Məhkəmə qərarları › İş №2-1(105)-907/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-907/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-907/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-666/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 9 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 28 iyun 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi Cəni-zadə X5 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin iddiaçıya ünvanladığı 31 oktyabr 2023-cü il tarixli, 3-21-3-02/2-C-0429-8/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli ərizənin icrası təmin edilərək, 9 iyun 2021-ci il qeydiyyat tarixli elektron çıxarış tərtib edilmişdir. JN 1779A KOD 30800086 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 13 avqust 2024-cü il tarixli, 32/332/2- 10988/24 nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan torpaq sahəsi **********37 və **********38 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 7 fevral 2025-ci il tarixli, 3-21-3-32/2-1985/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində torpaq sahəsinə (iddia olunan torpaq sahəsi başqa şəxs tərəfindən hasarlandığı üçün) texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 10 ha torpaq sahəsi onun mülkiyyətimdədir və mülkiyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla təsdiqlənmişdir. O cümlədən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş 24 oktyabr 2023-cü il tarixli müraciətinə əsasən bildirilmişdir ki, Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli ərizənin icrası təmin edilərək, xx.xx.2021-ci il qeydiyyat tarixli elektron çıxarış tərtib edilərək www.eemlak.gov.əz elektron xidmətlər portalında qeydiyyat aparılmışdır. Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsinə müraciət edərək, həmin qurumdan mülkiyyətində olan torpaq sahəsinə dair planı və ölçüsün tərtib edilməsini dəfələrlə xahiş etmiş (son müraciətim və onun çatdırılması barədə qəbz iddia ərizəsinə əlavə edilir). Lakin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, indiyə hər hansı rəsmi cavab verilməmişdir. Lakin şifahi qaydada bildirilmişdir ki, sözügedən torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-666/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış, adına “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 9 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Həmçinin, iddiaçının izahatından və cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsini iddiaçı mərhum qardaşı Cəni-zadə X3 miras qismində almış, qardaşı isə öz növbəsində həmin əmlakı alqı-satqı yolu ilə əldə etmişdir. Məhkəmə araşdırılması zamanı torpaq sahəsi üzərində baxış keçirilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh orqana müvafiq sorğular göndərilmiş, həmçinin qərardad qəbul edilərək, məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının müraciətinə yenidən baxılması məqsədilə, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün müddət verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş məlumata əsasən **********37 və **********38 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınsa da, eyni torpaq sahəsinə dair digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq, müvafiq çıxarışlar verilmiş, hazırda da həmin sənədlər qüvvədədir. Bu səbəbdən, qeyd edilən torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan, yəni digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışların verildiyindən, iddiaçının adına tələb edilən plan-ölçü sənədinin verilməsi mümkün deyildir. İPMin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, ilk öncə mübahisə predmeti olan torpaq sahəsinə dair hazırda qüvvədə olan **********37 və **********38 reyestr nömrəli çıxarışların verilməsi üçün əsas olmuş sənədlərin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət edilməli, cavabdeh orqan müraciətin icrasından imtina etdiyi halda, eyni tələb ilə məhkəməyə müraciət edə bilər. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin mövqeyinə əsasən, “mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınsa da, eyni torpaq sahəsinə dair digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq, müvafiq çıxarışlar verilmiş, hazırda da həmin sənədlər qüvvədədir. Lakin məhkəmə bu nəticəyə yalnız cavabdeh qurumun verdiyi məktub əsasında gəlmişdir. Qərarda qeyd olunan digər şəxslərə məxsus **********37 və **********38 reyestr nömrəli çıxarışların həqiqiliyi, həmin çıxarışların hansı şəxslərə məxsus olması, o cümlədən, həmin çıxarışlarlın aid olduğu torpaq sahələrinin onun sahəsi ilə üst-üstə düşməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamış, heç bir ekspertiza təyin edilməmiş, həmçinin, məhkəməyə bununla bağlı cavabdehin şifahi məlumatı və məktubundan başqa heç bir rəsmi sənəd təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək sağlamlıq problemi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 8. Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsinin başqa şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üstüstə düşməsi halı müəyyən etdiyindən, plan və ölçü sənədinin veirlməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq shaəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər müvafiq Aqrar İslahat Komissiyasının qərarı olmaqla, onun əsasında ilkin mülkiyyətçinin adına müvafiq Şəhadətnamə tərtiib edilmiş, onun əsasında mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçıya sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ vərəsəlik qaydasında ötürülmüş, həmin əmlak mərhum şəxs tərəfindən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ilkin mülkiyyətçilərdən əldə edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, həmin şəxslərin adına müvafiq Çİxarış verilmiş, plan və ölçü sənədi tərtib edilmiş, (reyestr nömrələri **********37 və **********38), indiki halda isə həmin sənədlər qüvvədədir. İddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin yerləşmə yerini müəyyən edən, onun texniki göstəricilərini əks etdirən plan və ölçü sənədinin əldə edilməsinə nail olmaqdan ibarətdir. Kollegiya iddianının əsaslılığı ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair onun yerini müəyyən edən sənəd mövcud olmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair isə başqa şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, plan və ölçü sənədi verilmişdir. Başqa sözlə desək, indiki halda torpaq sahələrinin faktiki vəziyyətdə üst-üstə düşmə halı mövcud olmuş və bu hal elektron kadastr məlumat bazasında texniki işlərin görülməsi (dürüstləşmə işlərinin aparılması) ilə bağlı ortaya çıxmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı məhz başqa şəxslərin adına tərtib edilmiş müvafiq sənədlərin etibarlılığı və ya cavabdehin həmin sənədlərin tərtib edilməsi ilə bağlı hərəkətlərininin qanuniliyini mübahisələndirməklə, ona dair tələblə cavabdehə müraciət edə və həmin iddia tələbi çərçivəsində qeyd edilən hallara hüquqi qiymət verilməklə, hazırki istəyinə nail ola bilər. Həmin hallara hüquqi qiymət verilmədən (hazırki icraat çərçivəsində həmin halların yoxlanılması iddia predmeti qismində çıxış etmədiyindən mümkün olmadığından) hazırki iddia tələbinin əsaslılığının yoxlanılması mümkün olmamışdır. Nəticə etibarilə hazırki icraat çərçivəsində işin yuxarıda müəyyən edilmiş halları (başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında hazırki mərhələdə iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-666/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar