Məhkəmə qərarları › İş №2-1(105)-893/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-893/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-893/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə qarşı Abşeron rayonu Novxanı kəndində yerləşən 788 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli 2-1(118)- 3718/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarından çıxarışdan görünür ki, Abşeron rayonu Novxanı üzümçülük sovxozunun 28 oktyabr 1991-ci il tarixli məktubu nəzərə alaraq, X2 1502 nömrəli torpaq sahəsi verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 227 nömrəli sərəncamından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 268 saylı qərarı ilə X1 adına verilmiş 1502 saylı 1000 kv metrlik bağ sahəsi özünün və ailəsinin razılığı ilə İddiaçı adına keçirilmişdir. Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, 0,0788 ha torpaq sahəsinə dair tərtib edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-9/2-7xx/xx/2025 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin yaxınlığından "xxxx" ASC-yə məxsus elektrik verilişi xətləri keçmir. 1502 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 2001-ci ildən bağçılıq cəmiyyətinin üzvüdür. X3 və İstismarı birliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı adına Bağlar Təsərrüfatı birliyində bağ sahəsi yoxdur. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-3951/2025 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Müraciətdə qeyd olunan torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri, torpaq sahəsinə dair müayinə aktının surəti və torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-8327/2025 nömrəli məktubdan görünür ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən müayinə olunan torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə uyğunluq təşkil edildiyi qeyd edildiyindən, həmin müayinə olunan torpaq sahəsi 0,0788 ha təşkil edir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nömrəli məktubdan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon İcra Hakimiyyətinin 227 saylı xx.xx.2001-ci il tarixli X1 adına olan 1502 saylı torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə sərəncamın arxiv çıxarışını məhkəməyə təqdim edilmişdir. ------Məlumat üçün qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 227 saylı, xx.xx.2001-ci il tarixli sərəncamında da qeyd edildiyi üzrə Abşeron Rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 268 saylı qərarında 1502 saylı torpaq sahəsi X1 adına deyil başqa vətəndaşın adınadır. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi daş hasar daxilində yerləşir. Ev tikilisi var. Torpaq sahəsinin hasar sərhəddində transformator qurğusu və 6 kVt yüksək gərginlikli elektrik xətti keçir. Torpaq sahəsinin faktiki koordinatları ilə bələdiyyənin təqdim etdiyi plandan çıxarış koordinatları uyğunluq təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən ona məxsus 0,10 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən ona məxsus 788 kv metrdən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının 227 saylı sərəncamı ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarı ilə X1 adına verilmiş 1502 saylı 0,10 ha bağ sahəsi özünün və ailə üzvlərinin razılığı ilə iddiaçıya ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi iddiaçının istifadəsindədir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. özəlləşdirilməsi məqsədi ilə 30 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə 321332/2- 14169/24 nömrəli cavab məktubu ilə imtina edilmişdir, imtina məktubunda müraciət etdiyi 0,10 ha torpaq sahəsi barədə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarının X1 adına qeydiyyatdan keçdiyi və bundan başqa sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, imtina məktubunda müraciət etdiyi 0,10 ha torpaq sahəsi barədə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarının ilk dəfə X1 adına qeydiyyatdan keçdiyi məlum məsələdir. X5 özünün və ailə üzvlərinin razılığı və ərizəsi ilə sözügedən torpaq sahəsini özü onun adına keçirmişdir. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2001-ci il tarixli sərəncamı və həmin sərəncamdan çıxarış, 1991-ci il tarixli XDS İcraiyyə Komitəsinin qərarı, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış inzibati orqana təqdim edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2001-ci il tarixli, 227 saylı sərəncamından çıxarışda göstərilən Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarının X1 adına bir dəfə qeydiyyatadan keçdiyi, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kVt) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(118)-3718/2025 nömrəli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli,2-1(118)-3718/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,0778 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 268 saylı qərarı ilə Abşeron rayonu Novxanı üzümçülük sovxozunun 28 oktyabr 1991-ci il tarixli məktubu nəzərə alaraq X2 1502 nömrəli torpaq sahəsi verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 227 nömrəli sərəncamı ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991- ci il tarixli, 268 saylı qərarı ilə X1 adına verilmiş 1502 saylı 1000 kv metrlik bağ sahəsi özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilmişdir. İddiaçı 2001-ci ildən bağçılıq cəmiyyətinin üzvü qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qanuni surətdə bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlüyünə qəbul edilməsi və 0,10 ha torpaq sahəsinin ayrılması iş materialları ilə təsdiq edilir. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq, qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsi 0,0778 ha təşkil edir. Ona görə də, iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, məhz 0,0778 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi dəlilinə münasibətdə qeyd etmişdir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasına məhdudiyyət qoyulmamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2001-ci il tarixli 227 saylı sərəncamından çıxarışda göstərilən Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarının X1 adına bir dəfə qeydiyyatadan keçdiyi; yəni Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarına əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********11 reyestr nömrəli çıxarış verildiyi aşkar edilmişdir. Faktiki olaraq eyni torpaqayırma barədə qərar əsasında bir torpaq sahəsi üzərində mülkiyyət hüququnun artıq qeydiyyata alındığı, cari qərara əsasən isə ikinci torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Bundan başqa sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 izahat verərək, apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izah etdi ki, 1991-ci ildə ona Novxanı qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Lakin o, torpaq sahəsini istifadəsinə və sərəncamına qəbul etməmişdir. Az sonra ona üzvü olduğu bağçılıq tərəfindən torpaq sahəsi ayrılmışdır və o, məhz həmin torpaq sahəsini özəlləşdirmişdir. Hazırda mübahoisə predmeti olan torpaq sahəsi heç vaxt onun istifadəsində olmamış və onun həmin torpaq sahəsinə heç bir iddiası yoxdur. Onun istifadəsində olan və mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi Novxanı qəsəbəsinin tamamilə başqa səmtində yerləşir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Abşeron rayonu, Novxanı kəndində yerləşən 788 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtina cavabı, etiazını və apellyasiya şikayətini iki dəlillə əsaslandırmışdır : 1) Abşeron rayon İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2001-ci il tarixli, 227 saylı sərəncamından çıxarışda göstərilən Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarının X1 adına bir dəfə qeydiyyatadan keçdiyi; 3) torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir; Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. Məhkəmə kollegiyası cavabdehin ilk dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı sənədlər iş materiallarına əlavə edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının gec bağlanması, alqı-satqı aktında vətəndaşın imzasının olmaması, yerquruluşu plandan çıxarışın memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarı ilə Abşeron rayonu Novxanı üzümçülük sovxozunun 28 oktyabr 1991-ci il tarixli müraciəti nəzərə alınaraq, X2 1502 nömrəli torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Daha sonra Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 227 nömrəli sərəncamı ilə, əvvəlki qərara əsasən X1 adına ayrılmış 1502 saylı, ümumi sahəsi 1000 kv m olan bağ torpaq sahəsi onun və ailə üzvlərinin razılığı əsasında İddiaçı adına keçirilmişdir. Bununla da torpaq sahəsi üzrə hüquqların dəyişdirilməsi səlahiyyətli icra hakimiyyəti orqanının müvafiq inzibati aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı 2001-ci ildən etibarən bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş və həmin torpaq sahəsindən bu əsasla istifadə etməyə başlamışdır. Kollegiya qeyd edir ki, mübahisəsi gedən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması öz təsdiqini tapır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,0778 ha təşkil edir. Bu hal nəzərə alınaraq, iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim etmiş, ilkin olaraq göstərilən 0,10 ha deyil, məhz faktiki istifadəsində olan 0,0778 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və həmin sahəyə dair müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddia tələbi faktiki istifadə sahəsinə uyğunlaşdırılmış və hüquqi vəziyyətə uğun olaraq dəqiqləşdirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının istifadəsində olan torpaq sahəsi ilə X1 mülkiyyətində olan torpaq sahəsi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. H.Məmmədov 1991-ci ildə işlədiyi sovxoz təərfindən ona torpaq sahəsinin ayrıldığını, lakin həmin torpaq sahəsindən heç vaxt istifadə etmədiyini izah etdi. Cavabdehin sonuncu dəlili ilə bağlı kollegiya qeyd edir ki, torpaq sahəsinin yerləşdiyi ərazidən yüksək eletrikli enerji xətti keçsə belə, bu hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina kimi çıxış də bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər torpaq sahəsi ilə bağlı deyil, tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin müayinə aktına görə torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi daş hasar daxilində yerləşir. Ev tikilisi var. Torpaq sahəsinin hasar sərhəddində transformator qurğusu və 6 kVt yüksək gərginlikli elektrik xətti keçir. Torpaq sahəsinin faktiki koordinatları ilə bələdiyyənin təqdim etdiyi plan ölçüdən çıxarış koordinatları uyğunluq təşkil edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(118)-3718/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar