Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-916/2024 23.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral yoxlanması əsasında 2022-ci il üzrə vergilərin hesablanması barədə 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)- 2689/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral yoxlanması əsasında 2022-ci il üzrə vergilərin hesablanması barədə 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ********** saylı VÖEN almışdır. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin 2022-cı il üzrə kameral yoxlaması nəticəsinə əsasən 31 mart 2023-cü il tarixdə 40708.53 manat məbləğində vergi hesablanmışdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 31 oktyabr 2023-cü il tarixli **********640600 nömrəli məktubun vergi ödəyicisinə göndərilməsinə və həmin məktubda kameral vergi yoxlamasının başa çatdırılması üçun 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsinin tələb edilməsinə baxmayaraq Vergilərin hesablanması barədə **********816400 qərar 30 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra tərəfə məktub göndərilmişdir. Vergi orqanına xx.xx.2023-cü ildə bəyannamə təqdim etmiş və bu bəyannamədə zay olan məhsulu xərc kimi deyil, alış qiyməti ilə satışdan və maya dəyəri ilə alışdan azaltmışlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 iyul tarixli 307 nömrəli qərarı ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”-na uyğun olaraq müvafiq təbii itki normalarını xərc maddəsi kimi əlavə etmişdir. Bu bəyannaməyə xx.xx.2023-cü il tarixində 2 saylı ƏVBİ tərəfindən uyğunsuzluq məktubu göndərilmişdir və tərəfindən məktubda qeyd olunan məqamlara xx.xx.2023-cü tarixdə izahat verilərək yazılı formada təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə 2 saylı ƏVBİ tərəfindən verdikləri izahata 30 iş günü ərzində baxılaraq münasibət bildiriləcəyi qeyd olunsa da, heç bir cavab verilməmişdir. İddiaçının vergi borcu təsdiq olunmadan və məsələ həllini tapmadan 2 saylı ƏVBİ iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü tarixdə yenidən 2 saylı ƏVBİ-nə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə (izahatdan 53 gün sonra) izahata münasibət bildirmək əvəzinə, kameral yoxlama barədə qərar təqdim olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2023-cü tarixdə Vergilər Nazirliyinə dəvət edilmiş və iddiaçı görüşdə həm kamera, həm yoxlama, həm də zay olma ilə bağlı sənədləri təqdim etmişdir. İddiaçıya bu məsələ ilə bağlı ən qısa müddətdə cavab veriləcəyi bildirilsə də, nə cavab verən olmuşdur, nə də məsələ həllini tapmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində 2 saylı ƏVBİ-nə getmiş, lakin onu qəbul edən olmamışdır. İddiaçı onlayn kargüzarlıq vasitəsilə 7 dəfə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən məktub gəlmiş və məktubda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müraciətlərinin cavablandırılacağı bildirilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 2 saylı ƏVBİ tərəfindən iddiaçının müraciətlərinə baxıldığı və bu işlə Ceyhun Nəsirovun məşğul olduğu bildirilmişdir. Məktubda qeyd olunan əlaqə nömrəsi (**********) ilə əlaqə saxlamaq cəhdləri boşa çıxmışdır. 2022-ci il tarixində iddiaçının ixrac etdiyi 801 ton məhsulun təxminən 160 tonu öz istehsalı, qalan hissəsi isə rəsmi aktlarla alınan məhsullar olub. Hələ 2021-ci ildə plar nar və xurma bağı icarəyə götürüb, onu AQTA-də qeydiyyatdan keçirib, sertifikat alıb fəaliyyətə başlamışlar. Sonradan 2022-ci ildə 2 sahə də icarəyə götürülmüşdür. Bu barədə bütün sənədlər həm inzibatı şikayətlər, həm də bu müddət ərzində ayrı-ayrı vergi əməkdaşlarına təqdim olunub. Hətta iddiaçı ilk dəfə inzibati şikayətlər şöbəsinə xx.xx.2023 tarixində çağırılanda onlar AQTA-ya rəsmi müraciət etmiş və AQTA bu faktları təsdiq etmişdir, cavab məktubu vergi orqanında var. Vergi orqanı bəyannaməni zay olma nəzərə almaqla təqdim etmiş və bu qəbul olunmamışdır, daha sonra 2-ci bəyannamənin vergi orqanının istədiyi formada təqdim etmişlər. Əlavə olaraq bu dövrdə icarə götürdükləri sahələr üzrə ÖMV hesablanmış və müvafiq qaydada ödənilmişdir. Təzə meyvə-tərəvəz daşınma dövründə bır sıra risklərə həssasdır və hətta heç bir problem olmadıqda belə təbii formada çəki itirir. Əlavə olaraq daşınma zamanı yol boyu yaranan problemlərə görə sınma, dağılma, temperatur dəyişməsi səbəbindən məhsula ziyan dəyir. Bu ziyanı məhsulu qəbul edən tərəfin, hazırki halda Rusiya Belarusiya və Ukraynanın ən böyük şəbəkə marketlərin, təqdim etdiyi qəbul aktında öz əksini tapır. Bu akta foto və video şəkillər əlavə olunur və tələb olunduqda 3-cü tərəf olaraq müstəqil qiymətləndiricilərdən rəy alınır ki, bəzi aktlara belə rəylər alınıb və bu barədə vergi orqanının əməkdaşlarına bildirilib. Vergi orqanı bu aktları və rəyləri nəzərə almır və qarşı tərəfin utilizasiya sənədini tələb edir. Əlbəttə maşındakı mal tamamilə yararsız olarsa və yaxud qəbul edən ölkənin fitosanitar xidməti məhsulda karantin rejiminə düşən zərərverici aşkar edərsə, bu halda maşındakı məhsul birbaşa utilizasiyaya gedir və bu barədə akt təqdim olunur. Əlavə olaraq bildirir ki, zay olan məhsullar üzrə ölkəyə daxil olmayan valyutaya görə Dövlət Vergi Komitəsi ona inzibati formada cərimələr tətbiq etmiş və hətta 2 dəfə cinayət işi açmışdır. Bu cərimə protokollarının ləğvi ilə bağlı rayon məhkəmələrinə və apellyasiya məhkəməsinə qanunvericilik çərçivəsində və faktlarla müraciət etmişdir və bu məhkəmələr onun xeyrinə qərar vermişdir. Cinayət işi isə Sumqayıt Şəhər Prokurorluğunda araşdırılmış və hər 2 işə xitam verilmişdir. Azərbaycan Respublikasının 2 ali hüquq orqanın qərarları vergi orqanı tərəfindən qəbul olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 44.000,45 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi 2022-ci il üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Bəyannamədə malların təqdim edilməsindən əldə edilən gəlir 1.106.871,49 manat göstərilmiş, halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir ki, nəticədə 89.641,55 manat kənarlaşma yaranmışdır. Həmçinin, vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. Vergi ödəyicisi tərəfindən sənədlə təsdiqini tapmayan 100.400,00 manat gəlirdən çıxılmayan xərclər, həmçinin 160.189,64 manat vergidən azad edilən gəlir silinmiş və yekunda 43.463,14 manat zərər silinərək 44.000,45 manat gəlir vergisi hesablanılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********082300 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə əlavə 44.000,45 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********397000 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araşdırılma zamanı vergi ödəyicisi vergi orqanının sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli **********549000 nömrəli məktuba cavab olaraq sənədləri tam şəkildə təqdim etmədiyi üçün vergi ödəyicisinin müraciəti nəzərə alınmamışdır. Vergi ödəyicisi 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən gəliri 1.106.871,49 manat göstərmişdir. Halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir. Vergi ödəyicisi müraciətində yaranan 89.641,55 manat fərqin malların ixracı zamanı zay olduğunu qeyd etmişdir. Tərəfdaş təşkilatlardan biri olan Rusiyanın "OOO "FRUTREAL" firması ödəyiciyə 89.353,10 manat dəyərində təzə xurma məhsulunun zay olması ilə bağlı məktub göndərib. Lakin malların zay olması ilə bağlı fitosanitar xidmətin təsdiqedici sənədi təqdim edilməyib. İxrac olunan 668.900 kq xurma məhsulundan 5.900 kq-nın, 92.500 kq nar məhsulundan 54.500 kq-nın, 20.000 kq kartof məhsulunun və 20.000 kq yerkökü məhsulunun alış sənədi yoxdu. Lakin malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. AQTA-dan vergi ödəyicisinin Şəmkir və Göyçay rayonlarında kənd çəyirdəkli meyvələr, kartof, soğan məhsullarının yetişdirilməsi təsərrüfatı ilə bağlı məktublar daxil olmuşdur. Lakin vergi ödəyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamışdır. Yaranmış kənarlaşma üzrə yenidən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********302200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********816400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı 40.708,53 manat əlavə vergi borcu hesablanmışdır. Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-1458/2023 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-300/2023 nömrəli qərarından görünür ki, İddiaçınin inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 saylı qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2159/2023 nömrəli qərarından görünür ki, şikayətçi İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 13 iyun 2023-cü il tarixli, 01400/05060 saylı qərarının ləğv olunması barədə verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(001)-2702/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmişdir. Şikayət təmin edilməklə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük idarəsinin 13 iyun 2023-cü il tarixli, 01400/05060 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2160/2023 nömrəli qərarından görünür ki, İddiaçı verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 3(001)-3016/2023 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/04706/01 saylı qərarı ləğv edilmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı qərar ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq vergi orqanı tərəfindən əlavə vergi məbləği iddiaçı tərəfindən vergi bəyannaməsi təqdim edildikdən 30 gün sonra qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının barəsində inzibati xəta icraatında aparılan araşdırmalar zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə onun konsiqnasiya yolu ilə Rusiya Federasiyasına xurma məhsulunun ixrac etdiyi, ixrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən iddiaçının Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilməsi, lakin göndərilən məhsulun qida məhsulu olduğundan və saxlama müddətinin zamanla məhdudlaşdığı nəzərə alınmaqla, bir hissəsinin təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəldiyi, bu səbəbdən məhsulun dəyərinin ödənilməsindən imtina edildiyi öz təsdiqini tapmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməsi xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir və cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş 60 iş günü müddətini ötürmədən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********816400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Vergi ödəyicisi 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən gəliri 1.106.871,49 manat göstərmişdir. Halbuki ixrac olunan malların dəyəri 1,196.513,04 manat təşkil etmişdir. Vergi ödəyicisi müraciətində yaranan 89.641,55 manat fərqin malların ixracı zamanı zay olduğunu qeyd etmişdir. Tərəfdaş təşkilatlardan biri olan Rusiyanın "OOO "FRUTREAL" firması ödəyiciyə 89.353,10 manat dəyərində təzə xurma məhsulunun zay olması ilə bağlı məktub göndərib. Lakin malların zay olması ilə bağlı fitosanitar xidmətin təsdiqedici sənədi təqdim edilməyib. İxrac olunan 668.900 kq xurma məhsulundan 5.900 kq-nın, 92.500 kq nar məhsulundan 54.500 kq- nın, 20.000 kq kartof məhsulunun və 20.000 kq yerkökü məhsulunun alış sənədi yoxdu. Lakin malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. AQTA-dan vergi ödəyicisinin Şəmkir və Göyçay rayonlarında kənd çəyirdəkli meyvələr kartof soğan məhsullarının yetişdirilməsi təsərrüfatı ilə bağlı məktublar daxil olmuşdur. Lakin vergi ödəyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamışdır. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Sumqayıt İnzibati Məhkəməsi sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları .... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır. 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.[286] ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 54.0.1 və 54.0.2 Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda, şəxsin məsuliyyətə cəlb olunması istisna edilir. ... Maddə 62.1 Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2 Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. ... İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh orqanın 2022-ci il üzrə vergilərin hesablanması barədə 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq vergi orqanı tərəfindən əlavə vergi məbləği iddiaçı tərəfindən vergi bəyannaməsi təqdim edildikdən 30 gün sonra qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının barəsində inzibati xəta icraatında aparılan araşdırmalar zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə onun konsiqnasiya yolu ilə Rusiya Federasiyasına xurma məhsulunun ixrac etdiyi, ixrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən iddiaçının Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilməsi, lakin göndərilən məhsulun qida məhsulu olduğundan və saxlama müddətinin zamanla məhdudlaşdığı nəzərə alınmaqla, bir hissəsinin təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəldiyi, bu səbəbdən məhsulun dəyərinin ödənilməsindən imtina edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməsi xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, nəticədə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuş və qəbul edilmiş qərar qanunvericiliyə zidd olmuşdur. Bundan əlavə iddiaçı iddia ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, təzə meyvə-tərəvəz daşınma dövründə bır sıra risklərə həssasdır və hətta heç bir problem olmadıqda belə təbii formada çəki itirir. Əlavə olaraq daşınma zamanı yol boyu yaranan problemlərə görə sınma, dağılma, temperatur dəyişməsi səbəbindən məhsula ziyan dəyir. Bu ziyanı məhsulu qəbul edən tərəfin, hazırki halda Rusiya Belarusiya və Ukraynanın ən böyük şəbəkə marketlərin, təqdim etdiyi qəbul aktında öz əksini tapır. Bu akta foto və video şəkillər əlavə olunur və tələb olunduqda 3-cü tərəf olaraq müstəqil qiymətləndiricilərdən rəy alınır ki, bəzi aktlara belə rəylər alınıb və bu barədə vergi orqanının əməkdaşlarına bildirilib. Cavabdeh inzibati orqan isə qeyd edir ki, vergi ödəyicisi 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən gəliri 1.106.871,49 manat göstərmişdir. Halbuki ixrac olunan malların dəyəri 1,196.513,04 manat təşkil etmişdir. Vergi ödəyicisi müraciətində yaranan 89.641,55 manat fərqin malların ixracı zamanı zay olduğunu qeyd etmişdir. Tərəfdaş təşkilatlardan biri olan Rusiyanın "OOO "FRUTREAL" firması ödəyiciyə 89.353,10 manat dəyərində təzə xurma məhsulunun zay olması ilə bağlı məktub göndərib. Lakin malların zay olması ilə bağlı fitosanitar xidmətin təsdiqedici sənədi təqdim edilməyib. İxrac olunan 668.900 kq xurma məhsulundan 5.900 kq-nın, 92.500 kq nar məhsulundan 54.500 kq- nın, 20.000 kq kartof məhsulunun və 20.000 kq yerkökü məhsulunun alış sənədi yoxdu. Lakin malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. AQTA-dan vergi ödəyicisinin Şəmkir və Göyçay rayonlarında kənd çəyirdəkli meyvələr kartof soğan məhsullarının yetişdirilməsi təsərrüfatı ilə bağlı məktublar daxil olmuşdur. Lakin vergi ödəyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ilə Belarus Respublikasında fəaliyyət göstərən "Frutreal” şirkəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 1535 saylı müqavilə çərçivəsində Azərbaycan Respublikasından 2022-ci ilin noyabr ayı ərzində 262.449 ABŞ dolları, dekabr ayı ərzində isə 246.670 ABŞ dolları dəyərində ixrac edilən malların əksər hissəsi Azərbaycan Respublikasına qaytarılmış, qaytarılmayan məbləğ birinci halda 48484 ABŞ dolları, ikinci halda isə 42359 ABŞ dollar təşkil etmişdir. Bu vəsait İddiaçı xeyrinə birbaşa, yaxud dolayı yolla əldə edilməmişdir. Bununla belə qaytarılmayan məbləğə münasibətdə İddiaçı tərəfindən qarşı tərəfə pretenziya məktubu verilmiş, sonda isə məhkəmə qaydasında mübahisələndirilməsi məqsədi ilə pul tələbinə dair iddia verilmişdir. İş materiallarına əlavə olunmuş Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-1458/2023 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023cü il tarixli, 01400/02519 saylı qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, işdə olan xx.xx.2021-ci il tarixli akt və xx.xx.2022-ci il tarixli rəydən görünür ki, İddiaçı tərəfindən Kıev şəhərinə göndərilmiş ümumi xurmanın 7%-nin yararsız olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı qərarına əsasən məlum olur ki, İddiaçı tərəfindən 2021-ci il tarixdə 21 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 334033,15 ABŞ dolları (567856,35 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülmədiyi aşkar edilmişdir. Nəticədə İddiaçı Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 5608.82 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 2804,41 manat məbləğində cərimə edilmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Ukraynanın Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir. İxrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən İddiaçı Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmiş, lakin göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşdığı nəzərə alındıqda, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş və ixrac olunan malın müqabilində qaytarılmalı olan 5608.82 manat məbləğində vəsait İddiaçı iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-300/2023 nömrəli qərarından görünür ki, İddiaçı inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/04706 saylı qərar ləğv edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Ukraynanın Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir, ixrac olunan məhsulun bır hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən İddiaçı Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmiş, lakin göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşacığı nəzərə alındıqda, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş və ixrac olunan malın müqabilində qaytarılmalı olan 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğində vəsait İddiaçı iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçının barəsində həyata keçirilən inzibati xəta icraatında aparılan araşdırmalar zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə onun konsiqnasiya yolu ilə Rusiya Federasiyasına xurma məhsulunun ixrac etdiyi, ixrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən iddiaçının Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilməsi, lakin göndərilən məhsulun qida məhsulu olduğundan və saxlama müddətinin zamanla məhdudlaşdığı nəzərə alınmaqla, bir hissəsinin təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəldiyi, bu səbəbdən məhsulun dəyərinin ödənilməsindən imtina edildiyi öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı ərizəsində qeyd edir ki, 2022-ci il tarixində iddiaçının ixrac etdiyi 801 ton məhsulun təxminən 160 tonu öz istehsalı, qalan hissəsi isə rəsmi aktlarla alınan məhsullar olub. Hələ 2021-ci ildə plar nar və xurma bağı icarəyə götürüb, onu AQTA-də qeydiyyatdan keçirib, sertifikat alıb fəaliyyətə başlamışlar. Sonradan 2022-ci ildə 2 sahə də icarəyə götürülmüşdür. Bu barədə bütün sənədlər həm inzibatı şikayətlər, həm də bu müddət ərzində ayrı-ayrı vergi əməkdaşlarına təqdim olunub. Hətta iddiaçı ilk dəfə inzibati şikayətlər şöbəsinə xx.xx.2023 tarixində çağırılanda onlar AQTA-ya rəsmi müraciət etmiş və AQTA bu faktları təsdiq etmişdir, cavab məktubu vergi orqanında var. Göründüyü kimi iddiaçı ixrac olunan məhsulun bir hissəsinin onun özü tərəfindən istehsal olunduğu ilə bağlı sübutlar təqdim etsə də, qeyd edilənlər cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, vergi orqanı vergi ödəyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu dəlilini də əsaslı hesab etmir. Kollegiya hesab edir ki, vergi ödəyicisinin istifadəsində olan torpaq sahəsini təsərrüfat subyekti olaraq qeydiyyatdan keçirməməsi, onun kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaması kimi qiymətləndirilə bilməz və bununla bağlı güzəştlərdən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisinin kənd təssərüfatı məhsullarının istehsalı ilə məşğul olması digər dövlət qurumlarının verdiyi rəsmi sənədlər ilə təsdiq edildiyi halda, bu vergi hesablanması zamanı nəzərə alına biləcək sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı olmuşdur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.