Məhkəmə qərarları › İş №2-1(105)-91/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-91/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-91/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 01 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e-2-1(118)-1662/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya aid ambulator xəstəsinin fərdi vərəqindən görünür ki, İddiaçı xx.xx.2001-ci il, xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2013-cü illərdə əlillik müddəti bitdiyi üçün TSEK-na göndərilmişdir.İddiaçı xx.xx.2012-ci il, xx.xx.2015-ci il tarixlərdə 1 (bir) il müddətinə ikinci dərəcəli əlillik verilmişdir.

2. İddiaçı xx.xx.1994-cü il tarixində M.A.Topçubaşov adına Elmi X3 Cərrahiyyəsi şöbəsində “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş, əməliyyat olunmuş və xx.xx.1994-cü il tarixdə evə yazılmışdır.

3. 13 nömrəli TSEK-in xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı həmin tarixdə Azərbaycan Respublikası ərazi bütovlüyü müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. İddiaçı DSMF-nin Abşeron-Xızı Regional filialının istifadəsində olan proqram təminatındakı arxiv məlumatlarına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 3-cü qrup müharibə əlilliyə görə sosial ödəniş alan kimi qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci qrup müharibə əlilliyinə görə təqaüd alan kimi qeydiyyatda olmuşdur.

5. İddiaçı növbəti dəfə əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeyd edilmişdir.

6. Daha sonra iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6714/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı 01 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü şəkildə qoşulmuşdur. 27 yanvar 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlər zamanı mina partlayışı nəticəsində sağ ayağının arteriya damarına qəlpə dəyməsi nəticəsində ağır yaralanmışdır. Bununla bağlı Topçubaşov adına xəstəxanada cərrahiyyə əməliyyatı olunmuşdur. Onun müraciətinə əsasən 1999-cu ildə İlİ qrup, 5 ildən sonra isə ll qrup müharibə əlilliyi təyin edilmiş və 2021-ci ilədək əlil statusu qüvvədə olmuşdur. 2021-ci ilin mart ayında əlillik müddətinin uzadılması ilə bağlı növbəti müayinənin vaxtı çatdığı üçün o, əlillik müddətinin uzadılması üçün müraciət etmiş və müayinədən keçmişdir. Lakin ona imtina cavabı verilmişdir. Bundan sonra o, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etmişdir. Sonuncu dəfə ona 28 yanvar 2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının əlillik dərəcəsi verilməsindən imtina olunması ilə bağlı 10 dekabr 2021-ci il tarixli qərarı verilmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış və ağır cərrahiyyə əməliyyatına məruz qalmışdır. Əməliyyat zamanı onun sol ayağının damarının bir hissəsi kəsilərək sağ ayağının damarına tikilmişdir. Bundan başqa sağ ayağında olan damarların birləşdirilməsi üçün həmin ayağına plastmas detal qoyulmuşdur. M.A.Topşubaşov adına X4 verdiyi arayışdan görünür ki, iddiaçı 28 yanvar 1994-cü il tarixə həmin X3 Cərrahiyyəsi şöbəsində “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş, əməliyyat olunmuşdur və 18 mart 1994-cü il tarixdə evə yazılmışdır.

11. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon poliklinikasının 23 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71, Diaqnozun mətni: Bud çanaq oynağı və bud səviyyəsində damarlarının travması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 02 mart 2016-cı il tarixli göndərişi əsasında baxılmış və bud çanaq oynağı və bud səviyyəsində damarlarının travması (meyar 2.2), diaqnozu ilə 5 il müddətinə ll dərəcə əlillik verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 21 may 2021-ci il tarixli 0215003AACS1 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M16 - Koksartroz [bud çanaq oynağının artrozu] => M16.0 - İkitərəfli...; Diaqnozun mətni: Koksartroz [bud -çanaq oynağının artrozu], iki tərəfli koksartroz. Kəskin ağrı, ağrı sindromu. Oynaqların kontrakturası, sağ dizin bükücü kontrakturası (180-85 dərc) diaqnozunun əlillik əlamətlərinin təyin edilməməsi səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 30 noyabr 2021-ci il tarixli 0215003AAEEP saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud çanaq oynağı nahiyəsinin sağ bud sinirinin sağ ümumi bud arteriasının zədələnməsi ilə. Qəlpə yaralanmasına görə aparılmış autovenoplastikadan sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cismi (qəlpə) hər iki diz oynağının artrozu/hər iki bud çanaq oynağının koksartrozu; bud sinirinin zədələnməsi, sağ bud sinirinin postravmatik neyropatiyası, sağ ümumi bud arteriyasının zədələnməsinə görə autovenoplastikadan s/v, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ a/ə əzələlərin atrofiyası, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, hər iki qasıq nahənin c/ə sonrakı çapıqları, aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki a/ə BDV və səthi şaxələrində əsasən baldır seqmentində genişlənmiş damarlar q/o (varikoz) diaqnozunun əlillik təyin edilməsi üçün əsas verməməsi səbəbi ilə imtina verilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e-2-1(118)- 1662/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

13. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, e-2-1(118)- 1662/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1662/2022 saylı qərarın əsaslandırma hissəsinin sonuncu abzasında və nəticə hissəsində “İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi və müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edilməsi aşkar yazı səhvi hesab edilməsi, qərarın həmin hissələri müvafiq olaraq “Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya 01 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır” və “İddiaçı 01 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulsun” kimi oxunması qərara alınmışdır.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

15. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı 12 yanvar 2022-ci il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 26 yanvar 2022-ci il tarixli, **********6 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Abşeron rayon sakini xx xxxxxxxx 1968-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 20 dekabr 1994-cü il tarixli 11504 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ümumi bud arteriyasının və bud sinirinin zədələnməsi ilə müşayiət olunan budun odlu silah qəlpə yaralanması və sağ bud arteriyasının autovenoplastika - cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. Sağ bud sinirinin nevropativası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri, əzələ atrofiyası, oynaqlarda kontraktura və hərəki məhdudluq müəyyən edilməmişdir. Müayinə zamanı bütün funksional sınaqları tam yerinə yetirmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə tibbisosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X6 və Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar vermişdirlər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubliksının Qanunu:

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (...) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”

1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

26. İş materiallarında olan TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı 30 yanvar 2012-ci il, 02 mart 2015-ci il tarixlərdə 1 (bir) il müddətinə ikinci dərəcəli əlillik verilmişdir.

27. 13 nömrəli TSEK-in 02 mart 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı həmin tarixdə Azərbaycan Respublikası ərazi bütovlüyü müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

28. TSEK tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli cavabdan görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeyd edilmişdir.

29. M.A.Topçubaşov adına X7 tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 28 yanvar 1994-cü il tarixində həmin X3 Cərrahiyyəsi şöbəsində “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş, əməliyyat olunmuş və 18 mart 1994-cü il tarixdə evə yazılmışdır.

30. İddiaçıa aid ambulator xəstəsinin fərdi vərəqindən görünür ki, İddiaçı 24 yanvar 2001-ci il, 20 iyul 2007-ci il, 30 sentyabr 2009-cu il və 13 fevral 2013-cü illərdə əlillik müddəti bitdiyi üçün TSEK-ə göndərilmişdir.

31. DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş 10 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı filialın istifadəsində olan prqoram təminatındakı arxiv məlumatlarına əsasən 10 yanvar 2000-ci il tarixdən 01 iyul 2007-ci il tarixədək 3-cü qrup müharibə əlilliyə görə sosial ödəniş alan kimi qeydiyyatda olmuş, 02 mart 2015-ci il tarixdən 31 mart 2021-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası, 13 oktyabr 2018-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək 2-ci qrup müharibə əlilliyinə görə təqaüd alan kimi qeydiyyatda olmuşdur.

32. Məhkəmə kollegiyası iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0215003AAEEP nömrəli Forma 88 göndərişində qeyd olunmuş xəstəliklər - hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud çanaq oynağı nahiyəsinin sağ bud sinirinin sağ ümumi bud arteriasının zədələnməsi ilə. Qəlpə yaralanmasına görə aparılmış autovenoplastikadan sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cismi (qəlpə), habelə həmin xəstəliyin ağırlaşmaları və yanaşı xəstəliklər aşkar edilirmi? 2. İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan konkret maddə və əlilliyin dərəcəsi göstərilməklə)? 3. İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti göstərilməklə)?

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin T253/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XX Sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-hərbi əməliyyatlar=> Y36.2-hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud-çanaq oynağı nahiyəsinin sağ bud sinirinin, sağ ümumi bud arteriyasının zədələnməsi ilə, qəlpə yaralanmasına görə aparılmış autovenoplastikasından sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cisim (qəlpə), hər iki diz oynağının artrozu, hər iki bud-çanaq oynağının koksartrozu, bud sinirinin zədələnməsi, sağ bud sinirinin posttravmatik neyropatiyası, sağ ümumi bud arteriyasının zədələnməsinə görə autovenoplastikasından s\v, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ a\ə əzələlərin atrofiyası, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, hər iki qasıq nahiyəsinin c\ə sonrakı çapıqları, aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki a\ə BDV və səthi şaxələrində əsasən baldır seqmentində genişlənmiş damarlar q\o (varikoz), qan axını zəifləyib, daimi ağrı sindromu, paralitik yeriş, nevrasteniya, sadə xroniki bronxit, xroniki bronxit” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. 2.3. Qərardadda göstərilən 2, 3-cü suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən və ekspert rəyi ilə təsdiq edilən xəstəliklər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər (İ83.9, J41.0) mövcuddur.

36. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçıya təyin edilmiş və göndərişdə göstərilən Y36.4 əsas diaqnozu ikinci qrup əlilliyin təyininə əsas verən xəstəliklərin siyahısında olmasa da, İ83.9 kimi ağırlaşması ikinci qrup əlilliyin təyin edilməsinə əsas verdiyindən, cavabdeh tərəfindən iddiaçıya əlliliyin təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərərək hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e-2-1(118)-1662/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar