Məhkəmə qərarları › İş №2-1(105)-891/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-891/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-891/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı “minik avtomobilinə tibbi göstərişin təyini” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(118)-4571/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixdən “Yüksək dərəcəli miopiya, hər iki gözündə fəsadlı retinal distrofiya, görmə sinirinin hissəvi atrofiyası” diaqnozu ilə ümumi xəstəlik səbəbindən birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı AR Prezidentinin Administrasiyasına 15 mart 2024-cü il tarixdə müraciət edərək onun mənzil və ya minik avtomobili ilə təmin edilməsini xahiş etmişdir. Müraciətinə aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmış və inzibati orqan 19 aprel 2024-cü il tarixli, 3-17-3/2-Ə-14495/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492S nömrəli sərəncamı çərçivəsində Nazirlik tərəfindən 24 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 7 nömrəli 3 otaqlı mənzillə təmin olunmuşdur. Əlavə olaraq bildirir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin avtomobillə təminatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən həyata keçirilir və sözügedən sənəddə yalnız tibbi göstərişlə minik avtomobili ilə təmin edilməsi üçün əsas yaradan diaqnozu müəyyən edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin avtomobillə təmin edilməsi nəzərdə tutulmuşdur. Ümumi xəstəliklər səbəbindən əlilliyi müəyyən edilmiş şəxs olduğundan və yuxarıda qeyd olunan Qayda ilə müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid edilmədiyindən Nazirlik tərəfindən avtomobillə təmin olunmağınız mövcud qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyi tərəfindən onun barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Anadangəlmə “gözdən əlil” dir. Ona TSEK tərəfindən “Yüksək dərəcəli miopiya, hər iki gözündə fəsadlı retinal distrofiya, görmə sinirinin hissəvi atrofiyası” diaqnozu qoyulmuş və müddətsiz 1-ci dərəcə əlillik (xx.xx.1996-cı il tarixdən) təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarına əsasən avtomobil va motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə ərizələrlə inzibati orqana müraciət etmiş, lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müraciəti təmin edilməmiş və onun diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4 hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Xüsusi səbəbdən əlilliyə aşağıdakılar aiddir. 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədardır. İddiaçının isə əlilliyi ümumi səbəbdən olduğu üçün onun iddiası əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(118)-4571/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci bəndində minik avtomobili şamil olunan şəxslərə ümumi səbəblərdən arasında 1.5.1.4-cü bənddə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər qeyd edilmişdir. İddiaçının əlilliyi isə ümumi səbəblə olsa da anadangəlmə olmuş, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olmamışdır. Habelə onun əlilliyi xüsusi səbəblərdən müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası" na əlavəsinin "Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri" bölməsinin 57-ci bəndində 15-ci sırada qeyd olunan (Əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda) tibbi göstərişə cavab verən əlillər minik avtomobili ilə təmin oluna bilər. Lakin, birinci instansiya məhkəməsi tərəfindən onun iddiası təmin olunmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” nın 6.1.16-cı bəndində “əlilliyi olan şəxslər” qeyd edilmiş, sırf “xüsusi səbəbdən əlilliyi olan şəxslər” nəzərdə tutulmamışdır. Əgər həmin normada xüsusi səbəbdən əlilliyi olan şəxslər nəzərdə tutulursa, bu barədə qeyd edilməli və ya “ümumi əlilliyi olan şəxslər istisna olmaqla” ifadəsi mötərizədə əlavə edilməli idi. Hesab edir ki, əlilliyi ümumi səbəbdən olmasına baxmayaraq, gözdən əlil olduğundan ona minik avtomobili təyin edilməsi barədə göstəriş verilməlidir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”:

1. Ümumi müddəalar

1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir.

3. Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi

3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir.

“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” na əlavə “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddia tələbi iddiaçıya birinci dərəcəli müddətsiz gözdən əlil kimi minik avtomobilinin təyin edilməsinə tibbi göstərişin verilməsi barədədir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən məhz xüsusi səbəblərdən əlilliyi olan, ümumi səbəblərdən isə yalnız Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin avtomobillə təmin edilməsinin nəzərdə tutulduğunu, iddiaçının isə anadangəlmə ümumi xəstəlik səbəbindən əlil olduğundan sadalanan şəxslər dairəsinə aid olmadığı əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” nın yuxarıda istinad edilən 3.1-ci bəndində minik avtomobili ilə təmin edilməsi nəzərdə tutulan əlilliyi müəyyən olunmuş şəxslərin kateqoriyaları koknkret olaraq göstərilmişdir. Belə ki, belə əlilllər sırasına NK-nın 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər aid edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Sadalanan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, qanunverici ümumi səbəblər sırasında Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar və xüsusi səbəblərdən - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin minik avtomobili təmin edilməsini nəzərdə tutmuşdur. İddiaçı isə anadangəlmə “Yüksək dərəcəli miopiya, hər iki gözündə fəsadlı retinal distrofiya, görmə sinirinin hissəvi atrofiyası” diaqnozu ilə ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlil olmaqla, yuxarıda sadalanan əlillər kateqoriyasına aid deyildir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İddiaçı məhkəmə iclasında izahatında tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” na əlavənin 6.1-ci bəndinə istinad edərək həmin bəndin 16-cı hissəsində sırf “xüsusi səbəbdən əlilliyi olan şəxslər” deyil, ümumi olaraq “əlilliyi olan şəxslər” nəzərdə tutulduğundan bu qaydanın ona da şamil edilməli olduğunu bildirmişdir. Belə ki, qeyd edilən Əlavənin 6.1-ci bəndinin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 16-cı yarımbəndində “əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda” minik avtomobil ilə təyin edilməli olduğu qeyd edilmişdir. Kollegiya şikayətin göstərilən dəlilini əsassız hesab edərək bildirir ki, iddiaçının tələbinin əsası olaraq istinad etdiyi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə minik avtobili almaq hüququ olan əlillərin kateqoriyasını müəyyən etmir, qeyd edilən subyektlərin dairəsi yuxarıda göstərildiyi kimi, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci bəndində müəyyən edilmişdir. Hazırkı Əlavədə isə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri ilə bağlı məsələlər tənzimlənmişdir. Yəni, başqa sözlə həmin əlavədə xüsusi səbəblə, habelə Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə minik avtomobili verilməsi ilə bağlı tibbi göstərişlər qeyd edilmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(118)-4571/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar