Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-912/2025 12.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-373/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş materiallarında olan JN 899 KOD 30304038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon DNK-nun 01.12.03 tarixli 4-ə-404-410 və 25.02.04 tarixli 4-ə-235—249 saylı alqı-satqı müqavilələri ilə İddiaçı Quba rayon İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.60 ha torpaq sahəsi satılmışdır. İddiaçı Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Dövlət Notariat Kantorunun təsdiq etdiyi xx.xx.2003-cu il tarixli 4-ə-404-410 və xx.xx.2004-cü il tarixli 4-Ə- 235-249 saylı alqı-satqı müqavillələrinə əsasən Quba rayon Qəcər-Zeyid kənd ərazisində 2.60 ha kənd təsərüfatı məhsulları istehsalı üçün torpaq sahələri satın alınmış və adına keçmiş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən JN-899 KOD 30304038 saylı Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir və həmin aktdan torpağa sahiblik edərək istifadə edir. Qeyd edilən Dövlət Aktının əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə öz adına çıxarış almaq üçün hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə çıxarışın verilməsinə imtina etmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi JN-899 KOD 30304038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktından aşkar olur ki, qeyd olunmuş xx.xx.2006-cı il tarixli sənədə əsasən mülkiyyətində Quba rayon Qəcər- Zeyid kəndi ərazisində 2.60 ha torpaq sahəsi mülkiyyətinə verilmiş və həmən Dövlət Aktı DT və XK-nin Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerqurluşu Layihə İnustutunun Rəhbəri F.Cəfərov tərəfindən imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlillər: Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, JN-899 KOD 30304038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir.Bundan əlavə dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-373/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü və 2004-cü illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-404-410 və 4Ə-235-249 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozularaq qəbul edildiyi üçün ləğv edilməli və iddia tələbi təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş, iddiaçı isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına nail olmaq istəyir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, JN-899 KOD 30304038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü və 2004-cü illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-404-410 və 4Ə-235-249 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya iddiaçının təqdim etdiyi sənədin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədin məzmunu deyil, onun qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş JN899KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş və arxiv nüsxəsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü və 2004-cü illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-404-410 və 4Ə-235-249 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 4Ə-405, 4Ə-406, 4Ə-407, 4Ə-408, 4Ə-409, 4Ə-410 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Quba rayon dövlət notariat ofisində 30 dekabr 2003-cü il tarixdə 4Ə-404, 15 may 2004-cü il tarixdə 4Ə-235, 4Ə-236, 4Ə-237, 4Ə-238, 18 may 2004-cü il tarixdə 4Ə- 239, 4Ə-240, 4Ə-241, 4Ə-242, 4Ə-243, 4Ə-244, 26 may 2004-cü il tarixdə 4Ə-245, 4Ə- 246, 4Ə-247, 4Ə-248, 4Ə-249 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin kserosurəti məhkəməyə təqdim edilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, yuxarıda qeyd edilən hallar təqdim edilən sənədin hüquqi əsası və etibarlılığı ilə bağlı olan şübhələri daha da dərinləşdirir, onun saxtalaşdırma əlamətləri daşıdığını istisna etmir və nəticə etibarilə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən dövlət aktının da hüquqi etibarlılığına və qanuniliyinə ciddi xələl gətirir. Belə şəraitdə isə bu cür qeyri-müəyyən, hüquqi etibarlılığı təsdiqlənməmiş və qanunvericiliklə nəzərdə tutulmuş formada qeydə alınmamış sənədə əsasən hüququn dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3-cü maddəsində təsbit olunmuş hüquqi münasibətlərin sabitliyi və şəffaflığı, daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi prinsiplərini də pozmuş olar və bu baxımdan qeydiyyat orqanının çıxarış verməkdən imtina etməsi hüquqi baxımdan tam əsaslı və qanunauyğundur. Bütün bu halları nəzərə alan kollegiya bir daha vurğulayır ki, hüququ təsdiq edən sənədin yalnız kağız daşıyıcısında təqdim edilməsi və ya sadəcə surətinin mövcudluğu kifayət etmir. Belə sənədin qanunvericiliyə uyğun qaydada qeydiyyat orqanında rəsmiləşdirilməsi, müvafiq informasiya sistemində qeydiyyatının aparılması və aidiyyəti qurumlar tərəfindən tanınması zəruridir. Əks təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması prosesi öz funksional mahiyyətini itirərək, hüquqi qeyri-müəyyənlik və risklər doğura bilər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsində nəzərdə tutulduğu qaydada, yəni hüquqların dövlət qeydiyyatı üçün təqdim olunan ərizənin və sənədlərin qəbul edilməsi, həmin sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunun yoxlanılması, hüquqlar arasında ziddiyyətlərin müəyyən edilməsi və qeydiyyatdan imtina və ya dayandırılma üçün əsasların olub-olmamasının araşdırılması nəticəsində cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş JN-899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nın arxiv nüsxəsi aşkar edilməməsi, elektron baza məlumatlarında əksini tapmaması, verilməsinə əsas olan sənəd kimi qeyd edilmiş alqı-satqı müqavilələlərin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-373/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.