Məhkəmə qərarları › İş №2-1(105)-914/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-914/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-914/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 (iddiaçı əsl İddiaçı mənzil tikinti kooperativi ilə əvəz olunmuşdur) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X10, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, İddiaçı mənzil tikinti kooperativinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 (iddiaçı əsl İddiaçı mənzil tikinti kooperativi ilə əvəz olunmuşdur) İddiaçı mənzil tikinti kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində onun sahibliyinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-357/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 4 mart 1993-cü il tarixli 170 saylı sərəncamı ilə Masazır kənd İcra Hakimiyyətinin sərəncamına verilmiş 4.6 ha torpaq sahəsindən X3 0,10 ha torpaq sahəsinin ayrılması və həmin sahədə ona mənzil tikməyə icazə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 4 mart 1993-cü il tarixli, 170 saylı sərəncamının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Masazır kəndinin içindən və ətrafından 46 ailəyə hər ailəyə 0.10 ha hesabı ilə 4.6 ha həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1978-ci l tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd H.Əhmədovaya ayrılmış 0,10 torpaq sahəsi barəsindədir. Texniki pasportdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X3 məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi barəsindədir. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina bildirişindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha topaq sahəsinin X6 Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Əlavə olaraq baxış keçirilmiş ərazidə yerləşən fərdi yaşayış evinin inşa etdiyi faktiki torpaq sahəsinin 225 kv.m hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı MTK Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində X6 ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz etmir. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin iddiaçıya ayrılmış torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0823 ha təşkil edir və sxemdə göstərilmişdir. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsi sxemdə göstərilmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmir, lakin həmin torpaq sahəsinin 140 kv.m hissəsi yolun mühafizə zolağında yerləşir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsindən keçən, Masazır qəsəbəsinin elektrik enerjisi ilə təmin edən hava xətti 1973-cü ildə istismara verilmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1990-cı il tarixli, 84/3 qərarına əsasən Xırdalan südçülük sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən 18 iyul 1990cı il tarixli, 7 №-li birgə qərar, 24 iyul 1990-cı il tarixli, 65 №-li əmrlə, 23 oktyabr 1990-ct il tarixli, 8 №-li birgə qərar və 31 oktyabr 1990-cı il tarixli, 96 №-li əmrlə torpaq sahəsi ayrılmış aşağıda adları qeyd olunan vətəndaşların həyətyanı torpaq sahələrinin naturada bölgüsü RİK-in memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra sovxozun 284 M-li 16 noyabr 1990-cı il tarixli məktubuna əsasən təhkim olunmuş həyətyanı torpaq sahəsində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikməsi məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X11 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində onun sahibliyinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində ona 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmiş, müraciətin təmin edilməsindən **********61 saylı 05 may 2020-ci il tarixli bildirişlə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi 4 saylı Ərazi İdarəsinin imtina məktubunda imtinanın əsası kimi qeyd etdiyi nöqsanla bağlı münasibətləri tənzimləyən normativ hüquqi akt (Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qayda) mühafizə zolağına düşən torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını tanıyır və mülkiyyət hüququnu məhdudlaşdırmır. Ona torpaq sahəsi ayrılması barədə qərar verilən və onun torpaq sahəsinin faktiki sahibliyinə başladığı zaman həmin elektrik xətti çəkilməmiş, çox sonralar çəkilmişdir. İnternet resurslarından əldə etdiyi məlumatlara əsasən yüksək gərginlikli elektrik xətti 110 kvt və ondan artıq gərginliyi olan elektrik xəttləri yüksək gərginlikli elektrik xətti hesab edilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha (faktiki 0,1075 ha) torpaq sahəsinin ilkin baş planının və va təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə təqdim edilmiş Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi, sözügedən torpaq sahəsinin 140 kv.m hissəsinin yolun mühafizə zolağında yerləşdiyi, mübahisə predmenti olan daşınmaz əmlakın üzərində **********14-10301 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin həyətyanı torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli, 14 saylı sərəncamına əsasən verilmiş 37250 qeydəalma nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçıya məxsus olmuş, sonra isə həmin daşınmaz əmlak X11 tərəfindən 03 mart 2022-ci il tarixli, 4Ə482 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı MTK-nə satılmışdır. Daha sonra X1 ravon Xırdalan qəsəbə XDS İK-nin 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarı ilə 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya sözügedən torpaq sahəsinə dair müxtəlif vaxtlarda iki ayrı torpaqayırma sənədi verilmiş və mövcud qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-357/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezindentinin 1664 saylı 7 aprel 2022-ci il tarixli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyinə əsasən mübahisəsi gedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşmür. Beləliklə, cavabdehin imtina cavabının dəlilləri aradan qalxmış olur. Lakin iddia ərizəsinə etirazında cavabdeh yeni dəlillər irəli sürmüşdür. Belə ki, cavabdeh torpaq sahəsinin ayrılmasına dair ayrıc aktının təqdim edilməməsi, sərəncamın torpaq sahəsinə fərdi yaşayış evinin tikintisinə dair verildiyi, torpaq sahəsinin 140 kv m hissəsinin yolun mühafizə zolağına düşdüyünü və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğunu göstərmişdir. Torpaq sahəsinə dair ayrıc aktı əlavə edilməsə də, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, bələdiyyənin yerquruluşu planından çıxarış mövcuddur. Ayrıc aktının olmaması torpaq sahəsinin iddiaçıya məxsus olması faktını təkzib edə bilməz. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Məhkəmə tərəfindən yerində baxış keçirilərkən bir hissəsində yardımçı tikili və fərdi yaşayış evinin yerləşməsi müəyyən edildi. Sərəncamın məzmunundan göründüyü kimi torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir . Bundan başqa məhkəmə qeyd edir ki, torpaq sahəsi yaşayış məntəqəsi daxilində yerləşdiyindən yolun mühafizə zolağına düşməsindən söhbət gedə bilməz. Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Həmin torpaq sahəsinin üzərində başqa şəxsə məxsus fərdi yaşayış evinin yerləşməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin evin sahibi İddiaçı MTK torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə etiraz etmədiyini notariat qaydasında təsdiq edilmiş ərizəsində bildirmişdir. Torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddiaçının əsl İddiaçı mənzil tikinti kooperativi ilə əvəz edilməsinin məhkəmədən xahiş etdi. İddiaçı mənzil tikinti kooperativinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək İddiaçı mənzil tikinti kooperativinin əsl iddiaçı kimi işə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası qeyd edilən ərizələri əsas götürərək, hazırki inzibati iş üzrə iddiaçı X2 əsl iddiaçı QƏSR-1” mənzil tikinti kooperativi ilə əvəz olunması barədə qərardad qəbul etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş əsl İddiaçı mənzil tikinti kooperativinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınmasını, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi müvafiq İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin sərəncamı əsasında ayrılmış, müvafiq Fərmanda isə qəsəbə nümayəndəliklərinin sərəncamları hüququn əldə edilməsinə dair sənədlərin siyahısında nəzərdə tutulmamış, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin 225 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 №li sərəncamı əsasında X2 adına 0,10 ha torpaq sahəsi ayrılması və həmin sahədə ona mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, bələdiyyə və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayonu İcra Hakimiyyətinin 04 mart 1993-cü il tarixli 170 №li sərəncamı ilə Masazır kəndində həyətyanı torpaq fondu ayrılması qərara alınmış, habelə həmin sərəncam əsasında nümayəndəlik tərəfindən torpaq sahələrinin ayrılmasına dair səlahiyyət verilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsindən elektrik enerjisi ilə təmin edən hava xətti keçir və həmin xətt 1973-cü ildə istismara verilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügeədn torpaq sahəsi elektrik xəttinin mühafizə zonasında yerləşmir, 140 kv.m. hissəsi yolun mühafizə zolağında yerləşir, ortofoto görüntüsü əlavə edilmişdir. İş materillarından görünür ki, sözügedən torpaq sahəsi üzərində əsl İddiaçı MTK-ya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evi (195,8 kv.m. ümumi sahəsi olan) yerləşir, mülkiyyət hüququq dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, İddiaçı MTK ilə X11 arasında notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən satıcı yalnız 195.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin alıcının mülkiyyətinə vermiş, alıcı isə şərtləşdirilmiş dəyəri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüququn əldə edilməsini təsdiq edən sənədlər kimi qeyd edilmişdir. İndiki halda sözügedən torpaq sahəsinin ayrılmasına dair Masazır kənd nümayəndəliyi tərəfindən qəbul edilmiş müvafiq sərəncam məhz Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətin ötürülməsini ehtiva edən 04 mart 1993-cü il tarixli 170 nömrəli sərəncamına əsaslandığından, hazırki iddia tələbi məhz yuxarıda istinad edilən müvafqi Fərmanın 2.7-ci bəndinin dispozitiv şərtləri ilə uzlaşır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina, etiraz və şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, hər iki sərəncamın məzmunu məhz torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqanın istinad etdiyi müvafiq XDS İK-nın 29 noyabr 1990-cı il tarixli qərarı fərdi yaşayış evinin tikintisi ilə bağlı olsa da, hazırki iddia tələbi həmin qərar əsasında deyil, məhz müvafiq sərəncam əsasında ayrılmış sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına ayrılması ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən isə həmin sərəncamların mövcudluğuna əhəmiyyət verilməmiş, formal olaraq, qeyd edilən qərarın torpaq sahəsinin ayrılmasına aid olmaması, habelə torpaq sahəsinə dair iki ayrı torpaqayırma sənədinin mövcud olması kimi hallara istinad etmişdir.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin əsasında sözügedən torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi halı müəyyən edilmiş olsa idi belə, bu hal torpaq sahəsi üzərindəə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına mane olan hal kimi çıxış etməyəcəkdir. Belə ki, yuxarıda istinad edilən Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin müəyyən hissəsi yolun mühafizəsi zonasına düşməsi ilə bağlı arqumentə istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Avtomobil Yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin arqumneti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair yerləşmə mövqeyini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmiş, habelə həmin sənəddə torpaq sahəsinin yerləşmə mövqeyi və koordinatları əks olunmuşdur. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu baxımından məhkəmə kolegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və şikayətin dəlili kimi istinad etdiyi ayrıc aktı və ya ilkin baş planın təqdim edilməməsi ilə bağlı hissədə formal xarakter daşımaqla, əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə X4 müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları yaranmışdır. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi X9 (müvafiq qeydiyyat vəsiqəsi və ona dair texniki pasport əsasında) məxsus olmuş, daha sonra onun tərəfindən hazırki iş üzrə əsl iddiaçı olan İddiaçı MTK-ya satılmış, müqavilənin predmeti qismində yalnız fərdi yaşayış evi çıxış etmiş, onun yerləşdiyi torpaq sahəsi çıxış etməmişdir. Qeyd edilən fərdi yaşayış evi hazırda xüsusi mülkiyyət hüququ əsasında əsl iddiaçıya məxsusdur və hazırki iddia tələbinin predmeti olan torpaq sahəsinin üzərində yerləşir. Belə olan halda məhkəmə kollegiyası əsl iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir; 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir;243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarının tələbini əsas götürərək hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbinin predmeti qimsində çıxış edən 0,10 ha torpaq sahəsi üzərində məhz əsl İddiaçı MTK-ya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evi mövcud olduğundan, torpaq sahəsinə hüquqlar da ona keçir. Başqa sözlə desək, sözügedən torpaq sahəsinə dair X2 mülkiyyət hüququ iddiaçı "xxxx" MTK_ya ötürülmüşdür (verilmişdir). Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki,əsl İddiaçı MTK-nın iddiası əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə cavabdehin bu hissədə istinad etdiyi arqumentləri (torpaq sahəsi üzərində başqa şəxsə məxsus torpaq sahəsi yerləşməsi və s.) təkzib edir. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlili ilə bağlı onu qeyd edir ki, hazırki iddia predmeti olan torpaq sahəsi X2 adına məhz müvafiq Sərəncam əsasında ayrılmış, həmin torpaq sahəsinə dair ikinci bir hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. X2 adına tərtib edilmiş qeydiyyat vəsiqəsi və texniki pasport fərdi yaşayış evi ilə bağlı olmaqla, həmin vəsiqənin məzmununda da məhz qeyd edilən sərəncama istinad edilmişdir. İndiki halda isə fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlt qeydiyyatına alınsa da, sözügedən torpaq sahəsinə (müvafiq 10 mart 1993-cü il 14 nömrəli Sərəncam əsasında ayrılmış 0,10 ha torpaq sahəsinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də istinad etdiyi arqumentləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı əsl iddiaçı ilə əvəz edildiyindən, habelə iddia tələbi məhz sözügedən torpaq sahəsi üzərində əsl iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyytaına alınması ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-357/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mənzil tikinti kooperativinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar