Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-908/2025 29.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1495/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 701/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayon İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayon İİ Nügədi kənd ərazisində (istirahət zonasının yaradılması üçün) yerləşən 3,50 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 701/2025 nömrəli qərardadı ilə iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayon İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün mülkiyyətinə verilmiş 3,50 ha torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-2556 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Quba rayon İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayon İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün 3,50 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Hal-hazırda torpaq sahəsindən iddiaçı istifadə edir və həmin torpaq sahəsi üçün hər ay bələdiyyənin hesabına vergi ödəyir. 21 noyabr 2023-cü il tarixdə Quba rayonu İİ Nügədi kəndində yerləşən 3,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə bağlı cavabeh təşkilata müraciət edilmiş, cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Torpağın mülkiyyət hüququna dair “Dövlət Aktı”nın arxivdə olub-olmamasını iddiaçının günahı ilə baş verməmiş, həmin sənədin arxivdə olmaması mümkün deyildir. 20 ilə yaxındır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinə etiraz təqdim edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün 3,50 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı edilən müraciətə baxılarkən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən JN-2556 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməsi müəyyən edilməmişdir. Bildirilir ki, JN-2556 nömrəli (KOD ********) seriyalı Dövlət Aktında göstərilən 3.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bundan əlavə, Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı ilə istirahət zonasının yaradılması üçün iddiaçıya satılmış 3.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X3 (örüş) torpaq sahəsi kimi göstərilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 25 noyabr 2005-ci il tarixli JN 2556 seriyalı, KOD 30320018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Quba rayonu İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı ilə Quba rayonu İİ Nügədi kəndinin ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3,5 ha torpaq sahəsi istirahət zonasının yaradılması üçün İddiaçı mülkiyyətinə verilmişdir. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində xx.xx.2005-ci il tarixdə dövlət aktı qeydiyyatı kitabında 997 nömrə ilə qeydiyyat aparılmışdır. Dövlət aktı cavabdeh inzibati orqanın arxivində saxlanılır. (iş v. 37-42) Quba rayonu İİ Nügədi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 69 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu İİ Nügədi kənd sakini olub həmin kənddə yaşayır, Quba rayonu İkinci Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı protokolunun qərarı ilə ona İkinci Nügədi bələdiyyəsinin ərazisi olan İkinci Nügədi kəndindən 3,50 ha torpaq sahəsi istirahət zonası yaradılması üçün satılmış, hal-hazırda həmin torpaqdan istifadə edir, hər il həmin torpaq sahəsi üçün bələdiyyənin hesabına 700 manat vergi ödəyir və xx.xx.2024-cü il tarixə onun bələdiyyəyə həmin torpaq sahəsinə görə vergi borcu yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-8250/2024 nömrəli məktubu ilə JN-2556 KOD 30320018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” (§1) qoşma şəklində məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-6F/2- 1xx-xx/2024 nömrəli arxiv çıxarışından görünür ki, Quba rayonu İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı iclas protokolu ilə İİ Nügədi kənd sakini İddiaçı İİ Nügədi kənd bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı/dağ/torpaq sahəsindən istirahət zonası yaratmaq məqsədi ilə 4 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Quba rayon İİ Nügədi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 97 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətinə istirahət zonası yaratmaq məqsədilə verilmiş 3,50 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2005-ci il tarixli 11 saylı protokolu Azərbaycan Respublikası Dövlət X4 təhvil verilmişdir. İddiaçı mülkiyyətinə verilmiş 3,50 ha torpaq sahəsinin yerquruluşu planı qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-13472/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, Quba rayonu İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün mülkiyyətinə verilmiş 3,50 ha torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmiş, faktiki istifadədə olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, faktiki istifadədə olan torpaq sahəsi 3,50 ha təşkil edir. Müayinə zamanı təqdim olunmuş Quba rayonu İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarına əsasən DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-2556 KOD 30320018 saylı Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmışdır və həmin torpaq sahəsinin yerləşmə mövqeyi ilə vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir. Həmin torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən X3 olub uqodiyası örüş kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Qeyd edilir ki, mübahisəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-16849/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kəndinin ərazisində istirahət zonasının yaradılması üçün İddiaçı mülkiyyətinə verilmiş 3,50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kateqoriyası X3 torpaqlar kimi qeyd edilmişdir. Quba rayonu İİ Nügədi bələdiyyəsinin 26 noyabr 2024-cü il tarixli 140 nömrəli məktubundan görünür ki, İkinci Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahələrindən alqı-satqı qaydasında İkinci Nügədi kənd sakini İddiaçı istirahət zonası yaratmaq məqsədilə 3,5 ha torpaq sahəsi satılmışdır. Bununla əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən zəruri sənədlər hazırlanmışdır. Satılan torpaq sahəsi örüş sahəsi deyildir, bələdiyyənin ehtiyat fonduna aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 noyabr 2024-cü il tarixli 3-21-3-34/2-16914/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün mülkiyyətinə verilmiş 3,50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kateqoriyası X3 torpaqlar uqodiyası isə örüş kimi qeyd olunmasının səbəbi vətəndaş İddiaçı mülkiyyətinə verilmiş JN-2556 nömrəli Dövlət aktının sertifikat hissəsində ona ayrılan torpaq sahəsinin uqodiyası örüş kimi qeyd olunmasıdır. Bu səbəbdən torpaqların elektron kadastr uçotu informasiya sistemində süzügedən torpaq sahəsinin uqodiyası örüş kimi işlənmişdir. Quba rayonu İİ Nügədi bələdiyyəsinin 23 iyun 2025-ci il tarixli 32 nömrəli məktubundan görünür ki, İddiaçı bələdiyyənin alqı-satqı predmetı olan 3,50 ha torpaq sahəsi satılan zaman bələdiyyənin 24 iyun 2005-ci il tarixli 11 saylı protokolunun qərarından göründüyü kimi, həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla bələdiyyə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi satılan zaman tərtib edilmiş ilkin sənədlər bələdiyyədə aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı bələdiyyənin qərarı və DT və XK-nın Quba rayon şöbəsi tərəfindən hazırlanmış ilkin sənədlər əsasında tərtib edilmiş JN 2556 nömrəli Dövlət Aktı verilmişdir. 3,50 ha torpaq sahəsi satılan zaman həmin torpaq kənd təsərrüfatına yararlı olmuşdur. Alqı-satqı predmeti olan X3 torpağın qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyaya keçirilməsi ilə bağlı bələdiyyə qərarı olmamışdır. Ümumiyyətlə əvvəlki dövrlərdə də belə qərarlar bələdiyyə tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/442 nömrəli ekspert rəyi ilə cavabdeh orqanın mütəxəssis rəyində göstərilən hallar öz təsdiqini tapmış və müəyyən edilmişdir ki: - Quba rayon İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kənd ərazisində İstirahət zonasının yaradılması üçün mülkiyyətə verilmiş 3,50 ha torpaq sahəsinin mülkiyyəti alqı-satqıya qədər bələdiyyə mülkiyyətinə aid olmuşdur. JN-2556 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən xüsusi mülkiyyətə verilmişdir. - Quba rayon İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün mülkiyyətə verilmiş 3,50 ha torpaq sahəsinin kateqoriyası torpaq sahəsi alqı-satqı olunana qədər X3 örüş sahəsi olmuşdur. Quba rayon İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən mülkiyyətə verildiyindən, xx.xx.2008-ci il tarixli 666-lllQD nömrəli “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bələdiyyə mülkiyyətində olan X3 torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə bələdiyyənin qərarı ilə yol verildiyindən JN-2556 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinin kateqoriyası dəyişdirilmiş hesab edilir. Torpaqların iqtisadi qiymətləndirilməsi müvafiq qurumlar tərəfindən mülkiyyətçilərin müraciəti və onların vəsaiti hesabına aparılır. - 3,50 ha torpaq sahəsinin alqı-satqıdan sonra elektron bazada dəyişiklik edilməmiş, baza məlumatlarında olan kompleks yerquruluşu xəritələrində (DWJ xəritələri) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X3 torpaq sahəsi olub uqodiyası örüş kimi göstərilmişdir. Göründüyü kimi, torpaq sahəsinin kateqoriyasında dəyişiklik mövcud deyildir. - Quba rayon İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün mülkiyyətə verilmiş 3,50 ha torpaq sahəsinin planı/cizgisi/ (miyas 1:5000) sənədində torpaq qonşu sərhədlərinin “qorunma zolağı” kimi göstərilməsinin səbəbi həmin torpaq sahəsinin qonşuluğunda digər mülkiyyətçi və ya hər hansı təsərrüfat formasının olmamasıdır. (X7 Fondu torpaqları və bələdiyyə mülkiyyəti torpaqlarıdır). - Quba rayon İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən Quba rayonu İİ Nügədi kənd ərazisində istirahət zonasının yaradılması üçün mülkiyyətə verilmiş 3,50 ha torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri X8 torpaqları və bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələridir və həmin torpaq sahələri üzərində heç bir çıxarış mövcud deyildir. Lakin həmin torpaq sahəsinin cənub-qərb və cənub şərq istiqamətində X3 olub kənd təsərrüfatı ehtiyacları üçün ayrılmış torpaq sahələrində çıxarışlar mövcuddur. (**********15 və **********48 nömrəli çıxarışlar). - Quba rayonu İİ Nügədi Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən DT və XKnin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-2556 KOD 30320018 saylı Dövlət Aktına əsasən torpaq sahəsinin ölçüləri ilə faktiki iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərində və konfiqurasiyasında qismən fərq vardır. - Torpaq sahəsinin yerləşmə mövqeyi ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil etsə də, torpaq sahələrinin ölçülərində (konfiqurasiyasında) qismən fərq vardır. Qeyd edilir ki, Quba rayonu İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarına əsasən DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-2556 KOD 30320018 saylı Dövlət Aktında torpaq sahəsi iki hissədən ibarət göstərilməsinə baxmayaraq faktiki olaraq bir torpaq sahəsindən istifadə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 iyun 2025-ci il tarixli 3-21-3-34/2-7872/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 14 sentyabr 2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,4 ha X3 torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 12 aprel 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,8 ha X3 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bundan əlavə, Quba rayonu İİ Nügədi bələdiyyəsi tərəfindən təqdim edilən məlumata görə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahələrindən alqı-satqı qaydasında iddiaçıya istirahət zonası yaratmaq məqsədilə 3,5 ha torpaq sahəsi satılmış, bununla əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən zəruri sənədlər hazırlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, satılan torpaq sahəsi örüş sahəsi deyildir, bələdiyyənin ehtiyat fonduna aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimiqiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2- 1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.
28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?
29. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququnu təsdiq edən və hüquqi qüvvəsini saxlayan dövlət aktının yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, JN 2556 seriyalı, KOD 30320018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsinin satılmasına dair Quba rayon İİ Nügədi bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 11 saylı qərarı və torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində qeydiyyata alınmasına dair JN-2556 KOD 30320018 saylı Dövlət Aktı hazırda qüvvədədir, onun hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Digər tərəfdən, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin dövlət aktı həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir, cavabdeh inzibati orqanın iddia tələbinə etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh orqan tərəfindən göndərilmiş mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərə əsasən həmin ərazidə digər şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmış, müvafiq çıxarışlar təqdim olunmuşdur. İddiaçıya çıxarış verməkdən imtina edərkən bərabərlik prinsipinin tələbləri də pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində bərabərlik prinsipi təsbit edilmişdir: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dövlət aktına əsasən iddiaçının torpaq sahəsi üzərində artıq qeydiyyata alınmış mülkiyyət hüququna dair yeni nümunəli çıxarışın verilməsindən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1495/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.