Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-903/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli (2020-ci ilin mənfəət vergisi) qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-278/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, iddiaçı barəsində 268495,58 manat vergi məbləği hesablanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 9/7310 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, müəssisənin 2020-ci ilin sonuna 1.872.086,90 manat məbləğində mal qalığının olması müəyyən edilir; 2020 yanvar 2020 dekabr ayları üzrə müəssisə xammal materialı olaraq ümumilikdə 11.045.086,00 manat məbləğində metal tullantısı fiziki şəxslərdən əldə etmiş və 32.113,35 manat məbləğində mal idxal edilmişdir; müəssisənin 2020-ci il üzrə xərcləri ümumilikdə 9.535.674,39 manat təşkil edir, müəssisənin 2020-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 20.456,57 manat təşkil edir və belə olan halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********2035200 nömrəli qərarı əsasında hesablanan əlavə vergi məbləğinin düzgünlüyü müəyyən olunmur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı ƏVİ-nin xx.xx.2022-ci il tarixli **********305200 nömrəli və **********306900 qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli (2020-ci ilin mənfəət vergisi) qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, , cavabdeh - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********305200 nömrəli və **********306900 qərarlarına əsasən kameral qaydada 2020-ci və 20221-ci illərin mənfəət vergisi üzrə müəssisəyə qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilən hüquqi əsaslara əsasən hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir : Müəssisənin əsas fəaliyyəti əhalidən ( fiziki şəxslərdən ) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması ( tullantıların utilizasiyası ) prosesi təşkil edir. Belə ki, ayrı - ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları ( mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri , məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri , latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları ) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş ( saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda ( “Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəflərindən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəfimizdən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə mübahisələndirilən qərar qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2020- ci ilin mənfəət vergisi üzrə 1342477.90 manat , o cümlədən 2021-ci ilin mənfəət vergisi üzrə 133795.21 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlillər Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 268495,58 manat və 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 26759,04 manat vergi məbləğləri hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2020-ci il üzə hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri" (221.9cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), "Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (9302984.31 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi"nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (9683787.49 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (148805.80 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1- ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4- cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (9832593.29 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1872086.88 manat) çıxılması nəticəsində yaranan (7960506.41 manat) məbləğin müqayisəsi nəticəsində 1342477.90 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********970200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 268495,58 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********305200 nömrəli hesablama barədə qərar göndərilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 2021-ci il üzə Kassa metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), "Malın dəyəri" (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri" (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 2835713.00 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (1872086.88 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş eqaimə-faktura və alış aktlarının məbləği (1852090.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (2427.06 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 12813.75 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən (3739417.69 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 1037499.90 manat) çıxılması nəticəsində yaranan (2701917.79 manat) məbləğin müqayisəsi nəticəsində 133795.21 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********209300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” AVlS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 26759,04 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********319400 nömrəli hesablama barədə qərar göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında məhkəməyə təqdim edilmiş 3/7310 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, müəssisənin 2020-ci ilin sonuna 1.872.086,90 manat məbləğində mal qalığının olması müəyyən edilir; 2020 yanvar 2020 dekabr ayları üzrə müəssisə xammal materialı olaraq ümumilikdə 11.045.086,00 manat məbləğində metal tullantısı fiziki şəxslərdən