Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-918/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Hümsü oğlunun, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-1838/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-1838/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi yardımın edilməsi çərçivəsində iddiaçının vəkilinə iddia tələbinə dəqiqləşmənin vacibliyi vurğulanmış, dəfələrlə məhkəmə iclasları təyin edilmiş və uzun müddətin keçməsinə baxmayaraq nümayəndə və vəkil iddia tələbini konkretləşdirməmişdir. Ona görə də iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Belə ki, tələbin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ayrıca icraat qaydasında baxılaraq səlahiyətli cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qldırılması və mahiyyəti üzrə araşdırma aparılmalıdır. Bu səbəbdən tələbin birinci hissəsi mümükün sayılmamalıdır. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsi özünün diskresion səlahiyyətləri çərçivəsində qanunamüvafiq qaydada qərar qəbul edilmiş və üçüncü şəxsə satılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Sumqayıt Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi nə iddiaçıya, nə də mərhum həyat yoldaşı olmuş X8 ayrılmamış, mübahisələndirilən torpağın adı çəkilən şəxslərə ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı inzibati akt qəbul edilməmiş və nə iddiaçı, nə də onun mərhum həyat yoldaşı tərəfindən torpağın alqı- satqısı ilə bağlı bələdiyyəyə hər hansı ödəniş edilməmişdir. Mübahisələndirilən torpaqla bağlı bələdiyyənin vəzifəli şəxslərinə pul verilməsinə dair iddia ərizəsində qeyd edilənlər bağlı iddiaçı tərəfindən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının torpağa dair hər hansı hüquq müəyyənedici sənədi olmadığı halda, mübahisələndirdiyi bələdiyyə qərarı qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmış, bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və torpaq sahəsi notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin mülkiyyətinə satılmışdır. Belə olan halda bələdiyyə qərarının ləğvi tələb etdiyi torpaq sahəsinin iddiaçıya hər hansı bir aidiyyətinin olmamasını müəyyən etmək olur. Bu səbəbdən də iddiaçının ərizəsində qeyd etdiyi 2-ci tələbin bələdiyyəyə qarşı iddia qaldırmaqda sübyektiv hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın mümkün sayılmaması barədə qərardadı tamamilə əsassızdır. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır, iş materiallarına əsaslanmı. Belə ki, o, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Sumqayıt bələdiyyəsi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalmaİdarəsinə və X3 qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X3 xüsusi mülkiyyətə dair verilmiş 27 dekabr 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması və Samur- Abşeron kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni Yaşayış massivinin 7ci məhəlləsində sahəsi 600 kv metr olan 390 saylı həyətyanı sahənin iddiaçının adına sənədləşdirilməsinin cavabdeh Sumqayıt bələdiyyəsinə həvalə edilməsi barədə” iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İşə baxan hakim tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq iddia tələbinin qoyuluşunun düzgün olmaması barədə tövsiyyəsinə əsasən iddia ərizəsinin geri götürülməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-879/2022 saylı qərardad qəbul edildi. Ondan sonra o, cavabdehlər- Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verdi. İşə baxan hakim tərəfindən iddia tələbinin mülki mühakimə icraatı qaydasında baxılması əsası ilə iddianın mümkünsüzlüyü barədə xx.xx.2023-cü il tarixli, 2- 1(118)- 1812/2023 saylı qəraradad qəbul edildi. Ondan sonra o, cavabdehlər-Sumqayıt Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X5) bələdiyyə qərarının, torpaq sahəsinə dair çıxarışın, alqı-satqı müqaviləsini və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3274/2023 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olundu. Həmin qərardaddan verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli, 2(105)-1344/2023 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3274/2023 saylı qərardadı qismən ləğv edilərək xx.xx.2017-ci il tarixli, AN-İ, ******* nömrəli alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsi əsasında Ə.Hacıyevaya DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı,1185793 nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində iddianın qəbul edilməsindən imtina edilməsi hissəsi ləğv edilmişdir. Həmin qərarla Sumqayıt Bələdiyyəsinin 24 oktyabr 2017-ci il tarixli, 15 saylı protokolun və həmin protokol əsasında qəbul edilmiş qəraraın ləğv edilməsinin inzibati mübahisə olması birabaşa göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli, 2(105)-1344/2023 saylı qərarına müvafiq olaraq onun cavabdeh-Sumqayıt Bələdiyyəsinə qarşı “xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə iddianın mümkünsüzlüyü barədə xx.xx.2024-cü il tarixli 2-1(118)-1838/2024 saylı qərardad əsaslı hesab edilə bilməz. Məhkəmənin iddia tələbinin ikinhi hissəsi üzrə gəldiyi bu nəticə də tamamilə əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayit ŞPİ-nin İŞ-nin müstəntiqi tərəfindən icraatında olan Azərbaycan Respublikasi CM-nin 188.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə xx.xx.2021-ci il tarixli “Сinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan aydın olur ki, iş uzrə şahid qismində dindirilmiş X18 oglu ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə mərhum atası X12 şəhəri SamurAbşeron kanalının Şimali, Yeni Yaşayiş massivi, 7-ci məhəllə ərazisində torpaq sahəsi almaq uçün Sumqayit şəhər Bələdiyyəsinə muraciət etmişdir. Sumqayit şəhər Bələdiyyəsi tərəfindən ona Samur-Abşeron kanalının Şimalı, Yeni Yaşayiş massivi, 7-ci məhəllə ərazisində 390 saylı unvan satılmışdir. Torpaq sahəsinə kənar müdaxilə olmasın deyə Teyyub Şahbazov torpaq sahəsinin hududları çərçivəsində 10 mişar daşı hündürlüyündə hasar inşa etdirmişdir. 2005-ci il tarixdə Teyyub aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı Sumqayit şəhər Bələdiyyəsinə müraciət etsə də, həmin ərəfədə Sumqayit şəhər Bələdiyyəsi ilə Ekologiya Nazirliyi arasinda sözügedən torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi istiqamətində mübahisələr olduğundan Teyyub Şahba zova şifahi olaraq bir müddət gözləməsini bildirmişlər. 2005-ci il tarixdə 20 kv.m ölçüsündə yaşamaq uçün X19 1 mərtəbəli fərdi ev və 01 ədədə 6x 2.5 kv.m olçüsündə toyuq saxlamaq üçün hin tikmişdir. 2008-ci il tarixd atası Teyyub yenidən eyni məzmunlu muraciət etsə də, ona orada yaşayan vətəndaşlara nə vaxt ümumi sənədləşmə işlərinə icazə veriləcəksə onda gəlməyi tapşırmışdir. X19 orada tikinti işləri aparmasına baxmayaraq Bələdiyyə işçiləri tərəfindən tikintiyə heç bir mudaxilə olmayacağı barədə vədlər verilmişdir.2018-ci ilin yanvar ayında dəqiq tarixini xatirlamadığı gundə sonradan adının Mahmud oldugun bildiyi şəxs onun istifadəsinda olan mobil nömrəyə zəng edərək ona məxsus torpaq sahəsini aldığını demişdir. O, Mahmuda birincisi torpaq sahəsinin atasına məxsus oldugunu, ikincisi isə həmin sahəni atasının satmadığını bildirib həmin yerə necə sənəd aldığını soruşmuşdur. Mahmud isə cavabında torpaq sahəsini Sumqayit şəhər Bələdiyyəsindən aldıgını bildirmişdir. O, bu barədə X19a məlumat vermişdir. Teyyub Şahbazov yataq xəstəsi olduğundan bununla baglı olaraq hər hansi bir huquq muhafizə orqanına gedə bilməmişdir. Buna baxmayaraq atası baş vermiş haqsızlıqla əlaqədar xx.xx.2020-ci il tarixda Sumqayıt şəhər prokurorluguna və KlV-də işıqlandırılması üçun "Xeberle.com", "Xeberlent.az", "Genpress. az" saytlarina ərizələr yazmışdir. xx.xx.2020-ci il tarixli Sumqayit Bələdiyyəsinin tədiyyəsi əsasında 2005-ci ildən 2020-ci ilədək yığılmiş torpaq vergisini atasınin göstərişi ilə 2020ci ilin avqust və 2020-ci ilin noyabr aylarında cəmi olaraq 45 manat ödəmişdir. X19 həmin torpaq sahəsini öz vəsaiti hesabına muvafiq qurumlardan icazə almaqla qaz, işıq, su xətləri çəkmişdir və hazırda da о butun kommunal xərclərini ödəyir. 2020-ci ilin oktyabr ayında atası dunyasını dəyişmiş və hazırda sözugedən unvanda о yaşayır. X18 ogunun ifadəsində göstərdiyi xüsusatları Sumqayit şəhəri Samur-Abşeron kanalının Şimali, Yeni Yaşayiş massivi, 7-ci məhəllədə Elxan Şahbazovla qonşuluqda yaşayan X7 oglu, X21 oglu, X9, X15 oglu da təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Bundan başqa qeyd edilən qərardadın əsassızlığı bir daha onunla əsaslanır ki, Sumqayit Bələdiyyəsinin verdiyi sorğuya əsasən xx.xx.2021-ci il tarixli, 3714 nömrəli məktubla təqdim etdiyi sənədlərə əlavə edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan X10 ünvan 2 tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiqlənmiş ərizəsində göstərilir ki, Sumqayit şəhəri Samur- Abşeron kanalının Şimali, Yeni Yaşayiş massivi, 7-ci məhəllədə yerləşən 390 saylı torpaq sahəsinin X2 adına sənədləşdirilməsinə etiraz etmir. X10 adına olan torpaq sahəsinin bələdiyyə və yaxud başqa mülkiyyət forması olması müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin İddiaçı mərhum əri Teyyub Şahbazovun 2005-ci ildən istifadəsində olan torpaq sahəsi ilə nə kimi əlaqəsi olması araşdırılmamış, düzgün qiymət verilməmişdir. Onun mərhum əri Teyyub Şahbazovun 2005ci ildən istifadə etdiyi mübahisəli torpaq sahəsində olan tikililər,orada salınmış bağ sahəsi, əkilmiş ağacların görünüşündən də məlum olur ki, həmin torpaq sahəsi 2005-ci ildən ona və mərhum əri Teyyub Şahbazovun istifadəsindədir. Onlar həmin bağ sahəsini xəstə və yaşlı olduqları üçün almışlar. Sumqayıt bələdiyyəsinin xx.xx.2020-ci il tarixli tədiyyəsi əsasında 2005-ci ildən 2020-ci ilədək yıgılmış torpaq vergisinin ödənilməsinə dair qəbzlər, Teyyub Şahbazovun həmin torpaq sahəsində öz vəsaiti hesabına muvafiq qurumlardan icazə almaqla qaz, işıq, su xətləri çəkməsi,10 mişar daşı hündürlüyündə hasar çəkməsi bu faktı bir daha təsdiq edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil Hümsü oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırki iş üzrə iddia tələbi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli plan və ölçü sxeminin ləğv edilməsi, cavabdehin 24 oktyabr 2017-ci il tarixli 15 saylı protokolu ilə təsdiq edilmiş qərarı və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İndiki halda iddiaçı müvafiq torpaq sahəsinin cavabdeh tərəfindən ona satılması, həmin torpaq sahəsinin həyat yoldaşı tərəfindən satın alınması, ona görə müvafiq məbləğdə pul vəsaitinin ödənilməsi, torpaq sahəsinin onların istifadəsində olması kimi hallara istinad edərək, həmin torpaq sahəsinə dair cavabdeh və üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədləri mübahisələndirmişdir. İddiaçı tərəfindən qeyd edilən hallarla bağlı hər hansı mötəbər sübut (torpaq sahəsinin adına ayrılmasına dair sənədlər və s.) məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, sözügedən torpaq sahəsinə dair iddiaçının və mərhum həyat yoldaşının hər hansı əmlak hüququnun mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə iddia tələbində sözügedən torpaq sahəsi ilə bağlı cavabdeh bələdiyyə tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin iddiaçının və ya onun mərhum həyat yoldaşının hansı hüquq və qanunla qorunan maraq və mənafelərinin pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair başqa şəxslərin adına tərtib edilmiş həmin sənədləri mübahisələndirmək hüququ mövcud olmamışdır. Halbuki, iddianın mümkünlüyü baxımından həmin halın müəyyən edilməsi zəruri olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi bir hissədə müvafiq bələdiyyə orqanının adına tərtib edilmiş mülkiyyət hüququnu təsdiq edən sənəd (Çıxarış), plan və ölçü sxeminin ləğv edilməsi ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər cavabdeh bələdiyyə qurumu tərəfindən deyil, müvafiq inzibati orqan tərəfindən tərtib edildiyindən, həmin hissədə cavabdeh bələdiyyə qurumu iddiaya cavab verməli orqan qismində çıxış etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki. indiki halda iddiaçının qeyd edilən hüquqmüəyyənedici sənədləri mübahisələndirmək üçün subyektiv hüquqa malik olmasının əsasları hazırki mərhələdə müəyyən edilmədiyindən, iddiaçıya həmin hissədə də hüquqi yardım edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaəti düzgün olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, indiki halda iddianın mümkün sayılmaması əsası mübahisənin xarakteri ilə bağlı olan hallar təşkil etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, bələdiyyə tərəfindən torpaq sahəsinin şəxsin adına ayrılması və bu halın rəsmiləşdirilməsi qaydası və proseduru qanunvericilikdə dəqiq və imperativ norma kimi müəyyən edilmişdir. İndiki halda iddiaçının istinad etdiyi hallar torpaq sahəsinin cavabdeh tərəfindən mərhum şəxsin adına ayrılması halını təsdiq edən sübut qismində çıxış etməmiş, habelə həmin torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşına məxsus olması halını müəyyən etməmişdir. Digər hissədə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətin dəlili kimi üçüncü şəxsə aid olan sənədlərlə bağlı hallara (Əzizov Bilal adlı şəxs tərəfindən notarial qaydada verilmiş ərizə ilə bağlı hallar) istinad etmişdir, hansı ki, həmin sənədlərin də iddiaçı ilə hər hansı hüquqi bağlılığının olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçı və onun mərhum həyat yoldaşının qanuni sahibliyində və istifadəsində olması halının da müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-1838/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-918/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-918/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver