Məhkəmə qərarları › İş №2-1(105)-912/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-912/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-912/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: siyahıya alınmış əmlakının satılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 833,50 manat məbləğində borcunun ödənilməməsinin təmin edilməsi məqsədi ilə 18000,0 manat məbləğində siyahıya alınmış əmlakının satılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2025/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Əmlakının siyahıya alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh əmlakı kimi 18000,0 manat dəyərində **-EY-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET NİVA” markalı nəqliyyat vasitəsi siyahıya alınmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədləri təqdim etmədiyiniz təqdirdə, avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və vergi borcunun məcburi qaydada avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir. Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "CHEVROLET NİVA" markalı **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iş üzrə vergi ödəyicisinin DSMF-yə yaranmış 833,5 manat borcu xx.xx.2019-cu il tarixdə DSMF-dən 3 saylı Ərazi Vergilər İdarəsinə saldo üzrə keçmiş borcdan ibarətdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdaifiə Fonduna ödənilməmiş 833,50 manat məbləğində borcunun ödənilməməsinin təmin edilməsi məqsədi ilə 18000,0 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 833,50 manat borcuna görə 18000,0 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2- ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 833,50 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2025/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmlakın siyahıya alınması zamanı cavabdeh vergi ödəyicisinin, müşahidəçilərin, mütəxəssisin iştirakı təmin edilməmiş, siyahıya alınmış əmlakın iddiaçının istifadəsində olub-olmaması, üzərində hər hansı bir məhdudiyyətin olub-olmaması araşdırılmamış, ümumiyyətlə həmin əmlakın faktiki olaraq mövcudluğu müəyyən edilməmiş, əmlakın fotoşəkili cəkilib protokola əlavə edilməmiş, əmlakın qiyməti tərəflər arasında razılaşdırılmamışdır. Cavabdeh inzibati orqan vergi ödəyicisinin əmlakını 18000 manat məbləğində dəyərləndirsə də, bu dəyərlindirmənin nəyin əsasında həyata keçirilməsi bəlli deyil. Qeyd olunanlar isə əmlakın siyahıya alınması prosesinin qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyini, kameral yoxlamalar keçirilməsinə oxşar formada idarə binasında və ya digər formada elektron vasitələrdən istifadə edilərək həyata keçirildiyini göstərir. Bu isə vergi qanunvericliyində nəzərdə tutlmuş siyahıya alınmış əmlakın satılması ilə bağlı institutun mahiyyətinə tamami ilə ziddiyyət təşkil edir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ilə razı deyil. Məhkəmənin qərarda qeyd etdiyi dəlillər əsaslı deyil. Belə ki, məhkəmənin də qərarında qeyd etdiyi kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq cavabdehin xx.xx.2023-cü il tarixə DSMF-na ödənilməmiş 833,50 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixə qərar çıxarılmış, cavabdehin 18000 manat dəyərində əmlakı siyahıya alınmış və xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan bu dəlil cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi inzibati işə birtərəfli baxmış iddianı təmin etməməklə qanunsuz və əsassız qərar çıxarmışdır. Halbuki məhkəmə inzibati iş üzrə bütün faktiki halları xidməti vəzifəsinə uyğun olaraq araşdırmalı idi. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə **********894100 saylı müraciət ünvanlanmış, məhz, Cavabdeh məxsus **-EY-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET NİVA” markalı avtonəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, ***-*******/2-1073/2023 №- li cavab məktubunda qeyd edilmiş məlumatlar əsasında siyahıya alınmışdır. Bununla əlaqədar 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə **********690200 nömrəli "Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” xəbərdarlıq məktubu göndərilmişdir. Həmin sənəd vasitəsilə Cavabdeh mülkiyyətində X3 orqanlarının qeydiyyat məlumatlarına əsasən, **-EY-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET NİVA” markalı avtonəqliyyat vasitəsi olduğunun müəyyən edildiyi vurğulanmış, həmin daşınar əmlakın siyahıya alınması məqsədilə şəxsiyyətini və daşınar əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməklə xx.xx.2023-cü il tarixdə saat 16:00-da yaşadığı ünvan 1i ünvanına dəvət edilmiş, avtonəqliyyat vasitəsinə dair sənədləri təqdim etmədiyi təqdirdə avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması yə vergi borcunun məcburi qaydada avtonəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə qanunvericilklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət pdiləcəyi də cavabdehin nəzərinə çatdırılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Əmlakın siyahıya alınması haqqında” protokoldan da göründüyü ki, Cavabdeh məlumatlandırılmasına və xəbərdar edilməsinə baxmayaraq, əmlakın siyahıya alınması prosessində iştirakdan boyun qaçırmışdır. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-2025/2024 nömrəli qərarında əsassız olaraq müşahidəçilərin də bu prosessdə iştirak etmədiyi vurğulanmışdır. Halbuki, əmlakın siyahıya alınması prosessində müşahidəçilərin iştirakı tərəfimizdən təmin edilmiş və adları da tərtib olunmuş protokolda öz əksini tapmışdır. Nəqliyyat vasitəsinin qiymətinin vergi ödəyicisi ilə razılaşdırılması hansı normadan irəli gəldiyi məhkəmənin qərarından məlum olmur. Birinci instansiya məhkəməsi bununla bağlı hər hansı hüquq normasına istinad etməmişdir. Nəqliyyat vasitəsinin dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Dövlət Vergi Xidmətinin müvafiq Qaydalarına əsasən nəqliyyat vasitəsinin dəyəri rəsmi elan saytlarında, KİV-də olan qiymətlərlə müəyyən oluna bilər. Cavabdeh nəqliyyat vasitəsi qiymətləndirilərkən yuxarıda qeyd olunan mənbələrdən istifadə olunmuşdur. Məhkəmənin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraatın aparılmaması ilə bağlı mövqeyinə münasibətdə qeyd olunur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən həyata keçirilir. Həmin maddədə də qeyd olunmuşdur ki, əmlakın siyahıya alınması ilə əlaqədar protokol üzrə siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Göründüyü kimi Vergi Məcəlləsinin 89-cu maddəsində əmlakın siyahıya alınması zamanı qiymətləndiricinin dəvət edilməsi nəzərdə tutulmamış, əmlakın siyahıya alınması zamanı qiymətin mümkün olduğu halda göstərilməsi qeyd olunmuşdur. Yəni protokolda siyahıya alınmış əmlakın qiymətinin əks olunması məcburi şərt olaraq göstərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ ....İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir:89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur.89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir.89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələbinə əsasən vergi ödəyicisi müvafiq vergi öhdəliklərini icra etmədiyi halda, məhz ona məxsus olan əmlak siyahı alınmaqla, satılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi məhz cavabdehin iddiaçı qarşısında yerinə yetirilməli olan 833,5 manat məbləğində vergi borcu öhdəliyinin mövcud olmasına istinad etmişdir. Həmçinin, iddiaçı həmin hala istinad edərək, əmlakın siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun məzmunundan görünür ki, siyahıya alınan əmlak qismində iddiaçıya məxsus olan avtomobil qeyd edilmiş, onu dəyəri kimi 18000 manat qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmış, ona çatdırılması halına dair sənəd təqdim edilməmişdir. İş materiallarında olan Baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, qeyd edilən avtomobil cavabdehə məxsus olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, indiki halda araşdırılmalı olan hal məhz iddiaçı tərəfindən həmin tədbirin görürülməsi ilə bağlı hərəkətlərinin qanunvericiliyin tələbinə uyğun olubolmaması ilə bağlı haldır. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu qaydada araşdırma məhz iddiaçı vergi orqanı tərəfindən cavabdeh barəsində həmin hərəkətlərin icra edildiyi vaxtda qüvvədə olan vergi qanunvericilik normalarının tələbinə əsasən aparılmalıdır. Belə ki, iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınması və satılmasına dair həmin vaxtda qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara (VM-nin 89cü maddəsində ehtiva olunan) riayət edilməmişdir. Nəticə etibarilə iddiaçı vergi orqanının əmlakın siyahıya alınması və satılmasına dair cavabdeh barəsində etdiyi hərəkətləri VM-nin 89-cu maddəsində ehtiva olunan dispozitiv şərtlərinin tələbinə uyğun olmamışdır. Bundan əlavə, iddiaçı vergi orqanı tərəfindən hətta həmin prosedur qaydalara əməl edilmiş olsa idi belə, indiki halda vergi orqanı tərəfindən mütənasiblik prinsipinin tələbləri pozulmuşdur. Belə olan halda, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Qeyd edilən prinsipin mahiyyətinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda cavabdehin iddiaçı qarşısında yaranmış vergi borcunun məbləği ilə siyahı alınmış və satılması tələb olunan əmlakın dəyərini müqayisəli təhlil edilməli, vergi borcu məbləğinin onun mülkiyyət hüququndan məhrum edilməsinə səbəb olan tədbirin tətbiq edilməsinə mütənasib olub-olmaması halı müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiaçı qarşısında yaranmış vergi borcunun məbləği 833,5 manat təşkil edir, siyahı alınması və satılması tələb olunan əmlakın dəyəri isə 18000 manat təşkil edir. Qeyd edilən məbləğdə vergi borcunun icrasının təmin edilməsi məqsədilə həmin borcun məbləğindən 20 dəfədən artıq dəyəri olan əmlaka dair mülkiyyət hüququndan məhrum edilməsi halı özlüyündə həm əmlakın dəyəri baxımından, həm də nəticə olaraq (mülkiyyət hüququndan məhrum edilməsi) vergi ödəyicisini qeyri-mütənasib və həddən artıq yükə məruz qoymaqla, ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hətta iddiaçı tərəfindən prosedur qaydalara əməl edilmiş olsa idi belə, hazırki iddia tələbi ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə, mahiyyəti və məqsədinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri isə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2025/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar