Məhkəmə qərarları › İş №2-1(105)-9/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-9/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-9/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(085)-1801/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli 12/2 saylı qərarı ilə ayrılmış Quba şəhəri ərazisində yerləşən 0.05 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı(bundan sonra iddiaçı) mülkiyyətinə verilmişdir. İddiaçı qeyd şəhadətnamə əsasında 0.05 hektar torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 14 oktyabr 2019-cu il tarixli, **********08 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya məxsus JN 657 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkınə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-657 kod 31301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 657 kod 30301004 saylı şəhadətnamənin cavabdehin bazasında öz əksini tapmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə təhvil verilməməsi, arxivdə olan şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmaması iddiaçının təqsirindən baş verməmişdir və onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdeh iddia ərizəsinə etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(085)- 1801/2019 nömrəli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(085)-1801/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020-ci il tarixli, 2-1(105)-234/2020 nömrəli qərarı ilə (sədrlik edən: F.G.Zeynallı, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(085)-1801/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2-1(102)-2053/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020ci il tarixli 2-1(105)-234/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Kassasiya instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, ....formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olubolmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırılma aparılmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi JN 657 KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətin icrası mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək iddia ərizəsi ilə eyni məzmunda ifadə verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin izahatında əlavə olaraq bildirdi ki, qeyd edİlən torpaq sahəsi iddiaçıya bələdiyyənin qərarı ilə ayrılmışdır. Bələdiyyə tərəfindən iddiaçiya 8 sot torpaq sahəsi ayrılmış, həmin sahənin 03 sotunu iddiaçı faktiki olaraq başqa şəxsə satdığından, torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməni 5 sota almışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati icraat haqqında Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz, apellyasiya və kassasiya şikayətlərinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus JN 657 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkınə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlili əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...); 8.0.4. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. İşin hallarına uyğun olaraq maddələrin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılması üçün əsas aşağıdakılardır: - bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktı; - icra hakimiyyəti orqanının verdiyi torpaq sahəsi üzərində hüquqları təsdiq edən şəhadətnamə. Bu tələblərə uyğun olaraq kollegiya qeyd edir ki, iş materiallarında olan 12 may 2006-cı il tarixdə verilmiş JN 657 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli, 12/2 saylı qərarı ilə ayrılmış Quba şəhəri ərazisində yerləşən 0.05 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Ali Məhkəmənin göstərişlərinə əsasən, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X2 fililalı tərəfindən təqdim edilən Quba Bələdiyyə iclasının 28 mart 2005-ci il tarixli 03 saylı protokolunun 12/2 nömrəli qərarının arxiv surətindən görünür ki, Quba Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununa müvafiq olaraq Quba Bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba şəhəri, Qaqarin küçəsi, 34 saylı evdə yaşayan İddiaçı 17 mart 2005-ci il tarixli 36 saylı ərizəsi nəzərə alınaraq haqqı ödənilməklə fərdi yaşayış evi tikintisindən ötrü Quba şəhərinin 31-ci məhəlləsindən 20.0m x 40.0m = 800 (səkkiz yüz) kvadrat metr torpaq sahəsinin ayrılması qərara alınmış və ayrılmış torpaq sahəsinə dair situasiya planı tərtib edilmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli, C-09 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aiddir, hüquqi statusuna görə torpaq sahəsi elektron baza məlumatlarındakı DWJ xəritələrinə görə bələdiyyə mülkiyyətində olan torpalara aiddir. Beləliklə, tədqiq edilmiş sübutlara əsasən müəyyən olunur ki, iddiaçıya Bələdiyyənin 28.03.2005-ci il tarixli 12/2 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi ayrılmış və onun 0.05 ha hissəsi üzərində hüququ müvafiq şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Belə olan təqdirdə kollegiya hesab edir ki, bələdiyyə qərarı əsasında tərtib edilmiş şəhadətnamə torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsasdır. Cavabdehin mübahisələndirdiyi məsələ şəhadətnamənin verilməsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında məlumatın olmaması ilə bağlıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsində aşağıdakı qayda müəyyən edilmişdir: - 9.1-ci maddəyə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Lakin kollegiya hesab edir ki, iddiaçıya verilən şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməsi üçün əsaslar olmadığına görə cavabdehin imtinası qanunsuz olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati icraat haqqında Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnzibati icraat haqqında Qanunun 19-cu maddəsinə müvafiq olaraq inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh orqan bələdiyyə qərarı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqiliyini şübhə altına alan hər hansı sübut və ya dəlil təqdim etməmiş, iş materiallarında da belə sübutlar aşkar edilməmişdir. Bu baxımdan, sözügedən bələdiyyə qərarı və şəhadətnamə mötəbər sənədlərdir. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, habelə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Hazırkı iş üzrə isə cavabdeh imtinasında qeyd edilən xüsusatları ümumiyyətlə qeyd etməmiş, müraciətin icrasından imtina edərkən sözügedən Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç birinə istinad etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə qərarı, iddiaçıya məxsus şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Bundan əlavə, iddiaçıya 28.03.2005-ci il tarixdən qanuni əsaslarla ayrılmış və istifadəsində olan torpaq sahəsi ilə bağlı digər şəxslərlə hər hansı bir mübahisənin olması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi onun mülkiyyət hüququnu pozur. Beləliklə, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının dövlət tərəfindən tanınmış mülkiyyət hüququndan tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2-1(085)- 1801/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar