Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-899/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcların silinməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4086/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, notariat fəaliyyəti ilə məşğul olur və hazırda 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusudur. Bu illər ərzində vergi ödəyicisi kimi öhdəliklərini, o cümlədən, məcburi dövlət sosial sığorta ödənişlərini tam həcmdə və vaxtı-vaxtında ödəmişdir. Lakin cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli, **********804300 nömrəli “Bildiriş” də əsasən onun MDSS üzrə ümumlikdə 41 867.13 manat (o cümlədən, 27 106.11 manat əsas, 14 761.02 manat isə faiz borcu) məbləğində borcunun olması göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********997500 nömrəli bildirişində göstərilmişdir ki, iddiaçının həmin tarixə 41,435.10 manat olmaqla, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 26,877.64 manat, faizlər üzrə isə 14,557.46 manat borcu var. Hesab edir ki, onun 2017-2023-cü illər üzrə hər hansı vergi borcu olmamışdır və hazırda da yoxdur. Belə olan halda, cavabdehin onun barəsində hesabladığı borc məbləği əsassızdır. Həmçinin, sonrakı dövrlər üçün ödədiyi MDSS haqları onun barəsində hesablanan borcların ödənilməsinə yönəldilmişdir. Beləliklə, də hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Onun barəsində hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. Verdiyi sorğulara əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən 2018-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı məbləğinin 24629,13 manat (Gəlir(140947,98)-Xərc(17802,29))*20%) təşkil etməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən müvafiq MDSS bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. xx.xx.2019-cu il tarixli **********732400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən iddiaçı barəsində 2018-ci ilin 4-cü rübü üzrə MDSS Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300) kodlu bəyannaməsi üzrə 24629,13 manat analoji qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********890900 nömrəli kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd olunan borc məbləğinin, əsassız və qanunsuz hesablandığını, hesablanmış borcların yaranmasına əsas olmuş sənədlərin və qərarın ona təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı bildirilir ki, 2018-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı məbləğinin 24629,13 manat təşkil etməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən müvafiq MDSS bəyannaməsi təqdim edilmədiyi üçün yaranmış kənarlaşma ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixli **********732400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub iddiaçının elektron poçtuna göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 08:22 uyğunsuzluq məktubu oxunmuş, lakin qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Həmin məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 24629,13 manat vergi məbləği hesablanılmış, vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********890900 nömrəli kameral hesablama barədə qərarı qəbul edilmiş, qərar xx.xx.2019-cu il tarixdə iddiaçının elektron poçtuna göndərilmiş, xx.xx.2019-cu il tarixdə saat 17:26-da oxunmuşdur. Göründüyü kimi iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019cu il tarixli **********890900 nömrəli kameral hesablama barədə qərarla tanış olmuş, ancaq qeyd olunan qərarı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4086/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim:C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti inzibati orqana müraciət edilməsindən ibarətdir. Hazırki halda cavabdeh tərəfindən onun barəsində “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsini tələb edir. Lakin, onun tərəfindən hazırki tələblə cavabdeh inzibati orqana müraciət edildiyi müəyyən olunmur. Bu baxımdan, iddia mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş qərarlardan, ümumiyyətlə, məlumatı olmamış, yalnız cavabdehin etiraz ərizəsindən sonra xəbəri olmuşdur. Belə olan halda, hesab edir ki, onun İPM-nin 54.1-ci maddəsinə müvafiq olaraq iddia tələbinin dəyişdirilməsi hüququ vardır. Lakin, işə baxan məhkəmə prosessual hüquqlarını pozaraq işin araşdırılmasına şərait yaratmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.1-ci və 3.3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Lakin, məhkəmə yardım etmək vəzifəsini yerinə yetirmədən iddianı mümkün saymamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi (vəkili) elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi vergi orqanı tərəfindən onun barəsində muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlərə görə məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış bütün borcların silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən borcların silinməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət edilmədiyi, bununla da hazırki öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtinin ödənilməməsi əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. Belə ki, iddiaçı tələbində ümumi şəkildə məcburi dövlət sosial sığorta haqqı üzrə cavabdeh orqan tərəfindən onun barəsində hesablanmış borcların silinməsini xahiş etmiş, iddia ərizəsinin dəlillərində isə cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********804300 nömrəli bildirişə əsasən onun MDSS üzrə ümumilikdə 41867.13 manat (27106.11 manat əsas borc, 14761.02 manat faiz məbləği) vergi borcunun olduğunun göstərildiyini və onun həmin borcla razılaşmadığını bildirmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsinə etiraz və etiraza əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borcun yaranma əsası inzibati akt olmuşdur. Belə ki, cavabdehin xx.xx.2019cu il tarixli, **********890900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçı barəsində müvafiq olaraq MDSS- Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300) kodlu bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 24629,13 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6-cı və 7-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən, əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Plenum qərarında qeyd edildiyi kimi, iddianın mümkünlüyü məsələsinə baxılarkən, məhkəmə ilk növbədə iddiaçının hazırki iddia üzrə hüquqi marağını, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə almalıdır. İşin qeyd edilən halı nəzərə alınarsa hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağının olmadığı görünür. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı barəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsini tələb etsə də, təqdim edilmiş sənədlərdən görünür ki, həmin borc hazırda qüvvədə olan əlverişsiz inzibati akt əsasında hesablanmışdır və iddiaçı qeyd edilən inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırmadan borcun silinməsinə dair məqsədə nail ola bilməz. Bu halda məhkəmə yardım etmə vəzifəsinə uyğun olaraq iddiaçıya yanlış iddia növünün münasibi ilə əvəz olunması istiqamətində yardım etməli idi. Lakin hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, ona hüquqi marağına uyğun mübahisələndirmə haqqında iddia qaldırması istiqamətində hüquqi təkliflər verməmiş, bunun üçün ağlabatan vaxt təyin etməmiş və nəticədə prosessual qanunla üzərinə qoyulan vəzifələri yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Plenum Qərarının 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Plenum qərarının hüquqi yardımla bağlı yuxarıda qeyd edilən bəndlərinin tələblərindən göründüyü kimi işə baxan məhkəmə işin hallarını tərəflərlə müzakirə etməli və bundan sonra zəruri olduğu hallarda onlara hüquqi yardım göstərməlidir. Eləcə də, belə hüquqi yardım məhkəmə tərəfindən iclasda olduğu kimi tərəflə aparılan yazışmalar vasitəsilə də göstərilə bilər. Hazırki iş üzrə isə məhkəmə tərəfindən tərəflərə ünvanlanmış 27 iyul 2023-cü il tarixli sərəncamdan, eləcə də, həmin tarixli müşayiət məktubundan görünür ki, həmin məhkəmə aktlarında iddianın mümkün sayılmamasına səbəb olan hallar barədə, o cümlədən, 10 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında məhz iddianın mümkünlüyü məsələsinə baxılması barədə iddiaçıya, ümumiyyətlə, məlumat verilməmişdir. İddiaçının dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün hətta məhkəmə aktının məzmunu ilə bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız hüquqi yardım məqsədilə tərəfi dəvət etməməli, məhkəmə aktında baxılmaqda olan iş barədə məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, iddiaçı işin faktiki və hüquqi vəziyyəti, o cümlədən iddianın mümkün sayılmamasına əsas olan hallar barədə dolğun məlumat sahibi olsun. İddiaçı yalnız bu qaydada məlumat sahibi olduqda məhkəmənin gözlədiyi şəkildə iddia tələblərini dəqiqləşdirə bilər. İşdən görünür ki, 10 oktyabr 2023-cü il tarixli hazırlıq iclasında iddiaçı iştirak etməmiş, məhkəmə iddianın mümkünlüyü məsələsinə onun iştirakı olmadan həmin iclasda baxaraq iddianı mümkün saymamışdır. Halbuki, məhkəmə hüquqi yardım vəzifəsindən irəli gələrək iddianın mümkünlüyü ilə bağlı halların iddiaçı ilə müzakirəsini təmin etmək məqsədilə növbəti məhkəmə iclaslarında onun iştirakını təmin etməli, buna nail ola bilmədiyi halda isə onunla yazışmalar apararaq qeyd olunan halları iddiaçının diqqətinə çatdırmalı, eləcə də həmin halların aradan qaldırılması üçün ağlabatan vaxt təyin etməli idi. Odur ki, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin yardım etmə vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməklə və iddiaçının dinlənilmə hüququ təmin edilməklə, irəli sürülən iddia tələbinin mümkünlük şərtlərinin yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4086/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcların silinməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-899/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-899/2023
29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver