Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-897/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh icra məmuru Orxan Bağırova qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh icra məmuru Orxan Bağırova qarşı “onun qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 3952/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh icra məmuru Orxan Bağırova qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciətlər etmişdir. Lakin cavabdeh “Vətəndaşların müraciəti haqında” Azərbaycan Respublikası Qanununa məhəl qoymayaraq ərizəsinə cavab verməmişdir. Belə ki, ərizə icra məmuru Orxan Bağırova ünvanlanmış, lakin cavablandırılmamışdır. O bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3952/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İmran Burcayev). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni məzmunlu ərizə ilə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, xx.xx.2023 tarixli, 8(060)-498/2023 saylı qərardadına əsasən bu işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olduğu bildirilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-92/2023, xx.xx.2023-cü il tarixli qərarı belə olmuşdur. “Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(060)-498/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.” Onun Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı şikayət ərizəsi inzibati orqan məmurunun hərəkətsizliyindən və mahiyyətcə məcburetmə haqqında iddia xarakterli olduğundan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsində aydın ifadə olunmuş fikrə tam uyğundur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respulikası Konstitusiya məhkəməsi Plenumunun10 oktyabr 2017-ci il traixli Qərarının məzmununda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Cavabdeh icra məmuru Orxan Bağırova qarşı “onun qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi” tələbi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, indiki halda iddiaçının iddia tələbi icra məmurunun qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı olmuşdur ki, qeyd edilən tələb məhkəmə (mülki və ya inzibati) qaydasında baxılmalı olan tələb qismində çıxış etməmişdir. Belə ki, icra haqqında qanunvericiliyin tələbinə əsasən icra sənədinin icrası ilə bağlı tələbkar, borclu şəxs və digər şəxslərin icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək hüququnun olduğu qeyd edilmişdir. İndiki halda isə iddiaçının tələbi icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətlə bağlı olmamış, icra məmurunun məsuliyyətə cəlb edilməsini tələb etmişdir ki, qeyd edilən tələb məhkəmə mübahisəsinin predmeti qismində çıxış etməməklə, məhkəmə qaydasında baxılmalı olan tələb kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi məhz məhkəmə qaydasında baxılmalı olmadığından, bu əsasla iddia mümkün sayılmamalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmalı əsasını istinad etməklə, işin hallarını yalnış qiymətləndirsə də, iş üzrə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının istinad etdiyi icra sənədi “alimentin tutulması” tələbi ilə bağlı olduğundan, qeyd edilən tələb isə məhz mülki xarakterli hüquq münasibətlərindən irəli gəldiyindən, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətə məhz mülki məhkəmə icraatı qaydasında (icra sənədini vermiş ümumi məhkəmədə) baxılmalı olduğundan, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağı hüquqi yardım edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Bu baxımından indiki halda iddiaçının etdiyi müraciətləri də məhz məhkəmə tərəfindən verilmiş icra sənədi ilə bağlı olduğundan, qeyd edilən icra sənədi üzrə tələb mülki xarakterli münasibətlərə aid olduğundan, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətə məhz mülki məhkəmə icraatı qaydasında icra sənədini vermiş müvafiq rayon (şəhər) məhkəməsində baxılmalıdır. Eyni zamanda iddiaçıya izah edilsin ki, əvvəlki mülki məhkəmə icraatı qaydasında irəli sürdüyü iddia tələbinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozduğuna görə icra məmurunun qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı olması halını nəzərə alaraq (hansı ki qeyd edilən tələbə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir), məhz müvafiq icra sənədini icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətlə bağlı tələblə mülki məhkəmə icraatı qaydasında müvafiq icra sənədini vermiş rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə yuxarıda istinad olunan əsasla iddia mümkün sayılmamalı və birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməlidir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3952/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-897/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-897/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver