Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-893/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: dövlət hesabına vəkillə təmin olunma barədə ərizə) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı “vəfat etmiş övladı barəsində yeni ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3938/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş övladı barəsində yeni ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsində iştirak etmək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşlı olduğundan məhkəmədə öz hüquqlarını müdafiə etmək iqtidarında deyildir. Həmçinin, birinci qrup Çernobıl AES və hərbi xidmət əlili olmaqla, aztəminatlı ailə başçısıdır və vəkil xidmətlərindən yararlanmağa maddi imkanı yoxdur. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.4.1-ci maddəsinə əsasən dövlət hesabına vəkillə təmin edilməsini xahiş edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3938/2024 nömrəli qərardadı ilə İddiaçı dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 13 yanvar 2004-cü il tarixli Qanunla təsdiq edilmiş “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələbləri baxımından fiziki şəxslərə inzibati icraat qaydasında baxılan işlərl ilə bağlı pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulmayıb. Konvensiyanın İV-V-ci hissələrinə nəzərə saldıqda pulsuz hüquqi yardımın bütün mülki mübahislərə şamil edilmədiyini müəyyən etmək mümkün olur. İnzibati Prosessual Məcəllənin 31-ci maddəsində tərəflərin məhkəmədə vəkillə təmsil olunmaq hüquqlarının olması ilə bağlı olan qeyd ona dövlət hesabına pulsuz vəkil təyin edilməsi üçün əsas vermir. Mülki Prosessual Məcəlləsindən fərqli olaraq İnzibati Prosessual Məcəlləsində məhkəmənin üzərinə tərəflərə hüquqi yardım göstərilməsi vəzifəsi qoyulmuşdur ki, bu da bir növ vəkilin göstərdiyi hüquqi yardıma bərabər tutulmalıdır. Əks tədqirdə qeyd olunan Məcəllənin 13-cü maddəsi əhəmiyyətini itirmiş olur. Göründüyü kimi İPM-də 13-cü maddə olduğundan həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən MPM-nin müddəalarının tətbiq edilməsi həmin maddənin tələblərinə ziddir. İddiaçının ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.4.1-ci maddəsinin tələbləri mülki işlər üzrə məhkəmələrdə mübahisəsi olan müvafiq şəxslərə şamil olunur. Belə ki, iddiaçının məhkəmədəki mübahisəsi inzibati mübahisə olduğundan, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əliliyi müəyyən edilmiş şəxslərin birinci instansiya məhkəmələrində vəkillə təmin olunmasına dair hər hansı bir müddəanın olması nəzərdə tutulmadığından onun ərizəsinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardaddan narazıdır. Belə ki, məhkəmə onun konstitusion hüquqlarını, qanunla ona verilmiş imtiyaz hüquqlarını nəzərə almamışdır. Məhkəmə onu dövlət büdcəsi hesabına pulsuz vəkillə təmin olunması hüququnu pozan qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin direktoru məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, apellyasiya şikayətinə etiraz edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 61-ci maddəsinin İİ hissəsinə görə qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.4 və 14.5. İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 66. Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Maddə 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, dövlət hesabına vəkillə təmin olunma barədə ərizəyə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş ərizə inzibati məhkəmə icraatı zamanı dövlət hesabına vəkillə təmin olunma barədə olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericilikdə başqa qayda müəyyən edilmədiyi və nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericilik normalarının müddəaları tətbiq oluna bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda qeyd edilən məsələ ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş birbaşa norma olmadığından, habelə İPM-in məhz müvafiq norması (1.2-ci maddəsi) göndəriş xarakterli norma olmaqla, hansı halda mülki prosessual qanunvericilik normasının tətbiq edilməsinin mümkünlüyünü müəyyən etmiş və həmin halı yalnız iki əsasla (İPM-lə başqa qayda müəyyən edilmədiyi və müəyyən edilmiş prinsiplərə zidd olmadığı) şərtləndirmişdir. İndiki halda isə iddiaçıya münasibətdə həmin ərizənin əsaslılığının yoxlanılması ilə bağlı mülki prosessual qanunvericilik normasının tətbiqinə mane olan həmin əsaslardan hər hansı birinin olması aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən dövlət hesabına vəkillə təmin edilmə ilə bağlı məsələni tənzim edən mülki prosessual qanunvericilik normasının əsas mahiyyəti və məqsədi maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin təmin edilməsi və maddi vəziyyəti xarakterizə edən amillərin qeyd edilən hüquqi müdafiənin həyata keçirilməsinə mane olan hal kimi çıxış etməsinin qarşısının alınmasına, bərabər imkanlar və bərabər şəraitin yaradılmasına yönəlmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmamış, qeyd edilən inzibati və mülki prosessual hüquq normasının mahiyyəti və məqsədinə diqqət yetirməmiş, ərizənin əsaslılığı mülki prosessual normanın tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə inzibati və mülki prosessual hüquq normasının tələbinə zidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik normasının tələbinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir, bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə yuxarıda istinad edilən mülki prosessual qanunvericiliyin normalarının tələbi əsas götürülməklə, yenidən baxılmalı, ərizənin əsaslılığı məhz həmin mülki prosessual normanın tələbləri və məqsədi baxımından dəyərələndirilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin məzmununda məhkəmə qərardadının ləğv edilməsi ilə yanaşı,ərizənin təmin edilməsini xahiş etsə də, indiki halda birinci instansiya məhkəməsi tərəfindən ərizəyə müvafiq mülki prosessal qanunvericilik normasının tələbləri baxımından yenidən baxılmalı olduğundan, apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş “dövlət hesabına vəkillə təmin olunma barədə” ərizəyə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3938/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “dövlət hesabına vəkillə təmin olunma barədə” ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-893/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-893/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver