Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-90/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı «şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi» tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2-1(118)-793/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz otuz doqquz manat, otuz üç qəpik) manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial X3 rayon şöbəsi onlara qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “X1” xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinə sığorta haqqını ödəmədiyini, sonradan əmələ gəlmiş borcun ödənilməsini həyat keçirmədiyini, nəticədə 43.103 manat 93 qəpik əsas borc, tətbiq olunmuş maliyyə sanksiyası üzrə 14.893 manat 63 qəpik, ümumilikdə 57.997 manat 56 qəpik məbləğində borcu yarandığı halda, cavabdeh tərəfindən borcun ödənilməsinin təmin edilmədiyini bildirərək, 01 yanvar 2017-cı il tarixinə yaranmış 57997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun əmlakın satılması yolu ilə Quba rayon şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2- 1(85)2319/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin iddia tələbi təmin edilmişdir. Həmin qərarla razı olmadığı üçün cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli, 2- 1(105)-28/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 12 iyul 2017- ci il tarixli qərarı cavabdehdən 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24.439 manat 33 qəpik məbləğində borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon şöbəsinin xeyrinə tutulması hissəsində dəyişdirilərək, cavabdehdən 01 yanvar 2017ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması, qərarın qalan hissədə dəyişdilmədən saxlanılması qərara alınmışdır.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarından iddiaçı Dövlət Sosial X3 rayon şöbəsi kassasiya şikayəti verərək məhkəmə qərarını dəyişdirərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1456/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli, 2-1(105)-28/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərar icra edilməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2319/2017 nömrəli, 08 aprel 2019-cu il tarixli icra vərəsinə əsasən cavabdeh İddiaçındən 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pul cavabdehin əmlakın satılması yolu ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin xeyrinə tutulmalıdır. Qeyd edilən icra vərəqəsi üzrə icraata başlanılmışdır. Lakin buna baxmayaraq 01 yanvar 2017- ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24.439 manat 33 qəpik məbləğində borc pul müəssisənin şəxsi hesab vərəqəsində qalmış və silinməmişdir. Həmin borcun silinməsi üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilsə də, 28 oktyabr 2019-cu il tarixdə araşdırmada iştirak edilməsi haqqında bildiriş göndərilmişdir. Həmin borcun silinməsi ilə bağlı araşdırmada iştirak edilsə də, 3 saylı Ərazi Vergilər İdarəsinin 14 noyabr 2019-cu il taixli məktubu ilə borcun silinməsindən imtina edilmişdir. Bundan sonra həmin borcun məhkəmə qərarına əsasən təmin edilmədiyi əsas gətirilərək silinməsi üçün ətraflı Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmişdir. Vergilər Nazirliyinin katibliyin baş direktoru Nigar Alimovanın müraciətə cavabında qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi ilə əlaqədar olmadığı üçün həmin qərar borcun silinməsi üçün əsas olmaması göstərilmişdir.Lakin hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsi ona qarşı 57.997 manat 56 qəpik məbləğində borc tələb etsə də, məhkəmə həmin borcun 24.439 manat 33 qəpik məbləğində hissəsini təmin etməmişdir. Təmin edilməyən hissədə borcun yenidən tələb olunması isə absurdur. Bundan başqa 3 saylı Ərazi Vergilər İdarəsi müraciətə cavabda borcla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarını əsas gətirmiş, lakin məhkəmə qərarı qəbul edilən zaman, yəni 06 aprel 2018-ci il tarixdə həmin qərar olmadığı üçün qərar ona tətbiq edilə bilməz. Ona ünvanlanmış məktubda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etməsi, həmin qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməməsi qeyd edilmişdir. Ona ünvanlanmış məktubda mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınmasının hər-hansı müddətlə məhdudlaşdırılmaması qeyd edilmiş, Konstutusiya Məhkəməsinin sözgedən qərarına istinad olunaraq dolayısı ilə ondan məhkəmə qərarı ilə silinmiş borc tələb edilmişdir. Onunla Dövlət Sosial X3 rayon şöbəsi arasında məcburi dövlət sosial sığorta haqları üzrə borcun onun əmlakın satılması yolu ilə tutulması tələbinə dair məhkəmə qərarları: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-2319/2017 nömrəli qərarı, 12 iyul 2017-ci il tarixdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 28/2018 nömrəli qərarı, 06 aprel 2018-ci il tarixdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1456/2018 nömrəli qərarı, 10 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərar dərhal qüvvəyə minmişdir.Hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı isə 24 aprel 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.Yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən vaxt artıq 10 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvəyə minmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bundan başqa Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanunun 7.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar - qərarın özündə göstərilən vaxtdan qüvvəyə minir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Beləliklə yuxarıda qeyd edilənlərə əsasən barəsində çıxarılmış və dərhal qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1456/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinin şərh edilməsinə dair qərarına istinad olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarında tutulması göstərilməmiş borcun ondan tələb olunması Azərbaycan Respublikası Konstutisiyasına ziddir. Belə hal onun vəziyyətinin pisləşməsinə gətirib çıxarır və bununla razı deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc və həmin borca hesablanmış faizlərin silinməsi qərara alınmışdır ( hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-142/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi hakim Hökümə Babayeva, hakimlər Zaur Məmmədov və Ruhiyyə Əsgərova). Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1443/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-142/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və Səyyad Kərimov). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-90/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi hakim İlqar Dəmirov, hakimlər Zahid Məmmədov və Rəşadət Ağayev). Sonradan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının direktoru vəsatətlə məhkəməyə müraciət edərək Filialın üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-90/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(105)-90/2022 nömrəli qərarı ləğv edilmiş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxılması təzələnmişdir (sədrlik edən və məruzəçi hakim İlqar Dəmirov, hakimlər Zahid Məmmədov və Rəşadət Ağayev). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini məhkəməyə ünvanladığı iddia tələbinə qarşı etiraz ərizəsi ilə eyni qaydada əsaslandıraraq göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial X3 rayon şöbəsi iddiaçı kimi cavabdeh İddiaçı MMC -yə qarşı xx.xx.2017-ci il tarixə yaranmış 57997,56 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə etdiyi müraciət iqtisadi məsələ ilə bağlı olmuşdur. Yəni həmin işlə bağlı məhkəmə prosesi hər hansı bir inzibati aktın mübahisələndirilməsi barədə olmamışdır və bu səbəbdən də məhkəmənin nəticəsi olaraq, iddia məbləğinin azaldılmasına dair məhkəmə qərarında heç bir müddəanın olması mümkün deyildir. Eyni fikri Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı barədə qeyd etmək lazımdır ki, yəni həmin qərarda da iddia məbləğinin azaldılmasından yox, iddia məbləğinin 24439,33 manat hissəsinin əmlaka yönəldilməməsi öz əksini tapmışdır. Lakin, istər İddiaçı MMC, istərsə də məhkəmə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-2319/2017 nömrəli qərarına əks mövqedən yanaşmışlar. Nəticədə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən heç bir hüquqi əsası olmayan qərar qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmədə prosesində iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İnzibati işdə olan dövlət qeydiyyatı haqqında 26 iyun 1995-ci il tarixli, 24/65 saylı şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı hüquqi şəxs kimi 26 iyun 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2-1(102)-1456/2018 nömrəli qərarının surətindən görünür ki, DSMF-nin Quba rayon şöbəsi tərəfindən İddiaçı MMC-dən tələb edilən məcburi dövlət sosial sığorta haqları üzrə 57997,56 manat borcdan 33.558,23 manat pulun tutulmasına dair qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 24.439,33 manat borcun tutulmasını məqsədə müvafiq hesab etməmiş və nəticədə DSMF-nin Quba rayon şöbəsinin iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasını istisna edən haldır. Göründüyü kimi, qeyd edilən normativ hüquqi aktların təhlilindən görünür ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir, həmçinin şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasının əsası kimi onun təqsirinin olması çıxış edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsi cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial X3 rayon şöbəsinin xeyrinə tutulması tələbinə dair apellyasiya şikayəti təmin edilmiş və İddiaçı MMC-dən xx.xx.2017-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc Dövlət Sosial X3 rayon şöbəsinin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı Dövlət Sosial X3 rayon şöbəsi qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1456/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)- 28/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yəni DSMF tərəfindən hesablanmış İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ümumi borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz otuz doqquz manat, otuz üç qəpik) manat borcun silinməsi nəzərdə tutulmuşdur. Müvafiq qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir, lakin İddiaçı MMC-nin şəxsi hesab vərəqələrində 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc vergi orqanı tərəfindən silinməmişdir. İddiaçı haqlı olaraq həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsini cavabdehdən tələb etmişdir. Cavabdeh təşkilat isə etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 nömrəli qərarının nəticə hissəsində 24.439,33 manat pulun silinməsi göstərilməmiş və həmin qərarın əsaslandırıcı hissəsində 24.439,33 manat pulun tutulmasının məqsədəuyğun olmaması belə anlama gəlir ki, sonradan həmin məbləğin iddiaçıdan tutulması ilə bağlı vergi orqanı yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi vergi orqanın gətirdiyi arqument ilə razılaşmamış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qərarı ilə DSMF Quba rayon şöbəsinin iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş və yuxarı instansiya məhkəməsi 24.439,33 manatın əsassız olması səbəbindən İddiaçı MMC-dən tutulmasını məqsədə müvafiq hesab etməmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icraaya yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 nömrəli qərarı vergi orqanı tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən şərtsiz icra olunmalı olduğu təqdirdə Vergilər Nazirliyinin 3 saylı ərazi vergilər idarəsi müxtəlif bəhanələr gətirərək həmin borcun şəxsi hesab vərəqəsindən çıxarılmasından imtina edir. Birinci instansiya məhkəməsi vergi orqanının iddiaçının şəxsi hesab vərəqəsində mövcud olmayan borcun saxlanılmasında haqlı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-142/2021 nömrəli qərarının ləğv edilməsinə dair kassasiya instansiyası məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1443/2021 nömrəli qərarında aşağıdakılar qeyd olunmuşdur: “...Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarın “nəticəvi hissəsində” göstərilmişdir ki, iddia təmin edilsin, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc və həmin borca hesablanmış faizlər silinsin.” Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2- 1(105)-28/2018 nömrəli qərarının icrası vergi orqanı tərəfindən qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən vergi orqanı tərəfindən şərtsiz icra olunmalı olduğu tədqirdə Vergilər Nazirliyinin 3 saylı ərazi vergilər idarəsi müxtəlif bəhanələr gətirərək həmin borcun şəxsi hesab vərəqəsindən çıxarılmasından imtina edir. Vergi orqanı şəxsi hesab vərəqəsində mövcud olmayan borcun saxlanılmasında haqlı deyil. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının “əsaslandırma hissəsində” mübahisəli məbləğinin, yəni 24.439,33 manatın hansı dövrdə yaranması və hansı dövrü əhatə etməsi, həmçinin sosial sığorta haqqının hansı növündən olması bəlli deyil. Birinci instansiya məhkəməsi sözügedən məbləğlə bağlı sadəcə olaraq qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)- 28/2018 nömrəli qərarına istinad edir. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarının “nəticəvi hissəsində” göstərilmişdir ki, cavabdeh “X2" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibat-İqtisadi Məhkəməsinin qəbul etdiyi 12 iyul 2017-ci il tarixli, 2-1(85)-2319/2017 nömrəli qərar "Cavabdeh İddiaçındən 01 yanvar 2017- ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24439 (iyirmi dörd min dörd yüz otuz doqquz) manat 33 (otuz üç) qəpik məbləğində borc pul cavabdehin əmlakının satılması yolu ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon şöbəsinin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. İddiaçındən 01 yanvar 2017- ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33558 (otuz üç min beş yüz əlli səkkiz manat 23 (iyirmi üç) qəpik məbləğində borc pul cavabdehin əmlakının satılması yolu ilə iddia Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin xeyrinə tutulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın”. Beləliklə apellyasiya məhkəməsinin sözügedən qərarında 24.439,33 manat məbləğinin rədd olunması dəqiq qeyd edilmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarda apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)- 793/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən həmin məsələləri nəzərə almamış və araşdırmamışdır. Halbuki apellyasiya məhkəməsi İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinə müvafiq olaraq yuxarıda göstərilmiş məqsədlə, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1(105)-28/2018 nömrəli inzibati işi tələb edərək onu öyrənməli, Dövlət Sosial Müdafiə Fondunu işə cəlb etməli və mübahisəli məbləğin yaranmasını, eləcə də hansı dövrə aid olmasını həmçinin sosial sığorta haqqının hansı növündən olmasını, iddiaçının şəxsi hesab vərəqəsini də tələb etməklə araşdırmalı və bundan asılı olaraq qanuni və əsaslı qərar qəbul etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməmiş, eyni zamanda apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi 02 noyabr 2020-ci il tarixli qərarının “nəticəvi hissəsində” 24.439,33 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə iddiaçının borcunun onun şəxsi hesab vərəqəsində hesablanmasını qeyd edir, lakin iddiaçının şəxsi hesab vərəqəsi işdə mövcud deyildir. Halbuki məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 5 növdən ibarətdir (sosial sığorta və işsizlikdən sığorta haqları, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər, muzdla işləyənləri işəgötürən sığortaedənlər (MDSS), işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər, muzdla işləyənləri işəgötürən sığortaedənlər (işsizlik)...". Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 2- 1(105)-28/2018 nömrəli inzibati işi tələb edərək öyrənmiş, lakin həmin iş üzrə iddia tələbində mübbahisələndirilən məbləğin sosial sığorta haqqının hansı növünə aid olmasını müəyyən etmək mümkün olmamışdır.Həmin işin öyrənilməsi əsasında müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixinə İddiaçı MMC -nin məcburi dövlət sosial sığortası üzrə borcu 9545,70 manat olmuş, həmin borcla bağlı İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixinə 14.893,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Hazırkı iddia tələbi üzrə isə məhz 9545,70+14893,63=24439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Bundan əlavə kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan göstərişinə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 90/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.Lakin bununla əlaqədar DSMF-nin 1 saylı Quba-Xaçmaz regional filialı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubu ilə məhkəmə kollegiyasına müraciət edərək yerinə 3-cü şəxs qismində Dövlət Sosial Müdafiə X4 Nəzarət və Sosial Sığorta Departamentinin seçilməsini xahiş etmişdir.Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya şikayəti üzrə çıxarılacaq qərar DSMF-nin 1 saylı Quba-Xaçmaz regional filialının maraqlarına toxunulmadığından qərardad çıxarmaqla onun 3-cü şəxs qismində iştirakına xitam vermişdir.Bununla əlaqədar məhkəmə kollegiyasının 2-1(105)-90/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı 3-cü şəxs qismində məhkəmə icratına cəlb olunmuşdur. Yuxarıda şərh olunanlarla bağlı məhkəmə kollegiyası tərəfindən həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına İddiaçı MMC-nin məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanksiyaları üzrə yaranmış 24439.33 manat məbləğində olan borcunun sosial sığorta haqqının hansı növünə aid olması barədə sorğular ünvanlanmışdır. Qeyd olunan sorğulara müvafiq cavablar və rəsmi arayışlar, iddiaçının adına tərtib olunmuş şəxsi hesab vərəqələri verilsə də, həmin sənədlərə əsasən İddiaçı MMC -nin məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanksiyaları üzrə yaranmış 24439,33 manat məbləğində olan borcunun sosial sığorta haqqının hansı növünə aid edilməsini müəyyən etmək mümkün olmamışdır.Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, həmin məsələ qərarın icrası qaydasında cavabdehin öhdəliyinin icrasına aiddir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə 24439.33 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun və maliyyə sanksiyasının iddiaçıdan tələb edilməsi qanunsuz hesab edilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, qüvvədə olan məhkəmə qərarı ilə İddiaçı MMC-dən tutulması rədd edilən məbləğin hazırkı vaxtadək iddiaçının şəxsi hesab vərəqəsində saxlanılması, həmin məbləğə faizlər hesablanması qanunsuzdur və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3 maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktlar hazırkı prosesdə mübahisə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-90/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-90/2022
14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver