Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-910/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(118)-2537/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 50 yaşından - xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Pensiya təyin edildikdən sonra da iddiaçı işləməyə davam etmiş, bununla əlaqədar qəbul edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4708/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçıya təyin edilmiş 1097,32 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq 1129,99 manat məbləğində müəyyən edilmişdir.
3. Daha sonra cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş- 199128/2024 nömrəli məktub göndərilərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün hesablanmadığı, iş üzrə inzibati icraatın başlanıldığı bildirilmiş və bununla əlaqədar mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. İddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, onun əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 180 aya (65 il - 56 il = 108 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir.
4. xx.xx.2024-cü il tarixdə iddiaçıya məktubda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixində akt tərtib edilmişdir.
5. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13785/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla daha öncəki xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4708/2024 nömrəli yenidən hesablanma qərarı etibarsız hesab edilmiş, həmçinin, "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilərək, iddiaçının 1129,99 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 680,55 manat məbləğinə endirilmişdir.
6. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13785/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-13785/2024 nömrəli qərarı hələ də iddiaçıya təqdim edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında’’ Qanunun 45-ci maddəsi düzgün tətbiq edilməmişdir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-199128/2024 məktubla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya artıq pul vəsaitinin ödənilməsinə baxmayaraq, onun pensiyasından hazırkı tarixədək hər hansı tutulma aparılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(118)-2537/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13785/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Aynur Axundova).
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən Qanunun istinad edilən 45-ci normasının ikinci cümləsi qüvvədə deyildi, ləğv edilmişdi. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənədək Qanunun əvvəlki redaksiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, yenidən hesablamanın hansı tarixdə edilməsindən asılı olmayaraq, şəxsə əmək pensiyası xx.xx.2022-ci il tarixədək təyin edilmişdirsə, onun əmək pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq artırılmalıdır. İddiaçının əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. Yəni, iddiaçının əmək pensiyası hüququ yaranan zaman Qanunun 45-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq olunan redaksiyası qüvvədə idi. Göründüyü kimi inzibati orqan iddiaçıya münasibətdə Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq etməkdə haqlı olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.
17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunu
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyaya çıxandan sonra əmək fəaliyyətini davam etdirmişdir. 6 il işlədikdən sonra topladığı kapital əsasında xx.xx.2024-cü il tarixdə iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə müvafiq olaraq yenidən hesablanmış, əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan (45ci maddənin ikinci cümləsi) aparılmış, lakin daha sonra 2024-cü ilin sentyabr ayında həmin qərar cavabdeh tərəfindən etibarsız hesab edilərək, xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13785/2024 nömrəli qərarla "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməklə iddiaçının pensiyası yenidən hesablanmışdır.
25. Cavabdeh həmin qərarla “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını (72 ay) iddiaçının pensiyasının yenidən hesablanması zamanı olan yaşı ilə (56 yaş) Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2024-cü il tarixinə 65 yaş) arasında ayların sayı (108 ay) qədər artırılmaqla, 180-ə (108+72) bölünərək, 680,55 manat məbləğində pensiya hesablayaraq əvvəlki pensiya məbləğini azaltmışdır.
26. Hazırda iddiaçı qeyd edilən qərarı mübahisələndirir.
27. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi “əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti” adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu (xx.xx.2017-xx.xx.2022) müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına (artırılmasına) səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) eyni zamanda keçid müddəalarında nəzərdə tutulmuşdur.
28. İşləyən əmək pensiyaçılarına münasibətdə toplanmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması isə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir).
29. Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsi qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ultraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir.
30. Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında da əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. 31.Odur ki, kollegiyanın qənaətinə görə yuxarıda qeyd edildiyi kimi norma yalnız pensiyanın təyini ilə bağlı münasibətləri tənzimlədiyindən hazırkı mübahisəli münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz.
32. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli qanunla 45-ci maddəyə əlavə edilmiş ikinci cümlə (Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.) əvvəlkindən fərqli olaraq pensiya ödənişi müddəti aylarının sayının artırılmasına dair normanın məhz Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq pensiyanın yenidən hesablanma hallarına şamil edildiyini xüsusi göstərmişdir.
33. Beləliklə, 530-VİQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci bəndi sistemli (digər hüquq normaları ilə əlaqəli olaraq) və məqsədlər baxımından təfsir edildikdə kollegiya hesab edir ki, həmin norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanmasına münasibətdə 45-ci maddənin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinin tətbiqi, yəni pensiyanın Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanmaması, işləyən əmək pensiyasıçısı kimi sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması qanunsuz olmuşdur.
34. Digər tərəfdən, kollegiya hazırda mübahisələndirilən qərarla iddiaçının xeyrinə olan inzibati aktın (sərəncamın) etibarsız hesab edilməsini qanunsuz hesab edir. Belə ki, inzibati aktın etibarsız hesab edilməsinin əsasları “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən müəyyən edilir. Hazırda cavabdehin təqdim etdiyi dəlillər əvvəllər qəbul edilmiş aktın etibarsızlığına deyil (belə ki, həmin Qanunun 65-ci maddəsinin əsasları hazırkı işin hallarına əsasən müəyyən edilmir), ləğvinə əsaslanır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, müvafiq əsaslar olduqda inzibati orqan qəbul etdiyi inzibati aktı həmin Qanunun 67.2-ci maddəsinə əsasən ləğv edə bilər (etibarsız hesab edə bilməz). Odur ki, qeyd edilənlər “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktın ləğvi üçün əsasdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
35. Göründüyü kimi cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz və əlverişsiz aktdır. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri baxımından hər bir halda ləğv olunmalıdır.
36. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(118)-2537/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.