiaçı təhsil alıb-almaması barədə rəsmi sorğu edilsə də, sorğuya cavab verilməmiş və xx.xx.2025-ci il tarixdə Bakı Slavyan Universitetinə yenidən sorğu edilmişdir. Yekun olaraq nəzərə çatdırılır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə Bakı Slavyan Universitetindən daxil olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 5-ci tədris ilinin tələbəsidir, 17 fəndən (76 kredit) akademik borcu mövcuddur və tədris planına uyğun dərslərdə iştirak edir. Məktuba əsasən rayon çağırış komissiyası tərəfindən Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında qanunun 21.1.4-cü maddəsini rəhbər tutaraq “əyani təhsilalma formasında bakalavriatda təhsil alanlarmüvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla” xx.xx.2025-ci il tarixədək çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı qanuna müvafiq olaraq bakalavr pilləsində təhsil almasına görə verilən möhlət hüququ 2025-ci ilin iyun ayının 11-də bitdiyinə görə 2025-ci ilin iyul çağırışına cəlb ediləcək, mütləq müayinələrdən və zərurət yaranacağı təqdirdə əlavə müayinələrdən keçdikdən sonra barəsində yekun qərar veriləcəkdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11 iyul 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Xidmətin Abşeron rayon şöbəsi tərəfindən 2024-cü ilin iyul çağırışı zamanı əlavə tibbi müayinələrə göndərilmiş, dövlət səhiyyə müəssisələrində təyin olunmuş diaqnozlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilmişdir. Bundan sonra İddiaçı Bakı Slavyan Universitetində təhsilini bitirmədiyi üçün xx.xx.2026-cı il tarixədək ona möhlət hüququ verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya Bakı Slavyan Universitetində təhsilini bitirmədiyi üçün xx.xx.2026-cı il tarixədək ona möhlət hüququ verilsə də, sağlamlığı ilə əlaqədar hərbi xidmətə yararlı hesab edildiyi üçün hazırkı iddiaya mahiyyəti üzrə baxılmalıdır. İş materiallarından göründüyü kimi hazırki mübahisənin əsasını təşkil edən hal ondan ibarətdir ki, cavabdehin mövqeyinə əsasən iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59ç və 61ç maddəsinin İ qrafasına əsasən rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A4” hesab edilmişdir. İddiaçı isə hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı onda mövcud olan xəstəliklərin “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın “C” bəndinə uyğun olduğunu hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. İş materiallarına əlavə olunmuş İQ seriyalı, 010023 nömrəli “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”-nin surətindən görünür ki, İddiaçı 01 avqust 2017-ci ildə tibbi komissiyanı keçmiş və dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu tərəfindən verilmiş 29 yanvar 2016-cı il tarixli, 4121 nömrəli arayışdan görünür ki, İddiaçı diaqnoz olaraq “iki tərəfli anadangəlmə əyripəncəlik, skolioz İİ dərəcə” qoyulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 11 iyul 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Xidmətin Abşeron rayon şöbəsi tərəfindən 2024-cü ilin iyul çağırışı zamanı əlavə tibbi müayinələrə göndərilmiş, dövlət səhiyyə müəssisələrində təyin olunmuş diaqnozlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilmişdir. Bundan sonra İddiaçı Bakı Slavyan Universitetində təhsilini bitirmədiyi üçün xx.xx.2006-cı il tarixədək ona möhlət hüququ verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3932/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin ekspertlərinə həvalə olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçıda əyripəncəlik və ya yastıpəncəlik xəstəliklərindən hansı aşkar olunur? Skolioz xəstəliyi hansı dərəcədə (formada) aşkar olunur? Qərardadda ekspertiza tədqiqatının cavabdehin nümayəndəsinin iştirakı olmadan aparılması qeyd edilsə də, ekspertiza hərbi həkim komisiyyasının mütəxəssisinin iştirakı ilə aparılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyində sözügedən diaqnozların pozuntu dərəcəsi ilə bağlı qoyulmuş suallara aydınlıq gətirilmədiyindən məhkəmə kollegiyası tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2025-ci il tarixli, 2-1(105)-890/2025 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın mütəxəssisləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin mütəxəssislərinin rəyi alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsinin ekspertinə tapşırılmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin 59-cu maddəsində qeyd olunan “Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa)” diaqnozlu xəstəlik üzrə funksiyaların pozulması varmı? Varsa hansı dərəcədədir - mühüm, mülayim, cüzi və yaxud funksiyaların pozulması olmayan obyektiv əlamətlər ilə? Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin 61-ci maddəsində qeyd olunan “Yastıayaqlılıq və ayağın digər deformasiyaları” diaqnozlu xəstəlik üzrə funksiyaların pozulması varmı? Varsa hansı dərəcədədir - mühüm, mülayim, cüzi və yaxud funksiyaların pozulması olmayan obyektiv əlamətlər ilə? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi tərəfindən verilmiş T14/2026 nömrəli, 09 yanvar 2026-cı il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT kodu üzrə M41, Q66.5, M81, M40.0, Q66.0-Onurğanın İİ dərəcəli döş kifo-skoliozu (L=12°, kifotik <46°). Anadangəlmə sağ pəncənin İ dərəcəli (birinci), sol pəncənin İİ (ikinci) dərəcəli yastıpəncəliyi (sağ ayaq H=2,7 mm, <151°, sol ayaq H=22 mm, <154°). Osteoporoz. Anadangəlmə əyripəncəlik” diaqnozu qoyulmuşdur. Eləcə də məhkəmə kollegiyasının iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X7” publik hüquqi şəxsinin həkim-mütəxəssisi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimmütəxəssisinin izahatı alınmışdır. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimmütəxəssisi verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçıda fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri, 2-ci mərhələ kifoz-skolioz diaqnozu mövcuddur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X7” publik hüquqi şəxsinin həkimmütəxəssisi isə verilən suallara cavab olaraq bildirmişdir ki, onların qeyd etdiyi diaqnozda skolioz xəstəliyi 10 dərəcə qeyd edilmişdir, ekspert rəyində isə sözügedən xəstəlik 12 dərəcə qeyd edilmişdir və cüzi fərq mövcuddur. 10 dərəcə 1-ci səviyyəyə uyğundur və hərbi xidmətə yararlı hesab edilir, 12 dərəcə isə 2-ci səviyyəyə uyğundur. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 59-cu maddəsinin c bəndinə fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (İİ mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.) və s. aiddir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinin tələbinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Göründüyü kimi ekspert rəyi və həkim mütəxəssislərin izahatı ilə iddiaçıda onurğanın İİ dərəcəli skoliozunun mövcudluğu öz təsdiqini tapmışdır. Bu isə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 59-cu maddəsinin c bəndinə əsasən iddiaçı barəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması ilə əlaqəli qərar qəbul edilməsi üçün əsas yaradır. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış və iş üzrə yalnış nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2025-cü il tarixli, 2-1(118)-3932/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar