Məhkəmə qərarları › İş №2-1(105)-915/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-915/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-915/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-3492/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ləğv edilmiş DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-587 A Kod 30308018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Quba rayon Aşağı-Atuc kəndi ərazisindən verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 04 aprel 2006-cı il tarixli 4-Ə-788-789 №-li alqı-satqı müqavilələrinə əsasən, Quba rayonu, Aşağı-Atuc kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi satın almış və qeyd edilən alqı-satqı müqavilələrinə əsasən, satın aldığı 0,16 ha torpağa ləğv edilmiş DT və XK -nın Quba rayon Şöbəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-587 A Kod 30308018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işləmiş və şəhadətnamənin verilməsinə əsas 4-Ə-788-789 saylı alqı-satqı müqavilələri olmuşdur. İddiaçı hesab edirki,qeyd edilənlər iddaanın təmini üçün əsasdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-587A KOD 30308018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 04 aprel 2006-cı il tarixli, 4ə-788-789 saylı alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Aşağı Atuc kəndi ərazisindən 0,16 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Quba RİHB-nın Vladimirovka inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 851 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən hazırda Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatdadır və hal- hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, bildirilir ki, arxivə təhvil verilmiş 4Ə-788-789 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, JN- 587A saylı (Kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olan sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq JN-587A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti məhkəməyə təqdim edilmişdir. Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, GPS aləti vasitəsi ilə torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq həmin torpaq sahəsi dəmir tor ilə hasarlanmışdır. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi gediş-gəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddia olunan torpaq sahəsi 0,16 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-587A kod 30308018 nömrəli şəhadətnamə baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. Əlavə olaraq bildirilir ki, TEKUlS-də açıqlama bölməsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi “Köçəri Mal-Qara düşərgəsinin torpağı” kimi qeyd olunmuşdur. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin qərb istiqamətində olan gediş-gəliş yolunun əks tərəfində yerləşən torpaq sahəsi üzərində **********43 reyestr nömrəli çıxarışa əsasən, X2 mülkiyyət hüquqları tanınmışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-3492/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, qeyd olunan torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 04 aprel 2006-cı il tarixli, 4-Ə-788-789 nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Torpağın mülkiyyət sənədinin Azərbaycan Respublikası DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən cavabdeh orqana təhvil verilməməsi, şəhadətnamədə göstərilən alqı-satqı müqaviləsinin arxivdə aşkar edilməməsi bir alıcı və torpaq mülkiyyətçisi kimi onun mülkiyyət hüququ əldə etməyinə mane ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayon Aşağı-Atuc kəndi ərazisindən verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. (Qanunun 8.0.5-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi JN-587A KOD 30308018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad edir. Həmin Şəhadətnamədə isə mübahisəli torpaq sahəsinin Quba rayon Dövlət Notariat Kontorunun 04 aprel 2006-cı il tarixli, 4ə-788- 789 saylı alqı-satqı müqaviləsinə əsasən verildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/6-11-42/25 nömrəli məktubdan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, bildirilir ki, arxivə təhvil verilmiş 4Ə-788-789 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-2551/2025 nömrəli məktubdan görünür ki, JN-587A saylı (Kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olan sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göründüyü kimi iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi şəhadətnamədə qeyd olunan Quba rayon Dövlət Notariat Kontorunun 04 aprel 2006-cı il tarixli, 4ə-788-789 saylı alqı-satqı müqaviləsinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçının istinad etdiyi müvafiq Şəhadətnamə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Eyni zamanda işdə olan Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, GPS aləti vasitəsi ilə torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq həmin torpaq sahəsi dəmir tor ilə hasarlanmışdır. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi gediş-gəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddia olunan torpaq sahəsi 0,16 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-587A kod 30308018 nömrəli şəhadətnamə baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. Əlavə olaraq bildirilir ki, TEKUlS-də açıqlama bölməsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi “Köçəri Mal-Qara düşərgəsinin torpağı” kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın əsaasız olmasını göstərən digər əsaslardır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki cavabdehin imtinası əsaslı olmuşdur. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-3492/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar