Məhkəmə qərarları › İş №2-1(105)-895/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-895/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-895/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SCnin 2 saylı müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2- 1(118)-2969/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür.

2. X7 İnstitutu (indiki Gəncə Dövlət Universiteti) tərəfindən verilmiş diplomdan görünür ki, İddiaçı 1984-1989-cu illərədə həmin universitetin fizika–riyaziyyat fakültəsi üzrə tam kursu bitrmişdir.

3. İddiaçıya aid əmək kitabçasından görünür ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək İsmayıllı rayon Qalagah kənd orta məktəbində müəllimə, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində izoləedici peşəsində işləmişdir.

4. "xxxx" Dövlət Şirkətinin Sumqayıt Sənaye Kommunal Tikinti Birliyi tərəfindən verilmiş 21-k saylı xx.xx.1995-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ll dərəcəli izoləedici peşəsinə işə qəbul edilmişdir.

5. "xxxx" SC-nin 2 saylı müəssisəsinin xx.xx.2006-cı il tarixli 7k saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən işdən azad edilmişdir.

6. "xxxx" SC-nin 2 saylı müəssisəsinin 2001-2005-ci illərin şəxsi hesab vərəqələrindən görünür ki, həmin illər üzrə vergilər ödənilmişdir.

7. X5nın xx.xx.2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, 2 nömrəli trestin 20 saylı X1 1991-1995-ci illərdə, 3 saylı Təsərrüfat hesablı Sahə 1996-1999-cu illərdə, "xxxx" SC-nin 2 saylı müəssisəsi isə 1999-2005-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar vermişdir, 1999-2002-ci illərdə ödəniş olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyun tarixli 487 nömrəli Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr tarixinə olan borc silinmişdir.

8. "xxxx" SC-nin 2 saylı müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1995-xx.xx.2006-cı illərdə idarədə “izoləedici” peşəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının 2290000a-12520 şifri üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verir.

9. "xxxx" SC-nin 2 saylı müəssisəsinin 09/50 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi illərin 1999-2002-ci illərdə sosial sığorta haqqı hesablanmışdır, ancaq ödənilməmişdir. Azərbaycan Respublikas Prezidentinin 11 iyun 2001-ci il tarixli 487 saylı Fərmanına uyğun olaraq noyabr 2003-cü il tarixinə olan borclar silinmişdir. Həmin dövrdə göstərilən müəssisə dövlət sifarişli olan obyektlərin tikintisində işləmişdir və ödənişlər maliyyə çatışmazlığından ödənilmədiyinə görə sosial sığorti haqqı ödənilməmiş və ölkə başçısı tərəfindən silinmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə anadan olmuş, 1984-1989-cu illərdə Gəncə (Kirovabad) X6 oxumuşdur. xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilədək İsmayıllı rayon Təhsil şöbəsinin Qalagah kənd orta məktəbində müəllim işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı peşəsində işləmişdir. İddiaçının ümumi stajı 22 ilə yaxın olmaqla, onun 10 il 3 ayın izolyasiyaçı peşəsində işləmişdir. Bu staj pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 57 yaşdan əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 2023-ci ilin yanvar ayında cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2023ci il tarixli məktubunda cavabdeh fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğunu göstərmişdir. Bundan əlavə göstərilmişdir ki, "xxxx" SC-nin 2 saylı Müəssisəsində olan sənədlərdə xx.xx.1999xx.xx.2002-ci illər və 2004-cü ilin ilk 6 ayı üzrə əmək haqqı deyil, sosial ödənişlərin olmadığı aşkar olunmuşdur. Lakin iddaçının işlədiyi müəssisənin sosial ödənişi edibetməməsi barədə iddiaçının heç bir məlumatı yoxdur. Cavabdehin bu imtinası ilə razılaşmır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

13. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1995-xx.xx.2006cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində izoləedici vəzifəsində işlədiyi qeyd edilib. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisədə saxlanılan sənədlərdə xx.xx.1999-xx.xx.2002-ci illər üzrə, 2004-cü il üzrə isə 6 ay əmək haqqı ödənişlərinin olmadığı müəyyən edilmişdir. Qeyd olunan fakt adı çəkilən müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli birgə akt ilə təsdiq olunmuşdur. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən az təşkil edir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrü xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək ümumilikdə 3 il 6 ay təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına və 9.8-ci maddəsinə əsasən iddiaçının 52 yaşı tamam olduğu 18 avqust 2019-cu il tarixinə iddiaçıya münasibətdə 41280,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12256,21 manat təşkil edirdi.

14. İş üzrə şahid qismində dindirilən "xxxx" SC-nin 2 saylı müəssisəsinin direktoru X4 ifadəsində bildirmişdir ki, iddiaçı 1995-2006-cı illərdə "xxxx" SC-nin 2 saylı müəssisəsində işləmişdir. 1999-2002-ci illlər və 2004-cü ilin ilk 6 ayı üzrə də əmək haqqı ödənilmiş, Dövlət Sosial Müdafiə Fonduna hesabatlar da verilmişdir. İdarənin DSMF və vergi xidmətinə olan borcu Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2003-cü ilin noyabr ayında silinmişdir. 2004-cü ilin əmək haqqı hesablanmışdır. 2006-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 2005-ci ildən qalan borc isə 2006-cı ildə silinmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

15. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)- 2969/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SCnin 2 saylı müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəli 19 yanvar 2020-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş hesabatlar və DSMF-nin X5 tərəfindən verilən məktubla 1999-2002-ci illər və 2004-cü ilin ilk yarımilliyi üçün iddiaçının işlədiyi müəssisə tərəfindən rüblük hesabatların Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öz təsdiqini tapır. Həmin hesabatlar üzrə ödənişlərin aparılıbaparılmadığı artıq iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyildir və bu səbəbdən həmin dövrün onun stajına daxil edilməsindən imtina əsassız hesab edilməlidir. Ödənişləri ödəmək müəssisənin, həmin ödənişlərin ödənilməsini tələb etmək müvafiq dövlət orqanının vəzifələrinə aid olmuşdur.

17. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmış və bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 5 il 8 ay 29 gün (xx.xx.1995xx.xx.1999-cu il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı cavabdehə təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı cəmi 16 il 8 ay 12 gün təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: 1. “Azərsənayetikinti" SC-nin 2 saylı müəssisəsində saxlanılan sənədlərdə xx.xx.1999xx.xx.2002-ci illər və 2004-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Həmçinin xx.xx.1999-xx.xx.2002-ci illər və 2004-cü illər üzrə isə 6 ay əmək haqqı ödənişlərinin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar adı çəkilən müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq olunmuşdur. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına və 9.8-ci maddəsinə əsasən iddiaçının 52 yaşı tamam olduğu 18 avqust 2019-cu il tarixinə iddiaçıya münasibətdə 41280,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12256,21 manat təşkil edirdi. Aydındır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3- 17-1/2-Ə-59057/2023 nömrəli imtina məktubu əsaslıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

31. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 18 avqust 2019-cu il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.

32. İddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil və əmək fəaliyyəti dövrü ilə birlikdə 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.

33. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 5 il 8 ay 29 gün (xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı cavabdehə təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı cəmi 16 il 8 ay 12 gün təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: “Azərsənayetikinti" SC-nin 2 saylı müəssisəsində saxlanılan sənədlərdə xx.xx.1999- xx.xx.2002-ci illər və 2004-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Həmçinin xx.xx.1999-xx.xx.2002-ci illər və 2004-cü illər üzrə isə 6 ay əmək haqqı ödənişlərinin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar adı çəkilən müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq olunmuşdur.

34. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

36. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövr ərzində isə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində izoləedici peşəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.

37. Cavabdehin apellyasiya şikayətinin növbəti dəlilində xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixə kimi və 2004-cü illər üzrə müəssisədə saxlanılan sənədlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlili ilə bağlı bildirir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının sosial sığorta haqlarına istinadən mübahisələndirilən 1999- 2002-ci il tarixləri aralığındakı əmək stajı dövrü məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir. Bu baxımdan, müvafiq olaraq həmin dövrün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır.

39. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

40. Göründüyü kimi 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.

41. "xxxx" SC-nin 2 saylı müəssisəsinin 2001-2005-ci illərin şəxsi hesab vərəqələrindən görünür ki, həmin illər üzrə vergilər ödənilmiş, "xxxx" SC-nin 2 saylı müəssisəsi 1999-2005-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar vermiş, 1999-2002-ci illərdə ödəniş olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyun tarixli 487 nömrəli Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr tarixinə olan borc silinmişdir.

42. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

43. Güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir, "xxxx" SC-nin 2 saylı müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1995xx.xx.2006-cı illərdə idarədə “izoləedici” peşəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının 2290000a-12520 şifri üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verir.

44. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

46. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsinin onun müraciət etdiyi 19 yanvar 2023-cü il tarixdən əvvəlki 3 il, yəni 19 yanvar 2020-ci il tarixdən başlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2969/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar