Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-917/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsinə qarşı “iddiaçının həyat yoldaşı - 12 may 1959-cu il təvəllüdlü X1 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(118)-5330/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsi 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının həyat yoldaşı - 12 may 1959-cu il təvəllüdlü X1 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxs ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 may 1959-cu il təvəllüdlü mərhum əri X4 05 may 2023-cü il tarixdə vəfat etmişdir. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Həyat yolaşının vəziyyəti pisləşən kimi o, dərhal bu barədə Təcili və X5 Stansiyasına məlumat vermiş, lakin həkim gələnə kimi həyat yoldaşı vəfat etmişdir. Qeyd olunan qurumdan 05 may 2023-cü il tarixli məktub verilmişdir (həmin məktubun surəti iddia ərizəsinə əlavə edilir). O, ölüm haqqında şəhadətnaməsini almaq üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir. Qeyd edilir ki, ona tibbi şəhadətnamə verilməmiş, həmin şəhadətnamənin verilməsi ilə bağlı iş üzrə cavabdehə müraciət etmiş, lakin müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(118)-5330/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbləri ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət edilməmişdir. Qeyd olunan əsasa görə məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir araşdırma aparmamış, iddia tələbini əsassız mümkün saymamışdır. Belə ki, tərəfindən cavabdeh orqana müraciət edilmiş, imtina verilmiş və həmin imtina da iddia ərizəsinə əlavə edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək mərhum əri X1 barəsində “Ölüm haqqında şəhadətnamə” nin verilməsini xahiş etmiş, müraciətə baxılmış və iddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan xx.xx.2024cü il tarixli, 589 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, E.İsmayılov xx.xx.2023-cü il tarixdə xəstəxananın poliklinika şöbəsinin onkoloji kabinetində “Ağçiyər xərçəngi” diaqnozu ilə dispanser qeydiyyatında olmuşdur. X9 Stansiyasının verdiyi 972 nömrəli xx.xx.2023-cü il tarixli arayışa görə E.İsmayılov həmin tarixdə vəfat etmişdir. Lakin hazıradək ölüm haqqında tibbi çəhadətnamənin (forma 106) almaq üçün heç kim müraciət etməmişdir. Bu səbəbdən ona həmin şəhadətnamənin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın 4-cü bəndi “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydalarını tənzimləyir. Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Həmin Qaydanın 4.3-cü maddəsində göstərilir ki, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi ölüm haqqında tibbi şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər əsasında müvafiq tibb müəssisəsi tərəfindən verilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı ev şəraitində vəfat etmiş, lakin bu qaydada ölüm faktı baş verərkən Səhiyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd olunan Qaydanın 4.2-ci bəndində göstərilən Təcili və X5 Stansiyasının həkimi tərəfindən ölüm hadisəsini və səbəbini təsdiq edən “Xəbərdarlıq vərəqəsi” iş materiallarında aşkar edilməmiş və iddiaçı tərəfindən də təqdim edilməmişdir. Bu baxımdan, iddiaçı ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan sənədlər olmadan “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinə qarşı şəhadətnamənin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bu halda iddiaçı xüsusi icraat qaydasında ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(118)-5330/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-917/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-917/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver