Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-90/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər X3 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər ZDŞ İK-nin xx.xx.1959-cu il tarixli 30 saylı qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1809/2023 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 842 saylı arxiv arayışdan görünür ki, Sumqayıt şəhər Zəhmətkeşləri Deputatlarının Şurasının İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 30 saylı protokolu ilə fərdi yaşayış evinin tikintisi üçün Nasosnı qəsəbəsində 600 kv.m torpaq sahəsi X6 ayrılmışdır. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 843 saylı arxiv arayışdan görünür ki, Nasosnı qəsəbəsi XDS İK-nin 13 nömrəli xx.xx.1988-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Balıq zavodu, 1955 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 15.6 kv m olan yaşayış evi X6 məxsusdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü ildə ölmüşdür. Cavabdehin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən müvafiq texniki sənəd əlavə olunmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən sözügedən əmlaka müayinə baxışı keçirilən zaman 0.0728 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəsis rəyindən grünür ki, elektron kadastr baza məlumatlarına əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən faktiki 592 kv.m torpaq sahəsinin qeydiyyata alınmadığı və digər şəxslərə mülkiyyət hüququ əsasında qeydiyyata alınmış torpaq sahələri ilə üst- üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, X14 qəsəbəsi ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinin X5 adına ayrılması və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı məsələyə dair qəbul edilməsi məhkəmənin mülahizəsinə buraxılır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X14 qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsi üzərində mərhum atası X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər ZDŞ İK-nin xx.xx.1959-cu il tarixli 30 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, X14 qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsi onların mərhum ataları X6 məxsus olmuşdur. Belə ki, onlar uşaqlıq dövrlərindən bəri həmin torpaq sahəsinin ailələrinin istifadəsində olduğunu görmüşlər. Torpaq sahəsinə dair mərhum ataları X8 Azərbaycan SSRİ vaxtından müxtəlif vergi və digər ödənişləri etmişdir. Onun vəfatından sonra da onlar bu günə qədər bələdiyyəyə torpaq vergisi ödəyirlər. Mərhum ataları X8 xx.xx.2003-cü ildə, mərhum anaları X9 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onlar torpaq sahəsinə dair rəsmi sənədləri əldə etmək üçün Arxiv İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filalının 842 nömrəli xx.xx.2022-ci il tarixli arxiv çıxarışında qeyd olunur ki, Sumqayıt şəhər zəhmətkeşləri deputatlarının Şurasının icraiyyə Komitəsinin iclasının xx.xx.1959-cu il tarixli, 30 saylı protokolu ilə, Nasosnu qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün mərhum ataları X2 600 kv m ölçüsündə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə bitişik digər 1900 kv m torpaq sahəsi də mərhum babaları X11 məxsus olmuşdur. Buna dair də arxiv çıxarışı da var və hər iki torpaq sahəsinin birlikdə (bitişik) plan ölçüsü də mövcuddur. Onlar mərhum atalarına məxsus olmuş 600 kv m torpaq sahəsinin plan ölçüsünün yenidən çəkilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etdikdə cavab olaraq rəsmi qaydada bildirilmişdir ki, vərəsəlik məsələləri həll edildikdən sonra məsələyə yenidən baxılacaqdır. Torpaq sahəsinə dair mərhum ataları X5 mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün AR ƏMDK yanında DƏDRX-nin 2 saylı İdarəsinin rəisinə müraciət edərək, mərhum atalarından miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəsbəsi ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd və çıxarış verilməsini xahiş etmişdilər. Müraciətə müsbət cavab verilməsindən imtina edilmişdir. Əvvəlcə idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə plan və ölçünün tərtib olunması üçün müayinə baxışı keçirilsə də, sonradan məlum olmayan səbəblərdən imtina cavabı almışlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən müvafiq texniki sənəd əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmalıdır. Eləcə də, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən sözügedən əmlaka müayinə baxışı keçirilən zaman 0,0728 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1809/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin mövcudluğunu müəyyən etmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edənə sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s.əks olunmalıdır. İddiaçı1 qərardan apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt şəhəri, X14 qəsəbəsində yerləşən 592 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:.... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi mərhum şəxsin adına ayrılmış 592 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən müvafiq texniki sənəd əlavə edilməməsi, habelə 0,0728 ha torpaq sahəsinin zəbt olduğunun müəyyən edilməsi halına istinad edərək, əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhəri Zəhmətkeşləri Deputatlarının Şurasının İcraiyyə Komitəsinin 21 avqust 1959-cu il tarixli 30 saylı qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq shaəsi ayrılmışdır, buna dair arxiv arayışı mövcuddur. X8 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, bununla əlaqədar olaraq, onun adına vərəsəlik işi açılmış, iddiaçılar onun övladları olmaqla, vərəsəsi kimi çıxış edirlər. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə texniki baxış keçirilərək, əmlakın texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, ayrılan torpaq sahəsinin ölçüsü 0,06 ha, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,1328 ha olduğu, bir tərəfi yol, bir tərəfi qonşu sahələrdir, torpaq sahəsi daş ilə hasarlanmışdır, mübahisə yoxdur, torpaq sahəsində birmərtəbəli ev tikilmişdir, torpağın yerləşməsinə aid sənəd təqdim edilməmişdir, torpağın yerini vətəndaş göstərdi, həmin yerin koordinatları yerində vuruldu, ayrılmış torpaq sahəsi təyinatına uyğun istifadə edilir, torpaq sahəsindən yerüstü kommunikasiya xəttləri keçmir, vətəndaşda yerdə qalan torpaq sahəsinə dair texniki pasportu və ayrıca qərarı vardır, 0,0728 ha zəbt sahəsi vardır, ev artıq olan torpaq sahəsində yerləşir. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən faktiki 592 kv.m torpaq sahəsinin qeydiyyata alınmadığı və digər şəxslərə mülkiyyət hüququ əsasında qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı məhkəmə sorğusuna cavab olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən sözügedən torpaq sahəsinin X6 ayrılması və ona dair mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı məsələyə etirazının olması halı müəyyən edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi X5 adına müvafiq yerli zəhmətkeş deputatları sovetinin qərarı əsasında ayrılmışdır ki, həmin qərar yuxarıda istinad edilən Fərmanın təsiri dairəsinə düşməklə, həm də qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi çıxış edir. Göründüyü kimi X1 torpaq sahəsinə dair əmlak hüquqları mövcud olmuşdur. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinin ayrılmasına dair inzibati akt hazırda da qüvvədədir. Sözügedən torpaq sahəsininə dair texniki sənədin tərtib edilməsi və həmin sənədin arxivə təhvil verilməsi məhz torpaq sahəsini ayıran müvafiq qurumun səlahiyyətlərinə aid olmaqla, iddiaçının öhdəlik daşıdığı hal kimi çıxış etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtdan hazıradək adına torpaq shaəsi ayrılmış mərhum şəxs və hazırdada onun vərəslərinin faktiki istifadəsində olmaqla, naturada yeri bəllidir, başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşməsi halı mövcud deyildir. Belə olan halda məhkəmə kolegiyası hesab edir ki, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Buna görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda sözügedən torpaq sahəsinə dair texniki sənədlərin hazırlanması, arxivə təhvil verilməsi məhz müvafiq qurumun səlahiyyətinə aid olmuşdur. Başqa sözlə desək, həmin texniki sənədlərin olmaması halı iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edirki, cavabdeh inzibati orqanın həmin hissədə imtina və etirazın dəlilləri əsassız olmuşdur, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət verilməmiş, sözügedən torpaq sahəsinin naturada yerinin müəyyən olması, ayrıldığı vaxtdan hazıradək faktiki istifadələrində olması, daş hasarın daxilində yerləşməsi, iddiaçının təqsirli davranışının olub-olmaması kimi hallar işin halları baxımından və qanunvericlik normalarının tələblərinə uyğun olaraq əlaqəli şəkildə təhlil edilməmiş, bununla da həmin hissədə gəldiyi nəticə yalnış olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, mütəxəssis rəyinin məzmununda mərhum şəxsin adına ayrılmış torpaq sahəsinin faktiki isifadədə olan ölçüsü 592 kv.m olduğu qeyd edilmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi müvafiq sənəd üzrə torpaq sahəsinin ölçüsünün 0,06 ha olduğu halda faktiki istifadədə olan torpaq sahəsinin artıq olması, 0,0728 ha zəbt sahəsi olması halına da istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələbi məhz müvafiq sənəd üzrə ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki istifadədə olan 592 kv.m olan hissəsi ilə bağlı olmuş, zəbt sahəsi ilə bağlı tələbləri olmamışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik normasında imtina əsası kimi həmin hal qeyd edilmədiyindən, həmin hal özlüyündə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazın əsası kimi istinad etdiyi həmin hal da əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyindən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1809/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhər Zəhmətkeşləri Deputatlarının Şurasının İcraiyyə Komitəsinin 21 avqust 1959-cu il tarixli, 30 saylı qərarı (protokolu) ilə X5 adına ayrılmış Sumqayıt şəhəri, X14 qəsəbəsində yerləşən 592 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-90/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-90/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver