Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-902/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “ona 11 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1183/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin srətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 10 il 5 ay 8 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1975-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma tarixinin xx.xx.1995-ci il olmasına baxmayaraq ilkin qeyd tarixi xx.xx.1975-ci il tarixindədir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra (xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək) sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun 1976-cı ildən 1984-cü ilə qədər təhsil aldığı, əmək kitabçasında qeyd edilmiş 10 fevral 1975-ci il tarixdən 03 may 1995-ci il tarixədək və 15 sentyabr 1995-ci il tarixdən 31 may 2005-ci il tarixədək müxtəlif idarələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, 11 mart 2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 11 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1958-ci ildə Xaçmaz rayonu, Mollaburxan kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik institutuna daxil olaraq 1984-cü ildə həmin məktəbin “maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə tam kursunu bitirmişdir. Eyni zamanda 15 noyabr 1976-cı ildən 02 noyabr 1978-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 10 fevral 1975-ci ildən Azərbaycan SənayeTikinti Nazirliyinin 12 nömrəli Trestində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi iş yerləri və müddətlər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. O, 31 may 2005-ci ilə qədər müxtəlif işlərdə işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan sənədlərini də toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən 07 iyul 2023-cü il tarixli məktubuna əsasən ona bildirilmişdir ki, onun hərbi xidmətdə olduğu müddətlər də daxil edilməklə sosial sığorta stajı 10 il 05 ay 08 gün təşkil edir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş xx.xx.1975-ci il tarixindən 03 may 1995-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma tarixinin xx.xx.1995-ci il olmasına baxmayaraq ilkin qeyd tarixi xx.xx.1975-ci il tarixindədir) həmin dövrün sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığı, eyni zamanda əlavə sənədlər təqdim ediləcəyi təqdirdə xx.xx.1995-c ıl tarixdən xx.xx.2005-ci il tarixinədək sığorta stajımın qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququmun yenidən baxıla biləcəyi göstərilmişdir. Qeyd edilənlərə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, həmin imtina cavabı ilə razılaşmır. Belə ki, cavabdeh təşkilat onun əmək fəaliyyəti ilə məşğul olduğu və əmək kitabçasında qeyd edilən dövrləri düzgün hesablasaydı, onun 25 ildən də artıq əmək stajının olduğu təsdiq olunardı. Sadəcə cavabdeh təşkilatın guya mübahisə olduğu adı ilə nəzərə almadığı müddətlərin cəmi 30 ilə bərabərdir. Cavabdeh təşkilatın 1996-cı il tarixdə qəbul edilmiş Nazirlər Kabinetinin qərarına istinad edərək əmək kitabçasında qeyd edilmiş müddətləri mübahisələndirməsi və işlədiyi 30 ildən artıq müddəti şübhə altına alması isə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələblərinə ziddir. Ona yaşa görə əmək pensiya verilməsindən imtina olunması əsassızdır və onun hüquqları pozulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əmək kitabçası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarına uyğun deyildir. Belə ki, iddiaçının əmək kitabçasının doldurulma tarixinin xx.xx.1995-ci il olmasına baxmayaraq, ilkin qeyd tarixi xx.xx.1975-ci ildir. Beləliklə iddiaçının əmək kitabçasının xx.xx.1975-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrü üzrə doldurulma qaydaları düzgün aparılmamış, qanunvericiliyin tələbləri pozulmuş, əmək kitabçasının həmin qeydlərinin mötəbərliyi aradan qalxmışdır. İddiaçı həmin illər üzrə sığorta stajının olduğunu sübut edən başqa mötəbər dəlillər də təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının əmək stajı onun hərbi xidmət illəri (xx.xx.1976 - xx.xx.1978) də daxil olmaqla ümumulikdə 10 il 5 ay 8 gün təşkil edir. Bundan başqa, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq xx.xx.2023-cü il tarixdən iddiaçıya 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1183/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 11 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının 11 noyabr 1976-cı il tarixindən 06 noyabr 1984-cü il tarixinədək təhsil alması, 15 noyabr 1976-cı il tarixindək 06 noyabr 1978-ci il tarixinədək hərbi xidmətdə olması, 10 fevral 1975-ci il tarixindən 15 noyabr 1976-cı il tarixinədək, 06 dekabr 1978-ci il tarixindən 06 sentyabr 1999-cu il tarixinədək, 01 dekabr 2000-ci il tarixindən 31 may 2005-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT-0834450 saylı əmək kitabçası, ИВ № 048337 saylı, 05 iyul 1984-cü il tarixdə verilmiş diplom, 16 saylı, 09 iyun 1987-ci il tarixdə verilmiş diplom və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslanmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəmə öz qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarına istinad etsə də, iddiaçının əmək kitabçasının sözügedən qərarın tələblərinə uyğun olduğunu əsaslandıra bilməmişdir. Bundan başqa birinci instansiya məhkəmə öz qərarında “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə istinad etmişdir. Bununla bağlı bildiririk ki, Bu normada qanunverici bütün sənədləri və dəlilləri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun formada tərtib edilmiş sənədləri və dəlilləri nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddiaçının əmək kitabçası sözügedən qaydalara mütənasib olmadığından “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinin təsir dairəsinə düşmür. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması və xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla, ümumilikdə 10 il 5 ay 8 gün ümumi iş stajına malik olduğunu, iddiaçının işlədiyi dvrlərdən əmək kitabçasında əks olunmuş xx.xx.1975-xx.xx.1995-ci ilədək olan dövrləri əmək kitabçasının doldurulma qaydasına riayət edilməməsi (əmək kitabçasının doldurulma tarixi xx.xx.1995-ci il olduğu halda, ilkin qeyd tarixi xx.xx.1975-ci il tarix olduğundan) halına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. İş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının xx.xx.1975xx.xx.1995-ci ilədək olan dövrlərdə işləməsinə dair qeydlər mövcud olmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisə tərəfindən onun barəsində xasiyyatnamə adlı sənəd verilmiş, habelə həmin dövrdə müəssisədə işlədiyindən müvafiq order əsasında mənzil verilmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası və digər) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hal ilə bağlı qeyd edir ki, əmək kitabçasının qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə doldurulması məhz işəgötürənin vəzifəsi kimi çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi halda, yalnız qeyd eidlən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1183/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.