Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-899/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: müddətsiz əlilliyin əlillik altsistemdə bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “müddətsiz əlilliyin əlillik altsistemdə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5446/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, xx.xx.1995-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncunun müayinəyə dair məlumatından görünür ki, xx.xx.2025-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçı barəsində “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-1950/2025 saylı, mart 2025-ci il tarixli qərarının iddiaçıya aid hissədən görünür ki, onun barəsində Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 121 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti zamanı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində Çernobıl AES-ın qəzanın aradan qaldırılmasında iştirak etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, barəsində xx.xx.2025-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilərək, qüvvədə olan əlilliyi ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin hərəkətlərini qanunsuz hesab etməklə ona hərbi xidməti vəzifələrini yerinə yetirərkən Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı 1995-ci ildən təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlilliyi ilə bağlı məlumatlarının “Əlillik” altsistemində ləğv olunduğu tarixdən bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1966-cı ildə anadan olmuş, xx.xx.1985- ci ildən xx.xx.1987-ci il tarixə kimi keçmiş Sovet Ordusunun Silahlı Qüvvələrində müddətli hərbi qulluqçu kimi xidmət etmiş və hərbi xidmətdə olan zaman xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixə kimi Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş, şüalanmaya məruz qalaraq sağlamlığını itirmiş və 1993-cü ildən iddiaçıya 2-ci dərəcəli müddətli əlillik, 1995-cı ildən isə 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmiş və 2025-ci ilin aprel ayına kimi təyin edilmiş əlillik müavinətini almışdır. Cavabdeh orqan tərəfindən onun yaşadığı ünvana xx.xx.2025-ci il tarixdə bildiriş gəlmiş və həmin məktubla bildirilmişdir ki, ona əlilliyini təsdiqləyən sənədlərini təqdim etməlidir. Həmin orqanda olmuş və ona bildirilmişdir ki, əlilliyi ilə bağlı altsistem arayışında əlillik səbəbi “Çernobıl AES-da hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” sözləri yazılmış, lakin bu barədə ilkin tibbi sənəd guya cavabdeh orqanda aşkar edilməmişdir, bu səbəbdən də ona müvafiq orqanlara müraciət etmiş və cavabdeh orqana təqdim etmiş, lakin həmin sənədlərin təqdim edilməsinə baxmayaraq, 2025-ci ilin aprel ayında onun pensiya kartına vəsait daxil olmadıqda rəsmi qaydada cavabdeh orqana müraciət etmiş və aldığı xx.xx.2025-ci il tarixli məktubdan sonra məlum olmuşdur ki, cavabdeh orqana sənədlər təqdim olunduqdan sonra cavabdeh guya onda olan diaqnozun öz təsdiqini tapmamasını əsassız səbəb kimi göstərməklə onun qüvvədə olan əlilliyini ləğv etmişdir. Halbuki, bununla bağlı qərardan onun məlumatı olmamış, bu barədə SMS bildirişi göndərilməmişdir. Cavabdehin müddətsiz əlilliyini ləğv etməsi üçün əsaslar olmamış və onun bu hərəkəti qanunsuz hərəkət kimi qəbul olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, 2 (iki) nəfərin ünvanına xx.xx.2025-ci il tarixinə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi Sosial Ekspert Komissiyası 2 (iki) nəfərin tibbiekspert sənədlərini və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış və müəyyən etmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.1995-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci bəndinə müvafiq olaraq, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Əlillik təyin edilmiş diaqnoz “Toksiki ensefalopatiya kəskin asteno-nevrotik sindrom (DSMF məlumatlarına əsasən)” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2- N690/2025 nömrəli məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı dair Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başında səs, yuxu və yaddaş pozuntusu, fikir dağınıqlığından şikayətlənmiş, “Diabetes”, “Serebrastin”, “Tioqamma”, “Deprazin” qeyd edilmiş reseptlər təqdim etmişdir. Anamnestik məlumatlarında 1986-cı ildə Çernobılda baş vermiş hadisədə iştirak etdiyini, lakin bu haqda yalnız hərbi biletində qeyd aparıldığını vurğulamış, ekspert rəyi, hərbi Qərar/şəhadətnamə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa hərbi qərarın/şəhadətnamənin təqdim olunmadığı (Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmədiyi) təqdirdə sənədlərinin natamam olması səbəbi ilə müvafiq qərar veriləcəkdir. Buna baxmyaraq, vətəndaş bu günə kimi heç bir hərbi sənəd təqdim etməmiş, vətəndaş ilə əlaqə saxlanıldıqda Müdafiə Nazirliyini məhkəməyə verəciyini bildirmişdir. Bundan irəli gələrək obyektiv, ekspertiza üçün əhəmiyyətli məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından və tibbi sənəd natamamlığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5446/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2025-ci il tarixdən 2-ci qrup Çernobıl AESdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixə kimi keçmiş Sovet Ordusunun Silahlı Qüvvələrində müddətli hərbi qulluqçu kimi xidmət etmiş və hərbi xidmətdə olan zaman xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixə kimi Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş, şüalanmaya məruz qalaraq sağlamlığını itirmiş və 1993-cü ildən iddiaçıya 2-ci dərəcəli müddətli əlillik, 1995-ci ildən isə 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2025-ci ildə aparılmış qiymətləndirmə nəticəsində “Diaqnozun öz təsdiqini tamaması” barədə qərar qəbul edilmişdir. Tibbi- Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-1950/2025 saylı, mart 2025-ci il tarixli qərarı ilə Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 1995-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, iddiaçını əyani müayinəyə cəlb etmədən 2025-ci ildə əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyəti xx.xx.1995-ci ildə qiymətləndirilmiş və ona ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmişdir. Cavabdeh 26 mart 1995-ci il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırki mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazı belə təhrif edərək, guya etirazı şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq müvafiq tibbi-ekspertiza və ya əyani müayinəyinin keçirilməsi barədə qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar iddiaçının mövcud tibbi sənədləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Qeyd olunan diaqnoz “Diaqnozun öz təsdiqini tapmaması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müddətsiz əlilliyin əlillik altsistemində bərpa edilməsindən ibarət olmuşdur. İşin müabhisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslar olduğundan, iş üzrə icraatı təzələməklə, iddiaçını əyani müayinəyə dəvət etmiş, daha sonra iddiaçı əyani müayinədə iştirak etməsə də, onun barəsində diaqnoz diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edərək, iddiaçının barəsində əlilliyi əlillik altsistemində (elektron sistemdə) ləğv edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.1995-ci il tarixdən “Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə” səbəb əlaqəsi ilə ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, bu barədə məlumat əlillik altsistemində (elekton sistemdə) mövcud olmuş, habelə ona dair arxiv məlumatları (TSEK tərəfindən tərtib edilmiş müvafiq formalı müayinə aktları) da mövcud olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məktub ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2025-ci il tarixdə əyani müayinəyə dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə iddiaçı barəsində “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilmiş, 2025-ci ilin aprel ayınadək pensiya ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlilliyin təyin edilməi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsas kimi iddiaçı tərəfindən Çernobil hadisəsində iştirak etməsinə dair Hərbi şəhadətnamə və ya qərarın təqdim edilməməsi halının aşkar edilməsi, hazırki halda da həmin sənədlərin təqdim edilməməsi halına və bu halın isə müxtəlif risk qrupları üzrə araşdırılma aparılmasına əsas olan hal kimi çıxış etməsi hallarına istinad etmişdir Kollegiya ilk növbədə iddia müddətinə dair tələbə riayət edilib-edilməməsi əsası ilə iddianının mümkünlüyü ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qərarı xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, iddiaçıya həmin qərarın hansı tarixdən elan edilməsi və ya təqdim edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilən qərar elektron sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. İddiaçıya isə həmin əsasla pensiya ödənişi 2025-ci ilin aprel ayınadək həyata keçirilmişdir.Cavabdeh tərəfindən isə həmin halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.İddiaçı tərəfindən isə iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. İşin müəyyən edilmiş həmin hallarından görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Kollegiya iddianın əsaslılığı və cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materialları əsasında iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə həmin məlumatlar əlillik alt sistemində də öz əksini tapmış, iddiaçıya həmin əsasa görə pensiya ödənilmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Eyni zamanda yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində diaqnoz xəstəliyin öz təsdiqini tapmaması əsası ilə əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda əvvəlki qərraın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına və əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində iddiaçı tərəfindən Çernobil hadisəsində iştirak etməsini təsdiq edən Hərbi şəhadətnamə və ya qərar təqdim edilmədiyindən, müxtəlif risk qurupu üzrə araşdırma aparılması halına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının Çernobil hadisəsində iştirak etməsinə dair müvafiq qeyd ona məxsus olan hərbi biletdə öz əksini tapmışdır. Məhz cavabdeh inzibati orqan 1995ci ildə həmin məlumatı əsas götürməklə, iddiaçı barəsində qeyd edilən səbəb əlaqəsi ilə əlillik təyinatı aparmışdır. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hallar iddiaçı barəsində əlillik təyinatının aparıldığı (1995-ci ildə) vaxtda da mövcud olmuş, cavabdeh quruma həmin hallar aşkar olmuşdur. Nəticə etibarilə, şəxsin sağlamlıq vəziyyətinin əlilliyin qiymətləndirilməsi barədə qanunvericiliyin tələbləri baxımından yoxlanılması və onun nəticəsinə uyğun olaraq əlillik təyinatının aparılması səlahiyyəti TSEK-ə aid olmuş və onun tərəfindən həmin məlumatlar əsasında belə bir qiymətləndirmə aparılaraq, iddiaçı barəsində müddətsiz əlillik təyinatı aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində həmin vaxtda mövcud olmuş məlumatlar əsasında qəbul etdiyi qərar əsasında əlillik təyinatı aparıldığı halda, habelə 1995-ci il tarixdən 2025-cü il tarixədək uzun bir müddət keçdikdən sonra həmin məlumatların (hansı ki hərbi biletdə əks olunmuşdur) mötəbərliyini “iddiaçının Çernobil hadisəsində iştirakını təsdiqn edən şəhadətnamə və ya qərarın təqdim edilməməsi” halına istinad etməklə, öz qərarının düzgünlüyünü şübhə altına alması qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. Başqa sözlə desək, cavabdeh inzibati orqan tərəfindən “əsaslı şübhə”ni ümumi sözlər və formal (əlillik təyinatı zamanı əsas götürülmüş məlumatın 30 il müddət keçdikdən sonra heç bir əsas olmadan təkzib edilməsi) şəklində ifadə edilməklə, habelə risk qrupuna daxil edilmənin əsaslarına dair hər hansı sübut (audit yoxlaması, xidməti araşdırmanın nəticəsi və s.) təqdim edilməmişdir. Nəticə etibarilə cavabdehin istinad etdiyi hal ümumi söz şəklində ifadə edildiyindən, habelə işin yuxarıda müəyyən edilmiş halları aşkar olduğundan formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan halın “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Belə ki, məhkəmə təcrübəsində 5 il müddətində əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsinə 1 il qalmış onun əyani müayinəyə cəlb edilməklə TSEK-in əvvəlki qərarının düzgünlüyünün yoxlanılması ilə bağlı mübahisəyə də rast gəlinmişdir. Əlilliyin ləğvi ilə bağlı inzibati işlərin həlli zamanı inzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmadığı mübahisəsiz aşkar olduğu hallarda məhkəmələr tərəfindən əlilliyin ləğvi üçün əsas olub-olmaması, yəni şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırma aparılmalıdır.” Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. .... “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir....” Eyni zamanda qeyd edilməlidir ki, yuxarıd istinad ediən müvafiq Qaydaların 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 1995-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 10 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadan inzibati icraatın təzələnməklə, əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilməsi qanunvericiliyin istinad olunan normalarının da tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5446/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.