əldə etmiş və 32.113,35 manat məbləğində mal idxal edilmişdir; müəssisənin 2020-ci il üzrə xərcləri ümumilikdə 9.535.674,39 manat təşkil edir, müəssisənin 2020-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 20.456,57 manat təşkil edir və belə olan halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********2035200 nömrəli qərarı əsasında hesablanan əlavə vergi məbləğinin düzgünlüyü müəyyən olunmur. Eyni zamanda cavabdeh xammal alışını təsdiq edən aktları xərc sənədi kimi qəbul etməməsini, kağız alış aktları əsasında elektron alış aktı tərtib edilmədiyindən həmin xərclərin nəzərə alınmasının mümkün olmaması ilə əsaslandırır. İddiaçı bütün malların alışı zamanı ilk növbədə kağız alış aktının tərtib edildiyini, daha sonra onun əsasında elektron alış aktının formalaşdırıldığını, lakin elektron alış aktına dair məlumatlar sistemə yerləşdirilərkən texniki səhvə yol verildiyini, daha sonra məlumatların yerləşdirilməsi üçün 5 gündən çox müddət keçdiyindən elektron sistemə daxil edilməsi mümkün olmadığını bildirmişdir. Nəticədə , kağız aktlar mövcud olmasına baxmayaraq cavabdeh texniki səhvliyə görə ləğv edilmiş elektron aktlar üzrə nəzərdə tutulan xammal xərcini qanunsuz olaraq nəzərə almamışdır. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası(elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Cavabdeh inzibatı orqanın iddiaçının gəlir və xərclərini sənədlər və rəsmi məlumatlar əsasında müəyyən etmək üçün kifayət qədər geniş informasiya bazası mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.15 və 159.1-ci maddələrləri düzgün tətbiq edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir”. İddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 15.763,06 manat hesablansa da, ekspert tərəfindən müəssisənin 2020-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin məbləği 20.456,57 manat müəyyən edilmişdir. Belə olduğu halda 4693.51 manat fərq müəyyən edilir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-278/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğinin 4693.51 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı MMC barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın mübahisələndirilməsindən ibarətdir və məhkəmə hesab edir ki, vergi orqanı vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş digər üsulları tətbiq etmək hüququndan imtina edərək birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi vergi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə ziddir və bu cür metodla aparılmış hesablama qanuni sayıla bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci ilin müvafiq ayları ərzində elektron alış aktı ilə 9667019,09 manat dəyərində metal qırıntısı, elektron qaimə faktura ilə 3518,40 manat dəyərində mal (iş və xidmət) əldə etmiş və 124198,84 manat (ƏDV-siz) dəyərində mal idxal etmişdir ki, bunların ümumi dəyəri 9794736,33 manat təşkil etmişdir. Lakin ekspertin təqdim etdiyi rəydə bildirilir ki, müəssisə 2020-ci ilin yanvar-dekabr tarixi aralığında 11045086 manat dəyərində fiziki şəxslərdən metal tullantısı əldə etmiş və 32113,35 manat dəyərində mal idxal etdiyini bildirmişdir. Həmçinin, ekspert rəyində qeyd etmişdir ki, iddiaçı tərəfindən metal qırıntısı əhalidən həm elektron alış aktları ilə, həm də ciddi hesabat blankı hesab edilən alış aktları ilə rəsmləşdirilmişdir. Belə ki, qeyd olunan metal qırıntılarının 1368 067 manat hissəsi ciddi hesabat blankı hesab edilən alış aktları ilə rəsmləşdirilmişdir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7310 nömrəli rəyində ziddiyətlər mövcuddur. İş üzrə verilmiş rəydə ekspert xüsusi biliyi əsasında iş materiallarında olan sübut əhəmiyyətinə malik faktiki halları müəyyənləşdirilməli olduğu halda, öz səlahiyyətlərindən kənara çıxaraq qanunvericiliyin şərhini vermiş və yoxlama zamanı hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibə bildirmişdir. Başqa sözlə desək ekspert səlahiyyətlərini və fəaliyyət dairəsini aşaraq hüquqi məsələlər barədə rəy bildirmişdir. Halbuki qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən verilə bilər. Əlvan və qara metal qırıntılarının qəbulu zamanı malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Məhkəmə işin faktiki hallarına dair yuxarıda qeyd olunan mühüm məlumatları araşdırmadan və aidiyyəti olan qanunvericilik aktlarının və normalarının tələblərini düzgün tətbiq etmədən qərar qəbul etdirmişdir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də barəsində şikayət olunan qərar qanunsuz və əsassızdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ... 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydası 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsi mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, ləğv edilən hissədə iddia rədd edilməlidir. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2035200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində 2020-ci il üzrə 268495,58 manat və 2021-ci il üzrə 26759,04 manat mənfəət vergi məbləği hesablanmış, təqdim edilmiş elektron qaimə-faktura, YGB və digər mlumatlara əsasən müəyyən edilmiş cəmi məbləği 9832593,29 manat olduğu, mal qalığının məbləğinin 1872086,88 manat olduğu müəyyən edilmiş, həmin məbləğlərin fərqi nəticəsində 1342477,90 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğu müəyyən edilmiş, nəticədə xx.xx.2022-ci il tarixli **********2035200 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərraı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İndiki halda tərəflər arasında yaranmış mübahisə ondan ibarətdir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq əhalidən yığılan məişət tullantı və qırıntıların həm elektron alış aktı, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəsmiləşdirdiyini, həmin aktlar heç bir səbəb olmadan nəzərə alınmadığından, onun barəsində əlavə vergi məbləğinin hesbalanması barədə qərarın əsassız olduğunu bildirir. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfindən müvafiq məbləğdə xərci təsdiq edən sənəd qismində qanunvericiliyin tələbinə əsasən elektron alış aktı tərtib edilməli olduğu halda, kağız daşıyıcıda alış aktı təqdim edildiyindən, həmin sənədləri xərc sənədi kimi nəzərə almamış və nəticə etibarilə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərə müvafiq olaraq əlavə vergi məbləğini hesablamışdır. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir; 71- 2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir; 71-2.3cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir (qeyd edilən norma Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə daxil edilmişdir). Qeyd edilən qanunvericilik normasının dispoztiv şərtlərindən görünür ki, həmin normanın qüvvəyə mindiyi tarixdən malların alışını təsdiq edən sənəd qismində yalnız elektron alış aktları çıxış etmiş və kağız daşıyıcıda olan aktlar qəbul edilmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxsdən mal alarkən bunu 2 formada rəsmiləşdirməlidir. Birincisi, əvvəlcə kağış daşıyıcıda alış aktı tərtib edir və 5 gün müddətində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində buna dair elektron alış aktı tərtib edir. İkincisi, vergi ödəyicisi Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində elektron alış aktı tərtib edir, onu çap edib satıcı fiziki şəxsə imzaladır və kağız daşıyıcıda hər hansı alış aktı tərtib etmir. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun tərtib edilməyən elektron alış aktları malların alışının rəsmiləşdirilməsinə əsas vermir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydasının 1.3, 2.1, 3.1, 3.2 və 3.3-cü bəndləri) İndiki halda isə, cavabdeh inzibati orqan məhz həmin dövr üzrə iddiaçı tərəfindən İnternet Vergi İdarəsi portalında tərtib edilmiş elektron alış aktlarını xərc sənədi qismində nəzərə almış, lakin 1342477,90 manat məbləğində xərclərə dair hissədə iddiaçı tərəfindən yalnız kağız daşıyıcıda alış aktları təqdim edildiyindən, həmin hissədə təqdim edilmiş alış aktlarını xərc sənədi kimi qəbul etməyərək, əlavə vergi məbləği hesablamışdır. Belə ki, cavabdeh hesab etmişdir ki, kağız daşıyıcıda tərtib edilmiş alış aktları ilə bağlı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində elektron alış aktı tərtib edilmədiyindən, həmin kağız daşıyıcıda alış aktları xərclərə dair təsdiqedici sənəd hesab edilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmuş, vergi ödəyicisi qismində çıxış edən iddiaçı vergi haqqında qanunvericiliyin tələbinə uyğun davranmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf həmin məbləğdə xərclərə dair təsdiqedici sənədləri təqdim etmək öhdəliyi daşıyır və qeyd olunan təsdiqedici sənədlər məhz vergilər haqqında qanunvericiliyin tələbinə uyğun olmalıdır. İndiki halda vergi qanunvericiliyin tələbinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən malların alışı ilə bağlı məhz elektron alış aktı tərtib edilməli olduğu halda, iddiaçı həmin hissədə kağız daşıyıcıda olan sənədlərə istinad etmişdir ki, bu hal qanunvericiliyin tələbinə uyğun olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki,elektron alış aktının tətbiqi, uçotu və istifadəsinə dair qanunvericilik normalarının tələblərinə əsasən bütün hallarda vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınan mallar ilə bağlı (əvvəlcə kağız daşıyıcıda alış aktı tərtib edildiyi halda 5 gün müddətində, əvvəlcə kağız daşıyıcıda alış aktı tərtib edilmədiyi halda isə alqı-satqı anında) elektron alış aktı tərtib edilməlidir. Əks təqdirdə, alışa dair digər sənədlər, o cümlədən kağız daşıyıcıda alış aktları malların alışının rəsmiləşdirilməsinə və xərc sənədi qismində qəbul edilməsinə əsas vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vergi orqanında uçotda olmayan şəxslərdən alınan malların elektron alış aktı ilə rəsmiləşdirilməsinə dair qanunvericiliyin tələbi bu formada alışın mötəbərliyinə zəmanət verməkdir. Lakin indiki halda, iddiaçı fiziki şəxslərdən malların alışının bir hissəsini sadəcə kağız daşıyıcıda alış aktları ilə rəsmiləşdirmişdir ki, bu da həmin alışların, eləcə də buna müvafiq gəlirdən çıxılan xərclərin mötəbərliyinə dair ciddi şübhələr yaradır. Göründüyü kimi, indiki halda iddiaçı vergi qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş, nəticə etibarilə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericiliyin norması düzgün tətbiq edilməmiş, gəldiyi nəticə işin hallarına və qanunvericilik normasına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, ləğv edilən hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-278/2024 nömrəli qərarı qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, ləğv edilən hissədə iddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-903/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-903/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver