Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-915/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsinin mərhum babasının mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2101/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 2707 saylı, 08 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilənin surətinə əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1027 nömrəli bağ sahəsi X6 icarəsinə verilmişdir. AZ-İ № 167774 saylı, 10 dekabr 2005-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən, X4 13 dekabr 1979-cu il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 oktyabr 2022-ci il tarixli arayışına əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1027 nömrəli bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir, bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və bağ sahəsinin qeydiyyata alınmasına etiraz edilmir. Bakı şəhəri 19 saylı Notariat Ofisinin 480 saylı, 05 aprel 2023-cü il tarixli məktubuna əsasən, mərhum X1 vərəsəsi nəvəsi İddiaçıdır. Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2023-cü il tarixli cavab məktubuna əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus hava elektrik verilişi xətti keçmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 30 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri İcraiyyə komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il il tarixli, 2707 saylı qərarına əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 115 saylı 0.25 ha torpaq sahəsi icarə əsasında iddiaçının mərhum babası X8 ayrılmışdır. Vəfat edənədək göstərilən bağ sahəsi onun mülkiyyətində, yəni istifadə və sahibliyində olmuşdur. Bağ sahəsindən uzun illərdir ki, iddiaçı mübahisəsiz istifadə edir. Mərhum babası X11 10 dekabr 2005-ci il tarixdə ürək damar çatmamazlığı səbəbindən vəfat etmişdir. Babasının vəfatından sonra ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Bakı şəhəri 19 saylı notariat kontoruna tərəfindən müraciət edilmişdir. X6 vəfat etməsi ilə əlaqədar 02 sentyabr 2022-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə müraciət etsə də idarə tərəfindən ona imtina verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2022-cİ il tarixli, **********46 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir: “Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar araşdırma zamanı hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş xx.xx.1996-cı il tarixli icarə müqaviləsində düzəlişlərin olduğu, lakin düzəlişlərin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilmədiyi aşkar olunmuşdur”. Reyestr Xidmətinin bu imtinası qanunsuz və əsassızdır. Belə ki, qanunvericilikdə imtinanın bu cür halı nəzərdə tutulmamışdır. Reyestr xidməti müqavilədə göstərilən torpaq sahəsini mütəxəssisləri vasitəsi ilə araşdırmalı, arxiv sənədlərini qaldırmalı idi. Onun şəxs olaraq belə bir öhdəliyi və ya vəzifəsi yoxdur. Reyestr xidmətinin bu imtina cavabı əslində onun -yəni inzibati proses iştirakçısı kimi bərabərlik hüququnu pozur. Çünki reyestr xidmətinin bu imtinasından açıq-aşkar görünür ki, onun qonşuluğunda yerləşən bağlara çıxarış verilib. Bunlardan başqa, reyestr xidməti imtinasının bağ sahəsinin mübahisəli olmasına dair hissəsini də əsaslandırmamışdır. Əgər bu barədə sübutları olsa idi, istinad etdiyi halları sübut edərdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış, habelə plan və ölçünün verilməsi barədə İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı Nazım qızına bildirilmişdir ki, müraciətə dair sənədlərin araşdırılması zamanı hüquqmüəyyənedicı sənəd qismində təqdim edilən 8 mart 1966-cı il tarixli icarə müqaviləsində düzəlişlər olunduğu, lakin düzəlişlərin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilmədiyi aşkar olunmuşdur. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını təyin etmək üçün əmlaka texniki baxış keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrə ardıcıllığına uyğun olmadığı, 0.0084 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Müraciətə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin sərhəd ölçülərini müəyyən etmək üçün zəruri olan sənəd əlavə olunmadığından faktiki torpaq sahəsinin yerinin sənəd üzrə olan torpaq sahəsinə uyğunluğunun təyin edilməsi mümkün olmamışdır. Torpaq sahəsinin 0.0472 ha hissəsi 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2101/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.(hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra—dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsinin mərhum babasının mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsindən imtinası təşkil edir. Cavabdeh aşağıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş 08 mart 1966-cı il tarixli icarə müqaviləsində düzəlişlərin edilməsi, lakin düzəlişlərin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməməsi; 2) qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrə ardıcıllığına uyğun olmaması; 3) 0.0084 ha zəbt torpaq sahəsinin olması; 4) torpaq sahəsinin 0.0472 ha hissəsinin 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 2707 saylı, 08 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilə əsasında X1 icarəsinə verilmişdir. Məhkəməyə sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 2707 saylı, 08 mart 1966-cı il tarixli müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin müqavilənin tədqiqi zamanı hər hansı düzəlişin edilməsi və həmin düzəlişin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməməsi halı öz əksini tapmamışdır. Bu səbəbdən kollegiya cavabdehin həmin dəlilini öəsassız hesab edir. Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh orqana birinci instansiya məhkəməsi tərəfindən sorğu ünvanlanaraq, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı müayinə aktının və ortofoto xəritəsindən çıxarışın təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş ortofoto xəritədən görünür ki, mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında 1027 nömrəsi ilə qeyd olunmuş və mübahisə predmeti olan 1027 saylı bağ sahəsinin ətrafında 1022, 1026 saylı bağ sahələri də mövcuddur. Beləliklə həmin torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri ilə qonşu torpaq sahələrinin nömrə ardıcıllığı mövcuddur. Apellyasiya şikayətinin üçüncü dəlili ilə bağlı kollegiya qeyd edir ki, torpaq sahəsinin müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində həqiqətən də, 0.0084 ha zəbt torpaq sahəsi mövcuddur. Lakin hazırki iddia tələbində iddiaçı qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının deyil, yalnız 0.25 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Cavabdeh orqanın apellyasiya şikayətinin son dəlili, yəni torpaq sahəsinin 0.0472 ha hissəsinin 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 oktyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1027 nömrəli bağ sahəsi 6 kvt-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir, bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və bağ sahəsinin qeydiyyata alınmasına etiraz edilmir, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 may 2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 1992-ci ildə istismara verilmiş 6 kV-luq “Bağ-6” elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Göründüyü kimi torpaq sahəsi həmin elektrik xəttinin istismarına heç bir maneçilik törətmir. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasının tələbini nəzərə almadan iddianı təmin etmişdir. Halbuki, maddənin tələbindən də göründüyü kimi, X4 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs olmuş, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyündən onun qanun üzrə vərəsəsi-hazırki iş üzrə İddiaçı qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verməli, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış isə həmin arayış əsasında onun adına rəsmiləşdirilməlidir. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2101/2023 nömrəli qərarı dəyişdirilsin. Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarı ilə ayrılmış, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.